[go: up one dir, main page]
More Web Proxy on the site http://driver.im/Məzmuna keç

Bibliya/Zəbur

Vikimənbə saytından
Əyyub Kitabı Bibliya. Zəbur

Süleymanın Məsəlləri


1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38
39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76
77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114
115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 Qeyd

«Zəbur» Müqəddəs Kitabın mədh və dualar toplusudur. Bu mədh və dualar uzun illərin məhsulu olub müxtəlif müəlliflər tərəfindən musiqi üstündə yazılmışdır. Hər fəsil ayrılıqda məzmur, yəni ruhani nəğmə adlanır. İsrail xalqı dini ibadətlərində məzmurlardan geniş istifadə edirdi.

Bu mədh və dualar poetik üslubda yazılmışdır. Onlar məzmunca müxtəlifdir: Allaha mədh ilahiləri, kömək, müdafiə, qurtuluş üçün dualar, bağışlanma yalvarışları, Allaha minnətdarlıq məzmurları, tövbə duaları və s. «Zəbur» Kitabında insan duyğuları bütün dolğunluğu ilə təsvir edilir. Kitabın ümumi ideyası budur ki, insan hansı vəziyyətə düşürsə-düşsün, Allah onunladır. Burada həyat həqiqəti və Allahın məhəbbəti sarsılmaz imanla bağlanır. Elə bir insan yoxdur ki, «Zəbur» Kitabını oxuyub orada öz duyğularının əksini tapmasın.

Bu kitab İsa Məsihə iman edənlərin cəmiyyətlərinin yaranmasından bəri istifadə etdikləri ruhani xəzinələrdən biridir.

Rus və bəzi tərcümələrdə məzmurların əksəriyyəti qədim yunan tərcüməsinə əsaslandığından sıra sayı fərqlidir. Əlinizdəki tərcümədə isə onların sıra sayı əsl ibrani mətnində, ingilis və başqa Avropa dillərində olan tərcümələrdə istifadə olunan sıra sayına uyğundur. İbrani mətni ilə qədim yunan tərcüməsində olan sıra sayının fərqi belədir:

İbrani mətni (qədim yunan tərcüməsi): 1-8(1-8), 9-10(9), 11-113(10-112), 114-115(113), 116(114-115), 117-146(116-145), 147(146-147), 148-150(148-150)

Kitabın məzmunu: «Zəbur» Kitabı ənənəvi olaraq 5 hissəyə bölünür:

  1. 1-41-ci məzmurlar
  2. 42-72-ci məzmurlar
  3. 73-89-cu məzmurlar
  4. 90-106-cı məzmurlar
  5. 107-150-ci məzmurlar

Birinci hissə

1-41-ci məzmurlar

Məzmur 1

1 Pislərin məsləhəti ilə getməyən,
Günahkarların yolunda dayanmayan,
Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!
2 O ancaq Rəbbin Qanunundan zövq alar,
Gecə-gündüz bu təlimatı dərin düşünər.
3[1] Axar sular kənarında əkilən ağac kimi
Barını mövsümündə verər,
Yarpağı solmaz,
Etdiyi hər işdə uğur qazanar.

4 Pis adamlarsa belə deyil,
Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.
5 Buna görə pis adamlar hökm günündə,
Günahkarlar salehlərin məclisində dayana bilməz.
6 Çünki Rəbb salehlərin yolunu qoruyur,
Pislərinsə yolu onları ölümə aparır.

Məzmur 2

1[2] Nə üçün millətlər belə vurnuxmaya düşür,
Ümmətlər boş şeylər düşünür?
2 Dünya şahları yığışır,
Hökmdarlar Rəbbə və
Onun məsh etdiyinə qarşı birləşir.
3 Deyirlər: «Gəlin onların buxovlarını qoparaq,
Üstümüzdəki zəncirlərini ataq».

4 Göylərin sakini gülür,
Xudavənd onlara istehza edir.
5 Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək,
Qəzəbi ilə onları dəhşətə gətirəcək.
6 O deyir: «Mən padşahımı
Müqəddəs dağım Sionda əyləşdirmişəm».

7[3] Rəbbin fərmanını elan edəcəyəm.
Rəbb mənə dedi:
«Sən Mənim oğlumsan,
Mən bu gün sənə Ata oldum.
8 Məndən istə, onda irs olaraq millətləri,
Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri
Sənə verərəm.
9[4] Onları dəmir əsa ilə qıracaqsan,
Saxsı qab kimi çilik-çilik edəcəksən».

10 İndi, ey şahlar, müdrik olun!
Ey dünya hakimləri, ibrət alın!
11 Rəbdən qorxub Ona xidmət edin,
Həm titrəyin, həm sevinin.
12 Oğulu öpün ki, qəzəblənməsin,
Yoxsa tutduğunuz yolda məhv olarsınız.
Çünki qəzəbi tezliklə alovlanar.
Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır!

Məzmur 3
Davudun məzmuru.[5] Oğlu Avşalomun qarşısından qaçanda.

1 Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb!
Əleyhimə qalxanlar nə qədər artıb!
2 Mənim üçün çoxları deyir:
«Allahdan ona xilas yoxdur». Sela[6]

3 Amma Sən, ya Rəbb, ətrafımda sipərsən,
Şərəfimsən, başımı ucaldan Sənsən!
4 Rəbbi ucadan səsləyirəm,
O, müqəddəs dağından mənə cavab verir. Sela

5 Mən yatıram, yuxuya gedirəm,
Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.
6 Hər yandan məni mühasirəyə alan
On minlərlə xalqdan qorxmuram.

7 Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar!
Çünki Sən bütün düşmənlərimin əngindən vurursan,
Pislərin dişlərini qırırsan.
8 Qurtuluş Rəbdəndir,
Qoy Sənin xeyir-duan xalqının üzərində olsun! Sela

Məzmur 4
Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru.

1 Səni çağıranda mənə cavab ver,
Ey adil Allahım!
Dara düşən zaman məni genişə çıxar,
Mənə lütf edib duama qulaq as!

2 Ey insan övladları, nə vaxtadək
Şərəfimi rüsvayçılığa çevirəcəksiniz?
Nə vaxtadək boş şeylərə meyl göstərib
Yalan axtaracaqsınız? Sela

3 Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb;
Nə vaxt Rəbbi çağırsam, məni eşidir.
4[7] Qorxub-titrəyin, günah etməyin,
Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin. Sela
5 Salehlik qurbanları kəsin,
Rəbbə güvənin.

6 Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?»
Ya Rəbb, üzünün nurunu üstümüzə sal.
7 Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çox
Mənim qəlbimə sevinc verdin.

8 Arxayın yatıb yuxuya gedirəm,
Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!

Məzmur 5
Musiqi rəhbəri üçün. Davudun nəfəs alətlərinin müşayiəti ilə oxunan məzmuru.

1 Ya Rəbb, sözlərimə qulaq as,
Ah-naləmə nəzər sal.
2 Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as,
Çünki Sənə dua edirəm.
3 Ya Rəbb, səhər erkən səsimi eşidirsən,
Səhər erkən Sənə dua edib cavab gözləyirəm.

4 Çünki Sən pislikdən xoşlanan Allah deyilsən,
Şər Sənin yanına gəlməz.
5 Təkəbbürlülər hüzurunda dayana bilməz,
Bütün şər iş görənlərə nifrət edirsən.
6 Yalan söyləyənləri məhv edirsən,
Ya Rəbb, qaniçənlərdən, hiyləgərlərdən ikrah edirsən.

7 Fəqət mən bol məhəbbətin naminə evinə gələcəyəm,
Üz tutub müqəddəs məbədinə qorxu ilə səcdə edəcəyəm.
8 Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt,
Düşmənlərimin üzündən Öz yolunu qarşımda düzəlt.
9[8] Onların dillərində düz söz yoxdur,
Ürəkləri pis niyyətlə doludur.
Boğazları açıq qəbirdir,
Dilləri yalan danışır.
10 Ey Allah, onları təqsirkar çıxar,
Qoy niyyətlərinə görə bu şər insanlar yıxılsın.
Onları saysız günahlarına görə qov,
Çünki Sənin əleyhinə qalxıblar.

11 Sənə pənah gətirənlərsə qoy sevinsin,
Qoy Səni daima mədh etsinlər,
Çünki onları Sən qoruyursan.
Səni sevənlər sevincdən cuşa gəlsin!
12 Ya Rəbb, salehə xeyir-dua verirsən,
Lütfünlə sipər kimi onları hifz edirsən.

Məzmur 6
Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru.

1[9] Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə,
Hiddətlənib məni tənbeh etmə.
2 Ya Rəbb, mənə rəhm et,
Çünki taqətim qalmayıb.
Mənə şəfa ver, ya Rəbb,
Sümüklərim sızlayır.
3 Canıma vəlvələ düşüb.
Ya Rəbb, bu nə vaxtadək olacaq?

4 Ya Rəbb, gəl, mənə kömək et,
Məhəbbətin naminə məni xilas et!
5 Səni ölüb-gedən insan xatırlamaz.
O necə ölülər diyarından Sənə şükür etsin?

6 Öz ah-naləmdən bezmişəm,
Hər gecə ağlamaqdan döşəyim islanır,
Göz yaşlarımdan yatağım yaş olur.
7 Qəmdən gözümün nuru sönüb,
Gözlərim düşmənləri görməkdən zəifləyib.

8[10] Siz ey şər iş görənlər, məndən uzaq durun!
Çünki Rəbb hönkürtümü eşitdi,
9 O, yalvarışımı dinlədi,
Rəbb duamı qəbul etdi!
10 Bütün düşmənlərim rüsvay olacaq,
Canlarına vəlvələ salınacaq,
Xəcalət içində bir andaca geri qayıdacaq.

Məzmur 7
Davudun Binyaminli Kuşa görə Allaha oxuduğu şiqqayon.

1 Ey Rəbb Allahım, Sənə sığınmışam,
Məni bütün təqibçilərimdən qurtar,
Məni xilas et.
2 Yoxsa aslan kimi məni parçalayarlar,
Xilas edən olmasa, məni didib-dağıdarlar.

3 Ya Rəbb Allahım, əgər günah etmişəmsə,
Əllərimdən haqsızlıq gəlibsə,
4 Əgər dostuma xəyanət etmişəmsə,
Düşmənimi nahaqdan qarət etmişəmsə,
5 Qoy məni düşmən qovub tutsun,
Bədənimi təpik altına salsın,
Şərəfimi yerə vursun. Sela
6 Qəzəblə qalx, ya Rəbb,
Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl!
Mənə görə oyan,
Hökmünü bəyan et!

7 Ümmətlər icması Sənin ətrafına yığılsın,
Sən onların başı üzərində ucal, hökmünü ver.
8 Rəbb xalqlar üzərində hakimlik edir;
Məni mühakimə et, ya Rəbb,
Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır!
9[11] Pislərin pisliyi sona yetsin,
Salehlərsə möhkəmlənsin!
Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.

10 Allah mənim sipərimdir,
Ürəyidüz olanları xilas edir.
11 Allah adil hakimdir,
Hər gün haqsızlığa görə hökm verir.
12 Pislər yolundan dönməzsə,
O, qılıncını itilər,
Ox-kamanını qurar,
13 Onlara qarşı ölüm silahları hazırlayar,
Yandırıcı oxları ilə nişan alar.

14[12] Pislər hiyləyə hamilə olar,
Şər üçün ağrı çəkər, yalan doğar.
15 Onlar başqasına quyu qazar, dərinləşdirər,
Qazdıqları quyuya özləri düşər.
16 Yamanlıqları öz üstlərinə dönər,
Zorakılıqları başlarına düşər.

17 Rəbbə ədalətinə görə şükür edəcəyəm,
Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm!

Məzmur 8
Musiqi rəhbəri üçün. Davudun «Gittit» üstə oxunan məzmuru.

1 Ey Xudavəndimiz Rəbb,
İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!
Ehtişamın göylərə qalxır!
2[13] Düşməni və qisasçını susdurmaq üçün
Körpələrin və çağaların səsi ilə
Yağılarına qarşı qala qurdun.

3 Əllərinin işi olan göyləri,
Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:
4[14] «İnsan kimdir ki, onun haqqında düşünürsən?
Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»

5 Onu Allahdan[15] bir az aşağı yaratdın,
İzzət və əzəmət tacını onun başına qoydun,
6[16] Əllərinin işləri üzərində onu hökmdar etdin.
Hər şeyi onun ayağının altına qoydun:
7 Bütün sürü və naxırları,
Çöldə yaşayan heyvanları,
8 Göydəki quşları, dənizdəki balıqları,
Dəryalarda üzənlərin hamısını.

9 Ey Xudavəndimiz Rəbb,
İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!

Məzmur 9
Musiqi rəhbəri üçün. Davudun «Mut-labben» üstə oxunan məzmuru.

1 Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm,
Bütün xariqələrini deyəcəyəm.
2 Sənə görə fərəhimdən sevinib cuşa gələcəyəm,
Ey Haqq-Taala, ismini tərənnüm edəcəyəm!

3 Düşmənlərim geri dönəndə
Sənin önündə səndələyərək yıxılıb məhv olurlar.
4 Çünki Sən haqqımı və mübarizəmi gördün,
Taxtında oturub ədalətlə hökm etdin.

5 Sən millətləri məzəmmət, pisləri yox etdin,
Adlarını əbədilik sildin.
6 Düşmənin sonu çatdı, o əbədi viran oldu,
Şəhərlərini təməlindən qopartdın, bir nişanə qalmadı.

7 Rəbb isə əbədi olaraq hökmranlıq edir,
O, taxtını hökm üçün qurub.
8 Dünyaya ədalətlə hökm edir,
Ümmətlərə insafla hakimlik edir.

9 Rəbb məzlumların pənahgahıdır,
Sıxıntı anlarında müdafiə qalasıdır.
10 İsmini tanıyanlar Sənə güvənir,
Çünki, ya Rəbb, Səni axtaranları tərk etməzsən!

11 Sionun sakini olan Rəbbi tərənnüm edin!
Xalqlar arasında Onun işlərini bəyan edin!
12 O, tökülən qanın qisasını alır, yadda saxlayır,
Məzlumların fəryadını unutmur.

13 Ya Rəbb, rəhm et!
Ey ölüm qapılarından məni qurtaran,
Mənə nifrət edənlərin üzündən çəkdiyim dərdə bax!
14 Sion qızının darvazalarında
Qoy Sənə edilən həmdlərimdən danışım,
Səndə xilas taparaq şadlanım!

15 Millətlər qazdıqları quyuya özləri düşüb,
Qurduqları tələyə öz ayaqları ilişib.
16 Rəbb Özünü göstərib hökmünü yeritdi,
Pislər öz əməlləri ilə tora düşdü. Hiqqayon,[17] Sela

17 Pis adamlar ölülər diyarına düşəcək,
Allahı unudan bütün millətlər də oraya gedəcək.
18 Çünki fəqir adam həmişəlik unudulmaz,
Məzlumun ümidi əbədi olaraq boşa çıxmaz.

19 Ya Rəbb, qalx, qoy insan qalib gəlməsin,
Sənin hüzurunda millətlər məhkum edilsin.
20 Ya Rəbb, qoy millətlər Səndən qorxsunlar,
Qoy onlar bilsinlər ki, yalnız insandırlar. Sela

Məzmur 10

1 Ya Rəbb, nə üçün uzaqda durmusan?
Mən dara düşəndə niyə gizlənirsən?
2 Pislər təkəbbürlə məzlumları təqib edir,
Öz qurduqları fəndlərə özləri düşür.

3 Pis insan könlünün istəkləri ilə fəxr edir,
Acgöz Rəbbə xor baxır, Ona küfr edir.
4 Təkəbbürlü, pis insan Allahı axtarmaz,
«Allah yoxdur» deyə düşünər.

5 Belə insan həmişə uğur qazanar,
Bütün düşmənlərinə xor baxar.
Sənin hökmlərinsə onun dərrakəsindən çox uzaqdır.
6 Ürəyində deyir: «Sarsılmaram,
Heç zaman fəlakətə düşmərəm».
7[18] Onun ağzı lənətlə, hiylə ilə, hədə ilə doludur,
Dilinin altında zülm və şər var.

8 Kəndlərdə pusqu yerlərini qurar,
Günahsızları xəlvətcə öldürər.
Biçarəyə göz qoyub gizlicə güdər,
9 Yuvasında oturmuş aslan kimi gizli yerdə pusqu qurar,
Məzlumu tutmaq üçün güdər,
Toruna salıb onu tutar.

10 Biçarələrin başından basıb qəddini qırar,
Onlar bu pis adamın əlindən yıxılar.
11 Pis adam belə düşünər:
«Allah məni yaddan çıxarıb,
Heç vaxt görməz, çünki mənə göz yumub».

12 Ya Rəbb, qalx, ey Allah, onlara əl qaldır!
Unutma məzlumları!
13 Niyə pis insan Allaha küfr etsin?
Niyə ürəyində «məndən əvəzini çıxmaz» desin?

14 Amma Sən bu əzab-əziyyətə baxırsan,
Məzluma kömək əlini uzadırsan.
Biçarə özünü Sənə tapşırar,
Yetimlərin imdadı Sənsən.

15 Şər iş görənin, pis insanın qol-qanadını qır,
Axıracan pisliklərini ifşa et.
16 Rəbb sonsuzadək, əbədi padşahdır!
Onun diyarından millətlər yox olacaq.

17 Ya Rəbb, məzlumların səsini eşidəcəksən,
Onları ürəkləndirib diqqət yetirəcəksən.
18 Yetimə, fəqirə ədalət göstərəcəksən;
Belə ki torpaqdan yaradılan insan
Bir daha təhlükə yaratmasın.

Məzmur 11
Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Rəbbə pənah gətirmişəm.
Könlümə necə deyə bilərsiniz ki,
Quş kimi dağlara uç?
2 Bax pislər ox-kaman qurublar,
Oxlarını yayın üstünə qoyublar,
Qaranlıqda dayanıblar,
Ürəyidüz olanları nişan alıblar.
3 Əgər hər şey təməlindən dağılarsa,
Salehlər nə edə bilər?

4 Rəbb Öz müqəddəs məbədindədir,
Onun taxtı göylərdədir.
Rəbbin görən gözləri var, gözünü açar,
Bəşər övladlarına diqqətlə baxar.
5 Rəbb saleh adamı sınaqdan keçirir,
Pisə, zülmkarasa nifrət edir.
6 Pislərin üstünə odlu köz, kükürd yağdırır,
Onların kasalarına düşən pay səmum yeli olacaq.
7 Çünki Rəbb adildir, ədaləti sevir,
Əməlisalehlər Onun üzünü görəcək.

Məzmur 12
Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru.

1 Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb,
Bəşər övladları arasında vəfalılar qurtarıb.
2 Hər kəs başqasına yalan söyləyir,
Ağzı yalan danışır, ikiüzlülük edir.

3 Qoy Rəbb yalan danışan hər ağzı yumsun,
Hər lovğa dili kəssin!
4 Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq.
Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər?

5 Rəbb deyir: «İndi qalxacağam,
Çünki fəqirlərə zülm edilir,
Məzlumlar nalə çəkir, qurtuluş istəyir.
Mən bunu onlara verəcəyəm».
6 Rəbbin kəlamları pakdır,
Kürədə əridilən, yeddi dəfə təmizlənən gümüş kimidir.

7 Sən, ya Rəbb, onları qoru,
Bu nəsildən onların hər birini əbədilik hifz et.
8 Bəşər övladları arasında namərdlik artarkən
Hər yanda pislər gəzər.

Məzmur 13

Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Ya Rəbb, nə vaxtadək,
Yoxsa əbədilikmi məni unudacaqsan?
Nə vaxtadək məndən üzünü gizlədəcəksən?
2 Nə vaxtadək qəlbim qəmli olacaq?
Könlümdə hər günmü qubar qalacaq?
Nə vaxtadək düşmənim üstün olacaq?

3 Bax mənə, cavab ver, ey Allahım Rəbb!
Gözümə nur ver ki, əcəl yuxusuna getməyim.
4 Qoy düşmənlərim «uddum onu» deməsinlər,
Mən sarsılarkən şənlənməsinlər.

5 Sənin məhəbbətinə güvənirəm,
Qurtuluşunla qəlbim şadlanacaq.
6 Rəbbə ilahi nəğməmi oxuyacağam,
Çünki mənə comərdlik etdi.

Məzmur 14 (Zəb. 53)
Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1[19] Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər.
İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş,
Yaxşı iş görən yoxdur.

2 Rəbb göylərdən bəşər övladına baxır.
Görəsən Allahı dərk edən, Onu axtaran varmı?
3 Hamı birgə pozulub, namus əldən gedib,
Bir nəfər də olsun yaxşı iş görən yoxdur.

4 Şər iş görənlərin hər biri məgər heç nə qanmır?
Xalqımı çörək yerinə yeyirlər, Rəbbi çağırmırlar.

5 Onlar böyük dəhşətə düşəcək,
Lakin Allah salehlərin nəslinə yar olacaq.
6 Onlar məzlumların niyyətini boşa çıxarır,
Amma Rəbb məzlumların pənahıdır.

7 Kaş İsrailin azadlığı Siondan gələydi!
Rəbb Öz xalqına bəxtəvər günlərini qaytaran zaman
Yaqub övladları şadlıq edəcək,
İsraillilər sevinəcək!

Məzmur 15
Davudun məzmuru.

1 Ya Rəbb, çadırında kim qalar?
Müqəddəs dağında kim məskən salar?

2 Kamillik yolu ilə gedən,
Əməlisaleh olan,
Ürəkdən həqiqəti söyləyən,
3 Dilinə böhtan gəlməyən,
Dostuna yamanlıq etməyən,
Qonşusunu təhqir etməyən,
4 Şərəfsizə xor baxan,
Rəbdən qorxanlarasa hörmət edən,
Zərərinə olsa belə, andından geri dönməyən,
5 Sələmlə pul verməyən,
Təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan.
Əsla sarsılmaz belə həyat sürən insan!

Məzmur 16
Davudun miktamı.

1 Ey Allah, məni hifz et,
Sənə pənah gətirmişəm.
2 Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən.
Səndən başqa mənim xoşbəxtliyim yoxdur.
3 Yer üzünün müqəddəsləri isə nəcib insanlardır,
Yalnız belələrindən zövq alıram.

4 Yad allahların ardınca qaçanların dərdi artacaq,
Onlar üçün qan təqdimləri vermərəm,
Adlarını dilimə gətirmərəm.

5 Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan,
Püşkümə düşən Səndən asılıdır.
6 Qismətimə gözəl yerlər düşdü,
Bəli, mənə nemət nəsib oldu.

7 Mənə nəsihət verən Rəbbə alqış edirəm,
Hətta gecələr də vicdanım mənə ağıl öyrədir.
8[20] Rəbbə əbədilik üz tutmuşam,
Sağımda olduğu üçün sarsılmaram.

9 Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur,
Cismim əmin-amanlıqda yaşayır.
10[21] Çünki məni ölülər diyarına atmazsan,
Mömin insanını qəbirə salmazsan.

11 Mənə həyat yolunu öyrədirsən,
Doyunca sevinc Sənin hüzurundadır,
Sağ əlində hər zaman səadət var».

Məzmur 17
Davudun duası.

1 Ya Rəbb, haqq sözümü dinlə, fəryadımı eşit,
Yalansız dilimdən çıxan duama qulaq as.
2 Gözlərinlə həqiqəti görürsən,
Mənə haqq qazandır.

3 Gecə ikən qəlbimi yoxlayıb-araşdırdın,
Məni sınaqdan keçirtdin,
Heç nə tapmadın.
Niyyətim budur ki, ağzım öz həddini aşmasın.
4 Sənin sözünə görə zalımların tutduğu yoldan,
Bu insanların əməlindən özümü qorumuşam.
5 Sənin yolundan möhkəm tutmuşam,
Sarsılmadan addımlamışam.

6 Səni çağırıram, ey Allah, mənə cavab verirsən,
Qulağını mənə tərəf çevir, sözlərimi dinlə.
7 Məhəbbətinlə Sənə sığınanlara xariqələrini göstər,
Sağ əlinlə onları düşmənlərdən qurtar.

8 Məni göz bəbəyin kimi qoru,
Qanadlarının kölgəsində saxla
9 Məni dara salan şər insanlardan,
Ətrafımı bürüyən, canıma düşmən olanlardan.

10 Onların ürəkləri qapalıdır, harınlayıblar,
Ağızlarından lovğa-lovğa sözlər çıxarırlar.
11 İndi izimə düşüb məni mühasirəyə aldılar,
Güdürlər ki, məni yerə vursunlar.
12 Onlar parçalamağa həris bir aslan kimidir,
Pusquda duran cavan bir şir kimidir.

13 Ya Rəbb, qalx,
Onların önündə dayan,
Onları yerlə yeksan et.
Qılıncınla bu pis insanlardan canımı qurtar.
14 Ya Rəbb, məni belə insanlardan,
Nəsibi bu həyatda olanlardan
Öz əlinlə xilas et!
Qarınlarını xəzinənlə doldurursan,
Onlar övladlarını doydurur,
Nəvə-nəticələrinə də miras qoyur.

15 Amma mən salehliklə üzünə baxacağam,
Oyananda Səni görməklə doyacağam.

Məzmur 18 (2Şam. 22:1-51)
Musiqi rəhbəri üçün. Rəbb Öz qulu Davudu bütün düşmənlərin və Şaulun əlindən qurtaranda Davudun Ona söylədiyi ilahi.

1 O belə oxudu:
Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm.
2 Rəbb qayam, qalam, xilaskarımdır,
Allahım qayamdır, Ona pənah gətirəcəyəm,
Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm.
3 Həmdə layiq Rəbbi çağıracağam,
Düşmənlərimin əlindən qurtulacağam.

4 Ətrafımı ölüm ipləri bürümüşdü,
Məni əcəl selləri ürkütmüşdü.
5 Ölülər diyarının ipləri mənə sarılmışdı,
Ölüm kəməndləri məni qarşılamışdı.
6 Əzab içində Rəbbə yalvardım,
Allahıma fəryad qopardım.
O, məbədindən səsimi eşitdi,
Fəryadımsa hüzuruna, Onun qulağına yetdi.

7 O zaman yer üzü sarsılıb titrədi,
Dağların təməlləri lərzəyə gəldi,
Onlar sarsıldı,
Çünki O qəzəbləndi.
8 Burnundan tüstü çıxıb yüksəldi,
Ağzından yandırıb-yaxan alov püskürdü,
Bundan közlər tutuşdu.
9 O, göyləri yarıb yerədək endi,
Qatı zülmət ayaqları altında idi.
10 Bir keruva minib uçdu,
Yel qanadları üstə şığıdı.
11 Gizlənmək üçün ətrafını zülmətə bürüdü,
Tufan qoparan qara buludlardan Özünə çardaq qurdu.
12 Hüzurundan şəfəq saçdı,
Odlu közlər və dolu buludları yardı.
13 Rəbb göylərdə gurladı,
Haqq-Taala səs saldı,
Odlu közlər və dolu yağdı.
14 Oxlarını atıb düşmənləri darmadağın etdi,
Şimşəyini çaxdırıb onları dağıtdı.
15 Ya Rəbb, Sənin məzəmmətindən,
Burnundakı nəfəsinin şiddətindən
Suların dərinlikləri göründü,
Dünyanın bünövrələri açıq qaldı.

16 O, ucalardan əl uzadıb məni tutdu,
Məni dərin suların içindən çıxartdı.
17 Məni qüvvətli düşmənimdən azad etdi,
Çünki yağılarım məndən güclü idi.
18 Fəlakətli günümdə qarşıma çıxdılar,
Lakin Rəbb mənə dayaq oldu.
19 O məni genişliyə çıxardı,
Məndən razı qalıb məni qurtardı.

20 Rəbb mənə salehliyim naminə ənam verdi,
Mənə əlitəmizliyimin əvəzini verdi.
21 Çünki Rəbbin yolunu tutmuşam,
Pis olub Allahımın yolundan azmamışam.
22 Onun bütün hökmləri önümdədir,
Qaydalarından imtina etməmişəm.
23 Onunla mən kamala çatmışam,
Özümü günahdan qorumuşam.
24 Rəbb mənə salehliyimin əvəzini verdi,
Gözünün önündə əlitəmiz olmağımın əvəzini verdi.

25 Sədaqətlilərlə sədaqətlisən,
Kamillərlə kamilsən.
26 Təmizlərlə təmizsən,
Əyrilərlə əyriliyinə görə davranırsan.
27 İtaətkar insanları qurtarırsan,
Təkəbbürlü baxışları alçaldırsan.
28 Ya Rəbb, Sən çırağıma işıq verirsən!
Allahım Rəbb zülmətimi nura çevirir.
29 Səninlə qoşun üstünə hücum çəkirəm,
Allahımla sədlər keçirəm.

30 Allahın yolu kamildir,
Rəbbin kəlamı safdır,
Rəbb Ona sığınanların sipəridir.
31 Rəbdən başqa Allah kimdir ki?
Allahımızdan başqa qaya kimdir ki?
32 Allah məni qüvvəsi ilə bürüyər,
Yolumu kamil edər.
33[22] Ayaqlarımı maral ayaqları kimi çevik edər,
Məni zirvələrimdə saxlar.
34 Əllərimə döyüş təlimi verər,
Qollarım tunc kamanın yayını dartar.

35 Sən mənə qurtuluş qalxanını verdin,
Mənə sağ əlinlə dayaq oldun,
Köməyinlə məni yüksəltdin.
36 Geniş yer açdın ki, addımlayım,
Ayaqlarım büdrəməsin.
37 Düşmənlərimi qovub onlara çatdım,
Onlar məhv olanadək geriyə qayıtmadım.
38 Onları əzdim, qalxa bilmədilər,
Ayaqlarımın altına sərildilər.
39 Döyüş üçün məni qüvvə ilə bürüdün,
Əleyhdarlarımı ayağımın altına saldın.
40 Düşmənlərimin kürəyini mənə sarı çevirdin,
Mənə nifrət edən yağıları məhv etdim.
41 Fəryad etsələr də, onları qurtaran olmadı,
Rəbbi çağırsalar da, cavab almadılar.
42 Onları əzib külək sovuran toz etdim,
Küçələrin palçığı kimi tapdaladım.

43 Sən məni xalqın çəkişmələrindən qurtardın,
Məni millətlərə başçı qoydun,
Tanımadığım xalqları mənə tabe etdirdin.
44 Yadellilər mənə boyun əydilər,
Səsimi eşidəndə mənə itaət etdilər.
45 Yadellilərin cəsarəti qırıldı,
Titrəyərək sığınacaqlarından çıxdılar.

46 Rəbb əbədi yaşayır! Qayama alqış olsun!
Məni qurtaran Allahım ucalsın!
47 O, Allahdır, mənə görə qisas alır,
Xalqları mənə tabe etdirir.
48 O məni düşmənlərimin arasından xilas edir,
Bəli, məni yağılar üstündə ucaldır,
Məni zalımların əlindən qurtarır.

49[23] Buna görə, ya Rəbb,
Millətlər arasında Sənə şükür edəcəyəm,
İsminə tərənnüm söyləyəcəyəm.
50 Rəbb padşahına böyük zəfərlər verər,
Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.

Məzmur 19
Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Göylər Allahın əzəmətini bəyan edir,
Göy qübbəsi əllərinin işini elan edir.
2 Hər gün ertəsi günə nəql edir,
Hər gecə o biri gecəyə bilik verir.
3 Onların nə nitqi, nə də sözləri var,
Onların səsləri eşidilmir.
4[24] Amma avazları bütün dünyaya yayılır,
Sözləri yerin ucqarlarına çatır.

Allah günəş üçün göylərdə çadır qurur,
5 Günəş gərdəyindən bəy kimi çıxır,
Qaçışa çıxan bir igid kimi şad olur.
6 Bir tərəfdən çıxır, göylərdə dövrə vurur,
Heç nə istisindən gizlənə bilmir.

7 Rəbbin qanunu kamildir, canı təzələyir,
Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir.
8 Rəbbin qayda-qanunları düzdür, ürəyi sevindirir,
Rəbbin əmrləri pakdır, gözləri aydın edir.
9 Rəbb qorxusu safdır, əbədi yaşayır,
Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir.
10 Onlar qızıldan, bol miqdarda olan saf qızıldan da çox sevilir,
Onlar baldan, şanı balından da şirindir.
11 Bəndən bunlardan nəsihət alar,
Onlara əməl edənin bol mükafatı var.

12 Kim öz səhvlərini duya bilər?
Məni gizli təqsirlərimdən təmizlə.
13 Qulunu aşkar günahlardan qoru,
Qoyma onların hökmü altında qalım.
Onda kamilliyə çataram,
Bütün itaətsizliklərdən ayrılaram.

14 Ağzımdan çıxan sözlər,
Qəlbimdəki düşüncələr
Hüzurunda qəbul olunsun.
Ya Rəbb, ey Qayam və Satınalanım!

Məzmur 20
Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Dar gündə Rəbb sənə cavab versin,
Yaqubun Allahının ismi səni hifz etsin!
2 Müqəddəs məskənindən köməyinə çatsın,
Siondan sənə dayaq olsun!
3 Bütün təqdimlərindən razı qalsın,
Yandırma qurbanların qəbul olunsun! Sela
4 O səni ürəyinin istəyinə çatdırsın,
Hər bir niyyətini yerinə yetirsin!
5 Biz sənin zəfərlərinə mədh oxuyarıq,
Allahımız naminə bayraqlarımızı qaldırarıq!
Rəbb səni hər bir diləyinə çatdırsın!

6 İndi bildim ki, Rəbb məsh etdiyinə zəfərlər verər,
Müqəddəs səmasından ona cavab göndərər,
Sağ əlinin qüdrəti onu qalib edər.
7 Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür,
Bizsə Allahımız Rəbbin adı ilə öyünürük.
8 Onlar büdrəyəcəklər, yıxılacaqlar,
Bizsə qalxıb dik duracağıq.
9 Ya Rəbb, Sən padşaha zəfər ver,
Səni çağırarkən bizə cavab ver.

Məzmur 21
Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Ya Rəbb, padşah qüdrətinlə sevinir,
Zəfərinlə fərəhlənir.
2 Onu ürəyinin arzusuna çatdırmısan,
Dilindən çıxan diləyini ondan əsirgəməmisən. Sela
3 Çünki onu yaxşı nemətlərlə qarşılamısan,
Saf qızıldan başına tac qoymusan.
4 Səndən həyat istəyəndə ona verdin,
Onun ömrünü əbədi olaraq uzatmısan.
5 Ona zəfər çaldıraraq şərəfini ucaltmısan,
Ehtişam və əzəmət bağışlamısan.
6 Əbədi olaraq başına nemətlər tökmüsən,
Hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən.
7 Çünki padşah Rəbbə güvənir,
Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır.

8 Əlin bütün düşmənlərini tapacaq,
Sağ əlin yağıları tutacaq.
9 Ya Rəbb, onlara görünən zaman
Sən onları soba tək yandıracaqsan,
Onları qəzəbinlə yeyib, alovunla udacaqsan.
10 Övladlarını yer üzündən,
Gələcək nəsillərini insanlar arasından yox edəcəksən.
11 Çünki pis niyyətlə əleyhinə çıxdılar,
Hiylə işlətdilər, amma gücləri çatmadı.
12 Çünki Sən onları geri qovacaqsan,
Yay çəkib oxla üzlərini nişan alacaqsan.

13 Ya Rəbb, qoy Sənin uca qüdrətini görək!
Əzəmətini ilahilərlə tərənnüm edək!

Məzmur 22
Musiqi rəhbəri üçün. Davudun «Ayyelet haşşaxar» üstə oxunan məzmuru.

1[25] Ey Allahım, Allahım, niyə məni tərk etdin?
Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən?
2 Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən,
Gecə rahatlığım yoxdur.

3 Nə qədər müqəddəssən!
İsrailin həmdləri üzərində taxt quran Sənsən!
4 Ata-babalarımız Sənə güvənmişdi,
Sənə güvənəndə onları xilas etdin.
5 Sənə yalvararkən qurtuldular,
Sənə güvənərkən rüsvay olmadılar.

6 Lakin mən torpaq qurduyam, insan deyiləm,
Adamların tənə hədəfiyəm,
Xalq mənə xor baxır.
7[26] Məni hər görən lağ edir,
Dodaq büzüb, başını yırğalayıb belə deyir:
8[27] «Qoy güvəndiyi Rəbb onu azad etsin,
Rəbb ondan razı qalıb, qoy onu xilas etsin».

9 Lakin bətndən dünyaya məni gətirən,
Ana qucağında ikən mənə əminlik verən Sənsən.
10 Doğulandan bəri Səndən asılıyam,
Ana bətnindən bəri Allahım Sənsən.
11 Məndən uzaq durma, çünki əzab yaxındır,
Köməyimə çatan yoxdur.

12 Nə qədər buğa məni dövrəyə salıb,
Güclü Başan buğaları yan-yörəmi bürüyüb.
13 Yırtıcı aslanlar kimi nərə çəkirlər,
Məni parçalamaq üçün ağızlarını açırlar.
14 Mən su kimi töküldüm,
Bütün sümüklərim oynaqlarından çıxdı,
Köksümdəki ürəyim mum kimi əridi.
15[28] Saxsı parçası kimi gücüm qurudu,
Dilim damağıma yapışdı,
Sən məni torpağa salıb ölüm verdin.
16 Şər insanlar dəstəsi məni dövrəyə aldı,
İt sürüsü kimi yan-yörəmi bürüdülər,
Ayaqlarımı, əllərimi deşdilər.
17 Sümüklərimi saya bilirəm,
Onlar baxırlar, gözlərini mənə zilləyirlər!
18[29] Aralarında paltarlarımı bölüşdürürlər,
Geyimim üçün püşk atırlar.

19 Ya Rəbb, uzaq durma,
Ey mənim Qüdrətlim, dadıma tez çat!
20 Həyatımı qılıncdan qurtar,
Canımı itlərin caynağından qurtar,
21 Məni aslanın ağzından xilas et!
Çöl öküzləri məni buynuzlayarkən mənə cavab ver.

22[30] İsmini qardaşlarıma elan edəcəyəm,
Camaat arasında Sənə həmd söyləyəcəyəm:
23 «Siz ey Rəbdən qorxanlar, Ona həmd edin,
Ey bütün Yaqub nəsli, Onu şərəfləndirin,
Siz ey İsrail nəsli, Ona ehtiram edin!
24 Çünki Rəbb bu məzlumun dərdinə xor baxmadı,
Ondan ikrah edərək üzünü gizlətmədi,
İmdada çağıranda səsinə cavab verdi».

25 Çoxlu camaat arasında həmd etdiyim Sənsən!
Səndən qorxanların önündə əhd etdiyim təqdimləri verəcəyəm.
26 Qoy məzlumlar doyunca yesin,
Rəbbi axtaranlar Ona həmd etsin!
Qoy canınız həmişə sağ olsun!

27 Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar
Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər.
Bütün millətlərin soyları
Onun hüzurunda səcdə qılacaq.
28 Çünki hökmranlıq Rəbbindir,
Millətlər üzərində səltənət sürən Odur!
29 Bütün dünya zənginləri yeyib-doyacaq,
Rəbbin hüzurunda səcdə qılacaq.
Torpağa düşənlərin hamısı –
Özlərini ölümdən saxlaya bilməyənlər
Onun hüzurunda diz çökəcəklər.
30 Gələcək nəsillər Ona qulluq edəcək,
Xudavənd haqqında övladlarına deyəcək;
31 Onun ədalətini, Onun əməllərini
Gələcəkdə doğulan xalqa bildirəcək.

