Afşin
Afşin | |
---|---|
Afşin Heydər Kavus oğlu | |
Doğum tarixi | VIII əsr |
Doğum yeri | |
Vəfat tarixi | 841 |
Vəfat yeri | |
Fəaliyyəti | zabit |
Vikianbarda əlaqəli mediafayllar |
Əfşin Xıdr ibn-Kavus, Afşin Heydər Kavus oğlu (ingiliscə: Afshin Haydar bin Kavus; VIII əsr, Usruşana – 841, Səmərra, Səlahəddin mühafəzəsi) — Abbasi Ərəb xilafətinin mənbələrə görə iranlı İsrövşənə şahzadəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tarixçi Yəqubiyə əsasən, xəlifə əl-Məhdinin zamanında (775-85) Afşinin adı Transoksiana və Orta Asya çöllərində xilafətə xidmət edən yerli türk- və iran-əsilli sərkərdələrin arasında verilir[1] Risalə fi mənakib əl-ətrak va'ammat cunud əl -xilafə traktatının bir yerində Cahiz türkləri və xorasanlıları, mahiyətinə görə, eyni xalq hesab edir, eyni xassiyətlərə malikdirlər və bitişik yerlərdə yaşayırlar.[2]
Hərbi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]V.V.Bartoldun dediyinə görə, ərəblərin Orta Asiyada son böyük hərbi əməliyyatı, hicri 208 (miladi 822/23)-ci ildə Usruşanaya edilən səfər idi[3]. O zaman Usruşana hakimi Afşin Kavus idi, onun Heydər, Fəzl, Xaş və Rəşid adlı dörd oğlu var idi. Ailə ixtilafı üzündən Heydər Bağdada xəlifə Məmunun yanına qaçmalı oldu, o da Kavusun köməyi ilə Usruşananı istila etməyə müvəffəq oldu və 822-ci ildən onu Xifafətin tərkibinə daxil etdi[4][5][6].
Kavusun özü həmin ildə xəlifənin qulluğuna girdi və islam dinini qəbul etdi. Onun hərbi sərkərdə olaraq birinci ciddi hərəkatı 831-ci ildəki səfəridir ki, bu zaman Misirdə Adus əl-Fəxrinin üsyanını yatırtmışdı[7][8].
835-ci il 3 iyunda Mötəsim Heydər ibn Kavusu Cibal əyalətinə hakim təyin etdi və Xilafət qoşunlarının baş komandanlığını ona tapşırıb Babəkə qarşı müharibəyə göndərdi[9].
O, Mavəraünnəhrdə olan şəhərində əsir tutulmuşdu və rəvayətə görə mani dininə etiqad edirdi və Xorasanı, Mavəraünnəhri ələ keçirmək istəyirdi. Lakin Afşinin bu məqsədinə qarşı Xorasan hakimi Abdullah ibn-Tahir və atasının əmisi oğlu Bağdad əmiri İshaq-ibn-İbrahim ibn-Müsəl çıxırdılar. Tahirilərə qarşı özünə sosial baza yığan Afşin bir tərəfdən tahirilərlə əlbir olmayan başqa iranlı qüvvələrlə, o biri tərəf-dən isə Babək və Təbəristan valisi Harunun oğlu Məzyər ilə gizli danışıqlara girib, tahirilərə qarşı qüvvələri səfərbərliyə almaq istəyirdi.
Babəkə qələbə çalandan sonra 838-ci ildə, Heydər ibn Kavus 30 minlik ordunun başında xəlifə qoşunlarının qabağında gedərək, imperator Feofilin sərkərdəliyi altındakı Bizans ordusunun əsas qüvvələrinə hücum etdi, onları məğlub edərək qaçmağa vadar etdi. Onun iştirakı ilə 838-ci il 22 iyulda Amorium şəhəri alındı. Ət- Təbəri Feofil ilə müharibədə Afşinin döyüş şücaətini mədh edən şair Hüseyn ibn əz-Zəhhak əl-Bəxilinin qəsidəsini verir:
Allahın hamisilə Əbu Həsənin qüdrəti
İrəm sütunlarından daha möhkəm oldu.
