Yeni Qafqaziya (jurnal)
Yeni Qafqaziya | |
---|---|
| |
Baş redaktor | Məhəmməd Əmin Rəsulzadə |
Növ | 15 gündə bir nəşr olunur, ədəbi, ictimai və siyasi məcmuədir. |
Nəşriyyat | Nəcm-i İstiklal, Amədi nəşriyyatları |
Təsisçi | Məhəmməd Əmin Rəsulzadə |
Təsis tarixi | 1923 |
Qərargah | İstanbul, Çarşıköy, Kandilli sokağı, 5 |
Dil | türk |
Qiymət | İllik qiyməti 120 quruş, altı aylığı 60 quruş, xaricdə bir nüsxəsi 5 quruş |
Yeni Qafqaziya (türk. Yeni Kafkasya) — Türkiyə Respublikasında yaşayan azərbaycanlı mühacirlər tərəfindən nəşrinə ilk başlanan jurnal.
1923-cü ilin sentyabrın 26-dan İstanbulda M. Ə. Rəsulzadənin təşkilatçılığı ilə nəşrə başlayan “Yeni Qafqaziya” jurnalı Azərbaycan mühacirət mətbuatının ilk nümunəsidir. Jurnal Rəsulzadənin rəhbərliyi ilə nəşr edilsə də bəzi siyasi səbəblərdən jurnalın məsul müdiri Seyid Tahir olmuşdur. Jurnalın illik qiyməti 120 quruş, altı aylığı 60 quruş, xaricdə bir nüsxəsi 5 quruş idi
Haqqında
[redaktə | mənbəni redaktə et]1923-cü il sentyabrın 26-da İstanbulda yayım həyatına başlayan və “Milli Azərbaycan Hərəkatı"nın nəşr orqanı olan jurnal dörd ilə yaxın fəaliyyətini davam etdirməyi bacarmışdı.[1] Amma bolşeviklərin fəal olduğu bir vaxtda kommunizm əleyhinə jurnal nəşr etmək asan iş deyildi. Bu dövrdə müxtəlif fikirlərə baxmayaraq, 95 nömrəsi nəşr olan jurnal "İcra Vəkilləri" heyəti tərəfindən zərərli nəşrlərdən hesab olunaraq 1927-ci ilin sonu fəaliyyətini dayandırmışdır. 4 illik yayım həyatı dövründə jurnal cəmi 1 dəfə tətil etmişdi. Nəşrə başlamasının 3-cü ilində çapdan çıxan 7-ci nömrəsində yayımladığı bir bildirişdən başa düşülür ki, jurnal 15 dekabr 1925-ci ildə tətil edilmiş, 6 fevral 1926-cı ildə isə yenidən fəaliyyətini davam etdirmişdir. Tirajı haqqında dəqiq məlumat olmayan jurnalın Mirzə Bala Məmmədzadənin yazdığına görə Azərbaycanda da geniş oxucu kütləsi var idi.[2]
Nəşr tarixi üçün ayın birinci və on beşinci günləri əsas götürülsə də, bu tarixlərdə müəyyən dəyişikliklər də olmuşdu. Məsələn, Azərbaycanın 28 may istiqlal və 27 aprel işğal günlərində hazırlanan xüsusi nömrələr bu tarixlərin il dönümlərində nəşr edilirdi. 1927-ci ildə çapdan çıxan 5–6, 8–9 və 11–12-ci nömrələri cüt formada dərc olunmuşdu. Daha çox yaşıl və çəhrayı, bəzən sarı və mavi rənglərdə olan zərif karton üzlü “Yeni Qafqaziya” jurnalı xüsusi buraxılışlarda ağ fonda Azərbaycan bayrağının yerləşdiyi fərqli üzlüklə buraxılırdı. “Yeni Qafqaziya”nın hər nömrəsinin ilk səhifəsinin yuxarı hissəsində son sayıya qədər öz formasını saxlayan başlıq bölməsi var. “Yeni Qafqaziya ədəbi, ictimai və siyasi məcmuə kimi hər iki həftədən bir nəşr olunur” ifadəsi bu bölmənin əvvəlində yazılmışdı. Hər səhifə iki sütundan ibarətidi. Jurnalın 4-cü ilinin 16-cı və 17-ci nömrələri Nəcm-i İstiklal mətbəəsində, qalan bütün nömrələri isə Amedi mətbəəsində çap olunmuşdur.[1]
Hər nömrənin daxili üz qabığında tarix Hicri və Rumi, 1925-ci ildən sonra isə Hicri və Miladi təqvimi ilə yazılmışdı. Bundan əlavə, hər bir nüsxənin neçənci ilin hansı nömrəsi olması başlıq bölməsində göstərilirdi. Abunəlik şərtləri və qiymət də başlıq bölməsi daxilində hər nömrədə eyni yerdə yazılmışdı. Jurnalın buraxılışları hər il yenidən nömrələnirdi. Yeni Qafqaziyanın yaranma tarixi hicri tarixi ilə 9 Səfər 1341-ci il olaraq yanlış verilmişdir. 26 sentyabr (1339) 1923-cü il Rumi tarixinin hicri qarşılığı 14 Səfər 1342 olmalıdır. Üz qabığı ilə birlikdə 18 səhifə həcmində olan jurnalın ölçüsü 20,5 X 28 sm idi.[3]
Jurnalın məqsədi
[redaktə | mənbəni redaktə et]M. Ə. Rəsulzadə mətbuat orqanlarının əsas proqram istiqamətlərini belə ümumiləşdirirdi:[4]
1. Milli dövlət ideyalarının təbliği və bərpası uğrunda mübarizə.
2. Bolşevizmin tənqidi, Sovet hökumətinin müstəmləkə formalı siyasətinin ifşası.
3. Ölkənin rus bolşevik işğalında qalan gündəlik, ictimai-siyasi fəaliyyətinin təhlili və dəyişən vəziyyətə uyğun mübarizə şüarlarını müəyyən edən təkliflərin irəli sürülməsi.
