Maneki-neko
Maneki-neko (招き猫?, hərf. çağıran pişik) – sahibinə uğur gətirdiyinə inanılan yapon pişik heykəlcikləri.
Görünüşü
[redaktə | mənbəni redaktə et]Əsasən plastikdən və keramikadan hazırlanan maneki-neko bir pəncəsini yuxarı qaldırmış yapon bobteyl pişiyini əks etdirir. Bu pəncə önə və geriyə doğru hərəkət edə bilir. Maneki-nekolar müştəriləri qarşılamaq məqsədilə adətən iş yerlərinin girişlərinə qoyulur.[1]
Maneki-neko adətən Edo dövrünə aid sikkə olan kobanla birlikdə təsvir edilir və üzərində "sen man ryo" (千万両?, hərf. 10 milyon qızıl) ifadəsi yazılır. Sağ pəncənin yuxarıda təsvir olunması daha çox müştəri, sol pəncənin yuxarıda təsvir olunması isə daha çox pul arzusunu bildirir. Maneki-neko sahibinin əldə etməyə çalışdığı uğurun növündən asılı olaraq müxtəlif rənglərdə ola bilər: ağ rəng xoşbəxtliyi, qara rəng təhlükəsizliyi, qırmızı rəng sağlamlığı, qızılı rəng varlılığı, çəhrayı rəng romantikanı, göy rəng yaxşı təhsili və yaşıl rəng ailə təhlükəsizliyini arzu etməyi bildirir.[1]
Maneki-neko adətən qırmızı taxma ilə təsvir olunur. Bunun səbəbi "Yastıq kitabı" və "Gencinin hekayəsi" kimi yapon klassikalarında qadınların belə pişiklərlə təsvir olunmasıdır. Edo dövründə gözəl qadınlar əsasən qırmızı taxmalı pişiklərlə təsvir olunurdular.
Tarixi
[redaktə | mənbəni redaktə et]Maneki-neko ilk dəfə Edo dövründə ortaya çıxmışdır. Heykəlciyin dəqiq yaranma tarixi məlum olmasa da, ilk dəfə Utaqava Hiroşiqenin 1852-ci ilə aid ukiyo-e əsərində təsvir olunmuşdur. Əsərdə maneki-nekonun prototipi olan maruşime-neko təsvir olunmuşdur. 1902-ci ilə aid bir qəzet elanından məlum olur ki, maneki-nekolar artıq XX əsrin əvvəlində Yaponiyada populyar uğur tilsimi idi.[1]
Folklor
[redaktə | mənbəni redaktə et]Maneki-nekonun mənşəyi ilə bağlı Yaponiya folklorundan bir neçə hekayə mövcuddur. Ən məşhur hekayəyə görə 1615-ci ildə daymyo və samuray İi Naotaka Qotoku məbədinin yaxınlığından keçərkən fırtınaya yaxalanmış və ağacın altında dayanmışdır. Bu zaman məbədin girişindəki bir pişik pəncəsi ilə onu çağırmışdır. O, məbədə yaxınlaşanda dayandığı ağacın ildırım nəticəsində yıxıldığını görmüşdür. Naotaka həyatını xilas edən pişiyin şərəfinə məbədin hamisi olmuş və bərpa etdirmişdir. Əsrlər sonra isə bu hadisənin şərəfinə maneki-nekolar yaradılmışdır. Bu səbəbdən Qotoku məbədi Yaponiyada maneki-nekonun yaranma yeri kimi qəbul olunur.[1]
Bir başqa hekayə Tokioda yerləşən Cişo məbədi ilə bağlıdır. Rəvayətə görə XVI əsrin ortalarında bu ərazidə Toşima və Ota adlı şəxslərin döyüşü olmuşdur. Döyüş zamanı Toşima yaralanmış və bir qara pişik onu sağala biləcəyi bu məbədə gətirmişdir. Öz gücünü geri qazanan Toşima Otanı məğlub etmiş və həyatını xilas edən pişiyin şərəfinə pişik formasında olan cizo hazırlatdırmışdır.[2]
Bir rəvayətə görə isə maneki-nekonun mənşəyi Yoşivaranın seks işçilərindən biri olmuş Usuqumo Dayu ilə bağlıdır. Rəvayətə görə pişiyi onu böyük bir ilandan xilas etmişdir.[3]
Populyar mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]Hər ilin sentyabrında Yaponiyanın müxtəlif şəhərlərində maneki-neko festivalları keçirilir.[1] Tokionun Tayto rayonunda yerləşən İmado məbədi maneki-neko məbədi kimi tanınır.[3] Bu məbəddə bir çox maneki-neko heykəli yerləşdirilmişdir. Ayçi prefekturasının Tokoname şəhərində yerləşən Manekineko küçəsi yüzlərlə maneki-neko ilə bəzədilmişdir. Yaponiyada bəzi şəxslər maneki-neko kolleksiyası ilə məşğul olurlar.[1]
Myaut adlı pokemon maneki-nekodan ilhamlanaraq dizayn olunmuşdur. 2018-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsinin qalibi Netta "Toy" mahnısının performansı zamanı maneki-nekolardan istifadə etmişdir.[4]
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Maruşime-neko.
-
Qızılı rəngdə maneki-neko.
-
Sarı maneki-neko.
-
Tərsinə asılmış maneki-neko.
-
Ticarət mərkəzində nəhəng maneki-neko.
-
Maneki-neko heykəlləri.
-
Maneki-neko formasında avtobus dayanacağı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Taggart, Emma. "What Is Maneki-Neko? Discover the Fascinating History of the Japanese Lucky Cat". My Modern Met. 26 iyul 2021. İstifadə tarixi: 14 avqust 2023.
- ↑ Pate, Alan. "Maneki Neko: Feline Fact & Fiction". Daruma Magazine. Amaqasaki, Yaponiya: Takeguchi Momoko. 2008. 14 mart 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2023.
- ↑ 1 2 ""Waneko" Studies: A Journey into Japan's Cat Lore". nippon.com. 23 aprel 2021. 31 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2023.
- ↑ "63 years of Eurovision". Eurovision Song Contest. 21 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2023.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Maneki-neko ilə əlaqəli mediafayllar var.