Məzmur 23
Davudun məzmuru.

1 Rəbb mənim çobanımdır, möhtac olmaram.
2[31] O məni yaşıl çəmənlərdə dincəldir,
Sakit axan sular kənarında gəzdirir.
3 Məni yenə də canlandırır,
İsmi şərəfinə salehlik yolları ilə aparır.
4 Ölüm kölgəsinin dərəsində gəzsəm belə,
Şərdən qorxmaram, çünki Sən mənimləsən,
Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.

5 Düşmənlərimin qarşısında
Mənim üçün süfrə açırsan,
Başıma ətirli yağ çəkirsən,
Ağzınadək camımı doldurursan.
6 Bəli, bütün həyatım boyu
Yaxşılıq, məhəbbət məni izləyir.
Bütün ömrüm boyu
Rəbbin evində yaşayacağam!

Məzmur 24
Davudun məzmuru.

1[32] Rəbbindir yer üzü və orada mövcud olanlar,
Dünya və orada yaşayanlar.
2 O, yerin təməlini dənizlər üstündə qurdu,
Dünyanı sular üzərində yaratdı.

3 Rəbbin dağına kim çıxa bilər?
Müqəddəs məskəninə kim girə bilər?
4[33] – Əlləri pak, qəlbi təmiz,
Hiyləyə könül verməyən,
Yalandan and içməyən insan.
5 O, Rəbdən bərəkət alacaq,
Xilaskarı Allahdan salehlik alacaq.
6 Belə adam Rəbbi soraqlayar,
Yaqubun Allahının üzünü axtarar. Sela

7 Ey darvazalar, başlarınızı qaldırın,
Ey qədim qapılar, açılın,
Əzəmətli Padşah içəri daxil olsun!
8 Bu əzəmətli Padşah kimdir?
– Odur, güclü-qüdrətli Rəbb,
Döyüşdə qüvvətli Rəbb.
9 Ey darvazalar, başlarınızı qaldırın,
Ey qədim qapılar, açılın,
Əzəmətli Padşah içəri daxil olsun!
10 Bu əzəmətli Padşah kimdir?
– Ordular Rəbbi,
Odur əzəmətli Padşah! Sela

Məzmur 25
Davudun məzmuru.

1 Ya Rəbb, Sənə ürəyimi təqdim edirəm,
2 Ey Allahım, yalnız Sənə güvənirəm!
Məni xəcalətdə qoyma,
Qoy düşmənlərim mənə qalib gələrək sevinməsinlər.
3 Sənə ümid bağlayanlar heç zaman utanmasınlar,
Haqsız xəyanətkarlarsa rüsvay olsunlar.

4 Ya Rəbb, yollarını mənə göstər,
Öz yollarını mənə öyrət.
5 Məni haqq yolu ilə apar,
Həqiqətini mənə öyrət.
Məni qurtaran Allah Sənsən,
Daim Səni gözləyirəm.
6 Ya Rəbb, əzəldən bəri var olan
Mərhəmətini, məhəbbətini yada sal.
7 Gənclikdə günahkar, üsyankar oldum,
Bunları yadına salma.
Məni məhəbbətin naminə,
Ya Rəbb, xeyirxahlığına görə yada sal!

8 Rəbb xeyirxah və haqdır,
Ona görə günahkara düz yol göstərir,
9 İtaətkarları ədalət yolu ilə aparır,
Öz yolunu onlara öyrədir.
10 Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa,
Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.

11 Ya Rəbb, ismin naminə məni bağışla,
Təqsirim böyükdür.
12 Rəbdən qorxan kimdir?
Rəbb ona yol seçməyi öyrədir.
13 O bəxtəvər yaşayacaq,
Ölkə onun nəslinə irs olaraq qalacaq.
14 Rəbb Ondan qorxanlara sirrini açar,
Onlara Öz əhdini öyrədər.
15 Həmişə gözüm Rəbdədir,
Çünki O, ayaqlarımı tələdən xilas edir.

16 Üzünü mənə sarı çevir və lütfkar ol,
Çünki tənhayam, zülm içindəyəm.
17 Qəlbimdəki qubar artıb,
Məni dərdlərdən qurtar.
18 Əzab-əziyyətimə bax,
Bütün günahlarımı bağışla.

19 Düşmənlərimə bax, gör nə qədər çoxalıb,
Amansız nifrətlərinə hədəfəm.
20 Canımı qoru, məni qurtar,
Sənə pənah gətirdiyimə görə qoyma rüsvay olum!
21 Qoy kamalla düzlük məni hifz etsin,
Çünki Səni gözləyirəm.

22 Ey Allah, İsraili
Bütün çətinliklərindən qurtar.

Məzmur 26
Davudun məzmuru.

1 Məni haqlı çıxar, ya Rəbb,
Çünki mən kamalla gəzmişəm,
Sarsılmadan Rəbbimə güvənmişəm.
2 Ya Rəbb, məni sınaqdan keçir,
Sən məni imtahan et,
Qəlbimi, fikirlərimi saf et.
3 Məhəbbətin gözümün önündə durur,
Sənin sədaqətinlə gəzirəm.
4 Yalançı insanlarla oturmuram,
İkiüzlülərlə yoldaşlıq etmirəm,
5 Yaramazların məclisinə nifrət edirəm,
Pislərlə oturmuram.
6 Ya Rəbb, günahsızlıq içində əllərimi yuyuram,
Qurbangahının başına dolanıram,
7 Şükür səsimi ucaldıram,
Bütün xariqələrini bəyan edirəm.
8 Ya Rəbb, məskənin olan evi,
Calalının sakin olduğu yeri sevirəm.

9 Məni günahkarlara qatıb aparma,
Qatillərlə birgə canımı alma.
10 Onlar pis niyyəti əllərində tutublar,
Sağ əllərini rüşvətlə doldurublar.
11 Mənsə kamalla gəzirəm,
Məni qurtar, mənə lütf et!
12 Ayağım düzlük üstündə durur,
Cəmiyyətin içində Rəbbə alqış edəcəyəm.

Məzmur 27
Davudun məzmuru.

1 Rəbdir nurum, qurtuluşum!
Mən kimdən qorxum?
Rəbdir ömrümün qalası,
Mən kimdən vahimələnim?
2 Ətimi yemək üçün hücum edən şər adamlar –
Yağılarım, düşmənlərim büdrəyərək yıxılarlar.
3 Bir ordu qarşımda düzülsə belə, ürəyim qorxmaz,
Mənimlə döyüşsələr də, arxayınam.

4 Rəbdən bir arzum, bir istəyim var:
Bütün ömrüm boyu Rəbbin evində yaşayım,
Məbədində Rəbbin camalına baxım,
Ona pərəstiş edim.
5 Dar gündə məni çardağında gizlər,
Çadırının örtüyü ilə örtər,
Qaya başındakı yüksək yerə gətirər.
6 İndi ətrafımdakı düşmənlərimin üzərində
Qələbələr çalacağam,
Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm,
Onu ilahilərlə tərənnüm edəcəyəm.

7 Ya Rəbb, dinlə, Səni çağırıram,
Lütf edib mənə cavab ver.
8 Sən dedin: «Üzümü axtarın».
Ya Rəbb, mən Sənin üzünü axtarıram.
9 Üzünü məndən gizlətmə,
Qulunu qəzəblə qovma.
Mənə Sən kömək etmisən,
Məni atma, tərk etmə,
Ey məni qurtaran Allahım!
10 Ata-anam məni atsa belə,
Rəbb məni qəbul edər.
11 Ya Rəbb, yolunu mənə öyrət,
Düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et.
12 Məni düşmənlərin əlinə salma,
Çünki yalançı şahidlər, zorakılar əleyhimə qalxdılar.
13 Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm,
Buna şübhəm yoxdur.
14 Rəbbə ümid bağla!
Möhkəm və cəsarətli ol!
Rəbbə ümid bağla!

Məzmur 28
Davudun məzmuru.

1 Ya Rəbb, Səni səsləyirəm,
Ey Qayam, qulağını tıxama.
Əgər cavab verməsən,
Qəbirə düşənlərə bənzəyərəm.
2 Səni yardıma çağırarkən,
Məbədinin ən müqəddəs yerinə tərəf əllərimi qaldırarkən,
Yalvarış səsimi eşit.

3 Pislərlə, şər iş görənlərlə birgə
Məni dartıb aparma.
Onlar qonşuları ilə dost kimi danışır,
Lakin qəlblərində şər dolaşır.
4[34] Əməllərinə, pis işlərinə görə
Onların əvəzini ver,
Əllərindən gələn bu işlər nəyə layiqdirsə,
Onlar üçün ödə.
5 Rəbbin əməllərinə əhəmiyyət vermədiklərinə görə,
Onun əllərinin əməllərinə fikir vermədiklərinə görə
Rəbb onları yerə vuracaq,
Bir daha qaldırmayacaq.

6 Alqış olsun Rəbbə,
Yalvarış səsimi eşitdi!
7 Rəbb qalam, sipərimdir!
Qəlbim Ona güvənəndə köməyimə çatır.
Sevincdən qəlbim cuşa gəlir,
İlahilərimlə Ona şükür edirəm.
8 Rəbb Öz xalqının gücüdür,
Məsh etdiyi insanın nicat qalasıdır.
9 Öz xalqını qurtar,
Seçdiklərinə xeyir-dua ver.
Öz sürünü otar,
Xalqının əbədilik qayğısına qal!

Məzmur 29
Davudun məzmuru.

1[35] Ey ilahi varlıqlar, Rəbbə verin –
İzzəti, qüdrəti Rəbbə verin!
2 Adına layiq olan izzəti Rəbbə verin,
Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin!

3 Rəbbin səsi suların üzərindədir,
Ehtişam Allahı gurlayar,
Rəbb ümman suların üzərindədir.
4 Rəbbin səsi qüdrətlidir,
Rəbbin səsi əzəmətlidir,
5 Rəbbin səsi sidr ağaclarını sındırar,
Rəbb Livan sidrlərini qırar.
6 Livan dağlarını dana kimi,
Siryon dağını çöl buğası kimi tullandırar.
7 Rəbbin səsi şimşəkləri çaxdırar,
8 Rəbbin səsi çölləri lərzəyə salar,
Rəbb Qadeş çölünü lərzəyə salar.
9 Rəbbin səsi maralları doğuzdurar,[36]
Rəbbin səsi meşələri çılpaq qoyar.
Məbədində hamı deyər:
«Ehtişamlısan!»

10 Rəbb daşan sular üstündəki taxtında oturub,
O, əbədi Padşahdır, taxtında oturub.
11 Rəbb Öz xalqına qüvvət verir,
O, xalqına firavanlıq və bərəkət verir.

Məzmur 30
Davudun məzmuru. Məbədin təqdisinə aid ilahi.

1 Ya Rəbb, Səni ucaldıram,
Çünki Sən məni qurtardın,
Düşməni mənə görə sevinməyə qoymadın.
2 Ya Rəbb Allahım,
Səni imdada çağırarkən
Mənə şəfa verdin.
3 Ya Rəbb, canımı
Ölülər diyarından azad etdin,
Qəbirə düşməyim deyə
Sən mənə həyat verdin.

4 Ey Rəbbin möminləri,
Onu tərənnüm edin,
Müqəddəsliyini yada salın,
Ona şükürlər edin.
5 Çünki qəzəbi bir anlıq olur,
Lütfü isə ömür boyu qalır.
Kimin bir gecə gözündən yaş tökülərsə,
Onun üçün sübh tezdən sevinc doğar.

6 Dinclik tapanda dedim:
«Əsla sarsılmaram».
7 Ya Rəbb, lütfünlə məni
Bir dağ kimi möhkəm etdin.
Sonra məndən üz gizlətdin,
Canıma vəlvələ düşdü.

8 Ya Rəbb, Səni çağırdım,
Xudavəndə belə yalvardım:
9 «Qanımı töküb qəbirə düşsəm,
Sənə fayda verərmi?
Torpaq Sənə şükür edə bilərmi,
Sədaqətini elan edə bilərmi?
10 Ya Rəbb, dinlə, mənə lütf et,
Ya Rəbb, köməyimə çat».

11 Yasımı şənliyə çevirdin,
Çulumu çıxarıb məni sevincə bürüdün.
12 Ona görə susmayacağam,
Səni ucadan tərənnüm edəcəyəm.
Ya Rəbb Allahım,
Sənə daim şükür edəcəyəm!

Məzmur 31
Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Ya Rəbb, Sənə pənah gətirirəm!
Heç vaxt məni xəcalətdə qoyma,
Ədalətinlə məni xilas et!
2 Qulağını mənə tərəf çevir,
Məni tez azad et!
Bir qaya ol, qoy sığınım,
Möhkəm bir qala ol, qoy qurtulum.
3 Çünki qayam da Sən, qalam da Sənsən!
Öz ismin naminə mənə yol göstərib rəhbərlik et.
4 Məni qarşımda qurulan gizli tordan hifz et,
Çünki Sən mənim sığınacağımsan!
5[37] Ruhumu Sənin əlinə verirəm,
Ya Rəbb, sadiq Allah, Sən məni azad et.

6 Boş şey olan bütlərə pərəstiş edənlərə nifrət edirəm,
Mən Rəbbə güvənirəm.
7 Mən Sənin məhəbbətində
Şad olub sevinəcəyəm,
Çünki məzlum halımı görmüsən,
Çəkdiyim əzabı bilmisən.
8 Məni düşmənə təslim etmədin,
Genişlikdə gəzdirdin.

9 Ya Rəbb, mənə rəhm et,
Çünki əzabdayam,
Kədərdən gözüm, qəlbim, bədənim quruyub.
10 Ömrüm qüssə ilə,
İllərim ah-nalə ilə keçir.
Təqsirimə görə taqətim qalmayıb,
Sümüklərim quruyub.
11 Bütün düşmənlərim mənə tənə edir,
Qonşularımsa onlardan daha betərdir,
Tanışlarım məni görərkən dəhşətə düşür,
Məni küçələrdə görənlər məndən qaçır.
12 Ölü bir adam kimi unudulmuşam,
Çilik-çilik qırılan bir qaba oxşayıram.
13[38] Çox adamların pıçıltısını eşidirəm,
Hər tərəfimi dəhşət alıb,
Hamı əleyhimə əlbir olub,
Canımı almaq üçün qəsd qurub.

14 Ya Rəbb, yalnız Sənə güvənirəm,
Dedim: «Allahımsan Sən».
15 Mənim hər anım Sənin əlindədir,
Düşmənlərimin, təqibçilərimin əlindən
Məni azad et.
16 Bəndənin üstünə üzünün nurunu sal,
Məhəbbətinlə məni qurtar.
17 Ya Rəbb, məni xəcalətdə qoyma,
Çünki Səni çağırıram.
Qoy pislər utansın,
Qoy ölülər diyarında səsləri batsın.
18 Təkəbbürlə, həqarətlə yalan danışan,
Salehlərə böhtan atan dillər lal olsun!

19 Xeyirxahlığın nə qədər böyükdür!
Bunu Səndən qorxanlar üçün saxladın.
Bütün bəşər övladları qarşısında
Sənə pənah gətirənlərə xeyirxahlıq etdin.
20 Onları insanların qəsdlərindən
Hüzurunda sığındırırsan,
Böhtançı dillərə qarşı çardağında gizlədirsən.

21 Qoy Rəbbə alqış olsun!
Çünki mühasirəyə düşən şəhərdə
Məhəbbətini xariqələrlə mənə göstərdi!
22 Mən təlaşa düşüb demişdim:
«Sənin gözlərinin önündən kənara atıldım».
Lakin Səni imdada çağıranda
Yalvarış səsimi eşitdin.

23 Rəbbi sevin, siz ey bütün möminlər!
Rəbb həmişə Ona sadiq qalanı qoruyur,
Təkəbbürlü insana isə layiq olduğunu verir.
24 Ey Rəbbə ümid bağlayan bütün insanlar,
Möhkəm olun, qoy ürəyiniz cəsarətli olsun!

Məzmur 32
Davudun maskili.[39]

1[40] Üsyankarlığı bağışlanan,
Günahı əfv olunan insan
Nə bəxtiyardır!
2 Rəbb tərəfindən təqsirkar sayılmayan,
Qəlbində hiylə olmayan insan
Nə bəxtiyardır!

3 Etiraf etməyəndə
Bütün gün nalə çəkməkdən
Sümüklərim taqətdən düşdü.
4 Əlin üzərimdə gecə-gündüz ağırlaşdı,
Sanki yayın quraqlığı məni taqətdən saldı. Sela
5[41] Sonra Sənə günahımı etiraf etdim,
Təqsirlərimi gizlətmədim.
Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm».
Təqsirimi, günahımı bağışladın. Sela

6 Buna görə hər bir mömin
Səni tapan zaman Sənə dua etsin.
Azğın sellər daşsa da,
Möminə toxunmaz.
7 Sığınacaq yerim Sənsən,
Məni dardan hifz edirsən.
Zəfər harayı ilə
Ətrafımda dövr edirsən. Sela

8 Dedin: «Sənə təlim verəcəyəm,
Gedəcəyin yolu öyrədəcəyəm.
Nəsihət verəcəyəm,
Gözüm sənin üstündə olacaq.
9 At yaxud qatır kimi
Şüursuz olmayın.
Cilov, yüyən vurulmasa,
Onlar idarə edilə bilməz».
10 Pislərin başına çox bəla gələr,
Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər.
11 Ey salehlər, fərəhlənin,
Rəbbə görə sevinin!
Ey ürəyidüz olanlar,
Onu mədh edin!

Məzmur 33

1 Ey salehlər, Rəbbi mədh edin,
Ürəyidüz olanlara həmd söyləmək yaraşır.
2 Lira çalın, Rəbbə şükür edin,
On telli çənglə Onu tərənnüm edin,
3[42] Ona yeni bir nəğmə oxuyun,
Sevinc nidaları ilə çalın.
4 Çünki Rəbbin sözü haqdır,
Hər işini sədaqətlə aparır.
5 Rəbb salehliyi və ədaləti sevir,
Yer üzü Onun məhəbbəti ilə dolur.

6 Göylər Rəbbin sözü ilə,
Səma cisimləri Onun hökmü ilə yarandı.
7 Dənizin sularını bir yerə yığdı,
Dərin suları anbarlarda saxladı.
8 Qoy bütün dünya Rəbdən qorxsun,
Bütün yer üzünün əhalisi Onu şərəfləndirsin.
9 Çünki nə söylədi, mövcud oldu,
Nə əmr etdi, quruldu.
10 Rəbb millətlərin məsləhətini puç edər,
Xalqların məqsədini heç edər.
11 Lakin Rəbbin məsləhəti əbədi olar,
Ürəyinin məqsədi nəsillər ötsə də, qalar.

12 Nə bəxtiyardır o millət ki Allahı Rəbdir,
O xalq ki Rəbb onu irs olaraq seçmişdir.
13 Rəbb göylərdən baxır,
Bütün bəşər övladlarını görür,
14 Taxtında oturduğu yerdən
Bütün dünya əhalisini görür.
15 Odur hər bir insanın ürəyini yaradan,
Əməllərini anlayan.

16 Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz,
Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz.
17 Qələbə üçün at boş şeydir,
Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz.
18 Rəbbin gözü Ondan qorxanlara,
Onun məhəbbətinə ümid bağlayanlara baxar.
19 İstəyir ki, onları ölümdən qurtarsın,
Qıtlıqda belə, onlar sağ qalsın.

20 Könlümüz Rəbbin yolunu gözlər,
Odur köməyimiz və sipərimiz.
21 Bizim qəlbimiz Onda sevinc tapır,
Müqəddəs isminə arxalanmışıq.
22 Ya Rəbb, ümidimizi Sənə bağlamışıq,
Məhəbbətin üzərimizdən tükənməsin.

Məzmur 34
Davudun məzmuru. [43]O, Avimelekin önündə özünü dəli kimi göstərib qovulanda.

1 Hər zaman Rəbbə alqış edəcəyəm,
Ona daim mənim dilim həmd edəcək.
2 Rəblə könlüm fəxr edir,
Ey məzlumlar, eşidib sevinin!
3 Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq,
Rəbbin ismini birgə ucaldaq.

4 Rəbbə üz tutdum, O mənə cavab verdi,
O hər bir dəhşətdən məni xilas etdi.
5 Rəbbə baxan nur saçar,
Üzü qızarmaz.
6 Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi,
Bütün əzablarımdan məni xilas etdi.
7 Rəbdən qorxanları Onun mələyi müdafiə edər,
Onlara zəfər verər.

8[44] Dadın, görün Rəbb nə qədər şirindir,
Nə bəxtiyardır Ona pənah gətirənlər!
9 Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun,
Ondan qorxan heç nəyə möhtac qalmaz.
10 Gənc aslanlar ac-yalavac qaldılar,
Lakin Rəbbi axtaranlar
Heç bir yaxşı şeydən korluq çəkməzlər.

11 Gəlin, ey övladlar, məni dinləyin,
Rəbb qorxusunu sizə öyrədim:
12[45] Kim həyatdan kam almaq istəyirsə,
Uzun ömür sürüb xoş gün görmək istəyirsə,
13 Qoy dilini şərdən,
Ağzını fırıldaq üçün işlətməkdən qorusun,
14 Qoy şərdən çəkinib yaxşılıq etsin,
Sülhü axtarıb ardınca getsin!

15 Rəbbin gözü salehlərin üzərindədir,
Qulaqları onların fəryadlarına açıqdır.
16 Rəbbin üzü şər iş görənlərə qarşıdır,
Yer üzündə onlardan nişanə qoymayacaq.
17 Salehlər fəryad çəkəndə Rəbb eşidir,
Onları bütün əzablarından azad edir.
18 Rəbb qəlbisınıqlara yaxındır,
O, ruhən əzilmişləri qurtarır.
19 Salehlər çox bəlaya düçar olar,
Lakin Rəbb onları hər birindən qurtarır.
20[46] Rəbb onların hər bir sümüyünü qoruyur,
Heç biri zədələnməz.
21 Pislər öz şəri ilə məhv olacaq,
Salehə nifrət edən məhkum olacaq.
22 Rəbb qullarının canını azad edir,
Rəbbə pənah gətirən məhkum olmur.

Məzmur 35
Davudun məzmuru.

1 Ya Rəbb, mənimlə çəkişənlərlə Sən çəkiş.
Mənimlə döyüşənlərlə Sən döyüş.
2 Qalxan və sipərini əlinə al,
Qalx, mənim imdadıma çat.
3 Nizəni tutub ardımca düşənlərin yolunu kəs,
Qəlbimə söylə: «Səni qurtaran Mənəm».

4 Canımın qəsdinə duranlar
Qoy utanıb rüsvay olsunlar,
Mənə qarşı pis niyyəti olanlar
Geri qovulub biabır olsunlar.
5 Saman çöpü tək olsunlar, onları yel sovursun,
Rəbbin mələyi onları silib atsın.
6 Qoy yolları zülmət, sürüşkən olsun,
Qoy Rəbbin mələyi onları qovsun.
7 Çünki nahaq yerə mənə tələ qurdular,
Nahaqdan canım üçün quyu qazdılar.
8 Qoy başlarına qəfil fəlakət gəlsin,
Qurduqları tələyə özləri düşsün,
Hazırladıqları bəlaya düçar olsunlar.

9 Onda canım Rəblə şad olacaq,
Məni qurtardığı üçün qəlbim fərəh tapacaq.
10 Bütün varlığımla belə deyəcəyəm:
«Ya Rəbb, Sənin kimisi varmı?
Məzlumu ondan güclünün əlindən,
Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən».

11 Amansız şahidlər qalxırlar,
Yalandan üzümə dururlar.
12 Yaxşılığımın əvəzində onlardan yamanlıq görürəm,
Əzizi ölən bir adama bənzəyirəm.
13 Vaxtı ilə onlar xəstələnərkən
Çul geyib, oruc tutub canıma zülm edirdim,
Başımı aşağı salıb dua edirdim.[47]
14 Onları özümə dost və qardaş bilirdim.
Anası üçün yas tutan adam tək
Bükülüb hüznlə gəzirdim.
15 Lakin mən büdrəyərkən
Bir yerə toplaşıb sevindilər.
Tanımadığım əclaflar mənə qarşı toplaşdılar.
Dayanmadan məni didirdilər,
16 Şikəstləri təhqir edən allahsızlar kimi
Mənə dişlərini qıcayırdılar.

17 Ey Xudavənd, nə vaxta qədər buna baxacaqsan?
Canımı məhv edilməkdən,
Həyatımı bu gənc aslanlardan qurtar.
18 Çoxlu camaat arasında Sənə şükür edəcəyəm,
Çoxsaylı xalq arasında Sənə həmd edəcəyəm.

19[48] Qoyma haqsız düşmənlərim mənə görə sevinsin,
Mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun.
20 Çünki onlar sülh üçün danışmırlar,
Sözləri ilə ölkənin dinc sakinlərinə fənd qururlar.
21 Ağızlarını üstümə iri açıb belə deyirlər:
«Aha! Aha! Bax, öz gözümüzlə gördük».

22 Ya Rəbb, bunu gördün, indi susma,
Ey Xudavənd, məndən uzaq durma.
23 Ey Xudavənd Allahım, oyan, qalx,
Bu mübarizəmdən qoy mən haqlı çıxım.
24 Ədalətinə görə mənə bəraət qazandır,
Ya Rəbb Allahım, qoyma mənə görə sevinsinlər.
25 Qoyma düşünsünlər: «Aha! Muradımıza çatmışıq!»
Qoyma söyləsinlər: «Onun başını yemişik!»
26 Pis günümə şadlananlar
Qoy utanıb biabır olsunlar,
Qarşımda qürrələnənlər
Xəcalətə, rüsvayçılığa bürünsünlər.
27 Mənim haqlı çıxmağımı istəyənlər
Sevinib Səni mədh etsinlər.
Daim belə söyləsinlər:
«Öz qulunun əmin-amanlığını istəyən Rəbb ucalsın!»
28 Dilim Sənin salehliyindən deyəcək,
Daim Sənə həmd edəcəyəm!

Məzmur 36
Musiqi rəhbəri üçün. Rəbbin qulu Davudun məzmuru.

1[49] Şər pis insanın ürəyinə pıçıldayır,
Onun gözündə Allah qorxusu yoxdur.
2 Öz gözündə özünü yüksək tutur,
Nə təqsirini görür, nə də ona nifrət edir.
3 Dilindən fitnə-fəsad düşmür,
Müdrik, xeyirxah əməllərdən əl çəkib.
4 Yatağında fitnələr barədə fikirləşir,
Pis yolda dayanır, şər işlərdən ikrah etmir.

5 Ya Rəbb, məhəbbətin göylərdədir,
Sədaqətin asimanı bürüyür.
6 Dağlar kimi salehliyin uludur,
Dərya kimi ədalətin dərindir.
Ya Rəbb, həm insanı, həm heyvanı qoruyursan.

7 Ey Allah, məhəbbətin nə qədər qiymətlidir!
Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır.
8 Evinin bolluğu ilə onları doydurursan,
Sənin xoşhal edən axar çayından onları içirirsən.
9 Çünki həyat mənbəyi Səndədir,
Biz Sənin nurunla görə bilirik.

10 Səni tanıyanlara məhəbbətini,
Ürəyidüz olanlara salehliyini daima göstər.
11 Qoy təkəbbürlülərin təpiyi altında qalmayım,
Pis adamların əli ilə qovulmayım.
12 Gördüm ki, şər iş görənlər yıxılıblar,
Onlar yerə sərilib, daha qalxa bilməzlər.

Məzmur 37
Davudun məzmuru.

1 Pislik edənlərə görə narahat olma,
Fitnəkarlıq edənlərə qibtə etmə.
2 Tezliklə onlar ot kimi quruyacaq,
Yaşıl çəmən kimi tez solacaq.

3 Rəbbə güvən, yaxşılıq et,
Bu diyarda arxayın ömür sür.
4 Rəbdən zövq al,
O da səni ürəyinin istəklərinə çatdıracaq.

5 Yolunu Rəbbə ver,
Ona güvən,
O edəcək.
6 Rəbb sənin salehliyini nur kimi aydınlaşdıracaq,
Həqiqətini gündüz günəşi tək çıxaracaq.

7 Rəbbin hüzurunda sükut et,
Onu səbirlə gözlə.
Yolunda uğur qazanan
Hiyləgər insan üçün narahat olma.

8 Qəzəbi at, hiddətdən çəkin,
Narahat olma, bunlar insanı şərə salar.
9 Çünki şər adamlar kəsilib atılacaq,
Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq.

10 Bir az gözlə, pis yox olacaq,
Yerini axtarsan belə, tapılmayacaq.
11[50] Həlimlər yer üzünü mülk olaraq alacaq,
Əmin-amanlığın bolluğundan zövq tapacaq.

12 Şər adam salehin qəsdinə durur,
Ona qarşı dişlərini qıcayır.
13 Amma Xudavənd şər adama gülür,
Onun dövranının az olmasını bilir.

14 Məzlumu, fəqiri yerə vurmaq üçün,
Düz yolda olanı boğazlamaq üçün
Pislər qılınc çəkər, ox-kamanını qurar.
15 Lakin onların qılıncları öz ürəklərinə saplanacaq,
Ox-kamanları parça-parça olacaq.

16 Salehin az malı
Pislərin bütün sərvətlərindən yaxşıdır.
17 Çünki pislərin qol-qanadı qırılacaq,
Rəbb isə salehlərin dayağıdır.

18 Rəbbə kamillərin gündəlik qayğıları məlumdur,
Onların irsi əbədi qalacaq.
19 Dar gündə utanmayacaqlar,
Qıtlıqda tox yaşayacaqlar.

20 Lakin pislər həlak olacaq,
Rəbbin düşmənləri çəmənin təravəti kimi solacaq,
Tüstü kimi çəkilərək yox olacaq.

21 Pis adam borc alır, qaytarmır,
Salehlər səxavətlə paylayır.
22 Rəbdən bərəkət alan ölkəni mülk olaraq alacaq,
Lənət etdiyi kəslər kəsilib atılacaq.

23 Rəbb insana gedəcəyi yolu göstərir,
Kimdən razı qalırsa, onu möhkəmləndirir.
24 Bu insan büdrəsə də, yıxılmaz,
Çünki Rəbb onun əlindən tutar.

25 Gəncliyimdən qocalığımadək
Salehin tərk edildiyini,
Nəslinin çörək üçün diləndiyini görməmişəm.
26 O hər zaman səxavətlə borc verər,
Övladlarına xeyir-dua gələr.

27 Şərdən çəkinib yaxşılıq et ki,
Ölkədə əbədi məskən sala biləsən.
28 Çünki Rəbb ədaləti sevir,
Heç zaman möminlərini tərk etmir.

Salehlər daim müdafiə olunacaq,
Pislər nəsilliklə kəsilib atılacaq.
29 Salehlər ölkəni mülk olaraq alacaq,
Onlar orada əbədi məskən salacaq.

30 Salehin ağzından hikmət çıxar,
Dili haqq söz danışar.
31 Çünki Allahın qanunu ürəyindədir,
Ayaqları büdrəmir.

32 Pis adam salehi güdür,
Onu öldürmək üçün fürsət axtarır.
33 Rəbb salehi pisin əlinə düşməyə qoymaz,
Ona ittiham oxunanda məhkum olmaz.

34 Rəbbi gözlə, Onun yolunu tut,
O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək.
Pislərin kəsilib atılacağı zamanı görəcəksən.

35 Münbit torpaqda yaşıl ağac tək bitən,
Kök salan zalım, pis adamı görmüşdüm.
36 O keçib-getdi, yeri boş qaldı,
Onu axtararkən tapa bilmədim.

37 Kamil adama bax, əməlisaleh insana nəzər yetir,
Gələcək sülhsevən adama bəxş ediləcək.
38 Amma bütün üsyankarlar birlikdə yox olacaq,
Pislərin kökü kəsiləcək.

39 Salehlərin qurtuluşu Rəbdəndir,
Dar gündə onlara pənah yeridir.
40 Rəbb onların imdadına çatır,
Onları qurtarıb pislərin əlindən alır,
Çünki onlar Rəbbə pənah aparır.

Məzmur 38
Davudun yadasalma məzmuru.

1 Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə,
Hiddətlənib məni tənbeh eləmə.
2 Artıq Sənin oxların mənə saplanıb,
Əllərin üstümə ağırlıq salıb.
3 Bədənimdə qəzəbindən sağ yer qalmadı,
Günahıma görə sümüklərim də xəstəlik tapdı.
4 Çünki təqsirlərim başımdan aşır,
Ağır yük tək onlara gücüm çatmır.

5 Ağılsızlığımın üzündən
Yaralarım iyrənc və irinlidir.
6 Mənim qəddim əyilib, ikiqat bükülmüşəm,
Gün boyu yaslı gəzirəm.
7 Çünki belim qızdırmadan yandı,
Bədənimdə sağ yer qalmadı.
8 Taqətim kəsildi, çox əzilmişəm,
Ürəyimdəki iztiraba görə ah-zar edirəm.

9 Ey Xudavənd, mənim arzu-diləyim hüzurundadır,
Mənim iniltilərim Səndən gizli qalmır.
10 Ürəyim çırpınır, gücüm tükəndi,
Gözlərimin nuru da söndü.
11 Azarımı görüb məndən dost-yoldaşım uzaqlaşdı,
Qohumlarım məndən uzaqda qaldı.
12 Canımın qəsdinə duranlar mənə tələ qurur,
Bədxahlarım ölümümdən danışır,
Gün boyu mənim üçün hiylə qururlar.

13 Mən bir kar kimi eşitmirəm,
Dilsiz-ağızsız bir lal kimiyəm.
14 Dilsiz-cavabsız
Bir lal-kar kimiyəm.
15 Ya Rəbb, ümidim Sənə qalıb,
Ey Xudavənd Allahım, Səndən cavab gözləyirəm!
16 Dedim ki, qoy halıma sevinməsinlər,
Ayağım büdrəyəndə qarşımda öyünməsinlər.

17 Mən yıxılmaq üzrəyəm,
Daim əzabla üz-üzəyəm.
18 Təqsirlərimi etiraf edirəm,
Günahlarım üçün nigarançılıq çəkirəm.
19 Düşmənlərim qüvvətlidir, hələ sağdır,
Nahaq yerə mənə nifrət edənlər çoxdur.
20 Yaxşılığa yamanlıq edənlər
Yaxşılığa meyl etdiyimə görə əleyhimə durublar.

21 Ya Rəbb, məni tərk etmə!
Ey Allahım, məndən uzaq dayanma!
22 Ey Xudavənd, tez imdadıma çat,
Mənim xilaskarım Sənsən!

Məzmur 39
Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru.

1 Dedim: «Hər addımıma diqqət edəcəyəm,
Dilimlə günah etməkdən çəkinəcəyəm.
Pis adam qarşımda durarkən
Dilimi yüyənləyib dinməyəcəyəm».
2 Dilimi saxlayıb susdum,
Yaxşılığa belə, danışmadım.
Dərdlərim ağırlaşdı,
3 Köksümdəki qəlbimə köz doldu.
Dərin düşünəndə yanıb-yaxıldım,
Dilimlə belə dedim:

4 «Ya Rəbb, mənə bildir,
Aqibətim necə olacaq?
Ömrümün günləri nə qədər qalıb?
Qoy nə qədər fani olduğumu anlayım!
5 Budur, günlərim ovcuna sığdı,
Ömrüm qarşında heç oldu.
Bəli, insan sadəcə bir nəfəsdir. Sela
6 Əlbəttə, insan kölgə kimi dolaşır,
Həqiqətən, o boş yerə çarpışır,
Var-dövlət yığır, kimə qalacağını bilmir.

7 Ey Xudavənd, indi mən nə gözləyim?
Mənim ümidim Sənsən!
8 Məni bütün təqsirlərimdən qurtar,
Məni axmaqların tənəsinə hədəf etmə.
9 Susdum, ağzımı açmadım,
Çünki Sən bunu etdin!
10 Göndərdiyin bəlanı mənim üstümdən götür,
Əlinin zərbəsindən gör necə əzildim.
11 İnsanı təqsirinə görə məzəmmət edən zaman
Arzularını güvə kimi dağıdırsan.
Bəli, insan sadəcə bir nəfəsdir. Sela

12 Dinlə duamı, ya Rəbb, fəryadımı eşit!
Biganə qalma göz yaşlarıma.
Çünki Sənin yanında bir qəribəm,
Ata-babam kimi bir qonağam.
13 Bir azca nəzərini məndən çək,
Qoy köçüb getməzdən əvvəl dinc yaşayım».

Məzmur 40
Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Rəbbi səbir edərək gözlədim,
Mənə tərəf dönərək fəryadımı eşitdi.
2 O məni çamırlı quyudan,
Lilli bataqlıqdan çıxartdı.
Ayağımı qaya üzərində bərkitdi,
Hər addımımı möhkəm etdi.
3 Dilimə yeni bir nəğmə verdi,
İlahi ilə Allahımıza həmd etdim.
Bax nə qədər adam bunu görəcək,
Qorxub Rəbbə güvənəcək.

4 Rəbbə ümidlə arxalanan,
Təkəbbürlülərə üz tutmayan,
Bütlərə aldananlara qoşulmayan
İnsan nə bəxtiyardır!
5 Ya Rəbb Allahım, Sənə bənzəyən yoxdur!
Bizə aid xariqələrin, düşüncələrin çoxdur.
Onlardan danışmaq istəsəm,
Belə deyərdim: «Sayı-hesabı yoxdur».

6[51] Qurbandan, təqdimdən xoşun gəlmədi,
Yandırma qurbanı, günah qurbanı tələb etmədin,
Amma mənim qulağımı açdın.
7 O zaman dedim: «Budur, gəlmişəm,
Sənin tumarında mənim haqqımda yazılıb.
8 Ey Allahım, Sənin iradəni yerinə yetirmək
Mənə zövq verir,
Qanunun qəlbimdədir».

9 Çoxlu camaat arasında salehliyini car çəkdim,
Ya Rəbb, Sən bilirsən ki, ağzımı yummadım.
10 Salehliyini qəlbimdə gizlətmədim,
Xilaskar olduğunu, sədaqətini söylədim.
Çoxlu camaat arasından
Məhəbbətini, həqiqətini gizli saxlamadım.

11 Ya Rəbb, mərhəmətini məndən əsirgəmə,
Daim məni məhəbbətinlə, həqiqətinlə qoru.
12 Çünki sonsuz bəlalar ətrafımı bürüdü,
Günahlarım mənə sarıldı.
Görə bilmirəm, çünki məndə ürək qalmadı,
Onlar başımın tükündən çoxdur.

13 Ya Rəbb, lütfünlə məni xilas et,
Ya Rəbb, dadıma tez çat!
14 Canımı almaq üçün qəsd quranlar
Qoy utanıb biabır olsunlar.
Pis günümdən zövq alanlar
Geri qovulub rüsvay olsunlar.
15 Mənə «Aha! Aha!» deyənlər
Xəcalət içində çaşıb qalsınlar.