Kavus oğlanlarının, İran hökmdarına
Onun yaratdığı şöhrət hamıdan üstün oldu.
Əl-Mötəsimin əlində əl-Afşin
Allahın qüdrətilə sıyrılmış qılınc idi.
Əl-Bəzzdə, o, İrəmdəki heykəllərə bənzəyənlərdən başqa
Heç bir şeyin qalmasına imkan vermədi.
Gözlərindən peşmanlıq duyulan Babəki o,
Girov bir əsir kimi oraya gətirdi.
Sonra Feofilə vurduğu gözə nizə.
Hər iki ordusunu iki yerə parçaladı,
Feofil özü də qaçmağa üz qoydu.
Onların çoxu qırıldı, salamat qalanlar isə,
Sanki şişə çəkilmiş ət oldu.
Xəlifədən sonra birinci şəxsiyyət olan Heydər ibn Kavus, təbii olaraq, digər sərkərdələr də, xüsusilə, Afşinə tabe olan ərəb Uceyf ibn Ənbasda həsəd doğururdu; Uceyf isə xəlifə Mötəsimin qardaşı oğlu Abbas ibn Məmunla, sərkərdələrdən Əmr ibn Əbrah əl- Fərqani və Məhəmməd Kutahla, habelə Haris-əs-Səmərqəndi adlı birisi ilə xəlifəni və Afşini öldürmək məqsədilə qəsd düzəltmişdilər. Lakin qəsdin üstü açıldı. Xəlifə Abbası Afşinə verdi, o da Abbası ac saxlayıb öldürdü. Əmr əl-Fərqanini döyə-döyə öldürdülər. Uceyf ibn Ənbas zindanda öldü. Xəlifə öz qardaşının bütün arvad və uşaqlarını məhv etdi[11]. Afşinin nüfuzu daha da artdı, lakin iki ildən sonra onun tənəzzülü başlandı.
839/40-cı ildə Afşin xəlifənin şəxsi ordusunun başçısı vəzifəsindən kənar edildi[12], 840-cı il 7 sentyabrda isə xəlifənin əmri ilə həbs edildi. Afşinin həbs edilməsinin səbəbi bu idi. Afşin Azərbaycan, Arran və Ermənistanda xəlifənin canişini olaraq topladığı sərvət və qiymətli əşyanı, habelə Babəklə müharibə zamanı ələ keçirdiyi hər şeyi Xilafət ərazisində saxlamayıb, mötəbər adamları gizlicə Usruşanaya göndərirdi. Sərvət dolu karvanlar Təbəristan yolu ilə göndərilirdi. Afşinlə şəxsi qərəzi olan Abdullah ibn Tahir isə bu barədə xəlifəyə məlumat verirdi. Mötəsim, Abdullah ibn Tahirə əmr etdi ki, ətraflı kəşfiyyatla məşğııl olub Afşinin gizli işlərinin üstünü açsın.
Bir gün Afşin həmişəki kimi, bir dəstə öz adamını min dinar va ya daha artıq pulla Usruşanaya göndərdi. Onlar pulu öz qurşaqlarına tikmişdilər. Nişapur yaxınlığında Abdullah ibn Tahir onları tutdu. O, adamların üstünü axtarıb pulu tapandan sonra maraqlandı ki, bu qədər böyük məbləğ haradan onların əlinə keçmişdir. Onlar cavab verdilər ki, pul Afşinindir. Abdullah aldığı pulu öz qoşununa payladı və bu xüsusda xəlifəyə və Afşinə xəbər verdi. Afşinə yazdı ki, tutulan adamların sözünə inanmır. Abdullahın hərəkətindən qəzəblənən Afşin ona cavab verdi ki, "onun pulu ilə Əmir əl-Möminin pulu eyni şeydir və xahiş etdi ki, adamları buraxsın ta onlar Usruşanaya gedə bilsinlər. Abdullah ibn Tahir onları azad etdi, onlar da çıxıb getdilər"[13][14][15].