4. Milli-inqilabi siyasət ruhunda olan radikal siyasi dünyagörüşünün inkişafı və yayılması.
5. Sovet mətbuatının tənqidi və onunla polemika.
Jurnalın ilk sayında M. Ə. Rəsulzadənin “Atəş çalan Prometey” (Proqram məqaləsi əvəzinə) yazısı çap olunmuşdu.[5] Bu məqalədə Prometey vasitəsilə Azərbaycan türklərinin Sovet Rusiyasına qarşı müqaviməti simvollaşdırılır:[6]
Mövzumuzu düşünərkən Qafqasiya, bu gözəl məmləkət bəhri-xəzər ilə Qara dəniz arasındakı bu tarix bərzəx, əski
yunanların «altun-yük» deyə təbliğ etdikləri bu zəngin ölkə gözümüzün önündə canlandı. Prometeyi didən vəhşi quş qartal idi. Bir əsrdir Qafqazın sinəsini parçalayan rus imperializminin tuğrası belə qartal deyildimi?!..Prometey təkrar parçalanırdı. Qafqaziya da bəzən yenidən hərəkətlənir, həyat mübarizəsi aparır, sonra təkrar Rus qartalına yem olur.. Böyük Şamilin bir rüb əsr sürən şanlı mübarizəsi və şanlı məğlubiyyəti, şanlı Cavad Xanın unudulmaz müdafiə və şəhadəti , ilk fürsətdə yaranan Qafqaz cümhuriyyətlərinin təşəkkülü və bugünkü vəziyyəti, müstəqillik və azadlıq yolunda Azərbaycanda, Gürcüstanda, Dağıstanda baş verən üsyanlar, qurbanlar, qanlar Prometey və qartal mübarizəsinin müxtəlif döngülərindən başqa bir şey deyildir. …“Qafqaz qafqazlılarındır!” şüarının gerçəkləşəcəyi gün, yeni Qafqazın yaranacağı gündür. İndiki Qafqaz “qartal” Rusiyasına olmasa da, “oraq” Rusiyasına məxsusdur. Qafqazlılara deyil. |
İlk sayıdakı bu məqalə proqram mahiyyəti daşıyırdı. Daha sonra jurnalın nəşrinin 3-cü ilinin ilk nömrəsində "nəşriyyatın ümumi proqramı“ adlı başlıqla "Yeni Qafqaziya”nın aşağıdakı maddələrdən ibarət olan proqramı açıqlanmışdır:[7]
Mübarizəmizin üçüncü ilinə daxil olmuşuq və qarşıdan gələn illərdə də nəşr edəcəyimiz jurnalımızın 2 ildir əməl etdiyi proqramı aşağıdakı kimidir:
|
“Yeni Qafqaziya” Azərbaycanın istiqlal mübarizəsini mühacirətdə davam etdirən rəsmi təbliğat vasitəsi idi. Onun əsas qayəsi də milliyyət və istiqlal qayəsi idi, Azərbaycanın istiqlalı idi. “Yeni Qafqaziya” jurnalı Azərbaycan istiqlalının əsasını “Azəri Türkünün Rus çarizminə qarşı davam etdirdiyi milli mədəniyyət uğrundakı mücadilədə görür”, bütün çətinliklərə baxmayaraq bu mücadilənin davam etdiyini vurğulayırdı.[7]
Jurnalda nəşr edilən digər məqalədə isə milli istiqlal ideyalarının bütün çətinliklərə baxmayaraq parçalayacağı, böyüyəcəyi, yüksələcəyi göstərilirdi.