16 Lakin Səni axtaranlar
Sənə görə qoy şad olub sevinsinlər.
Xilaskar olduğunu sevənlər
Daim «Qoy ucalsın Rəbb!» desinlər.
17 Budur, bir məzlum, bir fəqirəm,
Lakin Xudavənd qayğıma qalır.
Köməyim, xilaskarım Sənsən,
Ey Allahım, ləngimə!

Məzmur 41
Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Yoxsulların qayğısına qalan nə bəxtiyardır!
Rəbb dar günündə onu qurtarar,
2 Rəbb onu qoruyar, salamat saxlayar.
O, ölkədə bəxtiyar olar,
Düşmənlərinə təslim edilməz.
3 Yatağa düşəndə Rəbb ona dayaq olar,
Onu bütün xəstəlikdən sağaldar.

4 Mən dedim: «Ya Rəbb, mənə rəhm et,
Canıma şəfa ver,
Çünki Sənə qarşı günah etmişəm».
5 Düşmənlərim məndən pis sözlər söyləyir:
«Bu nə vaxt öləcək, adı batacaq?» deyirlər.
6 Mənə baş çəkənlər yalan danışır,
Ürəklərinə böhtan yığır,
Bayıra çıxanda bundan danışırlar.
7 Bütün mənə nifrət edənlər mənim barəmdə pıçıldaşır,
Mənə qarşı pis fikirləri var.
8 Deyirlər: «Bu, ölümcül bəlaya düşüb,
Budur, yatır, daha qalxmaz».
9[52] Hətta etibarlı saydığım ən yaxın dostum,
Çörəyimi yeyən mənə xəyanət etdi.

10 Sən, ya Rəbb, rəhm edib məni ayağa qaldır,
Qoy onlardan bunun əvəzini çıxım!
11 Məndən razı qaldığını bundan bilirəm:
Düşmənlərimin mənə qalib gəlmədiyini görürəm.
12 Kamil olduğum üçün məndən möhkəm yapışdın,
Məni hüzurunda əbədilik dayandırdın.

13[53] Alqış olsun İsrailin Allahı Rəbbə
Əzəldən sonsuza qədər!
Amin! Amin!

İkinci hissə

42-72-ci məzmurlar

Məzmur 42
Musiqi rəhbəri üçün. Qorah övladlarının maskili.

1 Maral axar sulara həsrət qalan kimi,
Ey Allah, könlüm Sənin həsrətini çəkir!
2 Ey var olan Allah, mənim qəlbim Sənin üçün susayıb.
Ay Allah, nə vaxt gəlib hüzurunda görünüm?
3 Göz yaşlarım gecə-gündüz qidam olub,
Daim mənə deyirlər: «Bəs hanı Allahın?»
4 Bunları yadıma salarkən ürəyim üzülür,
Necə də yüksəkdən sevinc, şükür nidalarını söyləyərək
Bayram edən xalqın qarşısında gedərdim,
Onları Allahın evinə aparardım.

5 Mənim qəlbim, niyə qırılmısan?
Axı niyə bu köksümdə təlaşlanırsan?
Ümidini yenə Allaha bağla,
Qoy Allahıma – məni qurtarana şükür edim.

6 Köksümdəki qəlbim qırılıb,
Ona görə İordan diyarında,
Xermon, Misar dağında
Səni düşünürəm.
7 Dərin sular şəlalələrinin səsi ilə
Dərin suları çağırdı,
Sənin ləpələrin, dalğaların başımdan aşdı.
8 Rəbb mənə gündüz məhəbbət göstərir,
Gecə isə həyatımın Allahına
Etdiyim dua və ilahi dilimdən düşmür.
9 Qayama – Allahıma deyirəm: «Niyə məni unutdun?
Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?»
10 Düşmənlərim sümüklərimi qırıb məni təhqir edirlər,
Daim mənə «Bəs hanı Allahın?» deyirlər.

11 Mənim qəlbim, niyə qırılmısan?
Axı niyə bu köksümdə təlaşlanırsan?
Ümidini yenə Allaha bağla,
Qoy Allahıma – məni qurtarana şükür edim.

Məzmur 43

1 Ey Allah, etibarsız millətə qarşı olan mübarizəmdən
Məni haqlı çıxart,
Məni hiyləgər, fitnəkar adamın əlindən qurtar.
2 Çünki Sən pənah gətirdiyim Allahsan.
Niyə məni atmısan?
Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?
3 Göndər Öz nurunu, həqiqətini,
Qoy yolunu mənə göstərsinlər,
Müqəddəs dağına, məskənlərinə
Qoy məni aparsınlar.
4 Onda Allahın qurbangahına,
Sevincim, fərəhim olan Allahımın yanına gedərəm.
Lira çalıb Sənə şükür edərəm,
Ey Allah, mənim Allahım.

5 Mənim qəlbim, niyə qırılmısan?
Axı niyə bu köksümdə təlaşlanırsan?
Ümidini yenə Allaha bağla,
Qoy Allahıma – məni qurtarana şükür edim.

Məzmur 44
Musiqi rəhbəri üçün. Qorah övladlarının maskili.

1 Ey Allah, öz qulağımızla eşitmişik ki,
Ata-babalarımızdan bizə çatıb ki,
Onların dövründə, qədim zamanda
Sən hansı işləri görmüsən.
2 Öz əlinlə millətləri torpaqlarından götürdün,
Atalarımızı orada yerləşdirdin.
Xalqlara bəla verdin,
Atalarımızın soyunu şaxələndirdin.
3 Onlar qılıncları ilə deyil,
Sənin sağ əlinlə torpaqlara sahib oldular.
Öz qolları deyil,
Sənin sağ qolun onlara zəfər qazandırdı.
Onlara üzündən nur verdin,
Çünki Sən onları sevirdin.

4 Ey mənim Allahım, Sənsən Padşahım,
Əmr et, Yaqub nəsli qələbə çalsın.
5 Köməyinlə düşmənlərimizi devirək,
İsminlə əleyhdarlarımızı əzək.
6 Ox-kamanıma güvənmərəm,
Qılıncım məni qurtarmaz.
7 Yalnız Sən bizi düşmənlərimizdən xilas etdin,
Bizə nifrət edənləri rüsvay etdin!
8 Gün boyu Allahla fəxr edirik,
İsminə sonsuza qədər şükür edirik. Sela

9 İndi isə bizi atıb rüsvay etmisən,
Ordularımızla yürüşə çıxmırsan.
10 Düşmənin qarşısından bizi geriyə qovursan,
Bizə nifrət edənlər bizi soyub-talayır.
11 Bizi kəsilməyə gedən qoyun kimi etdin,
Sən bizi millətlər arasına səpdin.
12 Öz xalqını yaman ucuz satdın,
Onların dəyərindən çox qazanmadın.
13 Bizi qonşularımıza tənə hədəfi etdin,
Ələ salıb lağ edənlərlə yan-yörəmizi doldurdun.
14 Bizi millətlərin dilinə saldın,
Ümmətlərin gülüş hədəfinə döndərdin.
15 Rüsvayçılığım daim qarşımı kəsir,
Bu xəcalətin üzündən,
16 Təhqir, söyüş sözlərindən,
Düşməndən, qisasçıdan üzümü gizlədirəm.

17 Səni unutmadığımız,
Əhdinə xəyanət etmədiyimiz halda
Bunların hamısı başımıza gəldi.
18 Səndən qəlbimiz dönmədiyi,
Yolundan ayaqlarımız büdrəmədiyi halda
19 Sən bizi çaqqalların diyarında əzdin,
Qatı zülmətə qərq etdin.

20 Allahımızın ismini unutmuş olsaydıq,
Yad allaha əl açmış olsaydıq,
21 Allah bunu araşdırmazdımı?
Çünki qəlbin hər sirrini bilən Odur.
22[54] Biz gün boyu Sənin uğrunda öldürülürük,
Qurbanlıq qoyunlar sayılırıq.

23 Ey Xudavənd, oyan, niyə yatmısan?
Qalx, bizi əbədilik atma!
24 Niyə üzünü bizdən gizlədirsən?
Əzab-əziyyətimizi nə üçün unutdun?
25 Qəlbimiz palçıq kimi əzilmişdir,
Qəddimiz əyilib yerə dəyir.
26 Qalx, bizə kömək et,
Bizi məhəbbətin naminə xilas et!

Məzmur 45
Musiqi rəhbəri üçün. Qorah övladlarının «Şoşannim» üstə oxunan maskili.
Sevgi nəğməsi

1 Qəlbim yaxşı sözlərlə çağlayır,
Qoy şeirlərimi padşahıma söyləyim,
Dilim mahir bir xəttatın qələminə oxşayır.

2 Bəşər övladlarının ən gözəli sənsən,
Dodaqlarından lətafətli sözlər tökülür,
Çünki Allah səni əbədilik xeyir-dualı edib.
3 Ey cəngavər, qılıncını belinə bağla,
Əzəmətini, ehtişamını göstər.
4 Həqiqət, itaətkarlıq və salehlik naminə
Döyüş arabasına qalx,
Əzəmətinlə uğur qazan.
Qoy sağ əlindən möhtəşəm işlər gəlsin.
5 Nə itidir oxların,
Padşahın düşmənlərinin köksünə saplanır.
Xalqlar ayağının altına yıxılır.

6[55] Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır,
Sənin şahlıq əsan insaf əsasıdır.
7 Salehliyi sevib pisliyə nifrət edirsən.
Ona görə Allah, sənin Allahın
Sevinc yağı ilə
Yoldaşlarından çox səni məsh edib.
8 Bütün paltarlarından
Mirra, əzvay və Çin darçınının ətri gəlir.
Fil dişindən olan saraylarından
Səni şənləndirən simli alətlərin sədası gəlir.
9 Şərəfə çatdırdığın qadınlar arasında
Şahzadə xanımlar da var.
Mələkə olacaq qız sağ qoluna girib,
Ofir qızıllarına bürünüb.

10 Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as,
Öz xalqını, ata evini unut.
11 Sənin gözəlliyin padşahı məftun etsin.
O sənin ağandır, ona itaət et.
12 Sur xalqı yanına hədiyyələr gətirəcək,
Xalqın varlıları səndən lütf istəyəcək.

13 Bu şah qızı sarayına cah-calalla gətirilir,
Paltarları qızıl tikmələrə bürünmüş.
14 Padşahın yanına əlvan libasda gətirilir,
Rəfiqələri sağdışı-soldışıdır.
15 Onlar sevinclə, şadlıqla gətirilir,
Padşahın sarayına girirlər.

16 Ey padşah, ata-baban kimi oğulların olacaq,
Onlara bütün yer üzünün hakimiyyətini verəcəksən.
17 Adını nəsillərdən-nəsillərə çatdıracağam,
Xalqlar da sonsuza qədər sənə həmd oxuyacaq!

Məzmur 46
Musiqi rəhbəri üçün. Qorah övladlarının «Alamot» üstə oxunan ilahisi.

1 Allah bizə sığınacaqdır, qüvvətdir,
Dar gündə çox kömək edir.
2 Buna görə biz qorxmuruq:
Yer üzü alt-üst olsa belə,
Dağlar uçub dənizin köksünə aşsa belə,
3 Dalğalar kükrəyib qalxsa belə,
Vurub dağları yırğalasa belə,
Biz qorxmuruq. Sela

4 Bir çay var ki suları Allahın şəhərinə axır,
Haqq-Taalanın müqəddəs məskəninə sevinc gətirir.
5 Allah bu şəhərin mərkəzində sarsılmaz durub,
Ona dan yeri söküləndə yardım edər.
6 Millətlər kükrəyər, ölkələr sarsılar,
Allah səsini çıxaranda dünya əriyər.
7 Ordular Rəbbi bizimlədir!
Yaqubun Allahı qalamızdır! Sela

8 Gəlin, görün Rəbbin işlərini,
Dünyada etdiyi viranəliyi.
9 O, yerin ucqarlarınadək döyüşləri dayandırar,
Kamanları qırar, nizələri sındırar,
Döyüş arabalarını oda atar.
10 «Dayanın, bilin ki, Mən Allaham,
Millətlər arasında ucayam,
Yer üzündə ucayam!»
11 Ordular Rəbbi bizimlədir!
Yaqubun Allahı qalamızdır! Sela

Məzmur 47
Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru.

1 Ey bütün xalqlar, əl çalın,
Cuşa gəlib Allaha nida edin!
2 Haqq-Taala Rəbb necə də zəhmlidir,
Bütün yer üzünün böyük Padşahıdır!
3 Onun sayəsində xalqlar bizə tabe olub,
O, ümmətləri ayaqlarımızın altına salıb.
4 Sevdiyi Yaqubun fəxri olan torpağı
Bizə mülk etmək üçün seçdi. Sela

5 Allah nida ilə ucaldı,
Rəbb şeypur səsi ilə yüksəldi.
6 Tərənnüm edin Allahı, tərənnüm edin!
Tərənnüm edin Padşahımızı, tərənnüm edin!

7 Çünki Allah bütün yer üzünün Padşahıdır,
Onu ilahilərlə tərənnüm edin.
8 Allah Öz müqəddəs taxtında əyləşir,
Allah millətlərə padşahlıq edir.
9 İbrahimin Allahının xalqı ilə bir yerdə olmaq üçün
Xalqların əsilzadələri yığılır,
Çünki yer üzünün sipərləri Allahındır.
O nə qədər ucadır!

Məzmur 48
Qorah övladlarının məzmuru.

Bir ilahi.

1 Allahımızın şəhərində,
Öz müqəddəs dağında
Rəbb çox əzəmətlidir,
Bol həmdlərə layiqdir.
2[56] Şimala tərəf böyük Padşahın şəhəri –
Sion dağı ucalığı ilə gözəldir,
Dünyanın sevincidir.
3 Onun qalalarında Allah Özünü
Alınmaz qala kimi göstərmişdir.

4 Padşahlar bir yerə yığıldılar,
Siona yürüş etdilər.
5 Onu görəndə mat qaldılar,
Qorxub tez qaçdılar.
6 Hamilə qadının ağrısı kimi
Canlarına lərzə düşdü.

7 Sən şərq küləyi ilə
Tarşiş gəmilərini parçaladın.

8 Ordular Rəbbinin şəhərində –
Allahımızın şəhərində
Nə eşitmişiksə, onu gördük,
Allah oranı əbədi saxlayacaq. Sela

9 Ey Allah, məbədində
Məhəbbətin barədə dərindən düşünürük.
10 Ey Allah, yerin ucqarlarına qədər
Adın həmdə layiqdir.
Sağ əlin ədalətinlə doludur.
11 Qoy Sion dağı sevinsin.
Sənin hökmlərinə görə
Qoy Yəhuda qızları şad olsun.

12 Sionun ətrafında gəzib-dolaşın,
Onun qüllələrini sayın.
13 Divarlarına fikir verin,
Qalalarına diqqətlə baxın.
Gələcək nəslə belə deyin:
14 «Əbədi, sonsuzadək
Bu Allah bizim Allahımızdır.
Ömrümüzün sonunadək
O bizə yol göstərəcək!»

Məzmur 49
Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru.

1 Siz, ey bütün xalqlar,
Bunu dinləyin!
Ey dünya sakinləri,
2 Ey sadə insanlar, əsilzadələr,
Ey zənginlər, fəqirlər,
Hamınız qulaq asın!
3 Dilimdən hikmətli sözlər çıxacaq,
Bu müdrik fikirlər qəlbimdən gəlir.
4 Bu məsəllərə qulaq asacağam,
Bu müəmmamı mən lira ilə açacağam:

5 Niyə yaman günlərdən,
Ətrafımda məni təqib edənlərin pis niyyətindən qorxum?
6 Onlar var-dövlətlərinə güvənirlər,
Bol sərvətləri ilə öyünürlər.
7 Amma kimsə öz ömrünü satın ala bilməz,
Həyatının haqqını Allaha ödəyə bilməz.
8 Çünki insanın canının haqqı çox dəyərlidir,
Ən üstün qiymətlər ona kifayət etmir ki,
9 İnsan əbədi ömür sürsün,
Məzarı heç görməsin.

10 Aydındır ki, həm hikmətlilər ölür,
Həm axmaqlar, həm də səfehlər tələf olur,
Hamının sərvəti başqasına nəsib olur.
11 Torpaqlara sahib olsalar belə,
Son mənzilləri qəbirdir,
Yenə nəsillərdən-nəsillərədək yerləri məzardır.
12 İnsan dəyərli olsa da, qalmır,
Həlak olan heyvana oxşayır.

13 Özünə güvənənlərin yolu ölümə aparır,
Özündən razı lovğaların sonu belədir. Sela
14 Onlar sürü kimi ölülər diyarına aparılar,
Onları ölüm otarar.
Səhər açılanda əməlisalehlər onlara hakim olar.
Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında
Cəsədləri çürüyüb qalar.
15 Amma Allah ölülər diyarının əlindən canımı qurtaracaq,
Məni oradan alacaq. Sela

16 Qorxma bir adam varlı olanda,
Evinə sərvət yığılanda.
17 Çünki öləndə heç nə apara bilməz,
Sərvəti ardınca getməz.
18 Sağ ikən özünü xoşbəxt saysa da,
Uğur qazananda təriflənsə də,
19 Ata-babalarının yanına gedəcək,
Sonsuzadək orada işıq görməyəcək.
20 İnsan dəyərli olsa da, anlamır,
Həlak olan heyvana oxşayır.

Məzmur 50
Asəfin məzmuru.

1 Güclü Rəbb Allah çağırır,
Gündoğandan günbatanadək
Bütün yer üzünü səsləyir.
2 Qüsursuz, gözəl Siondan
Allah Öz nurunu saçır.
3 Allahımız gəlir, sakit dayanmaz,
Önündə yandırıb-yaxan alov var,
Ətrafında şiddətli tufan qopar.

4 O, xalqını mühakimə etmək üçün
Yuxarıdakı göyü və yeri şahid çağırır:
5 «Hüzuruma möminlərimi,
Qurban verib Mənimlə əhd bağlayanları yığın!»
6 Göylər ədalətini bəyan edir,
Çünki hakim Allahın Özüdür. Sela

7 «Danışıram, dinlə Məni, ey xalqım!
Ey İsrail, əleyhinə şəhadət edirəm.
Allaham, sənin Allahın Mənəm.
8 Qurbanlarından ötrü səni tənbeh etmirəm,
Yandırma qurbanlarını həmişə görürəm.
9 Tövləndəki buğanı, ağılındakı təkəni
Səndən qəbul etmirəm.
10 Çünki Mənimdir bütün meşələrdə olan heyvanlar,
Minlərlə dağda otlayan mal-qaralar.
11 Dağlardakı bütün quşları tanıyıram,
Bütün çöl heyvanları əlimin altındadır.
12 Acsam, sənə demərəm,
Çünki dünyaya, dünyadakı hər şeyə sahibəm!
13 Məgər Mən buğa əti yeyirəm?
Məgər Mən təkə qanı içirəm?
14 Şükür qurbanını Allaha təqdim et,
Haqq-Taalaya əhd etdiyin təqdimlərini ver.
15 Dar gündə Məni çağır,
Mən səni xilas edəcəyəm,
Sən də Məni şərəfləndirəcəksən».

16 Pislərəsə Allah deyir:
«Qaydalarımı əzbər söyləməyə haqqınız varmı?
Əhdimi dilə gətirməyə haqqınız varmı?
17 Mənim iradıma nifrət edirsən,
Sözlərimi qulaq ardına vurursan.
18 Bir oğru görəndə ona qoşulursan,
Zinakarlara yoldaş olursan.
19 Ağzını şər üçün açırsan,
Dilini fırıldaq üçün işə salırsan.
20 Oturub qardaşından gileylənirsən,
Ananın oğlundan qeybət edirsən.
21 Sən belə edəndə Mən dinməmişəm.
Məgər Məni özün kimi sanırsan?
İndi isə səni tənbeh edəcəyəm,
Əməllərini gözünün önünə düzəcəyəm.

22 Ey Allahı unudanlar,
Buna diqqət edin!
Yoxsa sizi parça-parça edərəm,
Heç birinizi xilas edən olmaz.
23 Kim ki şükür qurbanı təqdim edir,
Məni şərəfləndirir.
Doğru yol tutan şəxsə
Allahın xilasını göstərəcəyəm».

Məzmur 51

Musiqi rəhbəri üçün. Davudun məzmuru. [57]Davudun Bat-Şeva ilə olan münasibətinə görə Natan peyğəmbər onun yanına gəlib irad tutandan sonra.

1 Məhəbbətinə görə, ey Allah, mənə rəhm et,
Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.
2 Təqsirimi tamamilə yu,
Günahımdan məni təmizlə.
3 Çünki qanunsuzluqlarımı bilirəm,
Günahım daim gözümün qarşısındadır.
4[58] Sənə, yalnız Sənə qarşı günah işlətmişəm,
Gözündə pis sayılanı etmişəm.
Mənə görə çıxarılan hökmündə ədalətlisən,
Məni məhkum etməkdə haqlısan.
5 Mən doğulandan bəri günahkaram,
Ana bətnindən belə, təqsirkaram.

6 Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən,
Mənə daxilən hikmət öyrət.
7 Məni züfa ilə pak et, təmiz olum,
Məni yu, qardan da ağ olum.
8 Mənə şadlıq, sevinc səsini eşitdir,
Qırdığın sümüklərim xoşhallansın.

9 Üzünü tut, günahlarımı görmə,
Bütün təqsirlərimi sil.
10 Ey Allah, məndə təmiz ürək yarat,
Daxilimə yenidən sədaqət ruhunu ver.
11 Məni Öz hüzurundan atma,
Müqəddəs Ruhunu məndən götürmə.
12 Xilasının sevincini mənə qaytar,
İtaətkarlıq ruhu verib mənə dayaq ol.

13 Qoy Sənin yollarını qanunsuzlara öyrədim,
Günahkarlar Sənə sarı dönsünlər.
14 Ey Allah, məni azad et,
Qan tökmək təqsirindən məni qurtar,
Dilim ədalətini mədh etsin.
15 Ey Xudavənd, Sən dilimi aç,
Ağzımla Sənə olan həmdlərimi bəyan edim.
16 Sən qurbanlardan zövq almazsan,
Yoxsa kəsərdim.
Yandırma qurbanlarından razı qalmazsan,
17 Allaha məqbul olan qurban sınmış ruhdur,
Sən sınan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!

18 Lütfünlə Siona yaxşılıq et,
Yerusəlimin divarlarını bərpa et.
19 Onda doğru yolla təqdim edilən qurbanlardan,
Bütöv yandırma qurbanlarından zövq alarsan.
O zaman qurbangahında buğalar qurban kəsilər.

Məzmur 52
Musiqi rəhbəri üçün. Davudun maskili.[59]

Edomlu Doeq Davudun Aximelekin evinə getdiyini Şaula xəbər verəndə

1 Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər?
Sonsuzdur Allahın məhəbbəti.
2 Ey hiyləgər, dilin insanı məhv edir,
İti ülgüc kimi kəsir.
3 Yaxşılıqdan çox yamanı,
Doğru sözdən çox yalanı sevirsən. Sela
4 Ey hiyləgər dilli,
Məhvedici sözləri çox sevirsən!

5 Allah səni əbədilik qıracaq,
Yaxandan yapışaraq evindən çölə atacaq,
Dirilər arasından kökünü qoparacaq. Sela
6 Salehlər buna baxıb qorxacaqlar,
Gülə-gülə belə deyəcəklər:
7 «Bu adam Allaha pənah gətirmədi,
Öz bol sərvətinə güvəndi,
Başqalarını məhv edərək gücləndi».

8 Amma mən Allahın evində
Yaşıl zeytun ağacına bənzərəm,
Daima, əbədilik
Allahın məhəbbətinə güvənirəm.
9 Sənin gördüyün işlərə görə daim şükür edirəm,
Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!

Məzmur 53 (Zəb. 14)

Musiqi rəhbəri üçün. Davudun «Maxalat» üstə oxunan maskili.

1[60] Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər,
İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş,
Yaxşı iş görən yoxdur.

2 Allah göylərdən bəşər övladına baxır;
Görəsən Allahı dərk edən, Onu axtaran varmı?
3 Hamı birgə pozulub, namus əldən gedib,
Bir nəfər də olsun yaxşı iş görən yoxdur.

4 Şər iş görənlərin hər biri məgər heç nə qanmırmı?
Xalqımı çörək yerinə yeyirlər, Allahı çağırmırlar.

5 Onlar böyük dəhşətə düşəcək,
Heç görünməmiş dəhşətə düçar olacaqlar.
Allah bizi mühasirəyə salanların
Sümüklərini qırıb dağıdacaq.
Onlar qarşımızda pərt qalacaq,
Çünki Allah tərəfindən rədd olunacaqlar.

6 Kaş İsrailin azadlığı Siondan gələydi!
Allah Öz xalqına bəxtəvər günlərini qaytaran zaman
Yaqub övladları şadlıq edəcək,
İsraillilər sevinəcək!

Məzmur 54
Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili. [61]Ziflilər Şaulun yanına gəlib «yəqin ki Davud bizim aramızda gizlənib» deyəndə.

1 Ey Allah, isminlə məni qurtar,
Qüvvənlə mənə bəraət ver.
2 Ey Allah, mənim duamı dinlə,
Dilimdən çıxan sözlərə qulaq as.
3 Yadellilər əleyhimə qalxıblar,
Zalımlar canımı almaq üçün məni axtarırlar,
Heç Allaha baxmırlar. Sela

4 Budur, Allah mənə kömək edir,
Xudavənd ömrümə dayaq olur.
5 O bu şəri düşmənlərimə tərəf döndərəcək.
Mənim sadiq Allahım, düşmənləri yox et!
6 Sənə könüllü qurban kəsəcəyəm,
Ya Rəbb, gözəl isminə şükür edəcəyəm!
7 Məni hər darlıqdan xilas etdin,
Gözüm düşmənlərimin məhvini gördü.

Məzmur 55
Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili.

1 Ey Allah, duamı dinlə,
Yalvarışımdan gizlənmə!
2 Yaxşı qulaq as mənə, bir cavab söylə,
Düşüncələrim məni narahat edir,
Çaş-baş qalmışam.
3 Düşmənin səsindən,
Zalımların zülmündən narahatam.
Məni onların şər işləri sarsıdır,
Onlar qəzəblə mənə qəsd-qərəz qurur.

4 Köksümdəki ürəyim sancır,
Düşdüyüm dəhşət ölümdən betərdir.
5 Mənə qorxu və titrətmə gəlib,
Canımı vicvicə bürüyüb.
6 Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı,
Uçub rahatlıq tapaydım.
7 Doğrudan da, uzaqlara qaçardım,
Çöllərdə məskən salardım. Sela
8 Bu sərt yellərdən, qasırğalardan
Daldalanmaq üçün tez bir yerə gedəydim».

9 Ey Xudavənd, bu şəhəri alt-üst et,
Oradakıların dillərinə ayrılıq sal.
Orada zorakılıq, dava gördüm;
10 Bunlar gecə-gündüz divarlarının üstündə dolanır,
Pislik və şər şəhərin içindədir,
11 Aralarında qırğın var,
Meydanlarından hədə-qorxu və fırıldaq çıxır.

12 Əgər məni düşmən təhqir etsəydi, dözərdim,
Yağı qarşımda qürrələnsəydi, gizlənərdim.
13 Amma bunu sən etdin, ey rəfiqim,
Ey yoldaşım, ürək həmdəmim.
14 Səninlə şirin-şirin söhbət edərdik,
Allah evinə birgə gedərdik.
15 Qoy düşmənlərə qəfil ölüm gəlsin,
Onlar diri-diri ölülər diyarına düşsün,
Çünki şər onların evində və qəlbindədir.

16 Mənsə Allahı səsləyərəm,
Rəbb məni xilas edər.
17 Səhər, günorta, axşam nalə çəkirəm,
Ah-zar edirəm, O, səsimi eşidir.
18 Çoxları əleyhimə çıxır,
Amma O, canımı döyüşdən qoruyur.
19 Əzəldən bəri taxtında oturan Allah
Məni eşidib onları zəlil edəcək. Sela
Çünki onlar əsla dəyişməz,
Allahdan qorxmurlar.

20 Yoldaşım dostuna əl qaldırır,
Dostluq əhdini pozur.
21 Onun dili kərə yağından da yağlıdır,
Qəlbində isə çəkişmələr yaşayır,
Sözləri zeytun yağından yumşaqdır,
Amma siyrilmiş qılınclardır.

22[62] Sən qayğı yükünü Rəbbə ver,
Qoy sənə dayaq olsun.
O heç vaxt salehə sarsıntı verməz.
23 Ey Allah, qanlı, hiyləgər adamları
Qəbirə endirəcəksən.
Onların ömrü yarıya çatmayacaq.
Amma mən yalnız Sənə güvənirəm!

Məzmur 56
Musiqi rəhbəri üçün. Davudun «Yonat elem rexoqim» üstə oxunan miktamı. [63]Filiştlilər onu Qat şəhərində yaxalayanda.

1 Rəhm et mənə, ey Allah,
İnsanlar sel kimi üstümə cumur,
Gün boyu döyüşərək məni sıxışdırırlar.
2 Gün boyu düşmənlərim sel kimi üstümə cumur,
Əleyhimə qalxan məğrur döyüşçülər çoxdur.
3 Bu dəhşətli gündə
Mən yalnız Sənə güvənirəm.
4 Vədinə görə Allaha həmd edirəm,
Mən Allaha güvənirəm, qorxmuram;
Fani insan mənə nə edə bilər?

5 Hər işimə onlar ziyan vururlar,
Həmişə mənə qəsd-qərəz qururlar.
6 Xəlvət bir yerə yığılıb hər addımımı izləyirlər,
Pusqu qurub canımı almaq üçün gözləyirlər.
7 Günahlarına görə onları cəzalandır,
Ey Allah, qəzəblə bu xalqları yerlə yeksan et.

8 Dərdlərimi saydın,
Göz yaşlarımı tuluğuna yığ.
Bunlar Sənin kitabında yazılmayıbmı?
9 Mən Səni çağıranda düşmənlərim geri dönür,
Bunu bilirəm, Allah mənim tərəfimdədir.
10 Vədinə görə həmd etdiyim Allaha,
Vədinə görə həmd etdiyim Rəbbə,
11 Allaha güvənirəm və qorxmuram;
Fani insan mənə nə edə bilər?

12 Ey Allah, Sənə olan əhdlərimə əməl etməliyəm,
Sənə şükür qurbanı təqdim edəcəyəm.
13 Çünki canımı ölümdən qurtardın,
Ayaqlarımı büdrəməyə qoymadın,
Belə ki Allahın hüzurunda,
Həyatın nurunda dolanım.

Məzmur 57
Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı. [64]Şauldan qaçıb mağarada gizlənəndə.

1 Mənə rəhm et, ey Allah, mənə rəhm et!
Canımı götürüb Sənin yanına pənah gətirmişəm.
Bəlalar keçib-gedənəcən
Qanadlarının altına sığınacağam.
2 Allah-Taalanı çağırıram,
Mənim üçün hər şeyi verən Allahı çağırıram.
3 Göydən mənə qurtuluş göndərəcək,
Başımı yemək istəyəni rüsvay edəcək. Sela
Allah Öz məhəbbətini və sədaqətini göndərəcək.
4 Sanki aslanların arasındayam,
Yandırıb-yaxan adamların arasında yatıram.
Dişləri nizədir, oxdur,
Dilləri iti qılıncdır.

5 Ey Allah, göylər üzərində ucal!
Ehtişamın bütün yer üzərində olsun!

6 Yolumda tələ qurub canımı üzdülər,
Mənə qazdıqları quyuya özləri düşdülər. Sela

7 Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb,
Qoy ilahi oxuyum, Səni tərənnüm edim.
8 Ey mənim ruhum, oyan!
Ey çəng və lira, oyan!
Qoy səhəri oyadım.
9 Ey Xudavənd, xalqlar arasında
Sənə şükür edəcəyəm.
Ümmətlər arasında
Səni tərənnüm edəcəyəm.
10 Məhəbbətin böyükdür, göylərə çatır,
Sədaqətin buludlara dəyir.
11 Ey Allah, göylər üzərində ucal!
Ehtişamın bütün yer üzərində olsun!

Məzmur 58
Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı.

1 Ey qüdrətlilər, doğrudanmı ədalətlə danışırsınız?
Bəşər övladları üçün insaflamı hökm çıxarırsınız?
2 Xeyr, qəlbinizdən fitnə-fəsad çıxır,
Bu dünyada əlinizdən zorakılıq gəlir.

3 Pis adamlar ana bətnindən belə, azğındırlar,
Çaşıblar, doğulan gündən belə, yalançıdırlar.
4 Onlar əfi ilan kimi zəhərlidirlər,
Qulaqlarını tıxayan gürzəyə bənzəyirlər.
5 Onlar ilanoynadanın səsinə gəlmir,
Usta bir ovsunçu onu ovsunlaya bilmir.

6 Ey Allah, onların ağızlarındakı dişlərini qır,
Ya Rəbb, bu gənc aslanların dişlərini çıxar.
7 Qoy onlar su kimi axıb yox olsun,
Kaman üstündəki oxlarının ucları qırılsın.
8 İlbiz kimi gedərkən ərisinlər,
Ölü doğulan körpələr kimi günəş nuru görməsinlər.
9 Ocaqda qazanlarını qızdırmazdan əvvəl kol-kosları sovrulsun,
Nə qurularından, nə də yaşlarından heç nə qalmasın.

10 Pislərdən qisas alındığını görən salehlər şad olacaq,
Ayaqlarını onların qanına batıracaq.
11 İnsanlar belə deyəcək: «Bəli, salehlər barlı olar,
Həqiqətən, dünyanın hökmranı olan bir Allah var!»

Məzmur 59
Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxunan miktamı. [65]Şaul onu öldürmək üçün evinə adam göndərib pusqu qoyanda.

1 Ey Allahım, məni düşmənlərimdən qurtar,
Əleyhdarlarımın əlindən hifz et.
2 Məni şər iş görənlərdən xilas et,
Məni qaniçənlərdən azad et.

3 Canımı almaq üçün məni güdürlər,
Güclülər əleyhimə birləşiblər.
Ya Rəbb, üsyankar, günahkar,
4 Təqsirkar olmadığım halda
Onlar mənə qarşı qəti tədbir görürlər.
Bir oyan, halımı gör, yardım et,
5 Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı!
Bütün millətlərə cəza vermək üçün oyan,
Xəyanətkar pislərin heç birinə rəhm etmə. Sela

6 Bu pis adamlar axşamüstü qayıdırlar,
Köpək kimi mırıldayırlar,
Şəhərdə sülənib-dolaşırlar.
7 Gör dodaqlarından nələr tökülür,
Ağızlarından qılınclar çıxır.
Onlar zənn edirlər ki, eşidən yoxdur.
8 Lakin, ya Rəbb, Sən onlara gülürsən,
Bütün millətlərə rişxənd edirsən.
9 Ey mənə qüvvət verən,
Səni gözləyirəm!
Ey Allahım, qalamsan,
10 Mənə məhəbbətini göstərirsən!

Ey Allah, imdad etmək üçün çıxacaqsan,
Düşmənlərimin qırılmasını mənə göstərəcəksən.

11 Ey Xudavənd, Sənsən sipərimiz!
Xalqımın yadında qalsın deyə
Düşmənləri qırma, lakin gücünlə
Onları dağıdaraq məğlub et.
12 Günahkar dillərinə görə,
Ağızlarının sözlərinə görə
Təkəbbürlülərin tələsinə özləri düşsünlər.
Yağdırdıqları lənətlərə görə,
Dedikləri yalanlara görə
13 Onları qəzəbinlə məhv et,
Məhv et, qoy bir nişanə qalmasın.
Qoy insanlar bilsinlər:
Allah səltənət sürür
Yaqub nəslinin üzərində,
Ta ucqarlara qədər yer üzərində. Sela

14 Bu pis adamlar axşamüstü qayıdırlar,
Köpək kimi mırıldayırlar,
Şəhərdə sülənib-dolaşırlar.
15 Avara-avara gəzib yem axtarırlar,
Doyunca tapmasalar, gecə boyu ulayırlar.

16 Mən isə Sənin qüdrətini tərənnüm edəcəyəm,
Sübh tezdən məhəbbətini mədh edəcəyəm.
Çünki Sən mənə qala olmusan,
Dar günümdə mənim pənahımsan.
17 Ey mənə qüvvət verən,
Səni tərənnüm edəcəyəm!
Ey Allahım, qalamsan,
Mənə məhəbbətini göstərirsən!

Məzmur 60
Musiqi rəhbəri üçün. Davudun «Şuşan-edut» üstə oxunan təlim miktamı. [66]Davud Naharayim və Sova Aramlıları ilə döyüşərkən Yoav gedib Duz vadisində on iki min Edomlunu öldürəndə.

1 Ey Allah, Sən bizi atmısan,
Müdafiə qüvvələrimizi dağıtmısan.
Bizə qəzəblənmisən,
Bizi əvvəlki halımıza qaytar.
2 Yeri lərzəyə salmısan,
Torpağını dağıtmısan.
Yarıqlarını yenə bitişdir,
Çünki yer sarsılıb.
3 Öz xalqını çətinliyə salmısan,
Şərab içirərək bizi səndələtmisən.

4 Səndən qorxanlara isə bayraq vermisən,
Qoy onu həqiqət naminə qaldırsınlar. Sela
5 Sevdiyin insanların xilas olması üçün
Sağ əlinlə bizi qurtar, mənə cavab ver!

6 Allah Öz müqəddəs məskənindən belə söylədi:
«Şekemi sevinclə bölüşdürəcəyəm,
Sukkot dərəsini böləcəyəm.
7 Gilead torpağı Mənimdir,
Menaşşe torpağı da Mənimdir,
Efrayim başımın dəbilqəsidir,
Yəhuda Mənim əsamdır.
8 Moav yuyunmaq üçün ləyənimdir,
Çarığımı ataraq Edomu tutacağam,
Zəfər harayını Filiştə salacağam».

9 Kim məni istehkamlı şəhərə apara bilər?
Kim mənə Edoma qədər yol göstərər?
10 Ay Allah, Sən niyə bizi atmısan?
Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
11 Bizə düşmənin qarşısında imdad et,
Çünki insanın köməyi puçdur.
12 Allahın köməyi ilə igidlik edəcəyik,
O, düşmənlərimizi tapdalayacaq!

Məzmur 61
Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru.

1 Ey Allah, fəryadımı eşit,
Duamı dinlə.
2 Düşkünlük qəlbimi alıb,
Mən dünyanın ucqarından Səni çağırıram.
Sən məni əlçatmaz bir qayaya apar.

3 Çünki Sən mənim pənahgahımsan,
Düşmənə qarşı möhkəm qülləsən.
4 Qoy sonsuzadək çadırında yaşayım,
Qanadlarının altında pənah tapım. Sela
5 Sən, ey Allah, etdiyim əhdi eşitdin,
Adından qorxanlara təyin etdiyin payı mənə verdin.

6 Sən ömür ver, qoy padşahın yaşasın,
İlləri nəsillərdən-nəsillərə qədər uzansın.
7 Allahın hüzurunda daim taxtda otursun,
Məhəbbət və sədaqət ver, onu qorusun.
8 Mənsə adını həmişə tərənnüm edəcəyəm,
Hər gün əhd etdiyim təqdimləri verəcəyəm!