Bu hadisə Afşin ilə Abdullah ibn Tahir arasındakı ədavəti daha da dərinləşdirdi; odur ki, Abdullah gizlicə Afşinin işlərinə daha diqqətlə göz qoymağa başladı. Xəlifənin şübhəsini doğuran Afşin xəlifənin soyuq yanaşdığını görürdü, lakin özünün nə edəcəyini bilmirdi. O, Xilafətdən qaçmağı qərara aldı. Öz sarayında, sal içində çay və dənizdən keçmək üçün dəri tuluqlar hazırladı. Afşin istəyirdi xəlifə və onun sərkərdələrinin başları qarışdığı bir gündə Mosula qaçsın, tuluqla Zab çayını keçib Azərbaycana çatsın, oradan da dəniz yolu ilə xəzərlərin yanına getsin. Bu planı həyata keçirmək çox çətin oldu.
Onda Afşin bu qərara gəldi ki, xəlifəni və sərkərdələri kef məclisinə dəvət edib, onları zəhərləsin, sonra da qaçsın. O, xəzərlərin ölkəsindən dairəvi yolla türklərin ölkəsindən keçib Usruşanaya çatmaq fikrində idi. Lakin Afşinin niyyəti baş tutmadı, çünki sərkərdələrdən biri Vacini(avacan)İbn əl-Əsir, VI, səh. 364. əl-Usruşani onun planını bəyənmədi. Afşin onu tutub yox etmək qərarına gələndə, Vacin atın üstünə sıçrayıb düz xəlifənin sarayına çapdı. İtah onu xəlifənin yanına buraxmadı, çünki xəlifə yatmışdı. Vacin görüş üçün təkid etməyə başladısa, yalnız səhər xəlifə tərəfindən qəbul olundu və Afşinin bütün sirlərini açıb ona dedi.
Xəlifə Afşini çağırtdırdı və əmr etdi ki, onu Cövsək iqamətgahında içəri Ləl ("Mirvari") həbsxanasına salsınlar; sonralar bu yer "Afşinin həbsxanası" adlanmağa başladı[16][17][18]. Afşinin işini dərindən öyrənən xəlifə gördü ki, Afşinin oğlu Həsənin bütün işdən xəbəri var və atası ilə əlbirdir, yəni o da Xilafət üçün böyük təhlükə təşkil edir. Buna görə, Abdullah ibn Tahirə əmr etdi ki, Həsəni hiylə ilə çağırıb həbs etsin. Abdullah xəlifənin tapşırığını yerinə yetirməyi Buxara hakimi Nuh ibn Əsədə əmr etdi. Abdullah Həsənə yazdı ki, o Nuhun yerinə vilayətin hakimi təyin olunur. Həsən kiçik bir mühafizə dəstəsi ilə Səmərqəndə gələn kimi, Nuh onu həbs edib zəncirlədi və Abdullah ibn Tahirin yanına, Abdullah da onu xəlifə Mötəsimin yanına göndərdi. Afşin Xilafətə və islama xəyanətdə ittiham edildi və məhkəmə quruldu.
Ət-Təbəri Harun ibn İsa ibn Mənsurun (xəlifənin nəvəsi) dilindən belə xəbər verir ki, məhkəmə xəlifənin sarayında oldu, hakimlər bunlar idi: Əhməd ibn Əbu Duad, İshaq ibn İbrahim, ibn Müsəb və Məhəmməd ibn Əbd ül-Malik əz-Zəyyat. Məhkəməyə yalnız yüksək rütbəli hərbi və mülki adamlar gəlmişdilər. Baş ittihamçı Məhəmməd əz-Zəyyat idi. Şahidlər arasında Məzyər, atəşpərəstlərin baş ruhanisi mubad (məhabad sözünün ərəbləşmiş forması), SoqdianaSoqd padşahlarından Mərzban ibn Tarkaş[19][20][21] və iki soqdlu var idi.