Yazar heyəti
[redaktə | mənbəni redaktə et]Jurnalın yazar heyəti haqqında tam fikir söyləmək mümkün deyil. Buna səbəb jurnalda 139 müxtləif imzanın olmağı idi. Bunlar aşağıdakılardır:[3]
A.B, L.A, Cavad, A. Çəlik, A. Həmdi, A. Battal, A.K, A. Qurbanqulu, Abdullah Battal, Abdullah Cövdət, Əbdülqədir.F.S, Əbdülqədir, Acaralı, Əhməd Naim, Əhməd Zəki Vəlidi, Akşəhərli, Əli Mənsur, Əli Mərdan, Əli Usta, Avropada məskun bir azərbaycanlı, Ayaz İsaki, Ayın Kaf, Azərbaycanlı Əli Əsfər, Azərbaycanlı Əli Kamal, Azərbaycanlı Fuad, Azərbaycanlı Gültəkin, Azərbaycanlı Kamal, Fəthəlqədir Süleyman, Bay Qara, Cəfər Sadiq, Cəfər Seyidəhməd, D.Ş, Dəmir Daş, Dəmirçi oğlu, Həkim Abdullah Cövdət, Dur-Əndiş. E, E.A, Şeyxülislamzadə, Almas İldırım, Ərdoğan, Falih Rıfqı, Gəncəli, Gənc Azəri, Gülsərən, Gültəkin, Gürcü, H, Xəlil Xas Məmməd, Hüseyn Cavid, Hüseynzadə Qara, İslahçı, İdil oğlu, İsmayıl Zühri, K.K , K.T,m Qafqazlı, Qarabağlı Sinan, Kazanlı, Kazanlı.A, Battal, Kazım, Kamal, qurban Qulu, M., M.B, M.Qərib, M.M.B, Mirzə Bala, M.S.Sinan, Mahmud Fuad Toktar, Mahmud Fuad, Monastrlı Bahəddin, Mehmet Əli Salih, Məmməd Əmin Rəsulzadə, Mehmet Fuad Toktar, Mirzə Bala Məmmədzadə, Mirzə Məmmədzadə, Milli, Mim Əlif, Mim Qərib, Mim, Mir Yaqub Mihriyev, Mirzə Bala, Mirzə, Məhəmməd Əli Salih, Müxbir, Musavatçı, Mustafa Çokayoğlu, Mustafa, Müzəffər Şərif,N., Nəfiə Şükrü, Necati, Ozan, P., Rusiyalı bir müsəlman mühacir, S., Sənan, Sədri Maqsudi, S.Sənan, Suud Səfvət, Ş.E, Ş.M, Ş., Şafi, Şahin, Şük., T.E, Daşdəmir, Tin, Turan, Türküstanlı Əhməd Naim, Türküstanlı Özbək, Türküstanlı Türkmən, Uran, Yaqub Qədri və s.
Bu imzaların kimə aid olduğunu müəyyən etmək çətindir. Yuxarıdakı imzalardan da göründüyü kimi, bəzi müəlliflər birdən çox təxəllüsdən istifadə etmişlər. Bu təxəllüslərin kimə aid olması ilə bağlı dəqiq nəticəyə gəlmək çətin olsa da, bəziləri müəyyən edilmişdir. Söyləmək olar ki, “Yeni Qafqaziya”ın yazar heyəti yuxarıda qeyd etdiyimiz 139 imzadan xeyli azdır; lakin bununla bağlı dəqiq rəqəm göstərmək mümkün deyil. Bunlardan başqa jurnalda 374 imzasız məqalə çap olunmuşdur.[8]
Yuxarıdakı imza və təxəllüslərdən belə anlaşılır ki, "Yeni Qafqaziya" jurnalının yazarları öz adlarını gizlətməyi üstün tutmuşdular. Buna səbəb şüphəsiz ki, Sovet Rusiyasına qarşı məqalələrin çap olunması idi. Jurnalın nəşrini bolşeviklər çox yaxından izləyirdilər. Lakin buna baxmayaraq adını gizlətməyən və açıq imza ilə yazan yazıçılar da varidi. Bu şəxslərdən bəziləri türk dünyasının tanınan insanları idi. Məhəmməd Əmin Rəsulzadə, Ə.Zəki Vəlidi, Ayaz İsaki, Mehmet Fuad Toktar, Sədri Məqsudi, Yusif Akçura, Cəfər Seyidəhməd Krımər, Abdullah Battal, Əhməd Cavad və s kimi yazıçı və şairlər türk dünyasının yaxından tanıdığı ziyalı və sənət adamlarıidi. Jurnalın əsas yükünü Rəsulzadə ilə birlikdə Azərbaycan millətçiləri daşıyırdı. Rəsulzadə jurnalın həm sahibi həm də baş redaktoru idi. İlk nömrələrdə adını gizlədən Rəsulzadə daha sonra açıq imza ilə yazılar yazmışdır. Ancaq Rəsulzadənin jurnal üçün neçə məqalə yazdığı məlum deyil. Bu mövzuda Səbahattin Şimşir "Azərbaycan İstiqlal Mübarizəsi" adlı kitabında yazır: " “Yeni Qafqaziya" jurnalında Məhəmməd Əmin Resulzadəyə aid olduğunu düşündüyümüz təxminən 215 imzalı və imzasız məqalə var, Tədqiqatlarımıza görə, müəllif Rəsulzadə Məhəmməd Əmin, Məhəmməd Əmin Resulzadə, Resulzadə.M. Ə. və Mim Elif imzaları ilə ümumilikdə 42 məqalə yazıb. Belə hesab edirik ki, imzasız yazılar üçün dəqiq rəqəm demək olmaz. Bununla belə, təxmin edirik ki, jurnalın imzasız məqalələrinin demək olar ki, hamısı Rəsulzadəyə aiddir."[9]