Məzmur 62
Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru.

1 Susan qəlbim yalnız Allahı gözləyir,
Ondadır qurtuluşum.
2 Yalnız Odur qayam, qurtuluşum,
O mənim qalamdır, mən əsla sarsılmaram.

3 İnsan divar kimi əyiləndə,
Hasar kimi laxlayanda
Nə vaxtadək üstünə hücum edəcəksiniz?
Nə vaxtadək onu əzəcəksiniz?
4 Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq,
Çünki yalandan zövq alırsınız.
Diliniz xeyir-dua söyləsə də,
Qəlbiniz lənət yağdırır. Sela

5 Ey qəlbim, sükutla Allahı gözlə,
Çünki ümidim Ondadır.
6 Qayam, qurtuluşum yalnız Odur,
O mənim qalamdır, mən sarsılmaram.
7 Qurtuluşum, şərəfim Allaha bağlıdır,
Allah möhkəm qayam və pənahımdır.

8 Ey xalq, hər zaman Ona arxalan,
Onun hüzurunda qəlbini açıb-boşalt,
Çünki Allah bizim pənahımızdır! Sela

9 Bəşər övladları yalnız bir nəfəsdir –
İnsan övladları fanidir.
Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır,
Çəkisi bir nəfəsdən yüngül gəlir.
10 Heç zaman zorakılığınıza güvənməyin,
Talan malına boş yerə ümid bağlamayın,
Var-dövlətiniz artsa da, ona arxalanmayın.

11 Allah bir dəfə dedi,
Bunu iki dəfə eşitdim:
Qüdrət Allahındır,
12[67] Ey Xudavənd, məhəbbət Sənindir!
Sən hər kəsə əməlinə görə əvəz verirsən!

Məzmur 63
Davudun məzmuru. [68]Yəhuda səhrasında olanda.

1 Ey Allah, mənim Allahım Sənsən,
Sənin üçün yaman qəribsəmişəm.
Quraq, cansıxıcı, susuz bir diyarda
Sənsiz könlüm susuzdur.
Bütün varlığımla həsrətini çəkirəm.
2 Müqəddəs yerdə Səni seyr edirdim,
Qüdrətini, əzəmətini görürdüm.
3 Mənim dilim Səni tərənnüm edir,
Məhəbbətin bu həyatdan gözəldir.
4 Bütün ömrüm boyu Sənə alqış edəcəyəm,
Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.
5 Sanki yağlı yeməklə canım tox olacaq,
Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.
6 Yatanda belə, Səni xatırlayıram,
Gecə növbələrində Səni düşünürəm.
7 Sən mənə kömək oldun,
Qanadlarının kölgəsində Sənə mədh oxuyacağam.
8 Könlüm Sənə bağlanır,
Sağ əlin məni möhkəm tutur.

9 Amma canımın qəsdinə duranlar
Yerin dibinə batacaqlar,
10 Qılıncın ağzına tuş gələcəklər,
Çaqqallara yem olacaqlar.
11 Amma padşah Allaha görə sevinəcək,
Adına and içən hər kəs həmd söyləyəcək,
Yalançıların isə ağzı yumulacaq.

Məzmur 64
Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm,
Həyatımı düşmən vahiməsindən qoru.
2 Pislərin fəndlərindən,
Şər iş görənlərin vəlvələsindən
Məni qoru.
3 Onlar qılınc kimi dillərini itiləyirlər,
Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar,
4 Günahsız insana pusqu qurduqları yerlərdən
Qəfildən, çəkinmədən atırlar.
5 Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər,
Gizlənib tələ qurmaq üçün məsləhət edirlər,
«Bunu kim görəcək?» deyirlər.
6 Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər:
«Ustalıqla fənd işlətdik».
İnsanın daxili, qəlbi görünməz.

7 Lakin Allah onlara ox atacaq,
Onlar qəflətən yaralanacaq.
8 Öz dilləri özlərini yıxacaq,
Onları görənlər başını bulayıb xor baxacaq.
9 Bütün insanlar qorxacaq,
Allahın əməllərini bəyan edəcək,
Onun işləri barədə düşünəcək.
10 Saleh insan Rəbbə görə sevinəcək,
Ona pənah gətirəcək.
Bütün ürəyidüz insanlar Rəbbə həmd edəcək!

Məzmur 65
Musiqi rəhbəri üçün. Davudun məzmuru.
Bir ilahi.

1 Ey Allah, Səni Sionda həmdlər gözləyir,
Sənə edilən əhd yerinə yetiriləcək.
2 Ey duaları eşidən,
Bütün bəşər hüzuruna gələcək.
3 Mən günaha batmışdım,
Lakin Sən üsyankarlığımızı kəffarə edirsən.
4 Nə bəxtiyardır evinin həyətlərində yaşayan,
Seçib Özünə yaxın etdiyin insan!
Biz Sənin evinin, müqəddəs məbədinin
Nemətləri ilə doyacağıq!

5 Sən ey qurtuluşumuzun Allahı,
Zəhmli işlərinlə ədalətini göstərirsən,
Bizə cavab verirsən.
Sən yer üzünün bütün ucqarlarının,
Ən uzaq dənizlərin belə, ümidisən.
6 Sən qüdrətə bürünmüsən,
Qüvvətinlə dağları möhkəmlətmisən.
7 Dənizlərin uğultusunu,
Dalğaların gurultusunu,
Ümmətlərin çaxnaşmasını
Yatıran Sənsən.
8 Dünyanın ucqarlarında yaşayanlar
Sənin əlamətlərinə mat qalırlar.
Gündoğandan günbatanadək bütün insanlar
Sənə mədh oxuyurlar.

9 Yer üzünün qayğısına qalıb su verirsən,
Onu çox məhsuldar edirsən.
Ey Allah, çayın su ilə doludur,
Torpağı taxıl üçün hazır edirsən.
10 Torpağın şırımlarını sulayırsan,
Aralarını bərkidirsən,
Gur yağışla torpağını yumşaldırsan,
Məhsuluna bərəkət verirsən.
11 Yaxşılıqlarınla tac qoyursan,
Yollarından yağ damır,
12 Çöl otlaqlarına tökülür,
Təpələr sevincə bürünür.
13 Çəmənlərin sürülərlə dolur,
Dərələrini taxıl bürüyür.
Onlar cuşa gəlib tərənnüm söyləyir!

Məzmur 66
Musiqi rəhbəri üçün. Bir ilahi.
Məzmur.

1 Ey bütün dünya əhli,
Cuşa gəlib Allaha nida edin,
2 Şərəfli ismini tərənnüm edin,
Ona şərəflə həmd edin!
3 Siz Allaha belə deyin:
«Əməllərin nə qədər zəhmlidir!
O qədər qüdrətlisən ki,
Düşmənlərin qarşında diz çökür!
4 Bütün dünya Sənə səcdə edir,
Səni tərənnüm edir,
İsmini tərənnüm edir». Sela

5 Gəlin, Allahın işlərini,
Bəşər övladları üçün etdiyi zəhmli əməllərini görün.
6[69][70] Dənizi quruya çevirdi,
Çayın sularını saxlayıb xalqını piyada keçirtdi.
Biz Allaha görə sevinək!
7 Qüdrəti ilə əbədi səltənət sürər,
Günahkarlar Ona qarşı qalxmasın deyə
Göz qoyub millətlərə nəzarət edər. Sela

8 Ey xalqlar, Allahımıza alqış edin,
Ona həmd edin, səsiniz eşidilsin!
9 Odur canımızı qoruyan,
Ayağımızı büdrəməyə qoymayan.

10 Ey Allah, bizi sınaqdan keçirtdin,
Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın.
11 Sən bizi Öz torunla tutdun,
Kürəyimizə ağır yük qoydun.
12 Sən insanları başımızın üstündən keçirtdin.
Oda düşdük, suya düşdük,
Axırda bizi Sən bolluğa çıxartdın.

13 Sənin evinə yandırma qurbanları ilə gələcəyəm,
Sənə əhd etdiyim təqdimləri verəcəyəm.
14 Dar gündə dilim bunları bəyan etdi,
Mənim ağzım bu əhdləri söylədi.
15 Kökəldilmiş heyvanları
Sənin üçün yandırma qurbanı verəcəyəm.
Qoçların xoş tüstüsü Sənə sarı qalxacaq,
Təkələri, öküzləri qurban gətirəcəyəm. Sela

16 Ey Allahdan qorxanlar, gəlin, dinləyin,
Onun mənə nə etdiyini sizə bəyan edim.
17 Ağzımla Onu səslədim,
Dilimlə Onu mədh etdim.
18 Mən qəlbimdə təqsirə yer versəydim,
Xudavənd məni eşitməzdi.
19 Lakin Allah məni dinlədi,
Duamın səsini eşitdi.
20 Alqış olsun Allaha! Duamı rədd etmədi,
Məndən məhəbbətini əsirgəmədi!

Məzmur 67
Musiqi rəhbəri üçün simli alətlərin müşayiəti ilə oxunan məzmur.
Bir ilahi.

1 Lütf edib, ey Allah, bizə xeyir-dua ver,
Üzün üstümüzə nur saçsın. Sela
2 Qoy yer üzündə Sənin yolun,
Bütün millətlər arasında qurtuluşun tanınsın.

3 Ey Allah, Sənə xalqlar şükür etsin,
Qoy Sənə bütün xalqlar şükür etsin.
4 Qoy ümmətlər sevinclə Səni mədh etsin,
Çünki xalqlara insafla hökm edirsən,
Yer üzündəki ümmətlərə yol göstərirsən. Sela
5 Ey Allah, Sənə xalqlar şükür etsin,
Qoy Sənə bütün xalqlar şükür etsin.

6 Yer üzü bəhrəsini verib,
Allah, bizim Allahımız bizə bərəkət verib.
7 Allah bizə xeyir-dua verib.
Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun!

Məzmur 68
Musiqi rəhbəri üçün. Davudun məzmuru.
Bir ilahi.

1 Allah qalxsın, qoy düşmənlər dağılsın,
Ona nifrət edənlər qarşısından qaçsın,
2 Pislər çəkilən tüstü kimi dağılsın,
Alovun qarşısında mum kimi ərisin.
Qoy onlar Allahın qarşısında məhv olsun.
3 Salehlər sevinsin,
Allahın hüzurunda fərəhindən coşsun,
Sevinib şad olsun.

4 Allaha ilahi oxuyun, ismini tərənnüm edin,
Buludlar üstünə minənə yol açın.
İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın.
5 Öz müqəddəs məskənində olan Allah
Yetimlərin atası,
Dul qadınların müdafiəçisidir.
6 Allah kimsəsizlərə ev qurur,
Əsirləri firavanlığa çıxarır,
Günahkarlar isə quru yurdda yaşayır.

7[71] Ey Allah, Sən xalqının önündə gedərkən,
Çöllükdə yürüşə çıxarkən Sela
8 Sina dağındakı Allahın qarşısında,
Allahın, İsrailin Allahının hüzurunda
Yer lərzəyə gəldi, göydən yağış töküldü.
9 Ey Allah, yaxşıca yağışlar yağdırdın,
Solan torpaqlarını canlandırdın.
10 Xalqın orada məskən saldı.
Ey Allah, xeyirxahlığına görə
Məzlumlar üçün oranı Sən hazırladın.

11 Xudavənd əmr edir,
Bir alay qadın
Belə müjdə paylayır:
12 «Düşmən orduları qaçır!
Padşahları qaçır!
Evdə olanlar
Talan malını paylayırlar.
13 Siz ağıllar arasında yatanda
Qanadları gümüş kimi bərq vuran,
Tükləri isə qızıl kimi parlayan,
Göyərçinə oxşayırsınız».
14 Külli-İxtiyar padşahları elə dağıtdı ki,
Elə bil Salmon dağına göydən qar tökülür.

15 Ey Başan dağı, Allahın dağı,
Ey zirvələri çox olan Başan dağı!
16 Ey zirvələri çox olan dağlar,
Allah məskən salmaq üçün seçdiyi dağa
Niyə qibtə ilə baxırsınız?
Bəli, Rəbb orada əbədi yaşar.

17 Allahın döyüş arabaları var
Minlərlə, saysız-hesabsız.
Xudavənd onlarla birgə
Sinadan müqəddəs məskəninə gəlib.
18[72] Ya Rəbb Allah, Sən yüksək yerlərə çıxıb məskən saldın,
Əsir etdiyin düşmənləri Özünlə oraya apardın,
Sən bütün insanlardan,
Hətta üsyankarlardan da xərac aldın.

19 Xudavəndə,
Bizi qurtaran Allaha –
Hər gün qayğı yükümüzü çəkənə alqış olsun! Sela
20 Allahımız azad edən Allahdır,
Ölümdən qurtaran Xudavənd Rəbdir.

21 Allah düşmənlərin kəlləsini,
Günah içində yaşayanların tüklü təpəsini əzəcək.
22 Xudavənd belə dedi:
«Onları Başandan geri qaytaracağam,
Dənizin dibində olsalar belə,
Oradan geri qaytaracağam.
23 Qoy ayaqların düşmənlərin qanına batsın,
Bundan itlərinin dilləri də pay alıb yalasın».

24 Ey Allah, indi burada o zəfər yürüşün,
Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür,
25 Öndə ilahi oxuyanlar,
Arxalarından isə çalğıçılar,
Aralarında dəfçalan qızlar gəlir.
26 Ey İsrailin belindən gələnlər, cəmiyyət içində
Allahınız Rəbbə alqış edin.
27 Qabaqda kiçik Binyamin qəbiləsi gedir,
Ardınca çoxlu Yəhuda başçıları,
Ondan sonra Zevulunun, Naftalinin başçıları gəlir.

28 Ey Allah, qüdrətini,
Bizim üçün işlətdiyin qüvvətini göstər.
29 Yerusəlimdəki məbədinə görə
Sənə padşahlar xərac gətirir.
30 Qamışlıqda yaşayan heyvanları,
Xalqların danaları ilə buğa sürüsünü tənbeh et.
Bu gümüşpərəstləri təpiyinin altına sal,
Davakar xalqları pərən-pərən et.
31 Misirdən Allahın hüzuruna elçilər gələcək,
Kuşlular da Ona əl açacaqlar.

32 Ey dünya ölkələri,
Allaha ilahi söyləyin.
Xudavəndi tərənnüm edin, Sela
33 Göylərin, ulu göylərin üstünə minəni,
Güclü səslə gurlayanı dinləyin,
34 Allahın qüdrətini bəyan edin,
Əzəməti İsrail üzərindədir,
Onun qüdrəti göylərdədir!
35 Müqəddəs məkanında olan ey Allah, zəhmlisən!
İsrailin Allahı Öz xalqına qüdrət, qüvvət verir.
Allaha alqış olsun!

Məzmur 69
Musiqi rəhbəri üçün. Davudun «Şoşannim» üstə oxunan məzmuru.

1 Ay Allah, məni qurtar,
Su çıxıb boğazımacan,
2 Dərin bataqlığa batmaqdayam,
Ayaq üstə durmağa yer yoxdur.
Dərin sulara qərq olmuşam,
Sellər məni aparır.
3 Fəryad etməkdən taqətim kəsildi,
Allahı gözləməkdən
Boğazım qurudu, gözümün nuru söndü.

4[73] Boş yerə mənə nifrət edənlər
Başımın tükündən çoxdur.
Haqsız yerə mənə düşmən kəsilənlər,
Məni məhv etmək istəyənlər qüvvətlidir.
Oğurlamadığım şeyləri necə qaytara bilərəm?
5 Ey Allah, ağılsızlıq etdiyimi bilirsən,
Günahlarım Səndən gizli deyil.

6 Ey Ordular Rəbbi Xudavənd, Səni gözləyənlər
Mənə görə qoy utanmasınlar.
Ey İsrailin Allahı, Səni axtaranlar
Mənə görə qoy xəcalət içində qalmasınlar.
7 Sənin uğrunda üzərimə rüsvayçılıq töküldü,
Üzümü xəcalət bürüdü.
8 Qardaşlarıma yad oldum,
Anamın oğullarına özgə sayıldım.
9[74][75] Evinin qeyrəti məni yandırıb-yaxdı,
Səni təhqir edənlərin rüsvayçılıq təhqirləri altında qaldım.
10 Oruc tutub ağlamağımı belə,
Mənə rüsvayçılıq saydılar.
11 Mən çula bürünəndə
Onlara söz oldum.
12 Darvazadakı adamlar məndən qeybət edirlər,
Sərxoşların dilinin nəğməsinə çevrildim.

13 Mənsə, ya Rəbb, Sənə dua edirəm.
Ey Allah, münasib gördüyün zaman
Bol məhəbbətinə görə mənə cavab ver,
Çünki qurtuluşuna etibar etmişəm.
14 Məni qurtar, bataqlığa batmayım,
Qoy düşmənlərimdən,
Dərin sulardan xilas olum.
15 Qoy sellər məni aparmasın,
Dərinlik məni udmasın,
Quyu üstümdə ağzını yummasın.
16 Ya Rəbb, mənə cavab ver,
Çünki məhəbbətin yaxşıdır.
17 Üzünü bu bəndəndən gizlətmə,
Tez cavab ver, çünki əzab çəkirəm.
18 Yetiş, canımı azad et,
Məni düşmənlərimdən xilas et.

19 Başıma gələn rüsvayçılığı,
Biabırçılığı, xəcaləti bilirsən,
Bütün yağılarım qarşındadır.
20 Rüsvayçılıq qəlbimi qırdı,
Gör necə biçarəyəm.
Çox axtardım, halıma yanan tapılmadı,
Hey axtardım, təsəlli verən olmadı.
21[76] Mənə yemək əvəzinə öd verdilər,
Susayanda sirkə içirtdilər.

22[77] Süfrələri onlar üçün tələ olsun,
Müttəfiqləri üçün tor olsun.
23 Gözlərinə qara gəlsin, görməsinlər,
Belləri onları lərzəyə salsın.
24 Qoy qəzəbin onların üzərinə yağsın,
Qoy hiddətinin qızğınlığı onları tutsun.
25[78] Düşərgələri viran olsun,
Çadırları boş qalsın.
26 Çünki Sənin vurduğun insanı təqib edirlər,
Yaraladıqlarının dərdini ona qaxınc edirlər.
27 Bu təqsirkarları daha da təqsirkar çıxar,
Səndən bəraət almasınlar.
28[79] Qoy adları həyat kitabından silinsin,
Salehlərlə yanaşı yazılmasın.

29 Mən məzlumam, dərdliyəm,
Ey Allah, Sənin qurtuluşun məni ucaltsın.
30 Allahın isminə ilahilərlə həmd oxuyacağam,
Onu şükürlərlə ucaldacağam.
31 Mal-qara qurbanından çox
Bu, Rəbbin xoşuna gələcək,
Buynuzlu, dırnaqlı buğadan çox
Bu Ona xoş gələcək.
32 Bunu görən məzlumlar qoy sevinsin,
Ey Allahı axtaranlar, ürəyiniz dirçəlsin.
33 Çünki Rəbb fəqirləri eşidir,
Öz əsir xalqına xor baxmır.

34 Göy, yer, dənizlər, oradakı canlılar
Qoy Rəbbə həmd oxusunlar.
35 Çünki Allah Sionu qurtaracaq,
O, Yəhuda şəhərlərini bərpa edəcək.
Onun xalqı oranı mülk edib məskən salacaq,
36 Ora qullarının övladlarına irs olaraq qalacaq,
Allahın ismini sevənlər orada sakin olacaq!

Məzmur 70 (Zəb. 40:13-17)
Musiqi rəhbəri üçün. Davudun yadasalma məzmuru.

1 Ey Allah, məni xilas et,
Ya Rəbb, dadıma tez çat!
2 Canımın qəsdinə duranlar
Qoy utanıb biabır olsunlar.
Pis günümdən zövq alanlar
Geri qovulub rüsvay olsunlar.
3 «Aha! Aha!» deyənlər
Xəcalət içində çaşıb-qalsınlar.

4 Lakin Səni axtaranlar
Sənə görə qoy şad olub sevinsinlər,
Verdiyin xilası sevənlər
Daim «Qoy ucalsın Allah!» desinlər.
5 Budur, bir məzlum, bir fəqirəm,
Ey Allah, Sən Özünü tez yetir.
Köməyim, xilaskarım Sənsən,
Ya Rəbb, ləngimə!

Məzmur 71

1 Ya Rəbb, Sənə pənah gətirirəm,
Heç vaxt məni xəcalətdə qoyma.
2 Məni ədalətinlə qurtar, xilas et,
Qulağını mənə sarı döndər, məni azad et.
3 Mənə sığınacaq qaya ol,
Qoy əmrinlə hər vaxt ora girib qurtulum.
Çünki qayam da Sən, qalam da Sənsən.

4 Ey Allahım, şər insanın əlindən,
Haqsızın, zalımın pəncəsindən məni qurtar.
5 Ey Xudavənd, Sən mənim ümidimsən,
Ya Rəbb, gəncliyimdən bəri Sənə güvənmişəm.
6 Doğulduğum gündən bəri dayağımsan,
Məni ana bətnindən dünyaya gətirmisən,
Həmişə Sənə həmd edirəm.

7 Çoxlarına qəribə bir şey oldum,
Amma Sən mənim möhkəm sığınacağım oldun.
8 Sənə həmd etmək dilimdən düşməz,
Daim Sənin izzətini düşünürəm.

9 Yaşa dolanda da məni rədd etmə,
Taqətdən düşəndə də məni tərk etmə.
10 Mənim barəmdə düşmənlərim belə söyləyir,
Məni öldürmək istəyənlər belə məsləhətləşir,
11 Deyirlər ki, Allah onu tərk edib,
Gəlin onu təqib edərək tutaq,
Çünki onu xilas edən yoxdur.

12 Ey Allah, məndən uzaq durma,
Ey Allahım, dadıma tez çat!
13 Qoy məni ittiham edənlər utanıb məhv olsun,
Bədxahlarımı xəcalət, rüsvayçılıq bürüsün.
14 Mənsə hər zaman Sənə ümid bağlayacağam,
Sənə həmd oxuduqca oxuyacağam.
15 Gün boyu salehliyini, qurtuluşunu dilim bəyan edir,
Onun ölçüsünü bilməsəm də.
16 Ey Xudavənd Rəbb, qüdrətinlə dolanıb-gəzəcəyəm,
Sənin, yalnız Sənin salehliyini bəyan edəcəyəm.

17 Ey Allah, gəncliyimdən bəri mənə təlim vermisən,
Sənin xariqələrini indiyədək elan edirəm.
18 Yaşa dolub saçıma dən düşənə qədər
Gələcək nəslə qüvvətini,
Gələcək nəslin hər birinə qüdrətini
Elan edəcəyəm.
Ey Allah, məni tərk etmə.

19 Ey Allah, salehliyin göylər qədər ucadır,
Böyük işlər görmüsən!
Ey Allah, Sənin kimisi varmı?
20 Sən mənə çoxlu ağır əzablar versən də,
Yenə məni dirçəldirsən,
Yerin dibindən yenə məni çıxarırsan,
21 Hörmətimi artırmaqla
Mənə yenə əmniyyət verirsən.

22 Ey Allahım, sədaqətinə görə
Çəng çalıb Sənə şükür edəcəyəm!
Ey İsrailin Müqəddəsi,
Səni lira ilə tərənnüm edəcəyəm!
23 Dilim, azadlıq verdiyin qəlbim
Mədh oxuyub Səni tərənnüm edəcək,
24 Dilim daim salehliyindən söyləyəcək,
Çünki bədxahlarımın xəcalətdən üzləri qızarıb.

Məzmur 72
Süleymanın məzmuru.

1 Ey Allah, padşaha ədalət ver,
Şah oğluna salehlik ver.
2 Qoy Sənin xalqına salehliklə,
Məzlumlara ədalətlə hakimlik etsin.
3 Xalqın firavanlığı dağlardan aşsın,
Salehlər təpələri dolaşsın.
4 Padşah xalq arasında olan məzlumları qorusun,
Fəqirləri xilas etsin,
Zalımları əzsin.
5 Nə qədər günəş və ay varsa,
Hər gələn nəsil qoy Səndən qorxsun.
6 Biçilən tarlaya yağış kimi,
Torpağı suvaran gur yağış kimi tökülsün.
7 Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın,
Göydə ay durduqca qoy firavanlıq artsın.

8[80] Dənizdən-dənizə qədər,
Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin.
9 Onun qarşısında köçəri xalqlar diz çöksün,
Düşmənləri isə qoy yerə vurulsun.
10 Tarşişin və adaların padşahları ona xərac gətirsin,
Səba və Seva padşahları ona bəxşiş versin.
11 Qarşısında bütün padşahlar təzim etsin,
Qoy bütün millətlər ona xidmət etsin!

12 Çünki o imdad deyib çağıran fəqirləri,
Məzlumları, köməksizləri qurtarır.
13 Yoxsula, fəqirə rəhm edir,
Fəqirlərin canlarını azad edir.
14 Onları hədə-qorxudan, zorakılıqdan qurtarır,
Onun gözündə bunların qanı qiymətlidir.

15 Yaşasın padşah!
Qoy ona Səba qızılı verilsin,
Qoy onun üçün durmadan dua edilsin,
Hər gün ona xeyir-dua verilsin.
16 Qoy ölkənin zəmiləri bol olsun,
Dağların başında dalğalansın.
Bu ölkə Livan kimi məhsul versin,
Qoy şəhərin əhalisi ot kimi bitsin.
17 Qoy padşahın adı əbədi qalsın,
Günəşin ömrü tək adı var olsun.
Onun vasitəsilə insanlar xeyir-dua alsın,
Onu bütün millətlər bəxtiyar adlandırsın!

18 Alqış olsun Rəbb Allaha, İsrailin Allahına,
Xariqələrin yeganə yaradanına!
19 Onun şərəfli ad-sanına əbədi alqış olsun,
Bütün yer üzü Onun izzətinə bürünsün!
Amin! Amin!

20 Yessey oğlu Davudun duaları burada sona çatır.

Üçüncü hissə

73-89-cu məzmurlar

Məzmur 73
Asəfin məzmuru.

1 Doğrudan da, İsrail üçün,
Ürəyitəmiz olanlar üçün
Allah xeyirxahdır.
2 Amma mənim ayaqlarım az qala büdrəmişdi,
Addımlarım məni yıxmışdı.
3 Pislərin firavanlığını görərkən
Bu məğrurlara həsəd aparırdım.

4 Ölənədək onların ağrıları yoxdur,
Vücudları ətə-cana gəlib.
5 Onlar başqaları kimi dərdə düşməzlər,
Əzab çəkməzlər.
6 Çünki təkəbbür onlar üçün boyunbağı kimidir,
Zorakılıq libas kimi əyinlərini örtür.
7 Köklükdən gözləri dombalıb çıxır,
Qəlblərinin pis məqsədləri aşıb-daşır.
8 Pis niyyətli sözləri ilə insanlara istehza edirlər,
Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər.
9 Ağızlarını göylərin əleyhinə açırlar,
Dillərinin sözləri dünyanı gəzib-dolaşır.
10 Ona görə bütün xalq onların tərəfinə keçir,
Sözlərini axıradək su kimi içir.
11 Deyirlər ki, Allah necə xəbər tutacaq?
Haqq-Taala bundan necə xəbərdar olacaq?
12 Belədir pis adamlar,
Daim arxayındırlar, var-dövlət artırırlar.

13 Məgər mən boş yerə qəlbimi təmizləmişdim,
Günahsızlıq içində əllərimi yumuşdum?
14 Həmişə əziyyətə düşürəm,
Hər səhər töhmətə rast gəlirəm.
15 Əgər «qoy mən də belə danışım» deyə düşünsəydim,
Sənin övladlarına xəyanət edərdim.
16 Bunu anlamaq üçün düşünəndə
Çətin bir iş kimi gözümə durdu.
17 Yalnız Allahın Müqəddəs məkanına girərkən
Onların aqibətini dərk etdim.
18 Doğrudan da, onları sürüşkən yerə qoymusan,
Onları məhvə yuvarlayırsan.
19 Onlar bir anda yox olacaqlar,
Dəhşət içində itib-batacaqlar.
20 Yuxudan ayılanda röyalar unudular,
Ey Xudavənd, Sənin oyanışınla bu adamlar boş sayılacaq.

21 O vaxt könlüm zəhərlənmişdi,
Qəlbim dəlik-deşik olmuşdu.
22 Necə axmaq idim, dərrakəm yox idi,
Qarşında sanki bir heyvan idim.
23 Amma daim Səninlə olmuşam,
Mənim sağ əlimdən tutmusan.
24 Nəsihətinlə mənə yol göstərirsən,
Sonra məni şərəfə çatdıracaqsan.
25 Göylərdə Səndən başqa kimim var?
Yer üzündə də Səndən başqa heç nə istəmirəm.
26 Cismim və ürəyim taqətdən düşsə belə,
Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.

27 Budur, Səndən uzaq düşənlər məhv olurlar,
Sənə xəyanət edənləri yox edirsən.
28 Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır,
Xudavənd Rəbbə pənah gətirmişəm,
Ona görə bütün işlərini hamıya çatdıracağam!

Məzmur 74
Asəfin maskili.

1 Ey Allah, niyə bizi əbədilik tərk etmisən?
Otlağının sürüsünə niyə qəzəbin alovlanıb?
2 Yada sal keçmişdə satın aldığın icmanı,
Özünə xalq etmək üçün azad etdiyin tayfanı,
Həm də məskənin olan Sion dağını.
3 Əbədi viranələrə doğru get,
Müqəddəs yerdə hər şeyi düşmən dağıdıb.

4 Səcdəgahının ortasında düşmənlər nərə çəkdilər,
Bu yerə zəfər bayraqlarını keçirtdilər.
5 Sıx meşəni budamaq üçün
Balta qaldıran adamlara bənzəyirlər.
6 Müqəddəs yerin bütün oyma işlərini
Baltalar və çəkiclərlə qırıb tökdülər.
7 Sənin Müqəddəs məkanına od vurdular,
Adının sakin olduğu yeri uçurub murdarladılar.
8 «Bu xalqı biz birgə əzməliyik» deyə düşünərək
Ölkədəki bütün səcdəgahları yandırdılar.

9 Heç bir rəmzimiz görünmür,
Daha peyğəmbərimiz yoxdur.
Kimsə bilmir, biz nə vaxtadək belə qalacağıq.
10 Ey Allah, nə vaxtadək düşmən Səni söyəcək?
Yağı əbədilikmi Sənə küfr edəcək?
11 Axı nə üçün əlini geri çəkirsən?
Çıxart qoynundan sağ əlini, onları məhv et.

12 Ey Allah, əzəldən Padşahımsan,
Yer üzünə qurtuluşlar verirsən.
13[81] Sən dənizi Öz qüdrətinlə böldün,
Dəniz əjdahalarının başlarını əzdin.
14 Sən Livyatanın[82] başlarını əzdin,
Onu çöl heyvanlarına yem etdin.
15 Sən bulaqlar açıb sellər axıtdın,
Həmişəaxar çayları isə qurutdun.
16 Gündüz də Sənindir, gecə də Sənin,
Ayı və günəşi Sən yaratmısan.
17 Sən quru yerin bütün sərhədlərini qoydun,
Həm yayı, həm qışı yaratdın.

18 Ya Rəbb, unutma, düşmən Səni söyür,
Sənin adına axmaq bir xalq küfr edir.
19 Öz qumrunun canını yırtıcılara vermə,
Məzlumlarının həyatını əsla unutma.
20 Özün bizimlə bağladığın əhdə bax!
Zorakılıq yuvaları ölkənin hər zülmət yerinə dolub.
21 Qoyma əzabkeş yenə də rüsvay olsun,
Qoy sənin adına məzlumlar və fəqirlər həmd oxusun.

22 Qalx, ey Allah, mübarizəni apar,
Unutma ki, axmaqlar həmişə Səni söyür.
23 Düşmənlərinin səsini,
Əleyhdarlarının daim yüksələn vəlvələsini unutma.

Məzmur 75
Musiqi rəhbəri üçün Asəfin «Al-taşxet» üstə oxunan məzmuru.
Bir ilahi.

1 Ey Allah, biz Sənə şükür edirik,
Bizə doğma olan isminə şükür olsun,
Xariqələrin bunu bəyan edir!

2 Allah deyir: «Müəyyən etdiyim zaman
Mən insafla hakimlik edəcəyəm.
3 Yer və üzərindəkilər lərzəyə gələrkən
Onu saxlayıb sütunlarından tutan Mənəm. Sela
4 Məğrurlara dedim: “Daha məğrurluq etməyin”,
Pislərə dedim: “Gücünüzü göstərməyin,
5 Buynuz çıxartmayın,
Dikbaş-dikbaş danışmayın”».

6 İnsanı yüksəltmək
Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir.
7 Hökm verən Allah isə
Həm alçaldır, həm yüksəldir.
8 Rəbb əlində bir cam tutub,
Onu ədviyyatlı, köpüklənən şərabla doldurub.
Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq,
Onlar da şərabı dibinə qədər içib-qurtaracaq.

9 Mənsə daim bunu elan edəcəyəm,
Yaqubun Allahına tərənnüm oxuyacağam.
10 Pis adamların buynuzları qırılacaq,
Amma salehlərin qüvvəti artacaq.

Məzmur 76
Musiqi rəhbəri üçün. Asəfin simli alətlərin müşayiəti ilə oxunan məzmuru.
Bir ilahi.

1 Allah Yəhudada şöhrətlidir,
İsraildə Onun adı böyükdür.
2 Çardağı Salemdədir,
Məskəni Siondadır.
3 Allah orada alovlu oxları,
Qalxan-qılıncı və bütün silahları qırdı. Sela

4 Ey Allah, şərəfli Sənsən,
Ulu dağlardan da əzəmətlisən!
5 Cəsur ürəklilər talan oldu,
Ölüm yuxusuna daldı,
Bütün cəngavərlərin əlləri sustaldı.
6 Ey Yaqubun Allahı, Sənin məzəmmətindən
Arabaçılar və atlar uyumuş qaldı.

7 Sən zəhmlisən, Sən!
Qəzəblənəndə qarşında kim dura bilər?
8 Öz hökmünü göylərdən elan etdin,
Yer vahimələndi və səsini kəsdi.
9 Onda, ey Allah, hökm çıxarmaq üçün,
Dünyadakı məzlumların hamısını qurtarmaq üçün qalxdın. Sela

10 Qəzəbli insanlar belə, Sənə şükür edir,
Qəzəbdən qurtulanları Özünə bağlayırsan.

11 Allahınız Rəbbə əhd edin və yerinə yetirin,
Ey bütün ətraf xalqlar, o Zəhmli Olana xərac gətirin.
12 O, hökmdarların nəfəsini kəsər,
Dünya padşahlarını vahimələndirər.

Məzmur 77
Musiqi rəhbəri Yedutun üçün. Asəfin məzmuru.

1 Allahı səsləyirəm, fəryad edirəm,
Allahı səsləyirəm, O məni dinlər.
2 Dar günümdə Xudavəndi axtarıram,
Bütün gecə durmadan,
Könlüm ovunmadan Ona əl açmışam.
3 Allahı yada salarkən təlaşa düşürəm,
Dərindən fikirləşəndə ruhdan düşürəm. Sela

4 Qoymursan gözlərimi yumum,
Üzgünlükdən danışa bilmirəm.
5 Düşünürəm keçən günləri,
Ötən dövranı, illəri.
6 Oxuduğum ilahi gecələr yadıma düşür,
Ürəyimdə düşünəndə könlüm məndən soruşur:
7 «Xudavənd məni əbədilikmi tərk edib?
Bir daha məndən razı qalmayacaqmı?
8 Məhəbbəti həmişəlik qurtardımı?
Vədi nəsildən-nəslə qədər sona çatdımı?
9 Allah rəhm etməyi unudubmu,
Mərhəmətinin yerini qəzəb tutdumu?» Sela

10 Dedim: «Bu mənim üçün bəladır,
Haqq-Taala daha gücünü göstərmir».

11 Ya Rəbb, Sənin əməllərini yada salıram,
Bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən.
12 Sənin bütün işlərini dərindən düşünürəm,
Əməllərin barədə xəyala dalıram.
13 Allahın yolu müqəddəsdir.
Allah kimi böyük hansı allah var?
14 Xariqələr yaradan Allah Sənsən,
Xalqlar arasında qüdrətini göstərmisən.
15 Əl uzadıb xalqını,
Yaqub, Yusif övladlarını azad etmisən. Sela

16 Ey Allah, sular Səni gördü,
Səni görən sular qorxdu,
Hətta ümmanlar lərzəyə gəldi.
17 Buludlar yağışa döndü,
Göylərdən gurultular eşidildi,
Hər tərəfə oxların töküldü.
18 Qasırğanın içindən ildırım çaxdı,
Şimşəklər yer üzünə işıq saçdı,
Yer lərzəyə gəlib sarsıldı.
19 Sən dənizdə, ümman sularda yol açdın,
Amma ayaq izlərin məlum olmadı.
20 Sən Musa və Harunun əli ilə
Xalqını bir sürü kimi aparmışdın.

Məzmur 78
Asəfin maskili.

1 Ey xalqım, təlimimi dinləyin,
Dilimdən çıxan sözləri eşidin.
2[83] Ağzımı bu məsəllə açıb
Keçmişdəki müəmmaları bəyan edəcəyəm.
3 Bunları eşitmişik, bilirik,
Bizə atalarımız nəql edib.
4 Bunu onların nəvələrindən gizlətməyəcəyik;
Rəbbin həmdə layiq işlərini,
Onun qüdrətini, etdiyi xariqələri
Gələcək nəsillərə söyləyəcəyik.

5 Rəbb öyüd vermək üçün Yaqub nəslinə –
İsrailə bir təlim qoydu.
Ata-babalarımıza əmr etdi ki,
Bu təlimi övladlarına öyrətsin.
6 Qoy gələcək nəsil də bilsin,
Gələcəkdə doğulacaq övladlar da
Balalarına bu təlimi verə bilsin.
7 Qoy ümidlərini Allaha bağlasınlar,
Allahın işlərini unutmasınlar,
Əmrlərini yerinə yetirsinlər.
8 Qoy ata-babaları kimi olmasınlar,
Çünki onlar dikbaş, üsyankar bir nəsil idi.
Allaha ürəkləri dönük,
Könülləri vəfasız idi.

9 Efrayim övladları ox-kamanla silahlandılar,
Amma döyüş günü tez geriyə qayıtdılar.
10 Allahın əhdini pozanlar belə etdilər,
Sənin qanunlarınla yaşamaq istəmədilər.
11 Allahın işlərini,
Göstərdiyi xariqələrini unutdular.
12[84] Allah Misir torpağında, Soan bölgəsində,
Ata-babalarının gözləri önündə xariqələr göstərmişdi.
13[85] Dənizi yarıb onları keçirmişdi,
Suları divar kimi saxlamışdı.
14[86] Onlara gündüz buludla,
Bütün gecə şəfəq saçan alovla yol göstərmişdi.
15[87] Çöldə qayaları yarmışdı,
İçsinlər deyə ümman kimi bol su çıxarmışdı.
16 Qayadan suları sel kimi çıxarmışdı,
Bu suları çaylar kimi axıtmışdı.

