Kalimba
Kalimba — Afrikada (xüsusilə, Mərkəzi və Cənubi Afrika, bəzi Antil adalarında) ən geniş yayılmış və ən qədim musiqi alətidir. Onun geniş populyarlığı haqda kalimbanın müxtəlif tayfa və qəbilələrin dilində çoxsaylı adları xəbər verir, məsələn : tsantsa və ya sanza, mbira, mbila, ndimba, lukembu, lala, malimba, ndandi, ijari, mqanqa, likembe, selimba və s. Bu adlardan Qərbdə yalnız biri — tsantsa — kalimbanın digər rəsmi adı kimi tanınır. Kalimba ənənəvi mərasimlərdə və peşəkar musiqiçilər tərəfindən istifadə edilir. Onu "Afrikanın əl fortepianosu" adlandırırlar; bu alət olduqca virtuoz alətdir, daha çox melodik parçaların ifası üçün nəzərdə tutulsa da, onda həm də akkordlar ifa etmək mümkündür. Daha çox müşayiətçi alət kimi istifadə olunur. Böyük ölçülü kalimbalar Afrika musiqisinin ritmlərinə təkrarolunmaz bəm səsli küy verir, kiçik ölçülüləri isə tamamilə sehrli, kövrək səslənmə yaradır ki, bu da onu daraqlı musiqi mücrüsünə yaxınlaşdırır.
Quruluşu
[redaktə | mənbəni redaktə et]Müxtəlif formalı rezonatorlu korpus üzərində bir və ya bir neçə sıra taxta, bambuk və ya metallik lövhəcik-dilçəklər yerləşir ki, bu da səsin mənbəsidir. Ən sadə nümunələrdə hamar, mürəkkəb nümunələrində isə tısbağa çanağından, parçalanmış ağac gövdəsindən , balqabaq gövdəsinin oyuğundan hazırlanmış rezonator səthi üzərinə 4-dən 30-a qədər dilçəklər bərkidilir. Hündür astana dilçəklərin səslənməsini məhdudlaşdırır. Çalğı zamanı (ayaqüstü, yeriş hərəkət zamanı, oturaq halda) kalimbanı düz bucaq altında qatlanmış əllərin ovucları ilə alətin kənarlarından tutaraq sıxırlar, əlin baş və işarət barmağı ilə dilçəklərin maili qabarmış uclarına cırmaq atıb-buraxıb onları vibrasiya halına gətirirlər. Kalimbaların ölçüləri müxtəlif olur: korpusun uzunluğu 100–350 mm, dilçəklərin uzunluğu 30–100 mm, eni isə 3–5 mm olur. Kalimbanın səs sırası dilçəklərin sayından asılıdır. Çox zaman diatonik kalimbalar işlənir, lakin hazırda onun xromatik növləri də yayılmışdır.
Alətin yayılma tarixi
[redaktə | mənbəni redaktə et]Amerikanın Avropa müstəmləkəçiliyi zamanı kölə zəncilər tərəfindən kalimba Kubaya gətirilmişdir ki, bu gün də bu alət orada istifadə olunur. Onun səsini Earth, Wind & Fire qrupunun musiqisində eşitmək olar.
Kalimbanın müxtəlif xalqlarda səs sırası nümunələri
[redaktə | mənbəni redaktə et]- Bakve (Konqo) : a1, f1, d1, e1, g1, h1 ;
- Lemba (Cənubi Afrika) : b1, g1, f1, g, c1, h, d1, c2 ;
- Bakvena (Cənubi Afrika) : b, as, f1, f, e1, es, c1, H, d1, des, ges1, ges, b.