Rəsulzadə bu yazılarında ümumən siyasi məsələlərə toxunmuş, kommunizmi tənqid etmişdir. Müəllifin əsas mövzusu millətçilikdir. Onun kommunizmin elmi tənqidi olan “İnqilabçı sosializmin iflası” kimi silsilə məqalələri də kitab şəklində nəşr edilmişdir. Müəllifin digər silsilə məqaləsi isə “Milliyət Məbdəsinin Avropada Zəfəri” adlı məqalədir. Müəllif bu məqalələrində kommunizmin Avropada yaşamaq şansı tapa bilmədiyi və millətləri yaşadan əsas dəyərin millətçilik olduğu fikrini müdafiə etmişdir.[10]
Jurnalda ən çox məqalə yazan yazıçılardan biri də Mirzə Bala Məmmədzadədir. O, Məmmədzadə Mirzə Bala, M.Mirzə Bala, Daşdəmir, M.M.B və M.B imzaları ilə 70 məqalə yazmışdır. Mirzə Balanın "Vətən qaldı", "On dəfə öldürülən", "İldırım" adlı 3 hekayənin də müəllifidir. Mirzə Bala bir çox siyasi xarakterli silsilə məqalələrlə yanaşı, Azərbaycan ədəbiyyatı haqqında da məqalələr yazmışdır. Mirzə Baladan sonra yazısı çox olan daha bir imza "Azəri" dir. Azəri "Yeni Qafqaziya" da əsasən siyasi olmaqla 52 məqalə yazıb. Bu yazıların mövzusu adətən Azərbaycan olurdu və bolşeviklərə qarşı ən şiddətli hücum da bu məqalələrdə öz ifadəsini tapırdı. Bu imzanın kimə məxsus olduğu müəyyən edilməyib. Jurnal üçün əvvəldən axıra qədər yazması və bolşeviklərin Azərbaycanla bağlı siyasətini yaxşı bilməsi "Azəri"nin Rəsulzadəyə yaxın bir şəxs olduğunu söyləmək mümkündür. Müəllif "Yeni Qafqaziya"nın davamçıları olan “Azəri Türk”, “Odlu Yurd”, “Qurtuluş” kimi jurnal və qəzetlərdə də məqalələr yazmışdır. [11]
Azərbaycanlı yazıçılarından başqa, “Yeni Qafqaziya” jurnalında ən çox yazan şəxs Kazanlı Abdulla Battaldır (Taymas). Müəllif Abdullah Battal, A. Battal, Kazanlı və Kazanlı Abdullah Battal imzaları ilə tənqiddən tərcümeyi-hala, ədəbiyyatdan mədəniyyətə qədər müxtəlif mövzularda ümumilikdə 16 məqalə dərc etdirib. Adətən uzun olan bu məqalələr elmi yanaşma ilə yazılmışdır.
Jurnalda dərc olunan 49 şeirdən 6-sı imzasızdır. Digər 43 şeir isə şairlər Gültəkin, Əhməd Cavad, Əli Usta, Azəri-zadə, B..., Almas İldırım, Gülsərən, Hüseyn Cavid, Nafia Şükrü, Sinan və Suut Saffetə məxsusdur. Jurnalda Əhməd Cavadın altı şeiri çap olunmuşdur və Gültəkindən sonra jurnalda ən çox şeiri çap olunan şəxsdir. Jurnalın baş şairi Gültəkindir. Gültəkinin 21 şeiri çap olunub. Bu şeirlərdə vətən və millət sevgisi, qəhrəmanlıq, mərdlik kimi mövzulara toxunulurdu. Bəzilərində bolşevik rus işğalı şiddətlə tənqid olunmuşdur. Mirzə Balanın “Yeni Qafqaziya” jurnalında “istiqlal odunun şairi” adlandırdığı Gültəkinin əsl adı Əmin Abiddir. Əmin Abid 1920-ci ildə İstanbula gələrək burada ədəbiyyat fakültəsində təhsil almışdır. Tələbəlik illərində Gültəkin təxəllüsü ilə vətən və istiqlal mövzularından bəhs edən şeirlər yazan şairin İstanbulda “Buzlu cəhənnəm” adlı şeir kitabı da nəşr olunmuşdur. Şairin İstanbul Türkşünaslıq İnstitutunda Azərbaycan ədəbiyyatı tarixi üzrə dissertasiya işi də var. 1927-ci ildə Bakıya qayıdan Əmin Abid Mirzə Fətəli Axundzadənin əsərlərini nəşrə hazırlamış, Bakıda Azərbaycan ədəbiyyatı haqqında çoxlu məqalələr dərc etdirmişdir. Əmin Abid şeirlərini Türkiyə türkcəsində yazmışdır.[11]
Nəşr siyasəti
[redaktə | mənbəni redaktə et]“Yeni Qafqaziya”nın yayım siyasəti siyasi mübarizə üçün tərtib edilib. Bu mübarizə bütün türklüyün, hətta Azərbaycanın, sonra isə Kommunist Rusiyasının hakimiyyəti altında yaşamağa məcbur edilən bütün məhbus millətlərin müstəqilliyini təmin etmək uğrunda mübarizədir. Jurnalın əsas məqsədi Azərbaycanın müstəqilliyini bərpa edəcək gənc nəsillər yetişdirməkdir. Azərbaycanın artıq bir dövlət olduğu və bu dövlətin müvəqqəti işğala məruz qaldığı yeni nəsillərə çatdırılmağa çalışılır. Nəşr həyatı boyu Azərbaycanın tarixi-mədəni kimliyini işıqlandırmaqda sıy göstərən jurnal ona malik olduğu hər cür potensial barədə məlumat verməyi də əsirgəmir. Beləliklə, gənclərə Azərbaycanın müstəqil yaşamaq hüququ olan köklü dövlət olması, onun qayğısına qalma hissi aşılanır.[7]