17 Amma onlar günah etməyi davam etdirdilər,
Səhrada Haqq-Taalaya qarşı üsyankar oldular.
18[88] İştahaları artdı, yemək tələb etdilər,
Ürəklərində Allahı sınağa çəkdilər.
19 Allahın əleyhinə belə danışdılar:
«Məgər Allah çöldə süfrə qura bilər?
20 Nə olsun qayaya vuranda sular axdı,
Sellər aşıb-daşdı.
Görəsən O, çörək verə bilərmi?
Xalqına ət verə bilərmi?»

21 Rəbb bunu eşidərkən qəzəbləndi,
Yaquba qarşı alovunu yerə tökdü,
İsrailə qarşı hiddəti artdı.
22 Çünki onlar Allaha inanmırdılar,
Onun qurtuluşuna arxalanmırdılar.
23 Bununla belə, uca səmaya əmr etdi,
Göylərin qapılarını açdırdı.
24[89] Onlara yemək üçün manna yağdırdı,
Göylərin taxılını verdi.
25 İnsan mələklərin çörəyindən yedi,
Onlara doyunca yemək verildi.
26 Göylərdə şərq küləyini əsdirdi,
Qüdrəti ilə cənub küləyini gətirdi.
27 Başlarına toz kimi ət yağdırdı,
Onlara dənizdəki qum qədər quşlar göndərdi.
28 Düşərgələrinin ortasına,
Qaldıqları yerin ətrafına səpələdi.
29 Onlar doyunca, çox yedi,
İştahaları çəkən şeyləri onlara verdi.
30 Lakin iştahaları qurtarmamış,
Yemək ağızlarında olarkən
31 Allah onlara qarşı hiddətini artırdı,
Ətli-canlılarını qırdı,
İsrail igidlərini vurub yerə sərdi.

32 Bununla belə, günahlarını davam etdirdilər,
Onun xariqələrinə inanmadılar.
33 Buna görə də günlərini puç etdi,
Dəhşətlə ömürlərini sona yetirdi.
34 Ölənləri görüb Allahı axtardılar,
Geri dönüb Allahı səylə aradılar.
35 Yadlarına düşdü ki, Allah onların Qayası idi,
Allah-Taala onların Satınalanı idi.
36 Lakin ağızları ilə Ona yaltaqlanırdılar,
Dilləri ilə Ona yalan danışırdılar.
37[90] Qəlblərində Ona qarşı dönük olmuşdular,
Əhdinə vəfasız çıxmışdılar.
38 Allah isə rəhmlidir, günahı bağışlayır,
Günahkarı yox etmir.
Dəfələrlə qəzəbini saxlayır,
Hiddətini tamamilə oyanmağa qoymayır.
39 Yada saldı ki, onlar yalnız bəşərdir,
Onlar əsən, geri dönməyən küləyə bənzəyir.
40 Neçə dəfə səhrada Ona qarşı üsyankar oldular,
Neçə dəfə çöllükdə Onu kədərləndirdilər!
41 Allahı dönə-dönə sınadılar,
İsrailin Müqəddəsinin xətrinə dəydilər.
42 Xatırlamadılar Onun qüdrətini,
Düşməndən azad etdiyi günü,
43 Misirdə göstərdiyi əlamətləri,
Soan bölgəsində göstərdiyi möcüzələri.
44[91] Misirlilər sulardan içə bilməsinlər deyə
Suları qana döndərib çaylardan axıtmışdı.
45[92][93] Onları göndərdiyi mozalanlara yem etmişdi,
Göndərdiyi qurbağalar ölkələrini xarabaya çevirmişdi.
46[94] Əkinlərini tırtıllara,
Zəhmətlərinin bəhərini çəyirtkələrə vermişdi.
47[95] Üzümlərini dolu ilə,
Firon ənciri ağaclarını şaxta ilə məhv etmişdi.
48 Naxırlarını dolu ilə,
Sürülərini şimşəklə qırmışdı.
49 Onların üzərinə qızğın qəzəbini,
Hirsini, hiddətini, dərdləri,
Bir qoşun ölüm mələklərini tökmüşdü.
50 Qızğın qəzəbinə yol açmışdı,
Əsirgəmədən canlarına ölüm vermişdi,
Həyatlarına bəla gətirmişdi.
51[96] Hər Misirlinin ilk oğlunu,
Ham nəslindən hər kişinin belindən gələn ilk oğlunu qırmışdı.
52[97] Öz xalqını isə qoyun kimi oradan çıxarmışdı,
Çöldən onları sürü kimi aparmışdı.
53[98] Onları qorxudan uzaq, asayiş içində aparmışdı,
Düşmənləri isə dənizdə qərq olmuşdu.
54[99] Onları Öz müqəddəs torpağına,
Sağ əli ilə aldığı dağlar diyarına gətirdi.
55[100] Onların qarşısından başqa millətləri qovdu,
Torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı,
Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.

56[101] Lakin onlar Allah-Taalanı sınadılar,
Ona qarşı üsyankar oldular,
Göstərişlərinə əməl etmədilər.
57 Ataları kimi dönüklük və xəyanət etdilər,
Xarab kamandan atılan ox kimi əyri getdilər.
58 Onu səcdəgahları ilə qəzəbləndirdilər,
Onu yonma bütləri ilə qısqandırdılar.
59 Bunları eşidən Allah çox hiddətləndi,
İsraili tamamilə rədd etdi.
60[102] İnsanlar arasında qaldığı çadırını,
Şilodakı məskənini tərk etdi.
61[103] Qüdrətini[104] əsarətə,
Şərəfini düşmən əlinə təslim etdi.
62 Öz xalqını qılıncdan keçirtdi,
Öz irsini qəzəbinə düçar etdi.
63 İgidləri alov uddu,
Nişanlı qızlara toy çalınmadı.
64 Kahinləri qılınclarla qırıldı,
Arvadları dul qaldı, gözlərinin yaşı qurudu.

65 O zaman Xudavənd yuxulu insan kimi oyandı,
Sanki şərabın təsirindən ayılan bir pəhləvandır.
66 Düşmənlərini vuraraq geri atdı,
Əbədi olaraq onları rüsvay etdi.
67 Yusifin nəslini rədd etdi,
Efrayim qəbiləsini seçmədi.
68 Yəhuda qəbiləsini,
Sevdiyi Sion dağını seçdi.
69 Öz Müqəddəs məkanını səma kimi,
Əbədi qurduğu dünya kimi tikdi.
70[105] Çoban olan qulu Davudu seçdi,
Onu qoyun ağıllarından götürdü.
71 Əmlik quzuların qayğısına qalanı gətirdi,
Xalqı Yaqub nəslinin və Öz irsi İsrailin çobanı etdi.
72 Davud onları kamil ürəklə otardı,
Əlindən gələn məharətlə onları irəli apardı.

Məzmur 79
Asəfin məzmuru.

1[106] Ey Allah, millətlər Sənin mülkünə giriblər,
Müqəddəs məbədini murdar ediblər,
Yerusəlimi viranəliyə çeviriblər.
2 Qullarının cəsədini göydəki quşlara yem ediblər,
Möminlərinin ətini yerdəki heyvanlara veriblər.
3 Yerusəlimin hər tərəfində onların qanı axıdılıb,
Onları dəfn edən yoxdur.
4 Qonşularımızın tənə hədəfinə döndük,
Ətrafdakılarımız tərəfindən ələ salınıb lağ edildik.

5 Ya Rəbb, nə vaxtacan,
Yoxsa əbədilikmi bu qəzəbindən dönməyəcəksən,
Qısqanclıqdan od tutub yanacaqsan?
6[107] Səni tanımayan millətlərin,
İsmini çağırmayan ölkələrin üstünə hiddətini tök.
7 Çünki onlar Yaqub nəslinin başını yeyiblər,
Yurd-yuvasını viranəyə çeviriblər.

8 Ata-babalarımızın günahını boynumuza qoyma,
Nə qədər alçalmışıq, mərhəmətini bizə tez göstər.
9 Ey bizi qurtaran Allah,
İsmin şərəfinə Sən bizə yardım et,
Günahlarımızı kəffarə edərək
İsmin naminə Sən bizi xilas et.
10 Niyə millətlər «Hanı onların Allahı?» desinlər?
Qullarının tökülən qan qisasının alınmasını
Qoy gözümüz görsün, millətlər də bilsinlər.

11 Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın,
Ölümə aparılanları böyük qüdrətinlə qoru.
12 Ey Xudavənd, Sənə tənə vuran bizim qonşuların
Tənələrini yeddi qat artıq kökslərinə qaytar.
13 Biz Sənin xalqın, otlağının sürüsüyük,
Əbədilik Sənə şükür edərik,
Nəsildən-nəslə qədər həmdlərini bəyan edərik!

Məzmur 80
Musiqi rəhbəri üçün. Asəfin «Şoşannim» üstə oxunan şəhadət məzmuru.

1[108] Ey İsrailin Çobanı,
Yusif nəslinə sürü kimi Baxan, qulaq as!
Ey keruvlar üstündə Oturan, nurunu saç!
2 Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə
Qoy qüvvətin oyansın, gəl, bizi qurtar!
3 Ey Allah, bizi əvvəlki halımıza qaytar,
Üzündən nur saçıb bizi qurtar!

4 Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacan
Xalqının duasından qəzəblənəcəksən?
5 Onlara çörək yerinə göz yaşı yedirdin,
Onlara bolluca göz yaşı içirdin.
6 Qonşularımızla bizi çəkişməyə vadar etdin,
Düşmən bizi ələ salıb gülür.

7 Ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar,
Üzündən nur saçıb bizi qurtar!

8 Misirdən tənək fidanı gətirərək
Qovduğun millətlərin torpağında əkdin.
9 Bunun üçün sahə hazırlamışdın,
Tənək rişələnib ölkəni bürüdü.
10 Budaqları dağlara,
Böyük sidr ağaclarına kölgə saldı.
11 Dənizə qədər qol-budaq atdı,
Zoğ atıb Fərat çayına çatdı.
12 Bəs niyə ətrafdakı hasarını uçurdun?
Budur, yoldan keçən hər kəs məhsullarını qoparır,
13 Tənəyi meşənin qabanları korlayır,
Onu çöl heyvanları çeynəyir.

14 Ey Ordular Allahı, dön, göydən bax,
Bu tənəyi gör, qayğısına qal.
15 Axı bu fidanı sağ əlinlə əkmisən,
Kökünə[109] qüvvət vermisən.
16 Tənəyini kəsib yandıranlar
Qəzəbli məzəmmətinlə qoy yox olsunlar!
17 Sənin əlin, sağ əlin Öz seçdiyin adamı –
Qüvvət verdiyin bəşər oğlunu qorusun.
18 Qoy Səndən dönüb ayrılmayaq,
Bizi elə yaşat ki, ismini çağıraq.

19 Ya Rəbb, ey Ordular Allahı, bizi əvvəlki halımıza qaytar,
Üzündən nur saçıb bizi qurtar!

Məzmur 81
Musiqi rəhbəri üçün. Asəfin «Gittit» üstə oxunan məzmuru.

1 Qüvvətimiz olan Allahı mədh edin,
Yaqubun Allahına cuşa gəlib nida edin!
2 İlahi oxuyun,
Dəfi, xoş avazlı liranı və çəngi çalın.
3[110] Təzə Ay mərasimində, ay bədirlənəndə,
Bizim bayram günündə
Şeypur çalın!
4 Çünki bu, İsrail üçün verilən qaydadır,
Yaqubun Allahının hökmüdür.
5 O, Misir əleyhinə çıxanda
Yusif nəslinə belə bir öyüd verib.

Naməlum bir səs eşitdim:
6 «Onun çiyinlərini bu yükdən qurtarıram,
Qoy əlləri bu ağır səbətdən azad olsun.
7[111] Dar günündə Məni çağırdın,
Mən də səni qurtardım.
Gurlayaraq tufan içindən sənə cavab verdim,
Meriva sularında səni sınadım. Sela

8 Ey xalqım, dinlə, xəbərdarlıq edirəm,
Ey İsrail, kaş ki Məni dinləyəydin!
9[112] Aranızda özgə allah olmasın,
Yad allaha kimsə səcdə qılmasın.
10 Rəbb Allahınız Mənəm,
Mən sizi Misir torpağından buraya gətirmişəm.
Ağzını yaxşı aç,
Doyunca yemək verirəm.

11 Lakin xalqım səsimi eşitmədi,
İsrail nəsli Məni istəmədi.
12 Onların inadkar qəlblərinə izin verdim ki,
Necə istəyirlər, elə gəzsinlər.
13 Kaş ki xalqım Mənə qulaq asaydı,
İsrail nəsli Mənim yolumla gedəydi!
14 Bir anda düşmənlərini yerə sərərdim,
Əlimi yağılarının üstünə qaldırardım.
15 Mən Rəbbə nifrət edənlər Mənə boyun əyərdi,
Əbədi olaraq vaxtları belə keçərdi.
16 Sizə taxılın əlasını yedirərdim,
Sizi qayadan axan balla bəsləyərdim».

Məzmur 82
Asəfin məzmuru.

1 Allah Öz toplantısında durub,
Hökmünü verərək allahlar arasında deyir:
2 «Nə vaxtadək nahaq hökm verəcəksiniz,
Pislərə tərəfkeşlik edəcəksiniz? Sela
3 Yoxsulun və yetimin işinə ədalətlə baxın,
Məzlumun və fəqirin haqqını verin.
4 Yoxsul və möhtacları qurtarın,
Pislərin əlindən onları azad edin.

5 Nə bilirsiniz, nə də ki anlayırsınız!
Yerin təməlləri sarsılır, qaranlıqda dolanırsınız.
6[113] Demişəm: “Siz allahlarsınız,
Hər biriniz Haqq-Taala övladlarısınız”.
7 Lakin insan kimi öləcəksiniz,
Adi bir hökmdar kimi torpağa düşəcəksiniz».
8 Ey Allah, qalx, dünyaya hakim ol,
Çünki bütün millətlərə Sən sahib olacaqsan!

Məzmur 83
Bir ilahi.
Asəfin məzmuru.

1 Ey Allah, susub səssiz durma!
Ey Allah, sakit olma!
2 Budur, düşmənlər qiyamət qoparır,
Sənə nifrət edənlər Sənin əleyhinə qalxır.
3 Xalqına qarşı fənd işlədirlər,
Sənin qoruduqlarına qarşı birgə qərara gəlirlər.
4 Deyirlər: «Gəlin, onları millət olmasın deyə məhv edək,
İsrailin adı xatırlanmasın deyə onları yox edək».
5 Ürəkləri bir olaraq qərara gəliblər,
Sənə qarşı bunlar əhd ediblər:
6 Edomlular, İsmaillilər,
Moavlılar, Həcərlilər,
7 Geval, Ammon, Amaleq,
Filişt və Sur əhalisi.
8 Aşşur da onlara qoşulub,
Lutun övladlarına kömək edir. Sela

9[114][115] Başlarına gətir Midyanlılara etdiklərini,
Qişon vadisində Sisranın, Yavinin başına gətirdiklərini.
10 Onlar En-Dorda həlak oldular,
Torpaq üçün peyin oldular.
11[116] Əsilzadələrini Orev və Zeev kimi et,
Bütün ağalarını Zevah və Salmunna kimi et.
12 Onlar demişdilər:
«Allahın otlaqlarına sahib olaq».

13 Ey Allahım, onları sovrulan toza,
Küləyin süpürdüyü saman qırıntısına çevir.
14 Meşəni yandıran od kimi,
Dağları alışdıran alov kimi
15 Onları tufanınla qov,
Qasırğanla dəhşətə sal.
16 Ya Rəbb, onların üzünü xəcalətə bürü,
Qoy Sənin ismini axtarsınlar.
17 Əbədilik utanaraq vəlvələyə düşsünlər,
Rüsvay olub yox olsunlar.
18 Bilsinlər ki, Sənin ismin Rəbdir,
Bütün yer üzündə ancaq Sən Haqq-Taalasan!

Məzmur 84
Musiqi rəhbəri üçün. Qorah övladlarının «Gittit» üstə oxunan məzmuru.

1 Ey Ordular Rəbbi, məskənin nə qədər əzizdir,
2 Qəlbim Rəbbin həyətinin həsrətindədir,
Könlüm, cismim var olan Allaha mədh oxuyur.
3 Ey Ordular Rəbbi, Padşahım, Allahım,
Qurbangahının yaxınında sərçələr yurd salar,
Qaranquş bala çıxartmaq üçün yuva qurar.
4 Nə bəxtiyardır evində yaşayanlar,
Daim Sənə həmd oxuyanlar! Sela

5 Nə bəxtiyardır Səndən qüvvət alanlar,
Qəlbində Sionu ziyarət etməyi arzulayanlar!
6 Baka[117] vadisindən keçərkən
Onlara çağlayan bulaqlar görünər,
İlk yağışdan ora gölməçələrə bürünər.
7 Bu adamlar getdikcə qüvvət alarlar,
Sionda Allahın hüzurunda olarlar.

8 Ya Rəbb, ey Ordular Allahı, duamı dinlə,
Ey Yaqubun Allahı, qulaq as! Sela
9 Ey Allah, bizə sipər olana bax,
Məsh etdiyinin üzünə bax!

10 Sənin həyətində keçən bir günüm
Başqa yerdə keçən min günümdən yaxşıdır.
Allahımın evinin keşiyində dayanmağım
Pislərin çadırında rahat ömür sürməkdən yaxşıdır.
11 Axı Rəbb Allah günəşdir, sipərdir,
Rəbb lütf və şərəf verir,
Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir.
12 Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır!

Məzmur 85
Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru.

1 Ya Rəbb, ölkədən razı qaldın,
Yaqub nəslini bəxtəvər günlərə qaytardın.
2 Xalqının təqsirlərini bağışladın,
Bütün günahlarını əfv etdin. Sela
3 Sən bütün hirsini uddun,
Qızğın qəzəbini yatırdın.

4 Ey bizi qurtaran Allah,
Bizə bəxtəvər günlərimizi qaytar.
Bizə qarşı hiddətindən əl çək.
5 Əbədilikmi bizə acığın tutacaq?
Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq?
6 Xalqın Səndən sevinc alsın deyə
Bizi yenə dirçəltməyəcəksənmi?
7 Ya Rəbb, bizə məhəbbətini göstər,
Bizi xilas et.

8 Rəbb Allah nə söyləsə, dinləyirəm.
Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki,
Onlar öz cəhalətlərinə dönməsinlər.
9 Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün,
Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır!

10 Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq,
Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
11 Həqiqət yerdə bitib-göyərəcək,
Ədalət göylərdən baxacaq.
12 Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək,
Torpağımız bol məhsul verəcək.
13 Ədalət Rəbbin önündə addımlayar,
Qədəmləri üçün cığır salar.

Məzmur 86
Davudun duası.

1 Ya Rəbb, mənə qulaq asıb cavab ver,
Çünki mən məzlumam, fəqirəm.
2 Möminəm, Sən Özün məni qoru,
Ey Allahım, Sənə güvənən bəndəni qurtar.
3 Rəhm et mənə, ey Xudavənd,
Çünki bütün gün Səni səsləyirəm!
4 Bu bəndənin qəlbini sevindir,
Ey Xudavənd, Sənə ürəyimi təqdim edirəm.
5 Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən,
Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur.
6 Ya Rəbb, duamı dinlə,
Yalvarışlarımın səsinə qulaq as.
7 Dar gündə Səni səsləyirəm,
Bilirəm ki, mənə cavab verərsən.

8 Ey Xudavənd, allahlar arasında Sənin kimisi yoxdur,
Əməllərin kimi əməl yoxdur.
9[118] Ey Xudavənd, yaratdığın millətlərin hamısı hüzuruna gələcək,
Sənin ismini izzətləndirərək səcdə edəcək.
10 Çünki əzəmətli, xariqələr yaradan Sənsən,
Yeganə Allah Sənsən!

11 Ya Rəbb, mənə yolunu göstər,
Sənin həqiqətinlə addımlayım.
Qəlbimi səmimi et,
Qoy Sənin ismindən qorxum.
12 Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm,
Daim ismini izzətləndirəcəyəm.
13 Çünki mənə olan məhəbbətin böyükdür,
Canımı ölülər diyarına enməkdən qurtardın.

14 Ey Allah, lovğalar əleyhimə qalxır,
Bir dəstə zalım canımı almaq üçün məni axtarır,
Səni qarşılarında görmür.
15[119] Ey Xudavənd, Sən rəhmli, lütfkar Allahsan,
Hədsiz səbirlisən, məhəbbətin və sədaqətin boldur.
16 Sən mənə baxıb rəhm et,
Bu bəndənə Öz gücündən ver,
Kənizinin oğlunu xilas et.
17 Xeyirxahlığından mənə bir əlamət göstər,
Qoy mənə nifrət edənlər görüb utansınlar.
Çünki, ya Rəbb, mənə kömək edirsən,
Könlümə təsəlli verirsən.

Məzmur 87
Qorah övladlarının məzmuru.
Bir ilahi.

1 Müqəddəs dağlar
Rəbbin şəhərinin təməlidir,
2 Yaqubun bütün məskənlərindən çox
Sionun darvazaları Ona əzizdir.
3 Ey Allahın şəhəri,
Haqqında bu şanlı sözləri deyirlər: Sela

4 «Məni tanıyanların içindən
Rahavın,[120] Babilin adını çəkəcəyəm.
Həm də Filişt, Sur, Kuş barədə
Deyiləcək: “Bunlar da bu yerdə doğulub”.

5 Bəli, Sion barədə deyiləcək:
“Onların hamısı bu yerdə doğulub,
Haqq-Taala buranı sarsılmaz edəcək”.
6 Rəbb xalqları siyahıda qeyd edəndə yazacaq:
“Bunlar bu yerdə doğulub”. Sela

7 Oxuyanlar, rəqs edənlər belə deyəcəklər:
“Səndə mənim üçün hər cür çeşmə var”».

Məzmur 88
Bir ilahi.
Qorah övladlarının məzmuru.
Musiqi rəhbəri üçün Ezrahlı Hemanın «Maxalat leannot» üstə oxunan maskili.

1 Ya Rəbb, ey məni qurtaran Allah,
Gecə-gündüz Sənə yalvarıram!
2 Qoy duam Sənə çatsın,
Qulaq as naləmə.

3 Bəlalardan canım boğazıma gəldi,
Həyatım ölülər diyarına yaxınlaşır.
4 Qəbirə düşənlərin içində sayılıram,
Sanki məndə taqət qalmayıb.
5 Elə bil ölülər içinə düşmüşəm,
Yaddaşından silinmişəm,
Köməyindən əlimi üzmüşəm,
Məzarda yatan meyitlər kimiyəm.
6 Məni dərin qəbirə,
Dərin, qaranlıq bir yerə saldın.
7 Qəzəbin üstümə gəldi,
Təlatümün tamamilə məni əzdi. Sela

8 Tanışlarımı məndən uzaqlaşdırdın,
Onlarda mənə qarşı ikrah yaratdın.
Qapalı qalmışam, çıxa bilmirəm,
9 Bu zülmümdən gözlərimin nuru sönür.
Ya Rəbb, hər gün Səni çağırıram,
Sənə əl açıram.

10 Xariqələrini ölülərəmi göstərəcəksən?
Kölgələrmi qalxıb Sənə şükür edəcək? Sela
11 Məhəbbətin məzardamı,
Sədaqətin Həlak yerindəmi bəyan olunacaq?
12 Xariqələrin qaranlıqdamı,
Ədalətin unudulma diyarındamı tanınacaq?

13 Mən isə, ya Rəbb, Səni imdada çağırıram,
Duam hər səhər hüzuruna qalxır.
14 Ya Rəbb, niyə məni rədd edirsən?
Niyə məndən üzünü gizlədirsən?
15 Mən uşaqlıqdan məzlumam, ölümcül haldayam,
Göstərdiyin dəhşətlərdən çarəsiz qalmışam.
16 Qəzəbin üzərimdən basır,
Verdiyin vahimələrdən məhv oluram.
17 Bunlar sel kimi məni dövrəyə salır,
Bunlar birgə həmişə başımın üstünü alır.
18 Yarımı, yoldaşımı məndən uzaqlaşdırmısan,
Yalnız qaranlıqla həmdəm olmuşam.

Məzmur 89
[121]Ezrahlı Etanın maskili.

1 Ya Rəbb, daim məhəbbətindən nəğmə oxuyacağam,
Sənin sədaqətini dilim hər nəslə deyəcək.
2 Deyirəm ki, məhəbbətin əbədiyaşardır,
Sədaqətin göylər qədər sarsılmazdır.
3 Dedin: «Öz seçdiyimlə əhd kəsmişəm,
Qulum Davud üçün belə and içmişəm:
4[122] “Mən nəslini əbədi sarsılmaz edəcəyəm,
Sülaləni taxtında sonsuzadək yaşadacağam”». Sela

5 Ya Rəbb, göylər Sənin xariqələrinə şükür etsin,
Müqəddəslər camaatı arasında sədaqətinə həmd edilsin.
6 Göydə Rəbbin tayı-bərabəri varmı?
İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı?
7 Müqəddəslər məclisində Allah çox zəhmlidir,
Ətrafında olanların hamısından O heybətlidir.
8 Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı?
Səni sədaqətin bürüyüb.
9 Sən qabaran dənizə hökm edirsən,
Aşıb-daşan dalğaları yatırırsan.
10 Sən Rahavı[123] əzib leşini çıxartdın,
Qüvvətli qolunla düşmənləri dağıtdın.
11 Göylər Sənin, yer üzü Sənin,
Qurduğun yer üzündə hər şeyin təməlini qoymusan.
12 Sən şimalı, cənubu yaratmısan,
Tavor və Xermon adına mədh oxuyur.
13 Qolun nə qədər qüvvətlidir,
Sağ əlin ucadır, əllərin qüdrətlidir!
14 Salehlik və ədalət taxtının təməlidir,
Məhəbbət və sədaqət önündə gedir!
15 Bayram şənliyində olan xalq nə bəxtiyardır!
Ya Rəbb, onlar Sənin üzünün nurunda gəzər.
16 İsminə görə daim sevinirlər,
Salehliyinə görə şərəfə çatırlar.
17 Onların ehtişamı, qüvvəti Sənsən.
Sənin lütfündən gücümüz artır.
18 Çünki sipərimiz Rəbdəndir,
Padşahımız İsrailin Müqəddəsidir.

19 Keçmişdə bir görüntü ilə
Möminlərinə belə söylədin:
«Bir cəngavərə kömək etdim,
Xalqın içindən onu seçib yüksəltdim.
20[124][125] Qulum Davudu tapdım,
Müqəddəs yağımla onu məsh etdim.
21 Əlim daim onu möhkəmləndirəcək,
Qolum ona qüvvət verəcək!
22 Düşmən ona qalib gələ bilməz,
Fitnəkarlar ona zülm edə bilməz.
23 Qarşısındakı düşmənləri qıracağam,
Ona nifrət edənləri vuracağam.
24 Yanında sədaqətim, məhəbbətim olacaq,
Gücü ismimlə artacaq.
25 Dənizlərə əlini,
Çaylara sağ əlini çatdıracağam.
26 Məni çağırıb deyəcək: “Atamsan, Allahımsan,
Məni xilas edən Qaya Sənsən!”
27[126] Mən də ilk oğul haqqını ona verəcəyəm,
Onu yer üzünün ən uca padşahı edəcəyəm.
28 Ona daim məhəbbətimi göstərəcəyəm,
Sadiq qalıb əhdimi pozmayacağam.
29 Onun nəslini əbədi yaşadacağam,
Göylər durduqca taxtını saxlayacağam.

30 Övladları qanunumu atsalar,
Hökmlərimə görə yaşamasalar,
31 Qaydalarımı pozsalar,
Əmrlərimə əməl etməsələr,
32 Bu qanunsuzluqlarını kötəklə cəzalandıracağam,
Təqsirlərini qamçı ilə tənbeh edəcəyəm.
33 Amma yenə də məhəbbətimi atmaram,
Sədaqətimi yalan olmağa qoymaram.
34 Öz əhdimi pozmaram,
Dilimdən çıxan sözləri dəyişmərəm.
35 Müqəddəsliyim naminə bir dəfə and içmişəm:
Davuda yalandan söz verməyəcəyəm.
36 Sülaləsi taxtda əbədi qalacaq,
Taxtı hüzurumda günəş kimi duracaq.
37 Ay kimi –
Göydəki etibarlı şahid kimi sabit qalacaq». Sela

38 Amma, ya Rəbb, məsh etdiyin padşaha qəzəblənmisən,
Sən onu rədd etmisən, ona arxa çevirmisən.
39 Qulunla bağladığın əhddən imtina etmisən,
Tacını toz-torpağa atıb bulaşdırmısan.
40 Bütün divarlarını yıxmısan,
Qalalarını viran etmisən.
41 Yoldan keçənlər oranı soyub-talayırlar,
Qonşuları ona tənə vururlar.
42 Onun düşmənlərinin sağ əlini yuxarı qaldırmısan,
Bütün yağılarını sevindirmisən.
43 Qılıncının ağzını kütləşdirmisən,
Onu döyüşdə qaldırmamısan.
44 Onu şərəfdən salmısan,
Taxtını yerlə yeksan etmisən.
45 Nə tez onu gəncliyindən saldın,
Onu xəcalətə bürüdün. Sela

46 Ya Rəbb, nə vaxta qədər,
Yoxsa əbədilikmi bizdən gizlənəcəksən,
Od tutub qəzəbdən yanacaqsan?
47 Ömrümün nə tez keçdiyini xatırla,
Bütün bəşər övladlarını nə fani yaratmısan!
48 İnsanlar arasında ölüm görməyən kimdir?
Kim canını ölülər diyarının pəncəsindən qurtarar? Sela
49 Ey Xudavənd, əvvəlki məhəbbətin harada qaldı?
Çünki bu barədə Davuda sədaqətlə and içdin.
50 Ey Xudavənd, unutma, gör bu bəndən necədir,
Köksümdə nə qədər xalqın tənəsini gəzdirirəm.
51 Ya Rəbb, düşmənlərinin etdiyi təhqirləri,
Məsh etdiyinin yoluna vurduqları tənələri daşıyıram.

52 Rəbbə əbədilik alqış olsun!
Amin, Amin.

Dördüncü hissə
90-106-cı məzmurlar
Məzmur 90
Allah adamı Musanın duası.

1 Ey Xudavənd, bütün nəsillərdən bəri
Bizə pənah yeri olmusan.
2 Dağlara təvəllüd verməmişdən əvvəl,
Kainatı, dünyanı doğmazdan əvvəl
Əzəldən axıradək Allah Sənsən.

3 İnsanları torpağa çevirirsən,
Deyirsən: «Qoy bəşər övladları toza dönsün».
4[127] Sənin gözündə min il ötən bir günə,
Bir gecə növbəsinə bənzər.
5 İnsanları silirsən, çəkilirlər,
Elə bil ki yuxudurlar.
Sanki sübh çağı yerdə bitən otdurlar,
6 Səhər boy atar, çiçək açar,
Axşamsa solar, quruyar.

7 Qəzəbindən məhv oluruq,
Hiddətindən vəlvələyə düşürük.
8 Hüzurunda təqsirlərimizi üzə çıxarmısan,
Gizli günahlarımıza üzünün işığını salmısan.

9 Ömür-günümüz Sənin qəzəbin altında keçir,
İllərimiz bir nəfəs tək tükənir.
10 Yetmiş il ömür sürərik,
Sağlam olsaq, səksənə yetişərik.
Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir,
Ömrümüz tez bitir, uçub-gedir.

11 Axı qəzəbinin gücünü kim dərk edə bilər?
Hirsinin vahiməsini kim duya bilər?
12 Bizə öyrət nə qədər ömrümüz var,
Qoy qəlbimiz hikmətli olsun.

13 Əl çək, ya Rəbb! Nə vaxtadək qəzəbindən dönməyəcəksən?
Sən qullarına rəhm et.
14 Səhər-səhər bizə doyunca məhəbbət göstər,
Qoy ömrümüz boyu sevinib fərəhlənək.
15 Bizi zülmə saldığın günlər qədər,
Bəlaya düşdüyümüz illər qədər sevindir.
16 Əməllərin qullarına,
Əzəmətin övladlarına görünsün.
17 Ey Xudavənd Allahımız, bizimlə xoş rəftar et,
Əllərimizin zəhmətini uğurlu et,
Bəli, bizim əllərimizin zəhmətini uğurlu et.

Məzmur 91

1 Haqq-Taalanın pənahında yaşayan,
Külli-İxtiyarın kölgəsində oturan insan
2 Rəbb haqqında belə söyləyir:
«O mənim sığınacağımdır, qalamdır,
Allahımdır, Ona güvənirəm».
3 Bil ki, O səni ovçunun tələsindən,
Ağır xəstəliyə düşüb ölməkdən qurtarar.
4 Səni qanadlarının altına alar,
Pərlərinin altında sığınacaqsan.
Sədaqəti qalxanın, sipərin olar.
5 Nə gecənin kabusundan,
Nə də gündüz atılan oxdan,
6 Nə zülmətdə dolanan ağır xəstəlikdən,
Nə də günorta məhvedici qırğından qorxmazsan.

7 Yanında min nəfər,
Sağında on min nəfər qırılsa,
Sənə xətər dəyməz.
8 Gözlərinlə baxacaqsan,
Pislərin cəzasını görəcəksən.

9 «Ya Rəbb, sığınacağımsan!» dediyin üçün,
Haqq-Taalaya sığındığın üçün
10 Şərə düçar olmazsan,
Bəla çadırından uzaq qaçar.
11[128] Allah sənə görə mələklərinə əmr edər ki,
Gedəcəyin hər yerdə səni qorusunlar,
12[129] Səni əlləri üstündə aparsınlar,
Ayağın bir daşa dəyməsin.
13[130] Şiri, gürzəni ayaqlayarsan,
Gənc aslanı, əfi ilanı tapdalayarsan.

14 «Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm,
İsmimi tanıdığına görə onu yüksəldəcəyəm.
15 Məni çağırarkən ona cavab verəcəyəm,
Dar günündə ona yar olacağam,
Onu xilas edib şərəfə-şana çatdıracağam.
16 Onu uzun ömürlə doyduracağam,
Ona qurtuluşumu göstərəcəyəm».

Məzmur 92
Məzmur.
Şənbə günü üçün bir ilahi.

1 Nə yaxşıdır Rəbbə şükür etmək,
Ey Haqq-Taala, isminə tərənnüm söyləmək,
2 Hər səhər məhəbbətini elan etmək,
Hər gecə sədaqətini bəyan etmək,
3 On telli alətin avazı ilə,
Çəngin, liranın sədası ilə oxumaq.

4 Çünki, ya Rəbb, əməllərinlə məni sevindirmisən,
Əllərinin işlərinə görə Səni mədh edirəm.

5 Ya Rəbb, Sənin işlərin nə qədər əzəmətlidir,
Sənin fikirlərin dərindən dərindir!
6 Nadan insan bunu heç vaxt bilməz,
Axmaq insan bunu dərk etməz:
7 Pislər ot kimi bitsə də,
Bütün şər iş görənlər çiçəklənsə də,
Əbədilik yox olacaqlar.
8 Amma, ya Rəbb, Sən əbədi ucasan.

9 Ya Rəbb, düşmənlərin mütləq qırılacaq,
Bütün şər iş görənlər darmadağın olacaq.
10 Sən mənə çöl öküzü kimi güc vermisən,
Başıma təzə zeytun yağı[131] çəkmisən.
11 Düşmənlərimin yerə sərilməsini gözlərimlə gördüm,
Bədxahlarımın can verməsini qulaqlarımla eşitdim.

12 Salehlər xurma ağacı kimi göyərir,
Livandakı sidr ağacı kimi böyüyür.
13 Onlar Rəbbin evində əkilib,
Onlar Allahımızın həyətində göyərir.
14 Qocalanda da bar verəcəklər,
Təravətli, yamyaşıl qalacaqlar,
15 Belə deyəcəklər: «Rəbb haqdır,
O mənim qayamdır, Onda haqsızlıq yoxdur».

Məzmur 93

1 Rəbb hökmranlıq edir, əzəmət libasıdır,
Rəbbin libasına qüdrət qurşanıb.
Dünya möhkəm durub, sarsılmazdır.
2 Ya Rəbb, taxtın əvvəldən qurulub,
Əzəldən var olan Sənsən.

3 Ya Rəbb, sellər çağlayır,
Şırıldayan sellər çağlayır,
Uğuldayan sellər çağlayır.
4 Gur suların uğultusundan da,
Dənizin güclü dalğalanmasından da,
Ucalarda olan Rəbb qüdrətlidir!
5 Ya Rəbb, öyüdlərin tamamilə etibarlıdır,
Evinə müqəddəslik əbədi olaraq yaraşır.

Məzmur 94

1 Ya Rəbb, qisas alan Allah!
Ey qisas alan Allah, nurunu saç!
2 Ey dünyanın Hakimi, qalx,
Təkəbbürlülərin əvəzini ödə!
3 Ya Rəbb, nə vaxtadək pislər –
Axı nə vaxtadək pislər sevincdən cuşa gələcəklər?

4 Dillərindən lovğa sözlər tökülür,
Bütün şər iş görənlər öyünürlər.
5 Ya Rəbb, xalqını əzirlər,
Sənin irsindən olan adamlara zülm edirlər.
6 Dul qadını və qəribi öldürürlər,
Yetimləri qırırlar.
7 Belə deyirlər: «Rəbb heç nə görmür,
Yaqubun Allahı heç nə dərk etmir».

8 Dərk edin, ey xalqın nadanları!
Ey axmaqlar, nə vaxt ağla gələcəksiniz?
9 Qulaqları yaradan eşitməzmi?
Gözlərə quruluş verən görməzmi?
10 Məgər millətlərə təlim verən,
İnsanlara bilik öyrədən tənbeh etməzmi?
11[132] Rəbb insanın düşüncələrini görər,
Bunların boş olduğunu bilər.

12 Ya Rəbb, bəxtiyar o insandır ki, ona təlim vermisən,
Öz qanununu öyrətmisən!
13 Pislər üçün qəbir qazılanadək
Onu dar gündən çıxarıb dinclik verəcəksən.
14 Çünki Rəbb xalqını Özündən ayırmaz,
İrsini Öz əlindən verməz.
15 Yenə ədalətli hökmlər çıxarılacaq,
Ürəyidüz olanlar haqqın ardınca gedəcək.

16 Kim mənim üçün pislərə qarşı durar?
Şər iş görənlərə qarşı kim müdafiəçim olar?
17 Əgər Rəbb köməyim olmasaydı,
Canım sükut diyarına vaxtsız köçərdi.
18 Mən «ayağım büdrəyir» deyən zaman,
Ya Rəbb, mənə məhəbbətinlə dayaqsan.
19 Mən daxilən çox narahat olarkən
Təsəlli verərək məni fərəhləndirirsən.

20 Qanun bəhanəsi ilə şər quran
Əzazil hökmdarlardan Sənə yoldaş olarmı?
21 Əlbir olub salehlərin canına qəsd qururlar,
Məhkum edib təqsirsizin qanına bais olurlar.
22 Amma Rəbb mənə qala oldu,
Allahım mənə sığınacaq bir qaya oldu!
23 Pislərin şər işlərini başlarına gətirəcək,
Pisliklərinə görə onları yox edəcək,
Bəli, Allahımız Rəbb onları yox edəcək!

