İkonoskop
İkonoskop - elektron‐şüa borusu olub, elektron dəstəsinin və işığahəssas mozaikanın köməyi ilə işıq enerjisini video impulslara çevirən elektrovakuum cihazıdır. İkonoskop elektron televiziyasının yaradılması istiqamətindəki ixtiraların sonuncu həlqəsi idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk televizorlar 1930‐cu ildə yaradılmışdır. Yaradılan televizorun elektron‐şüa borusunu Konstantinov və Katayev birgə hazırlamışlar. İkonoskop adlandırılan elektron şüa borusu ABŞ‐da Vladimir Konstantinoviç Zvorikin tərəfindən ixtira edilmişdir. Ç.Cenkinsin ideyasının çox məhsuldar olmasına baxmayaraq, ciddi təkmilləşdirmələrə ehtiyac var idi. 1933‐cü ildə V.Zvorıkin radiomühəndislərin cəmiyyətinin Çikaqo şəhərində keçirilən qurultayında elan etdi ki, onun fəal televiziya borusu hazırlamaq sahəsində apardığı 10 illik işi uğurla nəticələnib və o, hazırladığı boruya ikonoskop adı verdi.
Zvorikin 1912‐ci ildə Peterburq İqtisad İnstitutunu, 1914‐cü ildə Parisdə De Frans kollecini bitirərək 1917‐ci ildə ABŞ‐a köçmüş, 1920‐ci ildə Vestinqaus elektrik firmasına işə düzəlmiş, 1929‐cu ildə isə Amerikanın Kamdem və Priston radioşirkətinin laboratoriyasına rəhbərlik etməyə başlamışdır. İlk ikonoskopu 1910‐cu ildə rus alimi Şmakov yaratmışdır və Timofeyev Zvorikinin işlərini təkmilləşdirərək 1933‐cü ildə əvvəlki ikonoskoplardan daha çox həssas olan superikonoskop hazırlamışdır. Bu superikonoskop zəif işıqlanmış görüntüləri də əks etdirmək qabiliyyətinə malik idi. Şmakov 1885‐ci ildə Rusiyada doğulmuş, 1912‐ci ildə Moskva Dövlət Universitetini (MDU) bitirmiş, 1924‐30‐cu illərdə Moskva Ali Texniki Peşə məktəbində (MATPM), 1930‐32‐ci illərdə Moskva Energetika İnstitutunda işləmişdir. Ondan bir qədər gənc olan Timofeyev isə, 1902‐ci ildə Rusiyada doğulmuş, 1925‐ci ildə MDU‐nu bitirmiş, 1925‐28‐ci illərdə MATPM‐da Şmakovla birgə işləmişdir. Timofeyev elmi işlərini həmçinin fotoeffektə, ikinci elektron emissiyasına, qazlarda boşalmalara və elektron optikasına həsr etmişdir. Bütün bunlardan başqa, o, elektron çoxaldıcılarının və elektron‐optik çeviricilərinin də müəllifidir.