Vətənpərvər gəncliyin problemləri xəbərlərdən tutmuş şeirə qədər demək olar ki, bütün yazıların mövzusu idi. Jurnalda sürgün edilmiş və güllələnmiş vətənpərvərlərin adları açıqlanır, tanınmış şəxslərin tərcümeyi-halı yazılır, Bolşevik həbsxanalarında yaşanan səfalətdən bəhs edilirdi. Demək olar ki, hər yazıda oxucu kommunist Rusiyasının vəhşiliyi ilə qarşılaşırdı. Beləki, Yeni Qafqaziyanın əhəmiyyətli bir hissəsi xəbərlərə, xüsusən də bu vəhşiliyi ictimailəşdirməyə həsr olunmuşdu. Jurnalın son üç-beş səhifəsində bolşeviklərin və çekanın (bolşevik kəşfiyyat təşkilatı) vəhşiliyi canlı şahidlərin hekayələri, müxtəlif yerlərdən göndərilən müxbir məktublar və ya xarici mətbuata əsaslanan xəbərlərlə bütün dünyaya çatdırılmağa çalışılırdı. Əslində, bu vəhşilik təkcə ictimailəşdirilmir, bəzən “Yeni Qafqaziya”ın səhifələrində sərt şəkildə tənqid olunurdu.[12]
Yeni Qafqazın maraq dairəsi təkcə Azərbaycanla məhdudlaşmır. Rus əsarətində olan türk dünyasında baş verən hər cür hadisələr jurnalın səhifələrində işıqlandırılmışdır.. Bu mənada jurnal türk dünyasının bayraqdarı olmaq vəzifəsini öz üzərinə götürmüşdü. Rusiyanın türklərlə bağlı fəaliyyətini və ambisiyalarını yaxından izləyən jurnal türk dünyasındakı siyasi, sosial və mədəni mövzulardan da bəhs edirdi. Bu dövrdə türk dünyasının dil-mədəni birliyi ilə bağlı gedən müzakirələrə geniş yer verilmişdir. Demək olar ki, jurnal bu nəşr siyasəti ilə türk milli ruhunu yaşatmağı hədəfləyirdi. Rus istilasına məruz qalan digər xalqlar da “Yeni Qafqaziya”nın mövzularındanidi. Bolşeviklərin bu xalqlara qarşı siyasəti pislənərkən, bu xalqların ruslara qarşı milli müqaviməti təqdir edilirdi. Bunların arasında Gürcüstanın xüsusilə bəhs edilmişdir. Bolşevik inqilabından sonra yaradılmış "Mavera-yı Qafqaziya İttifaqı"nın tərkibində Azərbaycanla yanaşı adı çəkilən, lakin onu arxadan vuran Ermənistana qarşı duyulan və nifrətin əksinə olaraq Gürcüstan qardaş xalq kimi qəbul edilir və bu haqda mühüm nəşrlər dərc olunurdu (yadda saxlamaq lazımdır ki, Avropada Promete Hərəkatında gürcü ziyalıları ilə türk ziyalıları birgə fəaliyyət göstəriblər). Rusiya ilə qonşu olan İranda baş verən siyasi prosesləri yaxından izləyən jurnal digər böyük dövlətlərin də dünya siyasətini izləməyi də diqqətdən kənarda qoymurdu. Bu dövlətlərin Rusiya və xüsusilə türk dünyası ilə bağlı siyasətləri haqqında çoxlu yazılar, məqalələr jurnala daxil edilmişdir. İstanbulda nəşr olunan “Yeni Qafqaziya” qəsdən yeni qurulan Türkiyə Cümhuriyyəti haqqında yazılara yer verilmirdi. Bununla belə, Türkiyənin dünya siyasətinə aid məsələlərindən bəhs edən məqalələrə az da olsa rast gəlinir. Ruslarla münasibətlər və Şeyx Səid üsyanı Türkiyə ilə bağlı məqalələrin əsas iki mövzusudur. “Yeni Qafqaziya” Azərbaycan türkləri tərəfindən İstanbulda qurulan və bu gün də davam edən millətçi nəşrlər şəbəkəsinin ilk həlqəsidir. Ona görə də onun nəşrlərində türklüyə aid bütün məsələlər öz ifadəsini tapmışdır. Bu nəşr siyasəti ondan sonra eyni məqsədlə yaradılmış jurnal və qəzetlər üçün də bələdçi olmuşdur.[13]
Jurnalın əhatə etdiyi mövzular
[redaktə | mənbəni redaktə et]Siyasi məsələlər
“Yeni Qafqaziya” jurnalı ədəbi, ictimai və siyasi jurnal kimi fəaliyyət göstərmişdir. Amma siyasi aspekti digər sahələri üstələyir. Jurnalın bu xüsusiyyətini anlamaq üçün onun nəşrlərini mövzuların növlərinə görə müqayisə etmək kifayətdir. Jurnalda dərc olunan siyasi məqalələrin ümumi sayı xəbərlər istisna olmaqla, bütün digər mövzularda yazılan məqalələrdən bir neçə dəfə çoxdur. Xəbərlər də adətən siyasi məzmunludur. Xəbərlərdən başqa məqalələrin mövzularına görə faiz bölgüsü belədir: Tarix: 4%, ədəbiyyat: 12%, müxtəlif sosial mövzular: 14%, siyasət: 70%.[14]