Məzmur 9

1 Gəlin Rəbbi mədh edək,
Bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək,
2 Şükür edərək hüzuruna gedək,
Cuşa gəlib ilahilərlə Ona nida edək!

3 Axı Rəbb böyük Allahdır,
Bütün allahlar üzərində əzəmətli Padşahdır.
4 Yerin dərin qatları Onun əlindədir,
Həm də dağların zirvələri Onundur,
5 Onunkudur dəniz, Özü yaratmış,
Torpağı əlləri qurmuş!

6 Gəlin Ona səcdə edək, əyilək,
Bizi yaradan Rəbbin hüzurunda diz çökək.
7[133] Çünki O, Allahımızdır,
Biz Onun otlağının xalqıyıq,
Əlinin altındakı sürüsüyük.

Əgər bu gün Onun səsini eşitsəniz,
8[134] «Qoy ürəkləriniz
Merivada olduğunuz kimi,
Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın.
9 Orada atalarınız Məni sınadılar,
Əməllərimi görsələr də, Məni yoxladılar.
10 Qırx il o nəsildən zəhləm getdi.
Dedim: “Onlar azğın ürəkli xalqdır,
Yollarımı tanımır”.
11[135][136] Buna görə qəzəblənib and içmişəm:
“Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».

Məzmur 96 (1Saln. 16:23-33)

1 Rəbbə yeni bir ilahi oxuyun,
Ey bütün dünya, Rəbbə ilahi oxuyun,
2 İsminə alqış edin, Rəbbə ilahi oxuyun,
Xilaskar olduğunu hər gün müjdələyin.
3 Ehtişamını millətlərə elan edin,
Xariqələrini bütün xalqlara bəyan edin!
4 Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir,
O bütün allahlardan daha zəhmlidir.
5 Bütün özgə xalqların allahları bütlərdir,
Lakin göyləri yaradan Rəbdir.
6 Ehtişam və əzəmət hüzurundadır,
Müqəddəs məkanında gözəlliklə qüdrət var.

7[137] Ey xalqların tayfaları, Rəbbə verin –
İzzəti, qüdrəti Rəbbə verin,
8 Adına layiq izzəti Rəbbə verin,
Həyətinə girib təqdimlər verin.
9 Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin,
Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!

10 Millətlərə belə elan edin:
«Rəbb hökmranlıq edir,
O, dünyanı sarsılmaz və möhkəm qurub,
O, insafla xalqların hökmünü verəcək».
11 Göylər sevinsin, yer üzü şad olsun,
Dənizin və dənizdəki canlıların səsi ucalsın,
12[138] Çöllər və çöldə yaşayanlar fərəhlənsin,
Meşədəki bütün ağaclar mədh söyləsin
13 Rəbbin hüzurunda!
O gəlir, dünyanın hökmünü vermək üçün gəlir,
Yer üzünün hökmünü ədalətlə,
Xalqların hökmünü həqiqətlə verəcək!

Məzmur 97

1 Rəbb hökmranlıq edir, qoy yer üzü şadlıq etsin,
Qoy bütün adalar sevinsin.
2 Buludlar və zülmət Onun ətrafındadır,
Salehliklə ədalət taxtının təməlidir.
3 Onun önündən alov çıxar,
Ətrafındakı düşmənləri yandırıb-yaxar.
4 Şimşəkləri dünyaya işıq saçar,
Yer üzü bunu görəndə sarsılar.
5 Dağlar Rəbbin hüzurunda –
Bütün yer üzünün Sahibinin hüzurunda mum tək əriyər.
6 Göylər salehliyini bəyan edər,
Əzəmətini bütün xalqlar görər.
7 Bütün bütpərəstlər,
Xeyirsiz bütlərlə öyünənlər rüsvay olacaq!
Ey bütün allahlar, Rəbbə səcdə edin!
8 Ya Rəbb, Sənin hökmlərini
Sion eşidib sevinir,
Yəhuda qızları cuşa gəlir.
9 Çünki bütün yer üzərində,
Ya Rəbb, Haqq-Taala Sənsən!
Bütün allahların üzərində
Sən nə qədər yüksəksən!

10 Ey Rəbbi sevənlər, şərə nifrət edin!
O, möminlərinin canını qoruyar,
Onları pislərin əlindən qurtarar.
11 Salehlərin üstünə nur tökülər,
Ürəyidüz olanların üstünə sevinc səpilər.
12 Ey salehlər, Rəbbə görə sevinin,
Onun müqəddəs adına şükür edin!

Məzmur 98
Məzmur.

1[139] Rəbbə yeni bir ilahi oxuyun,
Çünki O, xariqələr yaratdı.
O, sağ əli ilə,
Öz müqəddəs qolu ilə zəfərlər qazandı.
2 Rəbb zəfərini bəyan etdi,
Millətlərin gözündə salehliyini aydın göstərdi.
3 İsrail nəslinə
Göstərdiyi məhəbbətini və sədaqətini xatırladı.
Yer üzünün qurtaracağınadək hər yerdə
Allahımızın zəfərini gördü.

4 Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et,
Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın!
5 Rəbbi lira ilə –
Lira ilə, ilahi bir səslə tərənnüm edin!
6 Kərənay, şeypur səsi ilə,
Padşah olan Rəbbin hüzurunda cuşa gəlin,
Ona nida edin!

7 Qoy dənizin və dənizdəki canlıların,
Yer üzü və orada yaşayanların səsi ucalsın.
8 Onun hüzurunda qoy çaylar əl çalsın,
Dağlar birgə mədh oxusun!
9 Çünki Rəbb dünyaya hökm etmək üçün gəlir.
Yer üzünə ədalətlə,
Xalqlara insafla hökm edəcək!

Məzmur 99

1[140] Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin,
O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin!
2 Sionda olan Rəbb əzəmətlidir,
O bütün xalqların üzərindədir, yüksəkdədir.
3 Qoy böyük, zəhmli adına şükür etsinlər!
O müqəddəsdir!
4 Ey ədalətsevər güclü Padşah,
İnsafı bərqərar edən Sənsən,
Yaqub nəslinə ədalət və salehliyi göstərmisən.
5 Allahımız Rəbbi ucaldın,
Ayaqlarına düşüb səcdə qılın,
O müqəddəsdir!

6 Onun kahinləri arasında Musa ilə Harun olub,
Ona yalvaranlar arasında Şamuel olub.
Onlar Rəbbə yalvararkən
O cavab verərdi.
7[141] Bulud sütununun içindən onlarla danışdı,
Onun göstərişlərinə,
Onlara verdiyi qaydalarına bağlı qaldılar.

8 Ya Rəbb Allahımız, Sən onlara cavab verdin,
Pis əməllərinin cəzasını versən də,
Bağışlayan Allah olduğunu onlara göstərdin.
9 Allahımız Rəbbi ucaldın,
Müqəddəs dağında Ona səcdə qılın,
Çünki Allahımız Rəbb müqəddəsdir!

Məzmur 100
Şükran məzmuru.

1 Ey bütün dünya, cuşa gəlib Rəbbə nida edin,
2 Sevinclə Rəbbə qulluq edin,
Mədh oxuyaraq Onun hüzuruna gəlin!

3 Rəbb Allahdır, siz bunu bilin,
O bizi yaradıb, biz Ona aidik,
Xalqıyıq, otlağında otardığı sürüyük.

4 Dərgahına şükürlərlə,
Həyətlərinə həmdlərlə gəlin.
Ona şükür edin,
İsminə alqış söyləyin.

5[142] Rəbb nə yaxşıdır, məhəbbəti əbədidir,
Sədaqəti nəsillərdən-nəslə çatır!

Məzmur 101
Davudun məzmuru.

1 Məhəbbətini, həqiqətini tərənnüm edəcəyəm,
Ya Rəbb, Sənə ilahi söyləyəcəyəm!
2 Kamillik yolunda müdrik olacağam.
Sən yanıma nə zaman gələcəksən?
Təmiz ürəklə evimdə yaşayacağam,
3 İyrənc şeylərdən gözümü çəkəcəyəm.
Azğınların işlərinə nifrət edirəm,
Qoymaram məndən yapışsın.
4 Əyri ürəkdən dönəcəyəm,
Şəri tapdalayacağam.
5 Qonşusuna gizlincə böhtan atanı susduracağam,
Yuxarıdan baxan lovğa insana dözə bilmərəm.

6 Gözüm ölkənin sadiq insanlarına baxar,
Qoy onlar yanımda yaşasın.
Kamillik yolu ilə gedənlər qulluğumda dayanar.
7 Fırıldaqçıları sarayımda yaşamağa qoymaram,
Yalançını hüzurumda dayanmağa qoymaram.
8 Hər səhər ölkədəki pisləri yox edəcəyəm,
Bütün şər iş görənləri Rəbbin şəhərindən kəsib atacağam.

Məzmur 102
Bir məzlumun duası.
Taqətdən düşüb Rəbbin hüzurunda şikayətlənəndə.

1 Ya Rəbb, bu duama qulaq as,
Qoy fəryadım Sənə çatsın.
2 Nə olar, dar günümdə üzünü məndən gizlətmə,
Qulaq as, Səni çağırarkən mənə tez cavab ver.

3 Günlərim tüstü kimi çəkilir,
Sümüklərim elə bil yanıb közə dönür.
4 Ürəyim kəsilib atılan ot kimi saralıb-solur,
Çörək yemək belə, yadımdan çıxır.
5 Ah-zar çəkməkdən
Bir dəri, bir sümük qalmışam.
6 İndi çöldəki yapalağa bənzəyirəm,
Viranəlik bayquşu kimiyəm.
7 Gözümə yuxu getmir,
Damda tənha qalan bir quşa bənzəyirəm.
8 Bütün gün düşmənlərim məni təhqir edir,
Mənə istehza edənlər adımla lənət oxuyur.
9 Yeməyim çörək yerinə kül olub,
İçməyim göz yaşıma qarışıb.
10 Çünki qəzəbindən, hiddətindən
Məni götürüb bir tərəfə atmısan.
11 Günlərim axşamın kölgəsi kimi keçir,
Bir ot kimi quruyuram.

12[143] Lakin Sən, ya Rəbb, əbədi taxtında əyləşmisən,
Sənin şöhrətin nəsildən-nəslə deyiləcək.
13 Sən qalxıb Siona mərhəmət edəcəksən,
Zamanını təyin etdin, indi ona lütf ediləcək.
14 Çünki Sənin qulların onun daşlarını əziz tuturlar,
Onun toz-torpağına necə də acıyırlar.
15 Millətlər Rəbbin ismindən,
Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar.
16 Rəbb Sionu yenidən bərpa edəcək,
Əzəmətində görünəcək,
17 Yoxsulların duasına qulaq asacaq,
Yalvarışlarına xor baxmayacaq.

18 Sonrakı övladları Rəbbə həmd etsin deyə
Qoy gələcək nəsil üçün belə yazılsın:
19 «Rəbb müqəddəs yüksəklikdən,
Göylərdən yer üzünə nəzər saldı;
20 Əsirlərin naləsini eşitmək üçün,
Ölümə aparılanları azad etmək üçün».
21 Ona görə Rəbbin ismini Sionda elan edəcəklər,
Yerusəlimdə Ona həmdlər söyləyəcəklər
22 Rəbbə xidmət etmək üçün gələrkən,
Xalqlar, ölkələr bir yerə gələrkən.

23 Yolda ikən Rəbb gücümü azaltdı,
O, ömrümü qısaltdı.
24 Dedim: «Ey Allahım, canımı alma, ömrümün yarısıdır,
Sənin illərin nəsillərdən-nəsillərə çatır».

25[144] Yerin təməlini əzəldən qurmusan,
Göylər Sənin əllərinin işidir!
26 Onlar yox olacaq, amma Sən qalacaqsan,
Hamısı paltar kimi köhnələcək,
Onları geyim kimi dəyişdirəcəksən,
Keçib-gedəcəklər.
27 Amma Sən dəyişməzsən,
İllərin tükənməzdir.
28 Qullarının övladları yaşayacaq,
Nəvə-nəticələri hüzurunda dayanacaq.

Məzmur 103
Davudun məzmuru.

1 Rəbbə alqış et, ey könlüm,
Ey bütün varlığım, Onun müqəddəs adına alqış et!
2 Rəbbə alqış et, ey könlüm,
Unutma etdiyi yaxşılıqları:
3 Odur bütün təqsirlərini əfv edən,
Bütün xəstəliklərinə şəfa verən.
4 Odur həyatını məzara düşməkdən qurtaran,
Məhəbbətin, mərhəmətin tacını başına qoyan.
5 Odur ömür boyu səni bərəkəti ilə doyduran,
Səni təzələyib gənc, gümrah qartala oxşadan.

6 Rəbb bütün miskinlər üçün
Haqq və ədalət edir.
7 Yollarını Musaya,
Əməllərini İsrail övladlarına göstərib.
8[145][146] Rəbb rəhmli və lütfkardır,
Hədsiz səbirli və bol məhəbbətlidir.
9 Həmişə töhmətləndirməz,
Qəzəbi sonsuza qədər sürməz.
10 Bizimlə günahlarımıza görə davranmaz,
Təqsirlərimizin əvəzini çıxmaz.
11 Çünki göylər yerdən nə qədər ucadırsa,
Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.
12 Nə qədər şərq qərbdən uzaqdırsa,
Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.
13 Ata övladlarına rəhm etdiyi kimi
Rəbb də Ondan qorxanlara elə rəhm edir.
14 Çünki necə yarandığımızı bilir,
Torpaqdan düzəlməyimizi unutmur.

15 İnsanınsa ömrü bir ota oxşar,
Çəmən gülləri kimi çiçək açar,
16 Üstündən yel əsərkən yox olur,
Yerində izi belə, qalmır.
17 Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti,
Onların övladlarına olan salehliyi
Əzəldən var, bu əbədi qalacaq.
18 Onun əhdinə vəfa edənlərə bunları göstərir,
Qayda-qanunlarını yerinə yetirənləri unutmur.

19 Rəbb taxtını göylərdə qurub,
Hər yerdə hökmranlıq edir.
20 Rəbbə alqış edin, ey Onun mələkləri,
Ey Onun sözünə baxıb icra edən qüdrətli igidlər!
21 Rəbbə alqış edin, ey səmanın bütün orduları,
İradəsini yerinə yetirən xidmətçiləri!
22 Rəbbə alqış edin, ey Onun yaratdıqları,
Ey Onun hökm etdiyi yer üzərində olan bütün varlıqlar!
Rəbbə alqış et, ey könlüm!

Məzmur 104

1 Rəbbə alqış et, ey könlüm!
Ya Rəbb Allahım, Sən nə qədər böyüksən,
Ehtişamı, əzəməti geyinmisən!
2 Nura libas kimi bürünən,
Göyləri çadır tək açan,
3 Yuxarı otaqlarını suların üstündə quran,
Buludları Özünə araba edən,
Yel qanadları üstünə minib gəzən,
4[147] Küləyi Özünə elçi edən,
Yanar odu Özünə xidmətçi edən Sənsən!

5 Yer üzünün təməlini elə qurdun ki,
Əsla sarsılmasın.
6 Dərin suları libas kimi yer üzünə geydirdin,
Sular dağların üstünə qalxdı.
7 Sənin məzəmmətindən sular çəkildi,
Şimşəyinin səsindən qorxub qaçdı.
8 Dağlardan dərələrə axdı,
Sənin təyin etdiyin yerlərə töküldü.
9 Onların önünə hədd qoydun ki, ondan aşmasınlar,
Heç vaxt daşıb dünyanı basmasınlar.

10 Bulaqları vadilərdən fışqırtdın,
Dağların arasından axıtdın.
11 Bu bulaqlar bütün çöl heyvanlarına su verər,
Vəhşi eşşəklər içər, susuzluğu gedər.
12 Yanlarında quşlar yuva qurar,
Budaqlara qonub oxuyar.
13 Sən dağları göydəki sarayından sulayırsan,
Əlinin bəhrəsindən yer doyur.

14 Heyvanlar üçün ot bitirirsən,
İnsana becərmək üçün bitkilər yetirirsən.
Qoy insan torpaqdan azuqəsini çıxartsın:
15 Ürəkləri xoşhal edən şərabı,
Üzləri güldürən zeytun yağını,
Taqət verən çörəyi.
16 Doyunca su içər Rəbbin ağacları,
Livanda əkdiyi sidr ağacları.
17 Bu ağaclarda quşlar yuva qurar,
Leyləklərin yuvası şam ağacındadır.
18 Uca dağlar dağ keçilərinin oylağıdır,
Qayalar qayadovşanlarının sığınacağıdır.
19 Fəsilləri müəyyən etmək üçün ayı yaratdın,
Günəş batacağı zamanı bilir.
20 Gecə olsun deyə havanı qaraldırsan,
Bütün meşə heyvanları vurnuxmaya düşürlər.
21 Ov üçün gənc aslanlar nərə çəkərlər,
Öz yemlərini Allahdan istəyərlər.
22 Gün doğanda çəkilirlər,
Yuvalarında yatırlar.
23 İnsanlar iş başına gedir,
Qaş qaralana qədər işləyirlər.

24 Ya Rəbb, əməllərin çoxdur!
Hər birini müdrikliklə etmisən,
Yaratdıqların yer üzünü doldurub.
25 Böyük, dərin dənizlərin var,
Orada da saysız məxluqlar –
Həm kiçik, həm də böyük canlılar qaynaşar.
26 Oradan gəmilər keçir,
Yaratdığın Livyatan sularda oynayır.

27 Bunların hamısı gözləyir ki, Sən
Vaxtlı-vaxtında onları yemləyəsən.
28 Sən yem verərkən onlar yem yığırlar,
Açıq əlinin nemətindən doyurlar.
29 Amma üzünü gizlədərkən vəlvələyə düşürlər,
Sən onların nəfəsini kəsərkən ölüb torpağa qarışırlar,
30 Ruhunu göndərərkən onlar yaranır,
Yer üzünə yeni həyat verirsən.

31 Rəbbin ehtişamı qoy əbədi var olsun!
Qoy Rəbb yaratdıqlarına görə şad olsun!
32 Rəbb yerə baxanda yer lərzəyə gəlir,
Dağa toxunanda dağ tüstülənir.
33 Rəbbə ömrüm boyu ilahi söyləyəcəyəm,
Nə qədər varam, Allahımı tərənnüm edəcəyəm.
34 Düşüncəm Ona xoş görünsün,
Mən Rəbbə görə sevinəcəyəm.

35 Günahkarlar yer üzündən silinsinlər,
Pis adamlar yox olsunlar!
Rəbbə alqış et, ey könlüm!
Rəbbə həmd edin![148]

Məzmur 105 (1Saln. 16:8-22)

1[149] Rəbbə şükür edin, ismini səsləyin,
Əməllərini xalqlar arasında elan edin!
2 Onu ilahilərlə tərənnüm edin,
Bütün xariqələrini bəyan edin!
3 Onun müqəddəs adı ilə fəxr edin,
Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!
4 Rəbbi, Onun qüvvətini arayın,
Daim hüzurunu axtarın.
5 Etdiyi xariqələri,
Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,
6 Ey Onun qulu İbrahim nəsli,
Ey Yaqub övladları, ey Onun seçdikləri!

7 Allahımız Rəbb Odur,
Hökmü bütün yer üzündədir.
8[150][151] Əbədi olaraq min nəslə qədər əhdini,
Əmr etdiyi sözü,
9 İbrahimlə kəsdiyi əhdini,
İshaqa and içərək verdiyi vədini unutmaz.
10[152] Bunu qayda kimi Yaqub üçün təsdiq etdi,
Bu əbədi əhdi İsrail üçün etdi.
11 Dedi: «Övladlarının payına düşən mülk kimi
Kənan torpağını sənə verəcəyəm».

12 O zaman onlar sayca az idilər,
Azsaylı olaraq ölkədə qərib idilər.
13 Ölkədən-ölkəyə,
Məmləkətdən-məmləkətə köçürdülər.
14[153] Rəbb heç kimi onlara əzab verməyə qoymadı,
Onlara görə padşahları tənbeh etdi.
15 Dedi: «Məsh etdiklərimə dəyməyin,
Peyğəmbərlərimə pislik etməyin».

16[154] Ölkəyə qıtlıq göndərdi,
Bütün çörəyin kökünü kəsdi.
17[155] Lakin bunlardan əvvəl birini göndərmişdi,
Bu, qul kimi satılan Yusif idi.
18[156] Ayaqlarını zəncirləyib əzdilər,
Boğazına dəmir halqa keçirdilər.
19 Yusifin sözü düz çıxanadək
Rəbbin sözü onu təmizlədi.
20[157] Padşah buyruq verərək onu azad etdi,
Xalqların hökmdarı ona azadlıq verdi.
21[158] Onu sarayının ağası etdi,
Varidatı üçün cavabdeh etdi.
22 Ona başçılar üstündə səlahiyyət verdi ki,
Ağsaqqallarına uzaqgörənlik öyrətsin.

23[159][160] Sonra İsrail Misirə gəldi,
Yaqub Ham ölkəsində yerləşdi.
24[161] Rəbb onun xalqına bərəkət verdi,
Düşmənlərindən çox onlara qüdrət verdi.
25 Rəbb düşmənlərinə fikir göndərdi ki, xalqına nifrət etsinlər,
Qullarına qarşı fırıldaq işlətsinlər.

26[162] Qulu Musanı,
Həm də seçdiyi Harunu göndərdi.
27 Xalqın arasında Rəbbin əlamətlərini,
Ham ölkəsində Onun möcüzələrini göstərdilər.
28[163] Rəbb qaranlıq göndərərək ölkəni zülmət etdi,
Çünki Onun sözlərinə itaət etmədilər.
29[164] Sularını qana çevirdi,
Balıqlarını öldürdü.
30[165] Ölkəyə qurbağalar qaynaşıb gəldilər,
Padşahın otaqlarına belə, girdilər.
31[166][167] Əmr etdi, topa-topa mozalan gəldi,
Mığmığalar bütün ərazilərini bürüdü.
32[168] Yağış əvəzinə dolu yağdırdı,
Ölkələrini şimşəklərə qərq etdi.
33 Tənəklərinə, əncir ağaclarına zərbə vurdu,
Sahələrində olan ağacları qırdı.
34[169] Əmr etdi çəyirtkələrə qaynaşsın,
Saysız balaları torpaqlarına daraşsın.
35 Onlar ölkədə olan bütün otları yedilər,
Torpaqlarının bar-bəhərini yedilər.
36[170] O, ölkədə hər yerlinin ilk oğlunu,
Hər kişinin belindən gələn ilk oğlunu öldürdü.

37[171] İsrailliləri oradan qızılla, gümüşlə çıxartdı,
Qəbilələri arasında yıxılan olmadı.
38 Onlar çıxanda Misirlilər sevindi,
Canlarında İsraillilərin qorxusu var idi.
39[172] Üzərlərinə örtük kimi bulud sərdi,
Gecəni işıqlandırmaq üçün od göndərdi.
40[173] İstədiklərinə görə O, bildirçin gətirdi,
Onlara göydən doyunca çörək verdi.
41[174] Qayanı yararaq suyu fışqırtdı,
Quraq yerə çay kimi axdı.
42 Çünki müqəddəs sözünü yada salmışdı,
Qulu İbrahimə verdiyi vədini xatırlamışdı.

43 O, xalqını sevinclə,
Öz seçdiklərini mədh səsi ilə çıxartdı.
44[175] Millətlərin torpaqlarını onlara verdi,
Onları ümmətlərin sərvətlərinə sahib etdi.
45 Qoy Rəbbin qaydalarına riayət etsinlər,
Qanunlarına əməl etsinlər.

Rəbbə həmd edin!

Məzmur 106
1[176] Rəbbə həmd edin!

Rəbbə şükür edin, ona görə ki yaxşıdır,
Çünki məhəbbəti əbədidir.
2 Rəbbin qüdrətli işlərini sözlə demək olarmı?
Onu layiqincə həmd edən varmı?
3 Nə bəxtiyardır ədalətə bağlananlar,
Hər zaman əməlisaleh olanlar!

4 Ya Rəbb, xalqına lütf edərkən məni yada sal,
Onları nicata çatdırarkən mənim də qayğıma qal.
5 Qoy seçdiklərini bəxtiyar görüm,
Millətinin sevinci ilə sevinim,
İrsinlə birlikdə fəxr edim.

6 Ata-babamız kimi biz də günaha batmışıq,
Biz də şər iş görməklə təqsirkar olmuşuq.
7[177] Misirdə olanda ata-babamız Sənin xariqələrini anlamadı,
Bol məhəbbətini yada salmadı,
Dəniz kənarında, Qırmızı dənizdə Sənə qarşı üsyankar oldu.
8 Amma Rəbb qüdrətini göstərmək üçün
Onları ismi naminə qurtardı.
9[178] Onun məzəmmətindən Qırmızı dəniz qurudu,
Çöldən keçdikləri kimi onları dərin yerdən keçirtdi.
10 İsrailliləri onlara nifrət edənin əlindən qurtardı,
Onları düşməninin əlindən xilas etdi.
11 Yağıları sular basdı,
Bir nəfər də qalmadı.
12[179] O zaman Rəbbin sözlərinə inandılar,
Onu həmdlə tərənnüm etdilər.

13 Lakin Rəbbin əməllərini tez unutdular,
Ondan məsləhət almadılar.
14[180] Onlar səhrada iştahaya düşdülər,
Çöllükdə Allahı sınağa çəkdilər.
15 O da istədiklərini verdi,
Lakin onlara azar göndərdi.

16[181] Düşərgədə Musaya,
Rəbb üçün təqdis olunan Haruna paxıllıq etdilər,

17 Torpaq yarılıb Datanı uddu,
Aviramla yoldaşlarını yerə batırdı.
18 Yoldaşlarının içinə alov saldı,
Bu, pisləri yandırıb-yaxdı.

19[182] Xorevdə bir dana heykəli düzəltdilər,
Tökmə bir bütə səcdə etdilər.
20 Allahın əvəzinə
Otyeyən buğanın surətinə şərəf verdilər.
21 Onları qurtaran Allahı –
Misirdə böyük möcüzələr yaradanı,
22 Ham ölkəsində xariqələr göstərəni,
Qırmızı dənizdə zəhmli işlər görəni unutdular.
23 Rəbb onları yox etmək üçün niyyətini söylədi,
Onu məhvedici qəzəbindən döndərmək üçün
Seçdiyi Musa Onun qarşısına gəldi.

24[183] Sonra o gözəl diyara da xor baxdılar,
Rəbbin vədinə inanmadılar.
25 Çadırlarında giley-güzar etdilər,
Rəbbin səsini eşitmədilər.
26 Buna görə Rəbb and içdi:
Meyitlərini çöllərə sərəcək,
27[184] Övladlarını millətlər arasına səpələyəcək,
Onları ölkələr arasında darmadağın edəcək.

28[185] Onlar Peordakı Baala səcdə etməyə gəldilər,
Ölü bütə verilən qurban ətindən yedilər.
29 Bu işlər Rəbbin qəzəbinə gəldi,
Aralarına vəba töküldü.
30 Onda Pinxas qalxıb buna müdaxilə etdi,
Beləliklə, vəba çəkilib getdi.
31 Bu, nəsillər boyu, əbədilik
Onun üçün salehlik sayıldı.

32[186] Onlar Meriva suları kənarında Rəbbi qəzəbləndirdilər,
Buna görə Musanın başına qəza gəldi:
33 Onlar Musanın ruhunu incitdilər,
O da düşünülməmiş sözlər dedi.

34[187] Rəbbin əmrini yerinə yetirmədilər,
Dediyi xalqları məhv etmədilər.
35 Əksinə, həmin millətlərə qarışdılar,
Adət-ənənələrini öyrənib onlara əməl etdilər.
36 Onların bütlərinə ibadət edərək
Özlərini bu tələyə saldılar.
37[188] Oğul-qızlarını
Cinlərə qurban verdilər.
38[189] Oğul-qızlarının günahsız qanını tökdülər,
Onları Kənan bütlərinə qurban verdilər,
Ölkəni qana bulaşdırdılar.
39 Belə işlərlə murdarlandılar,
Öz əməlləri ilə xəyanətə satıldılar.
40[190] Rəbb xalqına qarşı qəzəbindən yandı,
Öz irsini iyrənc bir şey sandı.
41 Onları millətlərə təslim etdi,
Onlara nifrət edənlər üzərlərində hakim oldu.
42 Düşmənləri onları zülm altına saldılar,
Onlara tabe olaraq əl altında qaldılar.
43 Rəbb dəfələrlə onları azad etmişdi,
Amma pisniyyətli olduqları üçün üsyankar olmuşdular,
Bu insanları öz günahları alçaltdı.
44 Lakin O, fəryadlarını eşidəndə
Onların əziyyətinə baxdı.
45 Bu insanlarla bağladığı əhdini yada saldı,
Bol məhəbbəti naminə rəhmini göstərdi.
46 Onları əsir edənlərin
Qəlbinə mərhəmət saldı.

47[191] Ey Allahımız Rəbb, bizi qurtar,
Bizi millətlərin arasından topla.
Müqəddəs isminə şükür edək,
Biz fəxrlə Sənə həmd söyləyək.

48 Alqış olsun İsrailin Allahı Rəbbə
Əzəldən sonsuza qədər!
Qoy bütün xalq söyləsin «Amin!»

Rəbbə həmd edin!

Beşinci hissə

107-150-ci məzmurlar

Məzmur 107

1[192] Rəbbə şükür edin, ona görə ki yaxşıdır,
Çünki məhəbbəti əbədidir!
2 Qoy belə söyləsin Rəbbin xilas etdikləri,
Düşmən əlindən qurtardıqları,
3 Şərqdən, qərbdən, şimaldan və cənubdan –
Ölkələrdən topladıqları.

4 Bəziləri səhrada, çöllükdə sərgərdan dolanırdılar,
Yaşamaq üçün heç bir şəhər tapmırdılar.
5 Aclıqdan, susuzluqdan
Canlarının taqəti getmişdi.
6 Onlar dara düşəndə Rəbbə fəryad etdilər,
Rəbb onları dərdlərindən qurtardı.
7 Yaşamaq üçün onlar bir şəhərə çatanadək
Onları düz yolla apardı.
8 Rəbbə şükür etsinlər məhəbbətinə görə,
Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
9 Çünki O, susuzlara doyunca su verər,
Acları bol nemətlərlə bəslər.

10 Bəziləri əsir düşüb zülmətdə yaşayırdı,
Zəncirlənib qaranlıqda, əziyyətdə qalırdı.
11 Çünki Allahın sözlərinə qarşı çıxmışdılar,
Haqq-Taalanın məsləhətinə xor baxmışdılar.
12 Ona görə ağır işlə onların ürəklərinə əzab verdi,
Yıxılanda heç kim onlara kömək etmədi.
13 Onlar dara düşəndə Rəbbə fəryad etdilər,
Rəbb onları dərdlərindən qurtardı.
14 Onların buxovlarını qopardı,
Zülmətdən, qaranlıqdan çıxardı.
15 Qoy şükür etsinlər Rəbbə məhəbbətinə görə,
Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
16 Çünki O, tunc qapıları qırar,
Dəmir cəftələri qoparar.

17 Bəzilərinin ağlı çaşıb üsyankar oldu,
Təqsirləri onları zülmə saldı.
18 Hər yeməkdən iyrəndilər,
Ölüm qapılarına yaxın gəldilər.
19 Dara düşərkən Rəbbə fəryad qopardılar,
Rəbb onları dərdlərindən qurtardı.
20 Kəlamını göndərib onlara şəfa verdi,
Məzara düşməkdən onları xilas etdi.
21 Rəbbə şükür etsinlər məhəbbətinə görə,
Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
22 Qoy şükür qurbanlarını təqdim etsinlər,
Əməllərinə mədh oxuyub bəyan etsinlər!

23 Bəziləri gəmilərlə dənizlərdə üzdülər,
Dəryalarda böyük işlər gördülər.
24 Orada Rəbbin əməllərinə,
Dərin sularda etdiyi xariqələrinə şahid oldular.
25 Çünki Onun əmri ilə qasırğa qopdu,
Dənizin dalğaları qalxdı.
26 Gəmiçilər göyə qalxıb dərinə enirdi,
Qorxudan canları əldən gedirdi.
27 Onlar sərxoş kimi yırğalanıb-səndələyirdi,
Ağıllarına heç bir çarə gəlmirdi.
28 Onlar dara düşəndə Rəbbə fəryad etdilər,
Rəbb onları dərdlərindən qurtardı.
29 Qasırğanı yatırdı, sükut gətirdi,
Dalğaları sakit etdi.
30 Sakitlik yarananda onlar çox sevindilər,
Rəbb də onları istədikləri limana çatdırdı.
31 Rəbbə məhəbbətinə görə,
Bəşər övladlarına göstərdiyi xariqələrinə görə şükür etsinlər!
32 Qoy Onu xalqın toplantısında ucaltsınlar,
Ona ağsaqqallar məclisində həmd etsinlər!

33 O, çayları qurudub səhra edər,
Bulaqlar olan yeri quraq çölə döndərər,
34 Orada yaşayanların pisliyinə görə
Münbit torpağı şoranlığa çevirər.
35 Səhranı gölməçəyə döndərər,
Quraq torpaqdan bulaqlar çıxardar.
36 Oranı verər ki, aclar məskən salsınlar,
Yaşamaq üçün özlərinə şəhər qursunlar,
37 Tarlanı əksinlər, üzümlüklər salsınlar.
Bol məhsul götürsünlər.
38 Onun xeyir-duası ilə törəyib artırlar,
Heyvanlarının sayı azalmır.

39 Sonra əzabdan, darlıqdan, bəlalardan
Onlar azalıb alçaldılan an
40[193] Rəbb əsilzadələrin üstünə həqarət yağdırar,
Onları sonsuz çöldə sərgərdan dolandırar.
41 Amma fəqiri zülm altından qaldırar,
Övladlarını sürü kimi çoxaldar.
42 Bunu görən əməlisalehlər şad olar,
Fitnə söyləyən ağızlarsa yumular.
43 Kimin ağlı varsa, qoy buna fikir versin,
Qoy Rəbbin məhəbbətini dərk etsin!

Məzmur 108 (Zəb. 57:7-11; 60:5-12)
Bir ilahi.
Davudun məzmuru.

1 Ey Allahım, qəlbim Sənə möhkəm bağlanıb,
Qoy bütün varlığımla ilahi oxuyum, Səni tərənnüm edim.
2 Ey çəng və lira, oyan!
Qoy səhəri oyadım.
3 Ya Rəbb, xalqlar arasında
Sənə şükür edəcəyəm.
Ümmətlər arasında
Səni tərənnüm edəcəyəm.
4 Məhəbbətin böyükdür, göylərdən ucadır,
Sədaqətin buludlara çatır.

5 Ey Allah, göylər üzərində ucal!
Ehtişamın bütün yer üzərində olsun!
6 Sevdiyin insanların xilas olması üçün
Sağ əlinlə bizi qurtar, mənə cavab ver!

7 Allah Öz müqəddəs məskənindən belə söylədi:
«Şekemi sevinclə bölüşdürəcəyəm,
Sukkot dərəsini böləcəyəm.
8 Gilead torpağı Mənimdir,
Menaşşe torpağı Mənimdir,
Efrayim başımın dəbilqəsidir,
Yəhuda Mənim əsamdır.
9 Moav yuyunmaq üçün ləyənimdir,
Çarığımı ataraq Edomu tutacağam,
Zəfər harayını Filiştə salacağam».

10 Kim məni istehkamlı şəhərə apara bilər?
Edoma qədər kim mənə yol göstərə bilər?
11 Ay Allah, niyə bizi atmısan?
Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
12 Düşmənin qarşısında bizə imdad et,
Çünki insanın köməyi puçdur.
13 Allahın köməyi ilə şücaət göstərəcəyik,
O, düşmənlərimizi tapdalayacaq!

Məzmur 109
Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Ey tərənnüm etdiyim Allah, susma!
2 Çünki pislər, hiyləgərlər ağzını açıb
Yalançı dilləri ilə məndən danışırlar.
3 Mənə hər tərəfdən nifrət dolu sözlər deyirlər,
Nahaq yerə hücumlarına məruz qalıram.
4 Sevgimin əvəzinə mənə ittiham yağdırırlar,
Mən isə dua etməkdəyəm.
5 Yaxşılığımın əvəzinə yamanlıq edirlər,
Sevgimin əvəzinə nifrətlə cavab verirlər.

6 Belə adamın qarşısına bir pis insanı çıxar,
Sağ tərəfində dayanıb onu ittiham etsin!
7 Hökm oxunanda o təqsirkar çıxsın,
Qoy onun duası günah sayılsın!
8[194] Onun ömrü az olsun,
Vəzifəsini başqası tutsun!
9 Övladları yetim,
Arvadı isə dul qalsın!
10 Övladları didərgin düşüb dilənçi olsun,
Yaşamağa xarabalıq belə, tapmasın!
11 Sələmçilər hər şeyini əlindən alsın,
Nə qazanıbsa, yadellilər talayaraq aparsın!
12 Ona məhəbbət göstərən olmasın,
Yetim qalan balalarına yazığı gələn tapılmasın!
13 Qoy onun nəsli kəsilsin,
Gələcək nəslin arasından adları silinsin!
14 Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın,
Anasının günahı heç zaman yuyulmasın!
15 Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar,
Dünyadan izi-tozu silinsin, yada salınmasınlar!
16 Çünki məhəbbət göstərməyi unutdular,
Məzlumu, fəqiri, qəlbisınıqları
Həlak etmək üçün təqib etdilər.
17 Qarğış etməyi sevirdi, öz başına dönsün,
Alqış etməyi sevmirdi, ona əli çatmasın!
18 Ondan əynindəki paltar kimi qarğış çıxardı,
Qoy qarğışı su kimi canına, ilik kimi sümüklərinə hopsun!
19 Qarğışı onu əyninin libası kimi bürüsün,
Hər gün belinə kəmər tək dolansın!

20 Məni ittiham edənlər,
Mənim barəmdə pis sözlər söyləyənlər
Rəbbin cəzasına gəlsinlər!

21 Lakin, ey Xudavənd Rəbb, ismin naminə
Özün mənə qayğı göstər,
O gözəl məhəbbətinə görə məni azad et.
22 Çünki mən məzlum və fəqir insanam,
Köksümdəki ürəyimdən yaralanmışam.
23 Düşən kölgə kimi itirəm,
Vurulub atılan çəyirtkəyə bənzəyirəm.
24 Bax oruc tutmaqdan dizlərim əsir,
Bir dəri, bir sümük qalmışam.
25[195] Görənlər mənə lağ edir,
Başlarını yelləyir.

26 Ya Rəbb Allahım, Sən mənə kömək et,
Məhəbbətinə görə məni qurtar.
27 Bilsinlər ki, bu Sənin əlindədir,
Ya Rəbb, Sən bunu edə bilərsən.
28 Qoy onlar qarğış etsinlər, Sən mənə xeyir-dua ver,
Qoy onlar əleyhimə qalxarkən utansınlar.
Sənin qulunam, qoy sevinim!
29 İttihamçılarım rüsvayçılığa bürünsünlər,
Xəcaləti xalat kimi geyinsinlər.

30 Mənim dilim Rəbbə bol-bol şükür söyləyəcək,
Xalq içində Ona həmd edəcək.
31 Çünki O, fəqirin sağ tərəfində dayanar ki,
Edam hökmü verənlərin əlindən onu qurtarsın.