İttihamçı birinci olaraq iki soqdlunu dindirdi: onların əynində cırıq paltar var idi; o soruşdu ki, nə səbəbə görə onlar bu sifətə düşmüşlər. Soqdlular öz kürəklərini göstərdilər; onların kürəklərində qamçı izləri var idi. Bundan sonra Məhəmməd Afşindən soruşdu: "Sən bu iki nəfəri tanıyırsan?" O cavab verdi: "Bəli! Onlardan biri müəzzin, o biri isə imamdır. Onlar Usruşanada məscid tikdirmişdilər. Mən əmr etdim, onlardan hər birinə min qamçı vursunlar, çünki mənimlə Soqd padşahları arasında bağlanan sazişə görə, bütün adamlar öz dinlərinə sitayiş etməkdə davam etməlidirlər. Bu iki nəfər bir məbədə hücum edib, onların [usruşanalıların] bütlərini tulladılar və məbədi döndərib məscid etdilər. Buna görə mən əmr etdim ki, onların hər birinə min qamçı vursunlar, çünki onlar günah iş görmüşlər, adamların öz ibadət yerlərinə getməsinə mane olmuşlar"[22][23]. Sonra ittihamçı soruşdu: "Üzərində qızıl, brilyant və qiymətli parça ilə işlənib içərisi Allaha qarşı küfrlə dolu olan bu kitab səndə haradandır?" Afşin cavab verdi: "Bu kitab atamdan mənə irs qalmışdır. Bu kitabda iranlıların ən hikmətli sözləri toplanmışdır. Küfr haqqında sizin qeydinizə gəldikdə, deməliyəm ki, mən kitabdakı hikmətli sözlərdən həzz alıram, qalanlarını isə rədd edirəm. Bu kitab bəzəkli şəkildə mənə gəlib çatmışdır və mən onun naxışlarını məhv etməyi lüzum görməyib onu olduğu kimi, sənin evindəki "Kəlilə və Dimnə" və "Məzdəkin kitabı" kimi saxladım. Mən güman etmirəm ki, bu islama qarşı günah bir iş tutmaqdır"[24].
Ondan sonra mubad dindirildi. O, ifadəsində dedi ki, Afşin boğulan heyvanların ətini yeyirdi (islamda da iudaizmdə olduğu kimi bıçaqla kəsilməyən heyvanın ətini yemək haramdır) , onu da təhrik edirdi ki, bu cür ət yesin və iddia edir ki, bu cür ət, bıçaqla kəsilən heyvanın ətindən daha zərif və dadlıdır. O dedi ki, Afşin hər çərşənbə günü bir qoyun öldürürdü, qoyunu qılıncla iki yerə bölür, sonra onun ətini yeyərdi. Bir dəfə Afşin mubada belə dedi: "Doğrudan da mən bu xalqın üzündən məcburam nifrət etdiyim hər işi görüm, hətta zeytun yağı yeyim, dəvəyə minim və səndəl ayaqqabı geyim. Lakin mənim bir tüküm də əskik olmamışdır!" O, bunu nəzərdə tuturdu ki, heç üz-başını qırxdırmırdı və sünnət edilməmişdi[25].
Afşin ittihamçıya etirazını bildirdi: "Burada həmin sözləri danışan adam barəsində mənə söylə görüm – o öz dininə etiqad bəsləyirmi?" Mənfi cavab verildi, çünki mubad islamı çox gec; xəlifə Mütəvəkkil dövründə qəbul etmişdi. Onda Afşin mubada müraciətlə soruşdu: "Mənim evimlə sənin evin arasında bir qapı və ya səs eşidilə bilən bir pəncərə var idimi ki, sən mənim barəmdə də məlumat alasan?" O, mənfi cavab verdi. O zaman Afşin dedi: "Məgər mən sənə icazə vermirdim yanıma gələsən, sənə öz sirlərimi demirdimmi, İran haqqında, ona və onun xalqına rəğbətim haqqında sənə danışmırdımmı?" Mubad müsbət cavab verdikdən sonra Afşin sözünü davam etdirdi: "Belə olduqda, sən həm öz dininə sadiq deyilsən, həm də içdiyin anda, çünki sənə gizlicə söylədiyim sirləri açmısan"[26].