“Yeni Qafqaziya” jurnalına Azərbaycanın müstəqilliyini təmin etmək üçün yaradılmış siyasi jurnal desək yanılmarıq. O, bütün dünyanı təhdid edən kommunizmə qarşı türk dünyasında nəşr olunan ilk siyasi jurnaldır və məqsədi Azərbaycanı müstəqil görmək olsa da, bolşevik əsarətində olan bütün xalqların azadlığını müdafiə etməkdən də çəkinməmişdir. “Yeni Qafqaziya” ya görə: "Başqa millətlərə azadlıq və bərabərlik vəd edərək hakimiyyətə gələn bolşevik kommunizmi çar Rusiyasından fərqlənmir. Çar Rusiyası dövründə həyata keçirilən ruslaşdırma siyasəti bolşevik kommunistləri tərəfindən davam etdirilir, məzlum xalqların bütün resursları rus irqinin xeyrinə istismar edilir. Ruslar öz ambisiyalarına mane olacaq digər böyük dövlətləri zərərsizləşdirmək üçün bütün dünyada kommunist inqilabını yaymağa çalışırlar. Bu məqsədlə bütün dünyada geniş təbliğat şəbəkəsi yaradıblar. Amma bu inqilabın reallaşmaq şansı yoxdur. Böyük dövlətlər bu təhlükəni hiss etdikləri üçün lazımi tədbirləri gördülər və Avropada kommunizmin inkişafını dayandırdılar. Şərqdə həm kəndlilər, həm də fəhlələr kommunizm tərəfindən əzilirlər." Məhəmməd Əmin Rəsulzadə tərəfindən yazılan "İnqilabçı Sosializmin İflası" adlı məqalələr silsiləsi bu cür tənqidi məqalələrə örnəkdir.[14]
“Yeni Qafqaziya” nəşr olunduğu dövrdə həm Türkiyədə, həm bütün Rusiya türkləri arasında, həm də Avropada nüfuzu olan bir jurnal idi. İkinci ilin birinci nömrəsində bu təsirin ölçüləri “İkinci ilə keçid” başlıqlı məqalədə ifadə edilmişdir. Adı çəkilən məqalədən götürülmüş hissədən də göründüyü kimi, Yeni Qafqaziya Moskvada və Rusiyanın digər inzibati mərkəzlərində və xüsusilə Azərbaycanda kommunist idarəsi tərəfindən ciddi şəkildə izlənilir və xalq arasında da böyük nüfuza malikdir:[7]
Bolşevik siyasətindən və mətbuatda Qafqaz hadisələri və həyatına dair ara-sıra müzakirə olunan məqalələrdən nəşrlərimizin əbəs olmadığını görməkdən məmnunluq duyur və geniş ictimaiyyətə faydalı təsir göstərdiyimizi tam sevinclə hiss edirik.
Bununla yanaşı, Anadolu, İran, Misir, Hindistan, Əfqanıstan və digər Şərq ölkələrində çarın mühüm mərkəzlərinə nüfuz edərək bolşevik vəhşiliyi altında türk və islam xalqlarının iniltiləri, zülmləri və qədərləri barədə üzücü xəbərlər çatdıran jurnalımız hətta öz tərəfdaşları və dostları arasında da yüksək tələbat və qayğı ilə qarşılanmışdır. ... Yarandığı gündən jurnalımızı təkcə azəri türklüyünə deyil, həm də milli sərhəddən kənarda yaşayan bütün türklərə həsr etmişik və onların köməyinə böyük ehtiyac duymuşuq. |
"Yeni Qafqaziya"nın dilə gətirdiyi bu məsələlər Azərbaycan və Tiflis mətbuatında öz əksini tapmış, nəşrlərdə "Yeni Qafqaziya"ya qarşı qarayaxma kampaniyaları aparılmışdır. Jurnal isə öz səhifələrində ona qarşı edilən hücumlara cavablar vermişdir. Bu yazıların araşdırılması ilə dövrün bir çox qaranlıq hadisələri də üzə çıxmışdır. Beləki jurnalda “Yeni Qafqaziya”nın nəşr olunduğu illərdə Rusiyada, Qafqazda və İranda baş verən hadisələrlə bağlı mühüm təfərrüatlara rast gəlmək mümkündür.[15]
Ədəbiyyat mövzusunda yazılar