Məzmur 110
Davudun məzmuru.

1[196] Rəbb mənim Ağama dedi:
«Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək
Sağımda otur».
2 Rəbb Siondan Sənin qüdrətli əsanı göndərəcək,
Düşmənlərinin üzərində sənə hökmranlıq verəcək.
3 Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq,
Gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək.
4[197] Rəbb and içdi, qərarını dəyişməz:
«Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən».

5 Xudavənd sənin sağ tərəfindədir,
Qəzəb günündə padşahları qıracaq.
6 Millətlərin hökmünü verəndə cəsədləri hər yeri bürüyəcək,
O bütün ölkələrin başçılarını əzəcək.
7 Yol kənarında olan vadidən su içəcək,
Buna görə güclənib yüksələcək.

Məzmur 111

1 Rəbbə həmd edin!

Əməlisalehlər məclisində, icma arasında
Bütün qəlbimlə Rəbbə şükür edəcəyəm.
2 Rəbbin işləri böyükdür,
Bunlardan zövq alanlar ibrət götürür.
3 Əməllərində ehtişamı, əzəməti görünür,
Salehliyi əbədi qalır.
4 Xariqələrini xalqının yadına salır.
Rəbb lütfkar və rəhmlidir,
5 Ondan qorxanları bəsləyərək saxlayır,
Öz əhdini əbədi olaraq yadda saxlayır.
6 Xalqına millətlərin torpaqlarını verərək
Qüdrətli işlərini onlara göstərdi.
7 Əllərinin işləri sədaqət və ədalətdir,
Onun bütün qayda-qanunları etibarlıdır.
8 Onlar həmişə, əbədi olaraq möhkəmdir,
Sədaqətdən, düzlükdən yaranmışdır.
9 Öz xalqına qurtuluş göndərdi,
Əhdi əbədi olsun deyə əmr verdi,
İsmi müqəddəsdir, zəhmlidir.
10[198] Rəbb qorxusu hikmətin başlanğıcıdır,
Buna əməl edənlərin sağlam düşüncəsi vardır.
Ona əbədi olaraq həmdlər olsun!

Məzmur 112

1 Rəbbə həmd edin!

Nə bəxtiyardır Rəbdən qorxan,
Əmrlərindən zövq alan insan!
2 Nəsli yer üzündə güclü olacaq,
Əməlisalehlərin övladları xeyir-dua alacaq.
3 Evindən bolluq və sərvət əskilməz,
Salehliyi əbədi qalar.
4 Zülmətdə belə, əməlisaleh insanlar üçün,
Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar.
5 Səxavətlə borc verən,
İşlərini ədalətlə görən yaxşı insandır.
6 Belə adam əsla sarsılmaz,
Saleh insan əbədi olaraq yadda qalacaq.
7 Pis xəbərdən qorxmaz,
Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir,
8 Cəsur ürəklidir,
Düşmənlərinin süqutunu görənədək qorxmaz.
9[199] Səpələyər, fəqirlərə paylayar,
Salehliyi əbədi qalar,
Qüdrəti və hörməti ucalar.
10 Pis adamsa bunu görüb qəzəblənər,
Dişlərini qıcıdar, yanıb-tökülər,
Pislərin arzusu puç olar.

Məzmur 113

1 Rəbbə həmd edin!

Ey Rəbbin qulları, həmd edin,
Rəbbin isminə həmd edin!
2 İndidən sonsuzadək
Rəbbin isminə alqış olsun!
3 Gündoğandan günbatanadək
Rəbbin ismi həmdə layiqdir!
4 Rəbb bütün millətlərdən ucadır,
Ehtişamı göylərdən yüksəkdir!

5 Allahımız Rəbbin misli varmı?
Ucalardakı taxtında oturan,
6 Göyə, yerə əyilərək baxan Odur.
7[200] O, yoxsulları toz-torpaqdan qaldırar,
Fəqirləri küllükdən çıxarar.
8 Onları əsilzadələrlə,
Öz xalqının əsilzadələri ilə yanaşı oturdar.
9 Sonsuz qadının evini tikər,
Ona övlad verməklə bəxtəvər ana edər.

Rəbbə həmd edin!

Məzmur 114

1[201] İsraillilər Misirdən çıxanda,
Yaqub nəsli başqa dildə danışan xalqdan ayrılanda
2 Yəhuda Rəbbin müqəddəs məskəni oldu,
İsrail Rəbbin səltənəti oldu.

3[202][203] Onları görəndə dəniz qaçdı,
İordan çayı geri çəkildi.
4 Zirvələr qoçlar kimi,
Təpələr quzular kimi tullandı.
5 Ey dəniz, niyə qaçdın, sənə nə oldu?
Ey İordan çayı, niyə belə geri çəkildin?
6 Ey zirvələr, qoçlar kimi,
Ey təpələr, quzular kimi niyə tullandınız?

7[204] Ey dünya, Hökmranın hüzurunda,
Yaqubun Allahının qarşısında lərzəyə gəl!
8 Qayanı gölməçəyə döndərən,
Çaxmaq daşını çeşməyə çevirən Odur.

Məzmur 115

1 Bizi yox, ya Rəbb, bizi yox,
Məhəbbətin, sədaqətin naminə
Öz adını şərəfləndir.

2 Niyə millətlər belə desin:
«Onların Allahı haradadır?»
3 Allahımız göylərdədir,
Öz istədiyini edir.
4[205] Amma onların bütləri qızıldan, gümüşdən düzəlmişdir,
Onlar insan əllərinin işidir.
5 Ağızları var, danışa bilmir,
Gözləri var, amma görmür,
6 Qulaqları var, eşitmir,
Burunları var, qoxu bilmir,
7 Əlləri var, hiss etmir,
Ayaqları var, gəzə bilmir,
Boğazlarından səs gəlmir.
8 Bütləri düzəldən, onlara güvənən insanlar
Bu bütlər kimi cansız olacaqlar.

9 Ey İsraillilər, Rəbbə güvənin,
Odur köməyiniz və sipəriniz!
10 Ey Harun nəsli, Rəbbə güvənin,
Odur köməyiniz və sipəriniz!
11 Ey Rəbdən qorxanlar, Rəbbə güvənin,
Odur köməyiniz və sipəriniz!
12 Rəbb bizi unutmayıb,
Bizə xeyir-dua verəcək –
İsrail nəslinə xeyir-dua verəcək,
Harun nəslinə xeyir-dua verəcək,
13[206] Kiçikdən böyüyə qədər
Ondan qorxanlara xeyir-dua verəcək.

14 Qoy Rəbb sizi,
Sizi və nəslinizi artırsın!
15 Rəbdən, göyləri və yeri Yaradandan
Bərəkət alasınız!

16 Rəbb səmaya sahibdir,
Yeri bəşər övladlarına verdi.
17 Ölənlər, sükut diyarına düşənlər
Rəbbə həmd etmirlər.
18 Lakin biz Rəbbə alqış edirik
İndidən sonsuzadək.

Rəbbə həmd edin!

Məzmur 116

1 Rəbbi sevirəm,
Çünki O, yalvarışımı eşidir.
2 Səsimə qulaq asdığı üçün
Nə qədər varam, Onu çağıracağam.

3 Ətrafıma ölüm bağları sarıldı,
Ölülər diyarının sıxıntıları məni haqladı,
Dərd-bəlalar məni tapdı.
4 O zaman Rəbbin adını çağırdım:
«Ya Rəbb, amandır, canımı qurtar!»

5 Rəbb lütfkardır, ədalətlidir,
Allahımız mərhəmətlidir.
6 Rəbb avam adamı qoruyur,
O məni düşkünlüyə düçar olanda qurtardı.
7 Ey canım, rahat ol,
Çünki Rəbb sənə comərdlik etdi.

8 Ya Rəbb, canımı ölümdən,
Gözlərimi göz yaşından, ayağımı büdrəməkdən qurtardın.
9 İndi Rəbbin hüzurunda gəzib-dolaşıram,
Dirilər arasındayam.
10[207] «Mən çox əzab çəkirəm» deyərkən
İnamımı itirməmişdim.
11 Mən təlaşa düşüb belə demişdim:
«Bütün insanlar yalançıdır».

12 Mənə etdiyi comərdliyə görə
Rəbbin borcunu necə qaytara bilərəm?
13 Qurtuluş piyaləsini qaldıracağam,
Rəbbin ismini çağıracağam.
14 Rəbbə Onun bütün xalqı qarşısında
Əhd etdiyim təqdimləri verəcəyəm.

15 Rəbbin gözündə hər bir möminin
Ölümü çox bahadır.
16 Aman, ya Rəbb, mən Sənin qulunam,
Qulunam, kənizinin oğluyam,
Buxovlarımı açmısan.
17 Sənə şükür qurbanları təqdim edəcəyəm,
Rəbbin adını çağıracağam.
18 Rəbbə Onun bütün xalqı qarşısında
Əhd etdiyim təqdimləri verəcəyəm
19 Rəbbin evinin həyətində,
Ey Yerusəlim, sənin mərkəzində.

Rəbbə həmd edin!

Məzmur 117

1[208] Ey bütün millətlər, Rəbbə həmd edin!
Ey bütün ümmətlər, Onu mədh edin!
2 Bizə olan məhəbbəti böyükdür,
Rəbbin sədaqəti əbədidir!

Rəbbə həmd edin!

Məzmur 118

1[209] Rəbbə şükür edin, ona görə ki yaxşıdır,
Çünki məhəbbəti əbədidir!
2 Qoy İsraillilər belə desin:
«Çünki məhəbbəti əbədidir!»
3 Harun nəsli belə desin:
«Çünki məhəbbəti əbədidir!»
4 Qoy Rəbdən qorxanlar belə söyləsin:
«Çünki məhəbbəti əbədidir!»

5 Sıxıntı içində Rəbbi çağırdım,
Cavab verib məni genişliyə çıxartdı.
6[210] Rəbb mənimlədir, heç qorxmaram.
İnsan mənə nə edə bilər?
7 Rəbb mənimlədir, mənə yardım edər,
Mənə nifrət edənlərin aqibətini görəcəyəm.
8 Rəbbə pənah gətirmək
İnsana güvənməkdən yaxşıdır.
9 Rəbbə pənah gətirmək
Əsilzadələrə güvənməkdən yaxşıdır.

10 Bütün millətlər məni mühasirəyə aldılar,
Rəbbin ismi ilə onları qırdım.
11 Hər tərəfdən məni mühasirəyə aldılar,
Rəbbin ismi ilə onları qırdım.
12 Arılar tək məni mühasirəyə aldılar,
Lakin kol-kos kimi alışıb tez söndülər,
Rəbbin ismi ilə onları qırdım.
13 Möhkəm təzyiq altında yıxılmağıma az qalmışdı,
Lakin Rəbb imdadıma çatdı.
14[211] Rəbb qüvvətim, məzmurumdur,
O məni xilas etdi!

15 Salehlərin çadırlarından zəfər nidası yüksəlir:
«Rəbbin sağ əli qüdrətli işlər göstərir!
16 Rəbbin sağ əli necə əzəmətlidir!
Rəbbin sağ əli qüdrətli işlər göstərir!»

17 Ölməyib sağ qalacağam,
Rəbbin işlərini bəyan edəcəyəm.
18 Rəbb mənə möhkəm cəza verdi,
Amma məni ölümə təslim etmədi.

19 Salehlik darvazalarını üzümə açın,
Qoy oradan keçib Rəbbə şükür edim.

20 Bu, Rəbbin darvazasıdır,
Oradan saleh insanlar keçəcək.

21 Ya Rəbb, Sənə şükür edirəm,
Çünki cavab verərək məni xilas etmisən!

22[212][213] Bənnaların rədd etdiyi daş
Guşədaşı olub.
23 Bu, Rəbbin işi idi,
Gözümüzdə xariqəli bir işdir.
24 Bu günü Rəbb yaratdı,
Onda sevinib şadlıq edək!

25[214] Aman, ya Rəbb, bizi qurtar!
Aman, ya Rəbb, bizə uğur göndər!

26[215] Rəbbin ismi ilə gələnə alqış olsun!
Sizə Rəbbin evindən xeyir-dua veririk.
27 Rəbb Allahdır, O, üzərimizə nur saçdı,
Qurbangahın buynuzlarına bayram qurbanını bağlayın.

28 Allahım Sənsən, Sənə şükür edəcəyəm!
Allahımsan, Səni yüksəldəcəyəm!

29 Rəbbə şükür edin, ona görə ki yaxşıdır,
Çünki məhəbbəti əbədidir!

Məzmur 119
Alef[216]

1 Nə bəxtiyardır öz yolunda kamil olanlar,
Rəbbin qanununa görə yaşayanlar.
2 Nə bəxtiyardır Onun göstərişlərinə əməl edənlər,
Bütün qəlbi ilə Onu axtaranlar.
3 Həqiqətən, onlar fitnəkarlıq etməzlər,
Rəbbin yolunda gəzərlər.
4 Sən qayda-qanunlarını qoydun,
Bunlara bağlı qalmağı buyurdun.
5 Sənin qaydalarına bağlı qalmaq üçün
Kaş tutduğum yolda möhkəm olaydım.
6 Onda xəcalət çəkməzdim,
Sənin bütün əmrlərindən gözümü çəkməzdim.
7 Adil hökmlərini öyrənərkən
Sənə düz qəlblə şükür edəcəyəm.
8 Sənin qaydalarına əməl edəcəyəm,
Sən məni tamamilə tərk etmə!

Bet

9 Bir cavan yolunu necə təmiz saxlaya bilər?
– Sənin sözlərinə bağlı qalmaqla.
10 Bütün qəlbimlə Səni axtarmışam,
Qoyma əmrlərindən çıxım.
11 Sənə qarşı günah etməyim deyə
Kəlamını qəlbimdə qoruyub saxlamışam.
12 Ya Rəbb, Sənə alqış olsun!
Qaydalarını mənə öyrət.
13 Ağzından çıxan hər hökmü
Dilimlə bəyan edirəm.
14 Göstərişlərinin ardınca gedərkən sevinirəm,
Elə bil bolluca var-dövlətə çatmışam.
15 Qayda-qanunlarını dərindən düşünürəm,
Sənin yollarından gözümü çəkmirəm.
16 Qaydalarından zövq alıram,
Sözünü unutmuram.
 
Gimel

17 Quluna comərdliyini göstər,
Qoy yaşayım və sözünə bağlı qalım.
18 Gözlərimi aç ki,
Qanununun xariqələrini görüm.
19 Əmrlərini məndən gizlətmə,
Çünki mən bu dünyada bir qəribəm,
20 Hökmlərinin həsrətini çəkməkdən
Hər zaman ürəyim ağrıyır.
21 Sənin əmrlərindən çıxan lovğaları məzəmmət etdin,
Çünki onlar lənətləndi.
22 Həqarəti, tənəni məndən uzaq et,
Göstərişlərinə əməl etmişəm.
23 Başçılar yığılıb mənim üçün qəsd qurdular,
Lakin mən qulun qaydalarını dərin düşünürəm.
24 Göstərişlərin mənə zövq verir,
Onlar mənim məsləhətçilərimdir.
 
Dalet

25 Mən torpağa düşmüşəm,
Öz sözünə görə məni həyata qaytar.
26 Keçdiyim yolları Sənə bəlli edəndə cavab verdin,
Mənə qaydalarını öyrət.
27 Qayda-qanunlarının yollarını mənə Özün izah et,
Xariqələrin barədə dərin düşünüm.
28 Kədərdən canım üzülüb,
Öz sözünə görə mənə güc ver.
29 Məni yanlış yoldan uzaqlaşdır,
Qanununa görə mənə lütf göstər.
30 Mən sədaqət yolunu seçdim,
Hökmlərini gözümün önünə gətirdim.
31 Sənin göstərişlərindən yapışmışam,
Ya Rəbb, qoyma xəcalətli qalım.
32 Qəlbimin düşüncəsini genişləndirərkən
Əmrlərinin yolu ilə getməyə səy göstərəcəyəm.

He

33 Ya Rəbb, Sən mənə qaydalarının yolunu öyrət,
Onlara axıradək əməl edəcəyəm.
34 Mənə ağıl ver, qanununa görə yaşayım,
Bütün qəlbimlə ona bağlanım.
35 Mənə əmrlərinin yollarını göstər,
Bu yollardan zövq alaram.
36 Qəlbimi haram qazanca deyil,
Göstərişlərinə tərəf yönəlt.
37 Qoyma gözlərim fani şeylərə baxsın,
Öz yolunda mənə həyat bəxş et.
38 Səndən qorxanlara verdiyin vədini
Qulun üçün həyata keçirt.
39 Qorxduğum tənələri məndən sovuşdur,
Sənin hökmlərin nə yaxşıdır!
40 Qayda-qanunlarının həsrətini çəkirəm,
Salehliyinlə məni yaşat.

Vav

41 Ya Rəbb, mənə məhəbbətini göstər,
Kəlamına görə məni qurtar!
42 Məni təhqir edənlərə layiqincə cavab verəcəyəm,
Çünki Sənin sözlərinə güvənirəm.
43 Qoy həqiqət kəlamı dilimdən düşməsin,
Çünki Sənin hökmlərinə ümid bağlamışam.
44 Daim, əbədi olaraq
Qanununa bağlı qalacağam.
45 Azad gəzib-dolaşacağam,
Çünki qayda-qanunlarını axtarmışam.
46 Padşahların hüzurunda göstərişlərindən danışacağam,
Bundan utanmayacağam.
47 Sənin əmrlərindən zövq alıram,
Onları sevirəm.
48 Sevdiyim əmrlərinə tərəf əl açacağam,
Sənin qaydalarını dərindən düşünəcəyəm.
 
Zayin

49 Sən quluna verdiyin sözü xatırla,
Bu sözünlə mənə ümid vermisən.
50 Əzab çəkəndə bundan təsəlli tapıram ki,
Kəlamın məni həyata qaytaracaq.
51 Lovğalar mənə çox istehza etdilər,
Amma Sənin qanunundan dönmədim.
52 Əzəldən var olan hökmlərini xatırladıqca,
Ya Rəbb, bunlardan təsəlli tapıram.
53 Qanununu atan pisləri görərkən
Qəzəb məni bürüyür.
54 Sənin qaydalarını bu qürbət eldə
İlahi tək oxuyuram.
55 Hər gecə adını yadıma salıram,
Ya Rəbb, qanununa bağlı qalıram.
56 Bu mənə bir adət oldu,
Sənin qayda-qanunlarını yerinə yetirdim.

Xet

57 Ya Rəbb, mənim nəsibimsən,
Sözlərinə bağlı qalmaq üçün vəd etmişəm.
58 Bütün qəlbimlə Sənə yalvarıram,
Sən Öz kəlamına görə mənə lütf göstər.
59 Tutduğum yollara nəzər salmışam,
Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm.
60 Əmrlərinə bağlanmaq üçün tələsirəm,
Bunun üçün ləngimirəm.
61 Pis adamlar mənə kəmənd atarkən
Qanununu unutmadım.
62 Adil hökmlərinə görə Sənə şükür etmək üçün
Gecə yarısı qalxıram.
63 Səndən qorxanların hamısı ilə,
Qayda-qanunlarına bağlı qalanlarla dostam.
64 Ya Rəbb, yer üzü məhəbbətinə bürünüb,
Mənə qaydalarını öyrət.
 
Tet

65 Ya Rəbb, verdiyin sözə görə
Quluna xeyirxahlıq etmisən.
66 Mənə ağıl, bilik öyrət,
Çünki əmrlərinə inanıram.
67 Əzaba düşməzdən əvvəl yoldan azırdım,
Amma indi mən kəlamına bağlıyam.
68 Nə qədər yaxşısan, xeyirxahlıq edirsən!
Mənə qaydalarını öyrət.
69 Lovğalar yalanları ilə mənə qara yaxırlar,
Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm.
70 Onların ürəkləri piylənərək daş bağlayıb,
Mənsə qanunundan zövq alıram.
71 Çəkdiyim əzabın xeyri mənə bu olub:
Sənin qaydalarını öyrənirəm.
72 Ağzından çıxan qanun mənim üçün
Minlərlə qızıldan, gümüşdən daha qiymətlidir.

Yod

73 Əllərinlə yaranmışam, mənə surət vermisən,
Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim.
74 Səndən qorxanlar məni görərkən sevinsinlər,
Çünki Sənin sözünə ümid bağlamışam.
75 Ya Rəbb, bilirəm ki, hökmlərin ədalətlidir,
Mənə əzab çəkdirsən də, sədaqətin yox olmur.
76 Quluna verdiyin kəlama görə
Məhəbbətin mənə təsəlli versin.
77 Mənə mərhəmət et ki, yaşayım,
Çünki qanunundan zövq alıram.
78 Mənim barəmdə yalan danışan lovğaları utandır,
Çünki mən qayda-qanunlarını dərindən düşünürəm.
79 Səndən qorxanlar yanıma gəlsin,
Onlar Sənin göstərişlərini bilənlərdir.
80 Qaydalarına görə mənim qəlbim kamil olsun,
Qoy heç zaman xəcalət çəkməyim!

Kaf

81 Qurtuluş həsrətini çəkməkdən qəlbimdə tab qalmayıb,
Sözünə ümid bağlamışam.
82 Sözünün intizarından gözümün nuru sönür.
Deyirəm: «Nə vaxt mənə təsəlli verəcəksən?»
83 Tüstü içindəki tuluq kimi oldum,
Amma qaydalarını unutmuram.
84 Qulun daha nə qədər gözləsin?
Məni təqib edənləri nə vaxt mühakimə edəcəksən?
85 Qanununu pozan lovğa insanlar
Mənim üçün quyu qazıblar.
86 Sənin bütün əmrlərin etibarlıdır.
Kömək et! Məni yalançı insanlar təqib edir.
87 Az qaldı ki, yer üzündən məni yox etsinlər,
Lakin qayda-qanunlarından çıxmamışam.
88 Məhəbbətinə görə mənə həyat ver,
Ağzından çıxan göstərişlərə bağlı qalım.

Lamed

89 Ya Rəbb, sözün əbədidir,
Göylərdədir, dəyişməzdir.
90 Sədaqətin nəsildən-nəslə çatır,
Yer üzünü Sən qurmusan, möhkəm qalır.
91 Hökmlərinə görə bu günədək hər şey qalır,
Onlar Sənin xidmətində dayanırlar.
92 Sənin qanunundan zövq almasaydım,
Əzab çəkməkdən həlak olardım.
93 Qayda-qanunlarını heç vaxt unutmaram,
Çünki onlarla məni həyata qaytarmısan.
94 Qurtar məni, mən Səninəm,
Qayda-qanunlarını axtarmışam.
95 Pislər məni öldürmək üçün pusqu qurarkən
Mən Sənin göstərişlərinin üzərində düşünürəm.
96 Görmüşəm ki, hər kamil şeyin qarşısına bir hədd qoyulur,
Sənin əmrlərin isə sərhəd tanımır.

Mem

97 Qanununu nə qədər sevirəm!
Həmişə onun üzərində dərindən düşünürəm.
98 Əmrlərin məni düşmənlərimdən daha müdrik edir,
Çünki onlar həmişə mənimlədir.
99 Bütün müəllimlərimdən daha aqil olmuşam,
Çünki göstərişlərin üzərində dərindən düşünürəm.
100 Ağsaqqallardan da artıq dərrakəliyəm,
Çünki qayda-qanunlarına əməl edirəm.
101 Ayağımı hər pis yoldan kənar qoydum ki,
Sözlərinə bağlı qalım.
102 Hökmlərindən dönməmişəm,
Çünki məni Sən belə öyrətmisən.
103 Vədlərin damağıma necə də ləzzət verir!
Onlar dilimdə baldan şirindir.
104 Qayda-qanunlarına görə dərrakəliyəm,
Buna görə hər yanlış yola nifrət edirəm.

Nun

105 Sözün addımıma çıraqdır,
Yollarıma işıqdır.
106 Ədalətli hökmlərinə bağlı qalmaq üçün and içmişəm,
Yerinə yetirəcəyəm.
107 Ya Rəbb, nə qədər əzab çəkmişəm!
Öz sözünə görə həyatımı qoru.
108 Ya Rəbb, sidq ürəkdən etdiyim həmdi qəbul et,
Mənə Öz hökmlərini öyrət.
109 Həyatım daim təhlükəyə düşdü,
Amma qanununu unutmadım.
110 Pislər mənə tələ quranda belə,
Mən Sənin qayda-qanunlarını pozmadım.
111 Əbədilik Sənin göstərişlərinə malikəm,
Çünki onlar qəlbimə sevinc verir.
112 Qəlbimi əbədilik, sonsuzadək
Qaydalarına əməl etməyə meyl etdirmişəm.

Samek

113 İkiüzlü insanlara nifrət edirəm,
Qanununu isə sevirəm.
114 Sən pənahgahım, sipərimsən,
Sözünə ümid bağlamışam.
115 Siz ey pislər, məndən uzaq olun!
Qoy Allahımın əmrlərinə əməl edim.
116 Kəlamınla mənə dayaq ol ki, yaşayım,
Ümidim boşa çıxmasın, utanmayım.
117 Özün mənə dayaq ol, qoy mən nicat tapım,
Sənin qaydalarını həmişə nəzərimdə tutum.
118 Qaydalarını atanları Özündən kənar edirsən,
Çünki onların bütün fəndləri boşdur.
119 Yer üzünün bütün pislərini tullantı hesab edirsən,
Buna görə göstərişlərini sevirəm.
120 Zəhmindən bədənim lərzəyə gəlir,
Hökmlərindən çox qorxuram.

Ayin

121 Ədalətli, düz işlər görmüşəm,
Məni zülmkarlara təslim etmə.
122 Qulunun xeyri üçün zamin dur,
Qoyma lovğa insanlar mənə zülm etsin.
123 Xilasını, haqq sözünə əməl olunmasını gözləməkdən
Gözümün nuru sönür.
124 Quluna məhəbbət göstər,
Qaydalarını mənə öyrət.
125 Qulunam, mənə ağıl ver ki,
Sənin göstərişlərini dərk edim.
126 Ya Rəbb, insanlar qanununu pozdular,
Vaxtı çatıb, onlar üçün bir tədbir gör.
127 Qızıldan, saf qızıldan çox
Sənin əmrlərini sevirəm.
128 Bəli, bütün qayda-qanunlarına görə
Mən düz yolla gedirəm,
Bütün səhv yollarasa nifrət edirəm.

Pe

129 Göstərişlərinin heyrətamizliyinə görə
Onlara ürəkdən əməl edirəm.
130 Kəlamının açıqlanması nur saçır,
Hər nadanı ağıllandırır.
131 Ağız açıb ah-zar edirəm,
Çünki əmrlərinin həsrətini çəkirəm.
132 Adını sevənlər üçün etdiyin adətə görə
Mənə bax və lütf göstər.
133 Kəlamınla addımlarımı möhkəmləndir,
Qoy heç bir təqsirim mənə hakimlik etməsin.
134 Məni insanların zülmündən qurtar,
Qoy Sənin qayda-qanunlarına bağlı qalım.
135 Üzün qulunun üstünə nur saçsın,
Sən mənə qaydalarını öyrət.
136 Gözlərimdən sellər kimi yaş axır,
Çünki insanlar qanununa bağlı qalmırlar.

Sade

137 Ya Rəbb, adilsən,
Hökmlərin doğrudur.
138 Buyurduğun göstərişlər ədalətlidir,
Onlar tamamilə etibarlıdır.
139 Qeyrətim məni yandırıb-yaxıb,
Çünki düşmənlərim Sənin sözlərini unudub.
140 Sənin kəlamın çox safdır,
Bu qulun onu sevir.
141 Kiçik sayılsam da, mənə xor baxsalar da,
Qayda-qanunlarını unutmamışam.
142 Salehliyin əbədi salehlikdir,
Sənin qanunun həqiqətdir.
143 Başıma sıxıntı və məşəqqət gəldi,
Amma Sənin əmrlərin mənə zövq verdi.
144 Sənin göstərişlərin həmişə ədalətlidir,
Mənə ağıl ver ki, yaşayım.

Qof

145 Ya Rəbb, cavab ver! Bütün qəlbimlə Səni səsləyirəm,
Sənin qaydalarına əməl edəcəyəm.
146 Səni səslədim, məni qurtar,
Qoy göstərişlərinə bağlı qalım.
147 Dan yeri sökülməzdən əvvəl qalxıb Səni imdada çağırıram,
Çünki ümidimi Sənin sözlərinə bağlayıram.
148 Gecə boyu gözümə yuxu getmir,
Kəlamını dərindən düşünürəm.
149 Məhəbbətinə görə mənim səsimi eşit,
Ya Rəbb, hökmlərinə görə mənə həyat bəxş et.
150 Şər ardınca qaçanlar mənə yaxınlaşdılar,
Onlar Sənin qanunundan uzaqlaşdılar.
151 Ya Rəbb, Sən mənə yaxınsan,
Bütün əmrlərin həqiqətdir.
152 Göstərişlərini lap əvvəldən öyrənirəm,
Əbədi qalsın deyə öyüdlərini verdin.

Reş

153 Çəkdiyim əzabı gör, məni qurtar,
Çünki qanununu unutmamışam.
154 Münaqişəmi həll edib Özün məni azad et,
Mənə kəlamına görə həyat bəxş et.
155 Pislər qurtuluşdan uzaqdır,
Çünki onlar Sənin qaydalarını axtarmırlar.
156 Ya Rəbb, mərhəmətin çoxdur,
Hökmlərinə görə məni yaşat.
157 Düşmənlərim, məni təqib edənlər çoxdur,
Lakin Sənin göstərişlərindən dönmədim.
158 Bu xainlərə ikrahla baxıram,
Çünki Sənin vədinə bağlı qalmayıblar.
159 Sənin qayda-qanunlarını gör nə qədər sevirəm,
Ya Rəbb, məhəbbətinə görə mənə həyat ver.
160 Sözlərinin mahiyyəti həqiqətdir,
Bütün ədalətli hökmlərin əbədidir.

Sin və Şin

161 Başçılar boş yerə məni təqib edir,
Amma ürəyim Sənin sözlərindən qorxur.
162 Çoxlu qənimət tapan bir insan kimi
Sənin kəlamın məni sevindirir.
163 Yalandan zəhləm gedir, iyrənirəm,
Çünki qanununu sevirəm.
164 Ədalətli hökmlərinə görə
Hər gün yeddi dəfə Sənə həmd edirəm.
165 Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar,
Onlar heç nə ilə büdrəməzlər.
166 Ya Rəbb, xilasına ümid bəsləmişəm,
Əmrlərinə əməl etmişəm.
167 Göstərişlərinə ürəkdən bağlanmışam,
Onları çox sevirəm!
168 Qayda-qanunlarına, göstərişlərinə bağlı qalıram,
Çünki bütün yollarım Sənin hüzurundadır.

Tav

169 Ya Rəbb, mənim fəryadım qoy Sənə çatsın,
Mənə Öz sözünə görə ağıl ver.
170 Qoy yalvarışım hüzuruna çatsın,
Məni Öz kəlamınla azad et.
171 Qoy dilimdən həmdlər tökülsün,
Mənə qaydalarını öyrətmisən.
172 Sənin kəlamını dilim tərənnüm etsin,
Çünki Sənin bütün əmrlərin ədalətlidir.
173 Sənin əlin mənə kömək etsin,
Çünki Sənin qayda-qanunlarını seçdim.
174 Ya Rəbb, qurtuluşun üçün həsrət çəkirəm,
Qanunundan zövq alıram.
175 Mənə həyat bəxş elə, qoy Sənə həmd oxuyum,
Hökmlərin qoy mənə kömək olsun.
176 İtən quzu kimi azmışam, qulunu axtar,
Çünki əmrlərini unutmamışam.

Məzmur 120
Ziyarət nəğməsi.

1 Dar gündə Rəbbi səslədim,
O mənə cavab verdi.
2 Dedim: «Ya Rəbb, yalançı dodaqlardan,
Fitnəkar dillərdən canımı qurtar».

3 Ey fitnəkar dil, sənə nə veriləcək?
Bu işinin əvəzi nə ilə ödəniləcək?
4 Cəngavərin iti oxları,
Yanan odundan düşən közlər!

5 Yazıq canım, Meşekdə qərib olmuşam,
Qedar çadırlarında yaşayıram!
6 Mənim belə yerdə,
Sülhə nifrət edənlərin içində yaşamağım bəsdir.
7 Mən sülh sevirəm, buna görə danışıram,
Onlarsa müharibə üçün çalışır.

Məzmur 121
Ziyarət nəğməsi.

1 Gözlərimi dağlara dikirəm,
Haradan mənə kömək gələcək?
2 Göyləri və yeri yaradan Rəbdən
Mənə kömək gələcək.

3 O, ayaqlarını büdrəməyə qoymaz,
Səni qoruyan yatmaz.
4 Bax İsraili qoruyan yuxulamaz,
Yatıb qalmaz.

5 Səni qoruyan Rəbdir,
O, sağ tərəfindədir, sənə kölgədir.
6 Gündüz günəşin ziyanı sənə dəyməz,
Gecə ay da sənə zərər verməz.

7 Rəbb səni hər cür şərdən saxlayar,
Canını qoruyar.
8 Rəbb gediş-gəlişini hifz edər
İndidən sonsuza qədər.

Məzmur 122
Davudun ziyarət nəğməsi.

1 Mənə «Rəbbin evinə gedək» deyilərkən sevindim.
2 Ey Yerusəlim, sənin darvazalarından keçdim,
Torpağına qədəm qoydum.

3 Bu, Yerusəlim şəhəridir,
Çox sıx tikilmişdir.
4 İsrail üçün verilən şəhadət naminə
Qəbilələr, Rəbbin qəbilələri
Rəbbin isminə şükür etmək üçün
Buranı ziyarət etməyə gəlirlər.
5 Hökm üçün burada taxtlar qurulub,
Bu taxtlarda Davud sülaləsi oturub.

6 Hamı Yerusəlim üçün sülh diləsin:
«Qoy səni sevənlər dinc həyat sürsün!
7 Qoy qala divarlarının içində sülh olsun!
Qoy saraylarındakılar dinc yaşasın!»
8 Yoldaşlarıma, dostlarıma görə
«Səndə sülh olsun!» deyirəm.
9 Allahımız Rəbbin evinə görə
Sənə bəxtiyarlıq diləyirəm.

Məzmur 123
Ziyarət nəğməsi.

1 Ey göylərdəki taxtında Oturan,
Gözlərimi Sənə dikmişəm.
2 Ağasının əlinə baxan qul kimi,
Xanımının əlinə baxan kəniz tək
Biz də Allahımız Rəbbə göz dikmişik,
Bizə rəhm etməsini gözləyirik.

3 Bizə rəhm et, ya Rəbb, rəhm et!
Çünki təhqirlərdən doymuşuq.
4 Laqeydlərin rişxəndləri,
Təkəbbürlülərin təhqirləri bizi cana doydurdu.

Məzmur 124
Davudun ziyarət nəğməsi.

1 İndi İsrail söyləsin:
Rəbb tərəfimizi saxlamasaydı,
2 Bizə qarşı insanlar qalxarkən
Rəbb tərəfimizi saxlamasaydı,
3 Bizə qarşı qəzəblərindən yanarkən
Bizi diri-diri udardılar,
4 Sular bizi yuyub-aparardı,
Sellər üstümüzü basardı,
5 Azğın sular üstümüzü basardı.

6 Alqış olsun Rəbbə!
O bizi onların dişlərinə ov etmədi.
7 Bizi ovçunun tələsindən bir quş kimi qurtardı,
Tələ qırıldı, canımız azad oldu.
8 Bizə Rəbbin adından,
Göyləri və yeri yaradandan yardım gəlir.

Məzmur 125
Ziyarət nəğməsi.

1 Rəbbə güvənənlər Sion dağı kimi
Sarsılmaz, əbədi qalar.
2 Dağlar Yerusəlimi dövrəyə aldığı kimi
Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır.
3 Salehlərin payı üstündə
Şər insanların dəyənəyi hökm sürə bilməz,
Yoxsa salehlər də şərə əl atardı.

4 Ya Rəbb, xeyirxahlara,
Ürəyidüz olan insanlara xeyirxahlıq et!
5 Rəbb əyri yola dönənləri aparacaq,
Onları şər iş görənlərlə bir yerə qoyacaq.

İsrailin üzərinə sülh olsun!

Məzmur 126
Ziyarət nəğməsi.

1 Rəbb Siona bəxtəvər günlərini qaytaranda
Bizə röya kimi gəldi.
2 Dodaqlarımızdan gülüş tökülürdü,
Dilimizdən sevinc harayı yüksəlirdi.
Millətlər öz aralarında belə deyirdi:
«Rəbb onlar üçün böyük işlər görüb».
3 Bunun üçün sevinirik,
Çünki Rəbb bizim üçün böyük işlər görüb.

4 Selləri Negevə qaytardığın kimi,
Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.
5 Göz yaşı ilə əkənlər
Sevinc harayı çəkərək biçəcək.
6 Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən
Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.

Məzmur 127
Süleymanın ziyarət nəğməsi.

1 Evi Rəbb tikməzsə,
Bənnaların zəhməti boşa gedər.
Şəhəri Rəbb qorumazsa,
Keşikçilər boş yerə orada gözlər.
2 Erkən qalxıb gec yatmağınız,
Azuqə üçün özünüzü çox yormağınız faydasızdır.
Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.

3 Övladlar Rəbbin verdiyi paydır,
Bətnin bəhrəsi Onun mükafatıdır.
4 İnsanın gənc ikən övladları olarsa,
Bir igidin əlindəki oxlara bənzər.
5 Oxdanı bu cür dolu olan nə bəxtiyardır!
Darvazada əleyhdarları ilə çəkişən zaman
Xəcalətli olmayacaq.

Məzmur 128
Ziyarət nəğməsi.

1 Nə bəxtiyardır Rəbdən qorxan,
Onun yolları ilə gedən insan!
2 Çünki öz əlinin bəhrəsini yeyəcəksən,
Xoşbəxt olub uğur qazanacaqsan.

3 Evində arvadın tənək kimi bar gətirəcək,
Övladların zeytun pöhrələri kimi
Süfrənin ətrafını bürüyəcək.
4 Rəbdən qorxan insan
Belə xeyir-dua alacaq:

5 Rəbb Siondan sənə xeyir-dua versin,
Ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən,
6 Övladlarının övladlarını görəsən!

İsrailin üzərinə sülh olsun!

Məzmur 129
Ziyarət nəğməsi.

1 Qoy İsrail söyləsin:
«Mənə gəncliyimdən bəri əzab verdilər.
2 Bəli, gəncliyimdən bəri mənə əzab verdilər,
Lakin məğlub edə bilmədilər.
3 Elə bil kürəyimdə kotan sürüblər,
Qamçılarla bədənimə uzun-uzun şırım çəkiblər.
4 Rəbb isə adildir,
Pislərin buxovlarını qırdı».

5 Siona nifrət bəsləyənlərin hamısı
Qoy xəcalət içində geri qovulsun!
6 Qoy cücərmədən solsunlar,
Damda bitən ot kimi olsunlar!
7 O, biçinçinin ovcunu,
Dərz bağlayanın qucağını doldurmaz!
8 Yoldan keçən onlara belə deməz:
«Rəbb sizə xeyir-dua versin,
Sizə Rəbbin ismi ilə alqış olsun!»