Üçüncü olaraq Mərzban ibn Tarkaş dindirildi. Afşin bildirdi ki, bu adamı tanımır. Mərzban ucadan dedi: "Ey yalançı! Nə vaxtadək sən boyun qaçırıb özünü bilməməzliyə qoyacaqsan? Sənin ölkənin adamları sənə necə yazırlar?" Afşin cavab verdi ki, onlar onun atasına və babasına necə müraciət edirdilərsə, mənə elə müraciət edib yazırlar; lakin necə yazdıqlarını izah etmədi. Onda Mərzban dedi: "Onlar sənə Usruşana dilində filan cür və filan söz yazmırdılarmı?" Afşin bunu inkar etmədi[27][28]. Onda Mərzban soruşdu: "Ərəb dilində bu belə demək deyildirmi – tanrılar allahına, onun bəndəsi filankəs oğlundan?" Afşin bunu da inkar etmədi1. Bu zaman vəzir Məhəmməd ibn Əbd ül-Malik sözə qarışdı və soruşdu: "Necə ola bilər müsəlmanlar onlara belə danışmağa icazə versinlər və sən (Afşin) o Firon kimi hərəkət etmisən ki, o öz xalqına demişdi: "Mən sizin ən böyük allahınızam!"[29] Afşin buna belə cavab verdi ki, öz xalqı onun babasına və atasına, islam dinini qəbul etməzdən əvvəl onun özünə də belə müraciət edirdilər, o da özünü xalqdan alçaq tutmaq istəmirdi ki, birdən xalq onun itaətindən çıxmasın. İshaq ibn İbrahim Afşinə dedi: "Necə sən bizə Allahın adına and içə bilərdin, biz də sənin andına inanırdıq. Halbuki sən fironluq iddiasındasan?" Afşin ona belə cavab verdi: "Əli ibn Hişam əleyhinə[30] Ucayfın dediklərini indi sən mənim əleyhimə deyirsən, Qorx ki, sabah eyni sözləri başqası sənin əleyhinə deyəcəkdir"[31][32].
Axırıncı olaraq Məzyər dindirildi. Hakimlər Afşindən soruşdular: "Sən onunla yazışırdınmı?" O, mənfi cavab verdi. Məzyər isə belə ifadə verdi: "Bəli! Onun qardaşı Xaş mənim qardaşım Kuhyara yazırdı: "Həqiqətdə bu Ağ dinə (məzdəkilik nəzərdə tutlur[33]) məndən, səndənbaşqa heç kəs kömək etmir. Babəkə gəldikdə, o öz axmaqlığı üzündən özünü həlak etdi. Mən ölümü ondan uzaqlaşdırmaq istəyirdim, lakin o öz axmaqlığından özündən başqa hər hansı bir rəhbərliyi qəbul etməkdən imtina etdi, buna görə də öz ölümünü qarşıladı. Lakin əgər sən üsyan qaldırsan [müsəlmanlar] sənə qarşı ancaq məni göndərəcəklər. Mənim atlılarım və cəsur igid məğriblilərdən[34] və türklərdən, bunların üçündən başqa heç kəs tapılmaz ki, bizimlə müharibə edə bilsin. Ərəblər it kimi həyat sürürlər, mən bu itə bir parça sümük ataram, sonra da başını toppuzla əzərəm. Onlar, yəni məğriblilər milçəkdirlər, onlar da baş yeyirlər (mətndə belə yazılmışdır) İblis balalarına (türklərə) gəldikdə isə az vaxt lazımdır ki, onların oxları qurtarsın, sonra atlılar onları mühasirəyə alar və hamısını qırar. Bundan sonra [darmadağından sonra] din iranlıların dövründə olduğu şəkildə bərpa olunacaqdır"[35][36][37][38].
İbn İsfəndiyarda biz, Məzyərin Abdullah ibn Tahirə verdiyi ifadənin başqa rəvayətinə rast gəlirik: "Bil ki, mən, Afşin Heydər ibn Kavus və Babək bir-birimizlə uzun müddət danışıq aparmış və bu nəticəyə gəlmişik ki, imperiyanı ərəblərdən alaq və Xosrovun dövründə olduğu şəkildə bərpa edib saxlayaq. Dünən filan yerdə Afşinin qasidi yanıma gəlib qulağıma bir söz dedi". "Bəs nə dedi?" – deyə Abdullah ibn Tahir soruşdu. "O, əməliyyat haqqında Afşinin məktubunu gətirdi ki, filan gün, filan saat, o, Mötəsimi, onun oğulları Harun əl-Vasiq ilə Cəfər əl-Mütəvəkkili öldürəcəkdir"[39]. Afşin dedi ki, burada Məzyərin öz qardaşı və mənim qardaşım haqqında dediklərinin ona dəxli yoxdur, əgər o, belə bir şey yazmış olsaydı, Məzyəri öz tərəfinə çəkmək, sonra onu hökumətə təslim etmək beləliklə də, xəlifənin daha çox etimadını qazanmaq məqsədilə edərdi.