“Yeni Qafqaziya”da məqalələr, şeirlər, hekayələr kimi ədəbi janrlara da yer verilmişdi. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bədii mətnlər digərləri ilə müqayisədə çox azdır. Bundan əlavə, ədəbi yazılarda da dolayı yolla siyasi məqsəd güdülürdü. Bu səbəbdən də ədəbi məqalələri digərlərindən müəyyən sərhədlərlə ayırmaq mümkün deyil. Buna baxmayaraq, məzmununa görə otuz altı ədəbi məqalə müəyyən edilmişdir. Ədəbi məqalələrdə türk dünyası ədəbiyyatı ilə bağlı məsələlərə diqqət yetirilir. Altaydan tutmuş Azərbaycana qədər, bir tərəfdən işğaldan sonra türk dünyasının düşdüyü vəziyyət və bu vəziyyətin milli ideala, milli ədəbiyyata təsiri, digər tərəfdən mədəniyyət və ədəbiyyatla bağlı inkişaflar məqalə və yazılarda öz əksini tapırdı. Rusların türk mədəniyyəti ilə bağlı mənfi əməllərini yaxından izləməklə türk dünyası ziyalılarının diqqəti bu kimi məsələlərə cəlb olunurdu. Bu kontekstdə Bakıda keçirilən Türkologiya Konqresinə böyük diqqət yetirilmişdi. Bu qurultayda gündəmə gətirilən latın əlifbası ilə bağlı müzakirələrə də jurnalda geniş yer verilmişdi. Ədəbi məqalələrin mühüm hissəsi Azərbaycan ədəbiyyatına həsr olunub. Azəri ləqəbli yazıçı (1924) rusların Azərbaycanda qurduqları “Fəhlə Məktəbləri” ilə yaratmağa çalışdıqları bolşevik ədəbiyyatından bəhs etmişdir. Mirzə Bala Azərbaycan ədəbiyyatı tarixinə dair silsilə mühüm məqalələr yazmışdır. Müəllif bolşeviklərin Azərbaycan ədəbiyyatına qarşı hücumlarına da ciddi məqalələrlə cavab verirdi. Azərbaycan ədəbiyyatından yazan başqa bir imza isə Sinana məxsusdur. Müəllifin Azərbaycan xalq ədəbiyyatına dair irihəcmli məqaləsi və Azərbaycan ədəbiyyatının müxtəlif istiqamətlərindən bəhs edən imzasız bir neçə məqaləsi var. Onların arasında Azərbaycan mətbuatı ilə bağlı olanları xüsusi qeyd etmək lazımdır. Bu məqalələrdə o günə qədər Azərbaycanda çıxan jurnal və qəzetlər xronoloji ardıcıllıqla verilmiş və bir çox adlar təqdim edilmişdir. Buna baxmayaraq jurnaldaki ədəbiyyatla bağlı məqalələr bunlarla məhdudlaşmır. Xüsusilə, türk dünyasının mədəni birliyi ilə bağlı mühüm ideyaların müzakirə olunduğu yüksək səviyyəli yazılar dərc olunmuşdur. Türk dünyasının müxtəlif ölkələrindən gələn yazarlar mədəniyyət və ədəbiyyatla bağlı müxtəlif fikirlər irəli sürərək bu fikirləri silsilə məqalələr şəklində jurnal səhifələrində dərc etdirərək, öz fikirlərini müzakirə obyektinə çevirmişlər. Bu yazılar o dövrdə türk ziyalısının türk dünyasının mədəni birliyi məsələsinə necə baxdığını göstərmək baxımından əhəmiyyətli idi. Kazanlı Abdullah Battal (Taymas), Başqırdıstanlı Fəthəlqədir Süleyman və Mehmet Fuad Toktar kimi türk ziyalıları “Xaric Türklükdə Milli Hars Məsələsi” başlığı altında türk dünyasının dil və ədəbiyyatı haqqında uzun-uzadı müzakirələr aparmışdırlar. Abdullah Battal (Taymas) Kazanlı imzası ilə “Yeni Qafqaziya”ya göndərdiyi Kazan vilayətində başlıqlı məqaləsində ortaq bir ədəbi dildən bəhs edərək yazır: “Bu dildə yazılmış ədəbiyyatın oxunduğu coğrafi mühitin eni, Qazan türklərinin səpələnmiş coğrafi mühitin genişliyi ilə mütənasib idi”.[16]
Belə bir ədəbi dilin meydana çıxmasını iyirmi üç illik sivil hərəkatın bəhrəsi kimi dəyərləndirən müəllif deyirdi: “...bu ədəbi dil Mərkəz türklərinin (yəni Kazanlılar, qazax-qırğızlar və türküstanlılar) ortaq ədəbi dilin lisanı üçün də əsas ola bilərdi. Əgər bu türklər milli ambisiyaları naminə yerli ləhcə təəssübkeşliyindən əl çəkib öz aralarında yaxşı yola getsələr və indiki İdil tayfa ədəbi dili “Kazan”a meyl edərsə, təxminən iyirmi milyonluq Orta Türklər üçün, yəni İdil hövzəsindən Zərəfşan vadisinə qədər bir türk əyaləti üçün ümumi bir ədəbi dilin meydana gəlmə ehtimalına zərrə qədər şübhə etmirəm." Müəllif başqırdların bu formalaşmanın qarşısını aldığını bildirirdi. Başqırdıstanlı Fəthəlqədir Süleyman isə onun bu sözlərinə cavab olaraq Kazanlını “müstəqil tatar ədəbi dili yaratmaqda” ittiham edir və sözügedən bölgənin rusların sıx təsiri altında olduğunu və bu səbəbdən İdil Boyunun milli mədəniyyət formalaşdırmağa qadir olmadığını iddia edirdi.
