Eduroam
Eduroam | |
---|---|
Yaranma tarixi | 2005 |
eduroam.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Eduroam xidməti — elm və təhsil müəssisələrinin əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətlərinə qoşulan təşkilatların daxili şəbəkə infrastrukturundan istifadə edərək İnternet şəbəkəsinə pulsuz və sərbəst qoşulmaq imkanı verir.
Əhatə dairəsi
[redaktə | mənbəni redaktə et]Dünyanın 67-dən çox ölkəsi hal-hazırda bu sistemə qoşulmuşdur. Bir çox ölkələr isə pilot layihələr çərçivəsində bu xidmətə qoşulmağa çalışırlar. TERENA (Trans-European Research and Education Networking Accociation – Trans-Avropa Elmi Tədqiqat və Təhsil Şəbəkəsi Assosiasiyası) təşkilatının tövsiyələrini əsas tutaraq AzScienceNet şəbəkəsində də Milli Eduroam serveri yaradılmış və Avropa Eduroam Konfederasiyasında qeydiyyatdan keçmişdir.[1]
AzScienceNet şəbəkəsində Eduroam xidməti
[redaktə | mənbəni redaktə et]Eduroam xidməti AMEA-nın institut və təşkilatları əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətinə qoşulan elm və təhsil müəssisələrinin daxili infrastukturundan istifadə edərək qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı verir. Eyni zamanda Eduroam xidməti xarici ölkələrdən AMEA-nın institut və təşkilatlarına ezamiyyətə gələn elmi əməkdaşların AMEA-da Eduroam xidmətini dəstəkləyən bütün qoşulma nöqtələrindən istifadə edərək qlobal İnternet şəbəkəsinə heç bir əlavə konfiqurasiya edilmədən qoşulmasına imkan verir. Azərbaycan Milli Eduroam serveri AzSciencenet şəbəkəsində yerləşdirilmiş, republika üzrə Milli Operator funksiyasını yeinə yetirir və 11 noyabr 2011-ci il tarixində European Eduroam Confederation təşkilatında qeydiyyatdan keçmişdir.
Eduroam xidməti AzScienceNet istifadəçilərinin dünyanın istənilən yerindən qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı yaradır. Eduroam xidmətini Azərbaycan Respublikasında tətbiq etmək və ölkəni ümumdünya eduroam şəbəkəsinə qoşmaq və tanıtmaq üçün aşağıdakı tədbirlər həyata keçirilmişdir:
- Milli Eduroam serverin proqram təminatı işlənmiş və konfiqurasiya edilmişdir;
- AMEA-nın lokal eduroam serveri yaradılmış, onun proqram təminatı işlənmiş və istifadəçilər reyestri yaradılmışdır;
- Simsiz Wi-Fi access point-ləri quraşdırılmış və işə salınmışdır;
- Milli və Lokal eduroam serverlər, Wi-Fi access pointlər ümümi eduroamın tələblərinə uyğunlaşdırılmışdır.[2]
Azərbaycan elm və təhsil müsəssisələri üçün Eduroam xidmətinə qoşulma şərtləri
[redaktə | mənbəni redaktə et]- Milli Eduroam serverində (AzScienceNet şəbəkəsində yerləşir) qeydiyyatdan keçmək;
- Təşkilatın lokal eduroam serverinin yaradılması, proqram təminatının yazılması və istifadəçilər reyestrinin yaradılması ilə bağlı işlər;
- Simsiz Wi-Fi Access Point-in quraşdırılması və test rejimində işə salınması ilə bağlı işlər;
- Təşkilatın lokal serveri və Wi-Fi Access Point avadanlıqları beynəlxalq Eduroam şəbəkəsinin tələblərinə uyğunlaşdırılmalıdır.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014–2020-ci illər üçün Milli Strategiyada ölkəmizdə elm və təhsilin informasiya təminatının gücləndirilməsi, infrastrukturunun müasirləşdirilməsi, bu sahələrdə informasiya-kommunikasiya texnologiyalarının səmərəli tətbiqi kimi mühüm vəzifələr müəyyən edilmişdir.
Bu sahədə həyata keçirilən islahatlara dəstək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri ilə yanaşı, respublikanın ali təhsil müəssisələrinin də elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olan, ölkədə elektron elmin texnoloji platformasını təşkil edən AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən istifadəsi üçün genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir.
Ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin şəbəkə infrastrukturunun AzScienceNet elm-kompüter şəbəkəsi vasitəsilə beynəlxalq Eduroam şəbəkəsinə qoşulması təmin olunmuşdur. Bunun nəticəsində universitetin əməkdaşlarına Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (Gigabit European Advanced Network Technology, GEANT) Eduroam xidmətindən istifadə imkanı yaradılmışdır. Hazırda Tibb Universitetinin professor-müəllim heyəti və tələbələr Avropanın müxtəlif universitetlərinə və elm mərkəzlərinə ezamiyyətləri zamanı bu xidmətdən istifadə edirlər.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "AzScienceNet şəbəkəsində Eduroam xidməti istifadəyə verilib". 2020-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
- ↑ "AzScienceNet şəbəkəsində Eduroam xidməti". 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
- ↑ Azərbaycan Tibb Universiteti beynəlxalq Eduroam şəbəkəsinə qoşulub [ölü keçid]