Sonra ibn Əbu Duad Afşindən soruşdu ki, nə üçün o,özünə sünnət etdirməmişdir, halbuki islam bunu mütləq tələb edir. Afşin özünü təmizə çıxartmaq üçün dedi ki, burada onun fikrincə islam adamlarım var, əgər məni sənin üstünə göndərsələr, onda ərəblərdən, dininin hökmündən kənara çıxmaq halı yoxdur. O, sadəcə bədəninin bir hissəsi kəsilərsə, öləcəyindən qorxduğu üçün sünnət etdirməmişdir.
İstintaq qurtardı və Əbu Duad Buğa-əl-Kəbirə əmr etdi ki, Afşini həbs etsin. Lakin xəlifə Afşini dərhal edam etməkdə qorxurdu, çünki islama və Xilafətə xəyanət etməkdə məhkəmədə ona verilən ittihamların sübut olunduğuna baxmayaraq, Afşinin orduda böyük nüfuzu var idi, bundan əlavə, istər paytaxtda, istərsə Xilafətin ucqar yerlərində onun tərəfdarları çox idi. Afşin xəlifədən xahiş etdi ki, özünün etimad etdiyi bir şəxsi onun yanına həbsxanaya göndərsin; o ümid edirdi ki, bu şəxsin köməyilə xəlifənin qəzəbini azaltsın. Bu şəxs Həmdun ibn İsmayıl idi. Afşin ondan bunları xahiş etdi: "Əmir əl-Mömininə [mənim dilimdən] belə de: Sən mənə yaxşı baxırdın, sən mənə şan-şövkət verdin, lakin adamlar məni alçaldırdılar. Sonra mənim barəmdə deyilənlərlə sən razılaşdın, lakin sən bunları nə öz ağlınla, nə də öz dərrakənlə yoxlamadın, çünki özünə sual vermədin ki, bu necə belə ola bilərdi, bir öyrənmədin ki, mənim haqqımda sənə deyilənlər doğru ola bilərmi. Sənə dedilər ki, mən Mingicavr ilə qəsd düzəltmişəm üsyan qaldırım, sən də bu sözlərə inandın, sənə dedilər ki, Mingicavra qarşı göndərdiyim sərkərdəyə mən guya belə demişəm: "Onunla müharibə etmə, ancaq özünü elə göstər ki, müharibə üçün onun üstünə gedirsən və əgər sən bizlərdən biri ilə təmasda olsan, ondan uzaqlaş". Sən adamsan və bilirsən ki, müharibə, döyüşçülər və təlim görmüş qoşun nə deməkdir. Məgər ola bilərmi ki, ordu sərkərdəsi əsgərə desin onlar həmin [üsyan etmiş] adamları görəndə, bunu belə, onu elə etməlidirlər? Ordu başçısı vuruşmaya mane olarsa, buna heç bir döyüşçü dözməz. Lakin sən düşmənlərin sözü ilə buna inandın. Mən sənin yanında heç nəyəm – yalnız sənin kölələrinin arasında bir köləyəm, sənin vəzifəyə qoyduğun adamam, Lakin, ey Əmir əl-Möminin, mən elə adama bənzəyirəm ki, bir buzovu bəsləyib kökəltmiş və böyütmüşdür, onun vəziyyəti gözəlləşmişdir. Bu adamın da dostları həmin buzovun ətini yeməyə həsrət çəkir və ona təklif edirlər ki, buzovu bizim üçün kəs. Lakin bu adam razılaşmır. Sonra onlar bir gün bu adama dedilər: "Vay sənin halına! Sən nə səbəbə bu aslanı bəsləyirsən? Bu yırtıcı heyvandır və böyüyəcəkdir, aslan böyüyəndə isə, öz taylarının yanına qayıdacaqdır". Bu adam onlara belə cavab verdi: "Vay sizin halınıza! Bu, aslan deyil, buzovdur". Lakin onlar cavab verdilər: "Bu aslandır! Bu barədə kimdən istəyirsən soruş", onlar isə bu adamı tanıyanların hamısını qabaqcadan öyrətmişdilər ki, ona desinlər: bu – aslandır. Odur ki, bu adam camaatdan soruşmağa başlayanda, hər biri deyirdi: "Bu aslandır! Bu aslandır!" Bundan sonra həmin adam buzovu kəsdi. Budur, indi mən məhz həmin buzovam və necə ola bilər ki, mən dönüb aslan olum? Allah, ey Allah! Öz bədbəxtliyimdə mən sənə müraciət edirəm! Sən mənim haqqımda mərhəmətli olmusan, sən mənə şan-şöhrət vermisən, sən mənim ağam, mənim sahibimsən. Mən Allaha yalvarıram, sənin ürəyini mənə qarşı yumşaltsın[40]. Lakin bu müraciət xəlifənin ürəyini yumşaltmadı. Əksinə, xəlifə əmr etdi, Afşinin ərzaq payını azaldıb ona gündə təkcə çörək versinlər, buna görə Afşin çox keçmədən acından öldü[41].