"Tatar dili və ədəbiyyatı 20 il ömür sürübsə, ortaq milli sərvətimiz olan Türküstan ədəbiyyatının bir neçə yüz illik ömrü var. Böyük Türküstan milli sivilizasiyanı, milli ədəbiyyatı Kazanlılara, başqırdlara, qırğızlara, qazaxlara bəxş etmişdir" deyən Fəthəlqədir Süleyman başqırd ləhcəsində yaradılacaq və bütün Mərkəzi Asiya türklərinə aid bir ədəbi dil təklif edir. “Tatar dili ümumi ədəbi dil deyil, başqırd və qırğız ləhcələrimizlə yanaşı tayfa ləhcəsidir”. Müəllif başqırd ədəbiyyatını başqırdlara tatar ədəbiyyatından daha uyğun gördüyünü də dilə gətirir. Fəthəlqədir Süleyman türk dünyası ədəbiyyatı ilə bağlı fikirlərini belə ümumiləşdirir: "Biz milli türk adət-ənənələrini rus adət-ənənələrindən qorumaq və müdafiə etmək üçün Başqırd ədəbiyyatının başqırdlara tatar ədəbiyyatından daha çox fayda verəcəyinə inananlar arasındayıq. Bizim fikrimizcə ümumi türk qövmləri üçün 2 ədəbi dil uyğundur. Şərqi türklər üçün Çağatay-özbək, Qərbi türkləri üçün Anadolu türkcəsi.Bütün Mərkəzi türklər üçün isə ortaq bir ədəbi dil təqdim etmək Çağatayların davamçısı olan türküstanlıların haqqıdır”.[17]
Bu müzakirəyə uzun bir yazı ilə qoşulan Mehmet Fuad Toktar Kazanlı və Başqırdıstanlı Fəthəlqədir Süleymana cavab verərək türkcənin Güney türkcəsi, orta türkcə və s. kimi adlarla təsnif edilməsinə qəti etiraz edirdi. Siyasi, mədəni, və ədəbi baxımından hər dövrdə müstəqil ola bilən ölkəyə məxsus dialektin ortaq dil olmasını təklif edən müəllif bu məsələyə münasibətini belə ifadə edir: “Məncə, bu üç amil bu gün Anadolulu dostlarımızın əlindədir.Onlar istəməsələr belə Anadolu ləhcəsi ümumi türkcənin ədəbi və yazı dili kimi istifadə olunacaqdır.” Anadolu türkcəsini ortaq yazı dili kimi qəbul edən Toktar İstanbul türkcəsini qəbul etmir. “İndi işlətdiyimiz İstanbul ləhcəsi 80% ərəb və fars sözləri ilə qarışmış nə türkcə, nə ərəbcə, nə də farsca bir dildir ki, türk xalqları bir kənara heç anadolu türkləri tərəfindən də qəbul edilməyib və edilməyəcəkdir.” Müəllif: "milli sivilizasiyadan, ədəbiyyatdan söhbət gedəndə isə bu son yarım əsrdə türklüyün üç qibləsi - Anadolular, Azərbaycanlılar və tatarlar - bələdçilik edə bilərlər” deyərək müqayisəli ümumi ədəbiyyat qurulması fikrini müdafiə edirdi. Bu müzakirə bir müddət davam etsə də, Mehmet Fuad Toktara cavab verən olmadı. Lakin bu müzakirədən kənarda qalan Mirzə Bala kimi “Yeni Qafqaziya”nın bəzi qabaqcıl yazarları Türkiyə türkcəsinin ortaq dil kimi istifadə edilməsi fikrini müsbət qarşıladılar. “Yeni Qafqaziya”nın həcmini nəzərə alsaq, onun şeirlərlə zəngin olduğunu söyləmək olmaz. Şeirlər əsasən jurnalın ikinci ilində çap olunmağa başlamışdı. Üçüncü və dördüncü illərdə isə çox az sayda şeir çap olunmuşdu. Jurnalda şeirlə yanaşı, beş hekayə dərc edilmişdi. Azadlıq və vətənpərvərlik mövzularından bəhs edən bu hekayələrdən üçü Mirzə Balaya məxsusdur. O biri hekayətlərdən biri Azərbaycanlı Fuada, digəri isə Mim imzasına aiddir.[17]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Şimşir, 2002. səh. 39
- ↑ Can, 2005. səh. 6
- ↑ 1 2 Can, 2007. səh. 110
- ↑ Yaqublu, 2014. səh. 11
- ↑ Yaqublu, 2014. səh. 12
- ↑ Yaqublu, 1999. səh. 58
- ↑ 1 2 3 4 Özkaya, 2015
- ↑ Can, 2007. səh. 111
- ↑ Şimşir, 2002. səh. 45
- ↑ Can, 2007. səh. 112
- ↑ 1 2 Can, 2007. səh. 113
- ↑ İbrahimli, 2012. səh. 107
- ↑ Mustafayeva, 2018
- ↑ 1 2 Can, 2007. səh. 115
- ↑ İbrahimli, 2012. səh. 106
- ↑ Can, 2007. səh. 117
- ↑ 1 2 Can, 2007. səh. 118
Mənbə
[redaktə | mənbəni redaktə et]- Sebahattin Şimşir. Azerbaycanlıların Türkiye'de siyasi ve kültürel faaliyetleri, 1920-1991. Ankara: Azerbaycan Kültür Derneği. 2001. səh. 256.
- Xaləddin İbrahimli. Azərbaycan mühacirəti tarixi (PDF). Bakı: Elm və təhsil. 2012. səh. 372.
- Nəsiman Yaqublu. Azərbaycan Mühacirət Mətbuatı (PDF). Bakı: «Elm və təhsil». 2014. səh. 152.
- Nəsiman Yaqublu. Azərbaycan Milli İstiqlal Mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə (PDF). Bakı. 1999. səh. 90.
- Nuranə Mustafayeva. YENİ KAFKASYA DERGİSİNDE KAFKASYA HALKLARININ MÜNASEBETLERİ MESELESİ (PDF). THE QUESTION OF THE CAUCASUS PEOPLE'S VISION IN THE NEW CAUCASUS MAGAZINE. 2018.
- Yılmaz Özkaya. Türkiye'deki Azerbaycan Muhaceret Matbuatı. Yeni Türkiye Kafkaslar Özel Sayısı VI. 2015.
- Adem Can. Yeni Kafkasya Mecmuası (İnceleme ve Edebiyatla İlgili Metinler). Erzurum: Atatürk Üniversitesi Sosyal Bilimler Üniversitesi. 2005. səh. 534.
- Adem Can. Yeni Kafkasya Mecmuası. 41. Erzurum. Ahmet Yesevi Üniversitesi Mütevelli Heyet Başkanlığı. 2007. 109–122.