Afşin 841-ci ilin may-iyun ayında öldükdən sonra onun cəsədi İtahın evinə köçürüldü, sonra çarmıxa çəkildi. Bundan sonra meyiti yandırıb, külünü Dəcləyə atdılar. Afşinin sarayında axtarış ediləndə "üzərində ağacdan yonulmuş insan surəti olan dua dəftərçəsi tapdılar; onun üstündə çoxlu bəzək və qiymətli cavahirat var idi, onun qulaqlarından qızıldan naxışı və iki ağ daşı olan sırğa asılmışdı, Adamlardan biri daşlardan birini götürdü; o güman edirdi ki, bu çox bahalı bir cəvahirdir. Bu əhvalat gecə vaxtı olmuşdu, səhər açılanda bu adam qızıl bəzəyi çıxartdı və gördü ki, bu daş xabarun [ilbiz] adlanan balıqqulağına oxşayır, Onun evindən çox qəribə heykəlciklər və digər şeylər götürüldü… Orada, onun özünün hazırladığı ağac sallar tapıldı… Evində başqa bir büt, kitabları arasında "Zarava" adlı kahinlər kitabı və çoxlu dini kitablar tapdılar; o, həmin kitablar əsasında öz Allahına sitayiş və ibadət edirdi"[42][43].
Abbasilər xilafətinin görkəmli şəxsiyyətlərindən biri olan Afşinin yüksəliş yolu belə başa çatdı. A.J.Yakubovski Afşinə verdiyi xasiyyətnamədə belə yazır: "O, zahirdə xəlifəyə inam və sədaqətlə qulluq edərək, Ərəb xilafətinə qarşı yönəldilən çox böyük xalq hərəkatını yatırırdı, xüsusilə Azərbaycanda Babək hərəkatını darmadağın etdi, gizlində isə Usruşanada üsyan hazırlayaraq, öz əcdadının taxtını özünə qaytarmaq niyyətində idi"[44]. Lakin, Afşin heç də Babəkin tez darmadağın edilməsini istəmirdi, bütün müharibə ərzində bir neçə dəfə onunla görüşmüşdü və bu görüşlərdə Xilafəti özü ilə Babək və Məzyər arasında bolüşdürməyi Babəklə razılaşdırmağa cəhd edirdi, bu şərtlə ki, xəlifə ordularını darmadağın etmək onlara müyəssər olsun. Lakin onlar razılaşa bilmədikdə, Afşin digər sərkərdələrin təzyiqi altında, Babəkə qarşı onsuz da çox uzanan müharibəni qurtarmağa məcbur oldu.
A.J.Krımskinin Afşinə verdiyi xasiyyətnamə maraqlıdır: "Məmunun mötəzili qardaşı Mötəsimin dövründə (833–842) iranlı Afşin (841-ci il də həlak olmuşdur) hamının qüdrətli istəklisi idi; o, zərdüştilərə qarşı dini düşmənçilik təzahüründə çox canfəşanlıq göstərən müsəlmanları cəzalandırmaqdan çəkinmirdi, özü müsəlmanlığı qəbul etmiş olsa da sünnətsiz qalmışdı. Sünnətsiz müsəlman isə – xaçaçuran edilməmiş xristiana bənzəyir; rasionalist – mötəzili olan o zamankı baş qazı bu barədə tam ciddiyyətlə demişdi: "Bütün islam sünnətdən ibarətdir!" Doğrudur, bu dözülməz sözləri qazı Afşinə ancaq o zaman demişdi ki, yüksək rütbəyə çatmış bu qüdrətli adam daha gözdən düşmüşdü və onun əleyhinə qurulan məhkəmə hər cür bəhanə axtarırdı ki, ona edam cəzası elan (841) etsin"[45].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ C.E. Bosworth. "Afshin". Encyclopedia Iranica. 2007-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-09-18.
During the reign of the caliph Mahdi (158-69/775-85) the Afshin of Oshrusana is mentioned among several Iranian and Turkish rulers of Transoxania and the Central Asian steppes who submitted nominally to him (Yaqubi, II, p. 479)
- ↑ Мусульманский мир 950-1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981.Birinci bölmə K.E. Bosfort Barbarların hücumları: Türklərin müsəlman aləmində zühuru səh. 22
- ↑ В.В.Бартольд. Несколько слов об арийской культуре в Средней Азии, стр. 9.
- ↑ əl-Bəlazuri, səh. 340-341
- ↑ ət-Təbəri, III, səh. 1066
- ↑ İbn əl-Əsir, VI, səh. 271.
- ↑ Ət-Təbəri, III, səh. 1107
- ↑ İbn əl-Əsir, səh. 296-297
- ↑ Ət-Təbəri, III, səh. 1171
- ↑ Ət-Təbəri, III, səh. 1256
- ↑ ət-Təbəri, III, səh. 1256-1267
- ↑ Ət-Təbəri, III, səh. 1303
- ↑ Ət-Təbəri, III, səh. 1303-1305
- ↑ İbn əl-İbri, səh. 242
- ↑ əl-Uyun, səh. 62- 63.
- ↑ Əl-Yəqubi, III, səh. 203
- ↑ ət-Təbəri, III, səh. 1307
- ↑ əl-Uyun, səh. 63-64
- ↑ Ət-Təbəri, III, səh. 1308-1309
- ↑ İbn əl-Əsir, VI, səh. 365.
- ↑ В.В.Бартольд. Туркестан, стр. 97
- ↑ Ət-Təbəri, III, səh.1308-1309
- ↑ E.Rayt, I, səh. 57
- ↑ Ət-Təbəri, III, səh. 1309.
- ↑ Ət-Təbəri, III, səh. 1310
- ↑ Ət-Təbəri, III, səh. 1310.
- ↑ Ət-Təbəri, III, səh. 1310-1311
- ↑ İbn əl-Əsir, VI, səh. 366
- ↑ Naziat, 79:24.
- ↑ ət-Təbəri, III, səh. 1105, 1107-1109
- ↑ Ət-Təbəri, III, səh, 1311
- ↑ Tha'alibi. Lataif. Leiden, 1867, p. 85-86
- ↑ E.Braun A Literary History of Persia, p. 334
- ↑ A.V.Kremer. The Orient under the Chaliphs, p. 341
- ↑ Ət-Təbəri, III, səh. 1321-1312
- ↑ əl-Məsudi. Muruc, VII, səh. 137-138
- ↑ İbn əlƏsir, VI, səh. 351-352, 358-359
- ↑ İbn Miskəveyh, VII, səh. 522.
- ↑ İbn İsfəndiyar, səh. 155
- ↑ Ət-Təbəri, III, səh. 1315-1316
- ↑ Əl-Bağdadi Kitab əl-Fərq, səh. 251
- ↑ Ət-Təbəri, III, səh. 1318
- ↑ İbn el-Əsir, VI, səh. 369.
- ↑ А.Ю.Якубовский. Итоги работ Согдийского-таджикской археологической экспедиции в 1946-1947 гг., стр. 26
- ↑ Е.Крымский. История Персии, ее литературы и дервишской теософии. М., 1914, стр. 159