Məzmur 130
Ziyarət nəğməsi.

1 Ya Rəbb, dərinliklərdən
Səni səsləyirəm.
2 Ey Xudavənd, səsimi eşit,
Yalvarış səsimi yaxşı dinlə.
3 Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsan,
Bəs, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?
4 Amma Sən bağışlayansan,
Ona görə hamı Səndən çəkinir.

5 Rəbbi gözləyirəm, döyünən ürəyim gözləyir,
Onun sözünə ümid edirəm.
6 Keşikçilər səhərin açılmasını gözlər,
Bəli, keşikçilər səhərin açılmasını gözlər,
Qəlbimsə bundan da çox Xudavəndin həsrətini çəkər.

7 Ey İsrail, Rəbbə ümidini bağla!
Çünki Rəbdə məhəbbət var,
Onda bol-bol qurtuluş var.
8[217] Ey İsrail, O səni
Bütün təqsirlərindən azad edər!

Məzmur 131
Davudun ziyarət nəğməsi.

1 Ya Rəbb, təkəbbürlü deyiləm,
Gözümü yuxarı yerlərə dikməmişəm,
Gücüm çatmayan böyük işlərə girişməmişəm.
2 Ovunub səsimi kəsmişəm,
Ana qucağında olan körpə kimiyəm,
Sanki bir sakit körpəyə dönmüşəm.

3 Ey İsrail, Rəbbə ümidini bağla,
İndidən sonsuzadək ümidini Ona bağla!

Məzmur 132
Ziyarət nəğməsi.

1 Ya Rəbb, Davudu,
Çəkdiyi bütün əzabları,
2 Rəbbə etdiyi andı,
Yaqubun qüdrətli Allahına etdiyi əhdi yada sal.
3 O dedi: «Öz evimdə yaşamaram,
Yatağımda yatmaram,
4 Gözümə yuxu getməz,
Gözlərimi yummaram
5 Rəbbə layiq bir yer,
Yaqubun qüdrətli Allahına bir məskən tapana qədər».

6[218] Əhd sandığının Efratada olduğunu eşitdik,
Onu Yaar tarlalarında tapdıq.
7 Dedik: «Gəlin, Onun məkanına gedək,
Kətilində səcdə edək».

8 Ya Rəbb, qüvvənin rəmzi olan sandığınla birgə
İstirahət edəcəyin yerə qalx.
9 Kahinlərin həqiqətə bürünsün,
Möminlərin Səni mədh etsin.
10 Qulun Davudun xatirinə
Məsh etdiyindən üz döndərmə.

11[219] Rəbb Davuda sədaqətlə and içdi,
Bu andından dönməz:
«Belindən gələn oğullarından birini
Səndən sonra taxtında oturdacağam.
12 Əgər övladların əhdimə,
Onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə,
Onların oğulları da
Sonsuza qədər sənin taxtında oturacaq».

13 Çünki Rəbb Sionu seçdi,
Orada Öz məskənini salmaq istədi.
14 Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir,
İstəyirəm ki, burada məskən salım.
15 Bu yerə bol ruzi-bərəkət verəcəyəm,
Buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm.
16 Kahinlərini zəfərə bürüyəcəyəm,
Möminləri sevinclə mədh oxuyacaq.
17[220] Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm,
Məsh etdiyim üçün bir çıraq hazır etmişəm.
18 Düşmənlərini xəcalətə salacağam,
Lakin onun tacı nur saçacaq».

Məzmur 133
Davudun ziyarət nəğməsi.

1 Nə yaxşıdır, nə xoşdur
Qardaş olub bir yaşamaq!
2 Belə yaşamaq qiymətli yağ kimidir;
O yağ ki başa çəkilib saqqala,
Harunun saqqalından paltarının yaxasına axırdı.
3 Sanki Xermon dağının şehi
Sion dağlarına düşür,
Çünki Rəbb buyurub ki,
Bu məkana bərəkət, əbədi həyat verilsin.

Məzmur 134
Ziyarət nəğməsi.

1 Rəbbə alqış edin, ey Onun qulları,
Ey Rəbb evinin xidmətində gecələr oyaq duranlar!
2 Müqəddəs yerə tərəf əllərinizi qaldırın,
Rəbbə alqış edin!

3 Göyləri və yeri yaradan Rəbb
Siondan sizə xeyir-dua versin.

Məzmur 135

1 Rəbbə həmd edin!

Rəbbin isminə həmd edin,
Ey Rəbbin qulları, həmd edin!
2 Ey Rəbbin evində xidmət edənlər,
Allahımızın evinin həyətində duranlar,
3 Rəbb yaxşıdır, Rəbbə həmd edin,
O nə qədər şirindir, isminə tərənnüm oxuyun!
4 Çünki Rəbb Özü üçün Yaqubu seçdi,
İsraili Özünə məxsus xalq olaraq seçdi.

5 Bilirəm, Rəbb əzəmətlidir,
Xudavəndimiz bütün allahlardan üstündür.
6 Göylərdə, yer üzündə,
Dənizlərdə, bütün ümmanlarda Rəbb istədiyini edər.
7[221] Yerin ucqarlarından buludları qaldırar,
Şimşəkləri çaxdırar, yağış yağdırar,
Küləkləri öz mənbələrindən çıxarar.

8 Rəbb Misirlilərin ilk oğullarını qırdı,
Hər insanın, hər heyvanın ilk balasını öldürdü.
9 Ey Misir, sənin daxilində,
Fironla bütün əyanlarının üzərində
O, əlamətlərini, möcüzələrini göstərdi.
10 Nə qədər millətləri qırdı,
Qüdrətli padşahları öldürdü.
11 Emorluların padşahı Sixonu,
Başan padşahı Oqu,
Bütün Kənan padşahlarını qırdı.
12 Onların torpaqlarını, mülklərini
Öz xalqı İsrailə irs olaraq verdi.

13 Ya Rəbb, ismin əbədidir!
Ey Rəbb, şöhrətin nəsillərdən-nəsillərə çatır!
14 Rəbb xalqına haqq verəcək,
Qullarına rəhm edəcək.

15[222] Amma millətlərin bütləri qızıldan, gümüşdən düzəlmişdir,
Onlar insan əllərinin işidir.
16 Ağızları var, danışa bilmir,
Gözləri var, amma görmür,
17 Qulaqları var, eşitmir,
Ağızlarından nəfəs gəlmir.
18 Bütləri düzəldən, onlara güvənən insanlar
Bu bütlər kimi cansız olacaqlar.

19 Ey İsraillilər, Rəbbə alqış edin!
Ey Harun nəsli, Rəbbə alqış söyləyin!
20 Ey Levi nəsli, Rəbbə alqış edin!
Ey Rəbdən qorxanlar, Ona alqış söyləyin!
21 Rəbbə Siondan alqış oxunsun!
Rəbb Yerusəlimdə yaşayır!

Rəbbə həmd edin!

Məzmur 13

1[223] Rəbbə şükür edin, ona görə ki yaxşıdır,

Çünki məhəbbəti əbədidir!
2 Allahların Allahına şükür edin,
Çünki məhəbbəti əbədidir!
3 Hökmranların Hökmranına şükür edin,
Çünki məhəbbəti əbədidir!

4 Yalnız Odur böyük xariqələr yaradan,
Çünki məhəbbəti əbədidir!
5[224] Odur göyləri hikməti ilə quran,
Çünki məhəbbəti əbədidir!
6[225] Odur yerin təməlini sular üstündə qoyan,
Çünki məhəbbəti əbədidir!
7[226] Odur böyük işıqları yaradan,
Çünki məhəbbəti əbədidir!
8 Gündüzü günəşin hökmü altına saldı,
Çünki məhəbbəti əbədidir!
9 Gecə ay-ulduzların hökmü altında oldu,
Çünki məhəbbəti əbədidir!

10[227] O, Misirlilərin ilk oğullarını qırdı,
Çünki məhəbbəti əbədidir!
11[228] İsrail nəslini Misirlilərin arasından çıxartdı,
Çünki məhəbbəti əbədidir!
12 İsrailliləri qüdrətli əli, uzanan qolu ilə apardı,
Çünki məhəbbəti əbədidir!
13[229] Qırmızı dənizi iki yerə yardı,
Çünki məhəbbəti əbədidir!
14 İsrailliləri dənizin ortasından keçirtdi,
Çünki məhəbbəti əbədidir!
15 Fironla ordusunu Qırmızı dənizdə batırdı,
Çünki məhəbbəti əbədidir!

16 O, xalqını səhrada apardı,
Çünki məhəbbəti əbədidir!
17 O, böyük padşahları vurdu,
Çünki məhəbbəti əbədidir!
18 O, güclü padşahları qırdı,
Çünki məhəbbəti əbədidir!
19[230] Emor padşahı Sixonu vurdu,
Çünki məhəbbəti əbədidir!
20[231] Başan padşahı Oqu öldürdü,
Çünki məhəbbəti əbədidir!
21 Onların torpaqlarını irs olaraq verdi,
Çünki məhəbbəti əbədidir!
22 Bu yerləri qulu İsrail nəslinin mülkü etdi,
Çünki məhəbbəti əbədidir!

23 O, miskin halımızda bizi yaddan çıxarmadı,
Çünki məhəbbəti əbədidir!
24 Bizi düşmən əlindən qurtardı,
Çünki məhəbbəti əbədidir!
25 O, bəşəriyyətə ruzi verir,
Çünki məhəbbəti əbədidir!

26 Göylərin Allahına şükür edin,
Çünki məhəbbəti əbədidir!

Məzmur 137

1 Babil torpağında olanda Sionu yada salardıq,
Çay kənarında oturaraq ağlayardıq,
2 Liralarımızı söyüd ağaclarından asardıq.
3 Bizi əsir edənlər
Nəğmə oxumağımızı əmr edirdilər,
Bizə zülm verənlər
Onları şənləndirməyimizi istəyirdilər,
«Bizim üçün Sion nəğmələrini oxuyun» deyirdilər.

4 Axı yad ölkədə Rəbbin nəğmələrini necə oxuyaq?
5 Ey Yerusəlim, əgər səni unutsam,
Qoy sağ əlim qurusun.
6 Ey Yerusəlim,
Səni anmasam, ən böyük sevincim olmasan,
Qoy dilim damağıma yapışsın.

7 Ya Rəbb, Edomluları bir yada sal,
Məğlubiyyət günü Yerusəlimdən danışırdılar,
Deyirdilər: «Gəlin oranı uçuraq, təməlindən dağıdaq!»

8[232] Ey Babil qızı, xaraba qalacaqsan.
Bizə etdiyinin əvəzini sənə verən qoy bəxtiyar olsun!
9 Körpələrini daşa çırpıb öldürən bəxtiyar olsun!

Məzmur 138
Davudun məzmuru.

1 Bütün qəlbimlə Sənə şükür edirəm,
«Allahlar»ın önündə Səni tərənnüm edirəm.
2 Müqəddəs məbədinə tərəf səcdə edirəm,
Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm.
Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan.
3 Səni çağıranda mənə cavab vermisən,
Canıma taqət verib məni ürəkləndirmisən.

4 Ya Rəbb, bütün dünya padşahları Sənə şükür edəcəklər,
Çünki ağzından çıxan kəlamları eşidiblər.
5 Rəbbin yollarını tərənnüm edəcəklər,
Çünki Rəbbin ehtişamı böyükdür.
6 Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar,
Amma lovğaları uzaqdan tanıyar.

7 Sıxıntı içində gəzsəm də,
Mənə həyat verirsən.
Düşmənin qəzəbinə qarşı əl qaldırırsan,
Məni sağ əlinlə qurtarırsan.
8 Rəbb mənə verdiyi vədə əməl edir.
Ya Rəbb, məhəbbətin əbədidir.
Öz əlinin işini tərk etmə!

Məzmur 139
Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Ya Rəbb, məni yoxlayaraq tanıdın,
2 Oturuşumu-duruşumu Özün bilirsən,
Fikirlərimi uzaqdan duyursan.
3 Getməyimə, yatmağıma nəzarət edirsən,
Nə yollardan keçdiyimi bilirsən.
4 Sözlərimi dilə gətirməmişdən əvvəl,
Ya Rəbb, hamısını tamamilə bilirsən.
5 Hər yandan məni əhatə etmisən,
Öz əlini üzərimə qoymusan.
6 Bu bilik əsrarəngizdir, məndən yüksəkdir,
Bunu dərk edə bilmərəm.

7 Hara gedim ki, Ruhun orada olmasın?
Hara qaçım ki, hüzurunda olmayım?
8 Əgər göylərə çıxsam, Sən oradasan,
Ölülər diyarında yatsam, Sən oradasan.
9 Qanad alıb gündoğana uçsam belə,
Dənizi keçib günbatana qonsam belə,
10 Sənin sağ əlin bələdçim olacaq,
Sağ əlin məni qoruyacaq.
11 Desəm də: «Qoy zülmət məni bürüsün,
İşıq batsın, ətrafım gecəyə dönsün»,
12 Sənin qarşında zülmət batar,
Önündə gecə də gündüz kimi nur saçar.
Nurun, zülmətin Sənin üçün nə fərqi var?

13 Sən mənim daxili üzvlərimi yaratmısan,
Mənə ana bətnində quruluş vermisən.
14 Sən məni ecazkar, əsrarəngiz yolla yaratmısan,
Ona görə şükür edirəm.
Nə qədər xariqəli işlər görmüsən!
Bunu ürəkdən yaxşı dərk edirəm.
15 Mən gizli bir yerdə yaranarkən,
Dünyanın dərin yerində yaranarkən
Bədənim Səndən gizli qalmadı.
16 Dünyaya gəlməzdən əvvəl
Sənin gözlərin məni gördü.
Ömrüm başlamazdan əvvəl
Mənə təyin etdiyin hər bir günü kitabına yazmısan.

17 Ey Allah, mənim üçün fikirlərinin qiyməti çoxdur,
Onların sayı-hesabı yoxdur!
18 Saysaydım onları, qum dənələrindən çox olardı,
Oyananda yenə mən Səninləyəm.

19 Ey Allah, kaş ki pisləri qıraydın,
Qantökənlərin hamısı məndən uzaq olaydı,
20 Onlar Sənə qarşı pis niyyətlə danışır,
Düşmənlərin adına küfr edirlər!
21 Ya Rəbb, Sənə nifrət edənlərə nifrət etmərəmmi?
Əleyhdarlarından ikrah etmərəmmi?
22 Onlara tamamilə nifrət edirəm,
Onları özümə düşmən sayıram.

23 Ey Allah, məni yoxla, qəlbimi öyrən,
Sən məni sınaqdan keçirib bütün fikirlərimi bil.
24 Gör qəlbimdə pisliyə yol verirəmmi?
Əbədi yolda mənə rəhbər ol!

Məzmur 140
Musiqi rəhbəri üçün. Davudun məzmuru.

1 Ya Rəbb, məni şər adamlardan xilas et,
Məni qəddar insanlardan hifz et.
2 Ürəklərində pis niyyətləri var,
Hər gün dava yaradırlar.
3[233] Kəskin dilləri ilan tək çalar,
Sanki dodaqlarında gürzə zəhəri var. Sela

4 Ya Rəbb, şər insanın əlindən,
Qəddar insanlardan məni qoru.
İstəyirlər ki, ayağımı büdrətsinlər.
5 Bu təkəbbürlü insanlar mənə tələ qurublar,
Tor atıblar, cələlərini yolumun üstünə qoyublar. Sela

6 Rəbbə dedim: «Allahım Sənsən,
Ya Rəbb, yalvarıram, Sən məni eşit!
7 Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan,
Döyüş günündə başıma dəbilqə qoymusan.
8 Ya Rəbb, qoy pis adam muradına çatmasın,
Pis niyyətinə imkan vermə, qoy lovğalanmasın». Sela

9 Ətrafımdakıların ağzından çıxan pis sözlər
Qoy öz başlarına tökülsün!
10 Qoy onların üstünə yanar közlər tökülsün,
Onlar quyuya düşüb, çıxa bilməsin!
11 Qoyma ki bu ölkədə iftiraçı uğur qazansın,
Bəlalar qəddarı vursun, onu ovlasın!

12 Bilirəm ki, Rəbb məzlumların məhkəmə işinə baxır,
Fəqirlərə haqq qazandırır.
13 Bəli, salehlər Sənin isminə şükür oxuyacaq,
Əməlisalehlər hüzurunda yaşayacaq.

Məzmur 141
Davudun məzmuru.

1 Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş,
Fəryad edərkən səsimi eşit!
2[234] Qoy hüzurunda dualarım buxur kimi,
Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun!

3 Ya Rəbb, ağzıma nəzarətçi qoy,
Dodağımın qapısını qoru.
4 Qoyma qəlbim şərə meyl etsin,
Şər iş görənlərə qoşulub mən də pis iş görməyim,
Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim.

5 Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər,
Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır.
Daim pislərin şərinə qarşı dua edərəm.
6 Hakimləri yarğandan atılarkən
Qoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin.
7 Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi
Sümüklərimiz ölülər diyarının qapısına səpilib.

8 Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm,
Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm.
9 Şər iş görənlərin tələsindən,
Onların qurduğu cələdən məni qoru.
10 Qoy pislər öz torlarına düşsün,
Mən də yolumu salamat keçib-gedim.

Məzmur 142
Davudun məzmuru.
Maskil.
[235]Mağarada olanda etdiyi dua.

1 Rəbbə fəryad qoparıb haray salıram,
Rəbbə yalvararaq haray salıram.
2 Hüzuruna şikayətimi tökürəm,
Qarşısında əziyyətimi söyləyirəm.
3 Ruhdan düşəndə hansı yolda olduğumu bildin,
Yolumda gizli tələ qurublar.
4 Sağıma bax, Özün gör, heç kim məni saymır,
Pənah yerim yoxdur,
Heç kim qayğıma qalmır.

5 Ya Rəbb, Sənə fəryad edərək dedim:
«Pənahım Sənsən,
Dirilər arasında Sən mənim nəsibimsən».
6 Qulaq as fəryadıma,
Nə qədər alçaldılmışam!
Məni təqib edənlərdən qurtar,
Çünki onlar məndən güclüdür.
7 Canımı zindandan qurtar,
Qoy isminə şükür edim!
Onda salehlər məni əhatə edəcək,
Çünki mənə comərdlik etdin!

Məzmur 143
Davudun məzmuru.

1 Ya Rəbb, eşit duamı, yalvararkən məni dinlə,
Mənə sədaqətin, salehliyin naminə cavab söylə.
2[236] Qulunu məhkəməyə çəkmə,
Bu bəşəriyyət içindən kimsə qarşında saleh çıxmaz.

3 Məni düşmən təqib etdi,
Yerə vurdu, həyatım əldən getdi.
Sanki lap çoxdan ölənlərin biriyəm,
Bu düşmən məni zülmətə saldı.
4 Ona görə ruhdan düşmüşəm,
Bu dəhşət qəlbimi sarsıtdı.

5 Qədim dövrlər yadıma düşür,
Sənin bütün işlərini dərindən düşünürəm,
Əməllərin barədə hey fikirləşirəm.
6 Sənə sarı əllərimi açmışam,
Bir quraq torpaq kimi Sənin üçün susamışam. Sela

7 Ya Rəbb, mənə tez cavab ver,
Çünki ürəyim çəkilir.
Üzünü məndən gizlətmə,
Qoyma qəbirə düşən insanlara bənzəyim.
8 Hər səhər məhəbbətini mənə hiss etdir,
Çünki Sənə güvənirəm.
Gedəcəyim yolu mənə öyrət,
Çünki varlığımı Sənə verirəm.

9 Ya Rəbb, məni düşmənlərdən qurtar,
Sənə pənah gətirirəm.
10 Mənə Sənin iradənə əməl etməyi öyrət,
Çünki mənim Allahım Sənsən.
Sənin Ruhun yaxşıdır,
Düz yer üçün mənə yol göstər.

11 Ya Rəbb, mənə ismin naminə həyat ver,
Salehliyin naminə canımı dardan qurtar.
12 Məhəbbətin naminə yağılarımı məhv et,
Canıma düşmən olanları qır, çünki mən Sənin qulunam.

Məzmur 144
Davudun məzmuru.

1 Alqış olsun Rəbbə, Qayama!
Əllərimə döyüş təlimi,
Barmaqlarıma müharibə təlimi verən Odur.
2 Mənə Məhəbbət göstərən, mənim Qalam,
Qülləm, Xilaskarım,
Qalxanım, Pənahgahım,
Xalqımı mənə itaət etdirən Odur.

3[237] Ya Rəbb, insan kimdir ki, qayğısına qalırsan,
Bəşər övladı kimdir ki, onu düşünürsən?
4 İnsan bir nəfəsə bənzər,
Ömrü kölgə kimi keçib-gedər.

5 Ya Rəbb, göyləri yar, aşağı en,
Dağlara toxun, qoy tüstülənsin.
6 Şimşəyini çaxdır, düşmənləri dağıt,
Oxlarını yağdır, yağıları darmadağın et.
7 Göylərdən əl uzadıb dərin sulardan məni xilas et,
Məni yadellilərin əlindən azad et.
8 Onların dili yalan danışar,
Sağ əlləri yalandan and etmək üçün qalxar.

9 Ey Allah, Sənə yeni bir ilahi ilə şükür edəcəyəm,
Səni ontelli çənglə tərənnüm edəcəyəm.
10 Sənsən padşahlara zəfər qazandıran,
Qulun Davudu amansız qılıncdan qurtaran.
11 Məni yadellilərin əlindən xilas et,
Sən məni azad et!
Onların dili yalan danışar,
Sağ əlləri yalandan and etmək üçün qalxar.

12 Qoy yeniyetmə oğullarımız sağlam fidan kimi boy atsın,
Qızlarımız oyulmuş saray sütunları kimi gümrah olsun.
13 Anbarlarımız müxtəlif nemətlərlə dolub-daşsın,
Otlaqda qoyunlarımız minlərlə, on minlərlə çoxalsın.
14 Naxırlarımız çoxlu balalar versin,
Hasarlarımız dəlmə-deşiksiz olsun.
İnsanlarımız əsir düşməsin,
Meydanlarımız şivən səsinə bir daha bürünməsin.
15 Nə bəxtiyardır belə xeyir-dua alan xalq!
Nə bəxtiyardır Allahı Rəbb olan xalq!

Məzmur 145
Davudun həmd nəğməsi.

1 Ey Padşahım olan Allahım, Səni yüksəldəcəyəm,
İsminə sonsuza qədər alqış edəcəyəm.
2 Sənə hər gün alqış edəcəyəm,
İsminə əbədilik həmd edəcəyəm.
3 Rəbb əzəmətlidir, bol həmdə layiqdir,
Onun əzəməti insan ağlına sığmaz.

4 Əməllərin nəsildən-nəslə qədər mədh ediləcək,
Qüdrətli işlərin bəyan ediləcək.
5 Əzəmətindən, izzətindən, şərəfindən deyiləcək,
Xariqəli işlərini dərindən düşünəcəyəm.
6 İnsanlar zəhmli işlərinin qüdrətindən danışacaq,
Sənin əzəmətini elan edəcəyəm.
7 İnsanlar Sənin bol xeyirxahlığını bəyan edəcəklər,
Salehliyini mədh edəcəklər.

8[238] Rəbb lütfkar və rəhmlidir,
Hədsiz səbirli və bol məhəbbətlidir.
9 Rəbb hamıya xeyirxahlıq edər,
Yaratdıqlarının hər birinə mərhəmət göstərər.
10 Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək,
Möminlərin Sənə alqış edəcək.
11 Padşahlığının əzəmətindən deyəcəklər,
Qüdrətindən danışacaqlar.
12 Qoy bəşər övladları Sənin qüdrətini,
Padşahlığının izzətini, əzəmətini bilsin.
13 Sənin padşahlığın əbədi padşahlıqdır,
Səltənətin nəsildən-nəslə qədər uzanır.

14 Rəbb yıxılanların hamısına dayaqdır,
Qəddi əyilənlərin hamısını qaldırır.
15 Ya Rəbb, hamının gözü Sənə baxır,
Vaxtlı-vaxtında onlara azuqə verirsən.
16 Əlini açırsan,
Bütün canlıları doyunca yedirirsən.
17 Rəbb bütün yollarında adildir,
Hər işində sadiqdir.
18 Rəbb Onu çağıran bütün insanlara,
Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır.
19 Ondan qorxanları murada çatdırar,
Fəryadlarına qulaq asıb onları qurtarar.
20 Rəbb Onu sevənlərin hamısını hifz edər,
Bütün pis adamlarınsa kökünü kəsər.

21 Mənim dilim Rəbbə həmd oxuyacaq,
Qoy Onun müqəddəs isminə bütün bəşəriyyət əbədilik alqış etsin!

Məzmur 146

1 Rəbbə həmd edin!

Ey könlüm, Rəbbə həmd et!
2 Ömür boyu Rəbbə həmdlər söyləyəcəyəm,
Allahımı nə qədər varam, tərənnüm edəcəyəm!

3 Əsilzadələrə,
Sizi qurtara bilməyən bəşər oğluna güvənməyin.
4 Onlar canı çıxan kimi torpağa düşər,
Niyyətləri bircə anda yox olar.

5 Nə bəxtiyardır Yaqubun Allahından kömək alan,
Yalnız Allahı Rəbbə ümid bağlayan insan!
6 Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan,
Odur əbədi sadiq qalan.
7 O, miskinlərə haqq qazandırır,
O, acları azuqə ilə doydurur.

Rəbb əsirləri azad edir,
8 Rəbb kor gözləri açır.
Rəbb qəddi əyilənləri düzəldir,
Rəbb salehləri sevir.
9 Rəbb qəriblərə dayaq olur,
Yetimi, dul qadını ayağa qaldırır,
Pislərinsə yollarını dolaşdırır.

10 Rəbb əbədi hökmranlıq edir,
Ey Sion, Allahın nəsillər boyu hökm verir!

Rəbbə həmd edin!

Məzmur 147

1 Rəbbə həmd edin!

Allahımızı tərənnüm etmək nə qədər yaxşıdır!
O buna layiqdir, Ona həmdlər söyləmək xoşdur!

2 Rəbb Yerusəlimi bərpa edər,
İsrailin əsarətdə olanlarını yığıb-gətirər.
3 O, sınıq qəlblərə şəfa verər,
Yaralarını sarıyar.
4[239] Ulduzların sayını hesablar,
Hər birini öz adı ilə çağırar.
5 Xudavəndimiz əzəmətlidir,
Qüvvəti çoxdur, dərrakəsi hədsizdir!
6 Rəbb məzlumları ayağa qaldırar,
Pisləri isə toz-torpaq içinə atar.

7 Rəbbə şükür nəğməsi söyləyin,
Allahımızı lira ilə tərənnüm edin!
8 O, göyləri buludlarla bürüyər,
Yer üzünü yağışla təmin edər,
Dağlarda ot bitirər.
9 O, heyvanlara yem verər,
Çığırışan quzğun balalarını yemlər.
10 O, güclü atlardan zövq almaz,
Qüvvətli addımlardan razı qalmaz.
11 Amma Rəbb Ondan qorxanlardan,
Onun məhəbbətinə ümid bağlayanlardan razı qalar.

12 Ey Yerusəlim, Rəbbi mədh et!
Ey Sion, Allahına həmd et!
13 Çünki darvazalarının cəftələrini bərkidər,
Sənin əhalinə bərəkət verər.
14 Sərhədinə əmin-amanlıq,
Sənə doyunca əla taxıl yetirər.

15 Kəlamını yer üzünə yollar,
Onun sözü tez yayılar.
16 Ağ yun kimi qar yağdırar,
Kül kimi qırov salar.
17 Parça-parça dolu tökər.
Onun soyuğuna kim dözə bilər?
18 Buyruq verəndə buz əriyər,
Külək əsdirəndə sular sel tək axar.

19 O, Yaqub nəslinə sözlərini,
İsraillilərə qanun və hökmlərini bildirir.
20 Başqa millətlər üçün belə etməyib,
Heç birinə hökmlərini bildirməyib.

Rəbbə həmd edin!

Məzmur 148

1 Rəbbə həmd edin!

Göylərdən Rəbbə həmd edin,
Yüksəklərdən Ona həmd edin!
2 Ey Onun bütün mələkləri, Ona həmd edin!
Ey Onun bütün orduları, Ona həmd edin!
3 Ey günəş, ey ay, Ona həmd edin!
Ey parlayan bütün ulduzlar, Ona həmd edin!
4 Ey göylərin ən uca qatları, Ona həmd edin!
Ey göy üzərindəki sular, Ona həmd edin!
5 Rəbbin isminə həmd etsinlər!
Çünki Onun əmri ilə yaranıblar.
6 Rəbb onları həmişəlik, əbədi olaraq yerinə qoyub,
Bunun üçün pozulmaz qayda qoyub.

7 Rəbbə həmd edin, ey yer üzündəkilər,
Ey dəniz əjdahaları, ey bütün dərinliklər,
8 Ey şimşək, dolu, qar, buludlar,
Ey Onun əmrinə tabe olan qasırğalar,
9 Ey dağlar, bütün təpələr,
Ey bəhərli ağaclar, bütün sidr ağacları,
10 Ey çöl və ev heyvanları,
Ey sürünənlər və uçan quşlar,
11 Ey dünya padşahları və bütün ümmətlər,
Ey başçılar və dünyada olan bütün hakimlər,
12 Ey gənc oğlanlar və qızlar,
Ey qocalar, cavanlar!
13 Hamınız Rəbbin isminə həmd edin!
Çünki yalnız Onun ismi ucadır.
Əzəməti göylərin, yerin üstündədir,
14 O, xalqına böyük qüvvət verib.
Buna görə Ona həmd etsin Onun bütün möminləri,
Əziz xalqı olan İsrail övladları!

Rəbbə həmd edin!

Məzmur 149

1 Rəbbə həmd edin!

Rəbbə yeni bir ilahi oxuyun,
Möminlər camaatı arasında Ona həmd edin!
2 İsrail nəsli Yaradanına görə sevinsin,
Sion övladları Padşahına görə şad olsun!
3 Rəqslərlə isminə həmd edin,
Dəflə, lira ilə ismini tərənnüm edin!
4 Çünki Rəbb Öz xalqından zövq alar,
Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar.
5 Bu şərəfə görə qoy möminlər sevinsinlər,
Yataqlarında belə, Onu tərənnüm etsinlər.
6 Dilləri ilə Allahı ucaltsınlar,
Əllərində ikiağızlı qılınc tutsunlar.
7 Millətləri qıraraq qisas alsınlar,
Ümmətləri cəzalandırsınlar.
8 Padşahlarına zəncir vursunlar,
Sərkərdələrini dəmir buxovlara salsınlar.
9 Onlar üçün yazılan hökmü yerinə yetirsinlər,
Rəbbin bütün möminləri bununla şərəflənsinlər.

Rəbbə həmd edin!

Məzmur 150

1 Rəbbə həmd edin! [240]

Müqəddəs məskənində Allaha həmd edin!
Möhtəşəm göy qübbəsində Ona həmd edin!
2 Qüdrətli işləri üçün Ona həmd edin!
Bol əzəmətinə görə Ona həmd edin!

3 Şeypur səsi ilə Ona həmd edin!
Çənglə, lira ilə Ona həmd edin!
4 Dəflə, rəqslərlə Ona həmd edin!
Sazla, tütəklə Ona həmd edin!
5 Xoş səsli sinclərlə Ona həmd edin!
Cingildəyən sinclərlə Ona həmd edin!
6 Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin!

Rəbbə həmd edin!

Qeydlər

[redaktə]
  1. Yer. 17:8
  2. Həv. 4:25-26
  3. Həv. 13:32-33; İbr. 1:5; 5:5
  4. Vəhy 2:26-28; 12:5; 19:15
  5. 2Şam. 15:13-17:22
  6. Sela – fərz edilir ki, bu bir musiqi terminidir.
  7. Ef. 4:26
  8. Rom. 3:13
  9. Zəb. 38:1
  10. Mat. 7:23; Luka 13:27
  11. Vəhy 2:23
  12. Əyy. 15:35; Yeş. 59:4
  13. Mat. 21:16
  14. Əyy. 7:17-18; Zəb. 144:3; İbr. 2:6-8
  15. Allahdan – yaxud mələklərdən.
  16. 1Kor. 15:27; Ef. 1:22; İbr. 2:8
  17. Hiqqayon – mənası bilinməyən musiqi termini.
  18. Rom. 3:14
  19. Rom. 3:10-12
  20. Həv. 2:25-28
  21. Həv. 2:31; 13:35
  22. Hab. 3:19
  23. Rom. 15:8-9
  24. Rom. 10:18
  25. Mat. 27:46; Mark 15:34
  26. Mat. 27:39-40; Mark 15:29-30; Luka 23:35
  27. Mat. 27:43
  28. Zəb. 69:21; Yəh. 19:28
  29. Mat. 27:35; Mark 15:24; Luka 23:34; Yəh. 19:24
  30. İbr. 2:12
  31. Vəhy 7:17
  32. 1Kor. 10:26
  33. Mat. 5:8
  34. Vəhy 22:12
  35. 1Saln. 16:29; Zəb. 96:7-9
  36. Maralları doğuzdurar – yaxud palıdların qol-budaqlarını qırar.
  37. Luka 23:46
  38. Yer. 20:10
  39. Maskil – bir musiqi və yaxud ədəbi termin.
  40. Rom. 4:7-8
  41. 2Şam. 12:13
  42. Zəb. 98:1; Yeş. 42:10; Vəhy 5:9-10
  43. 1Şam. 21:13-15
  44. 1Pet. 2:3
  45. 1Pet. 3:10-12
  46. Yəh. 19:36
  47. Başımı aşağı salıb dua edirdim – yaxud duam cavabsız qalarkən.
  48. Zəb. 69:4; Yəh. 15:25
  49. Rom. 3:18
  50. Mat. 5:5
  51. İbr. 10:5-7
  52. Mat. 26:23; Mark 14:20; Luka 22:21; Yəh. 13:18
  53. 1Saln. 16:36; Zəb. 106:48
  54. Rom. 8:36
  55. İbr. 1:8-9
  56. Mat. 5:34-35
  57. 2Şam. 12:1-15
  58. Rom. 3:4
  59. 1Şam. 22:9-10
  60. Rom. 3:10-12
  61. 1Şam. 23:19; 26:1
  62. 1Pet. 5:7
  63. 1Şam. 21:13-15
  64. 1Şam. 22:1; 24:3
  65. 1Şam. 19:11
  66. 2Şam. 8:13; 1Saln. 18:12
  67. Əyy. 34:11; Yer. 17:10; Mat. 16:27; Rom. 2:6; 2Tim. 4:14; Vəhy 2:23
  68. 1Şam. 23:14
  69. Çıx. 14:21
  70. Yeşua 3:14-17
  71. Çıx. 19:18; Hak. 5:4-5
  72. Ef. 4:8
  73. Zəb. 35:19; Yəh. 15:25
  74. Yəh. 2:17
  75. Rom. 15:3
  76. Mat. 27:48; Mark 15:36; Yəh. 19:28-29
  77. Rom. 11:9-10
  78. Həv. 1:20
  79. Çıx. 32:32; Vəhy 3:5; 13:8; 17:8
  80. Zək. 9:10
  81. Çıx. 14:21
  82. Livyatan – bu gün bizə məlum olmayan nəhəng su heyvanı.
  83. Mat. 13:35
  84. Çıx. 7:8-12:32
  85. Çıx. 14:21-22
  86. Çıx. 13:21-22
  87. Çıx. 17:1-7; Say. 20:2-13
  88. Çıx. 16:2-15; Say. 11:4-23,31-35
  89. Yəh. 6:31
  90. Həv. 8:21
  91. Çıx. 7:17-21; Vəhy 16:4
  92. Çıx. 8:20-24
  93. Çıx. 8:1-6
  94. Çıx. 10:12-15
  95. Çıx. 9:22-25
  96. Çıx. 12:29
  97. Çıx. 13:17-22
  98. Çıx. 14:26-28
  99. Çıx. 15:17; Yeşua 3:15-17
  100. Yeşua 11:16-23
  101. Hak. 2:11-15
  102. Yeşua 18:1; Yer. 7:12-14; 26:6
  103. 1Şam. 4:4-22
  104. Qüdrət, şərəf – Əhd sandığının rəmzi. Bax: 1Şam. 4-cü fəsil.
  105. 1Şam. 16:11-12; 2Şam. 7:8; 1Saln. 17:7
  106. 2Pad. 25:8-10; 2Saln. 36:17-19; Yer. 52:12-14
  107. Yer. 10:25
  108. Çıx. 25:22
  109. Kökünə – yaxud oğula.
  110. Say. 10:10
  111. Çıx. 17:7; Say. 20:13
  112. Çıx. 20:2-3; Qanun. 5:6-7
  113. Yəh. 10:34
  114. Hak. 7:1-23
  115. Hak. 4:6-22
  116. Hak. 7:25; 8:12
  117. Baka – ibrani dilində ağlama.
  118. Vəhy 15:3-4
  119. Çıx. 34:6; Say. 14:18; Neh. 9:17; Zəb. 103:8; 145:8; Yoel 2:13; Yun. 4:2
  120. Rahav – Misirin rəmzi.
  121. 1Pad. 4:31
  122. 2Şam. 7:12-16; 1Saln. 17:11-14; Zəb. 132:11; Həv. 2:30
  123. Rahav – burada dəniz əjdahası mənasında işlənir.
  124. 1Şam. 13:14; Həv. 13:22
  125. 1Şam. 16:12
  126. Vəhy 1:4-6
  127. 2Pet. 3:8
  128. Mat. 4:5-6; Luka 4:10
  129. Mat. 4:5-6; Luka 4:11
  130. Luka 10:19
  131. Təzə zeytun yağı – xoşbəxtlik rəmzi.
  132. 1Kor. 3:20
  133. İbr. 3:7-11,15; 4:3,5,7
  134. Çıx. 17:1-7; Say. 20:2-13
  135. Say. 14:20-23; Qanun. 1:34-36
  136. Qanun. 12:9-10
  137. 1Saln. 16:29-30; Zəb. 29:1-2
  138. Yeş. 11:4; Vəhy 19:11
  139. Zəb. 33:3; Yeş. 42:10; Vəhy 5:9-10
  140. Çıx. 25:22
  141. Çıx. 33:9
  142. 1Saln. 16:34; 2Saln. 5:13; 7:3; Ezr. 3:11; Zəb. 106:1; 107:1; 118:1; 136:1; Yer. 33:11
  143. Mərs. 5:19
  144. İbr. 1:10-12
  145. Yaq. 5:11
  146. Çıx. 34:6; Say. 14:18; Neh. 9:17; Zəb. 86:15; 145:8; Yoel 2:13; Yun. 4:2
  147. İbr. 1:7
  148. Rəbbə həmd edin – ibrani dilində Halleluya.
  149. 1Saln. 16:8; Yeş. 12:4
  150. Yar. 12:7; 17:8
  151. Yar. 26:3
  152. Yar. 28:13
  153. Yar. 20:3-7
  154. Yar. 41:53-57
  155. Yar. 37:28; 45:5
  156. Yar. 39:20-40:23
  157. Yar. 41:14
  158. Yar. 41:39-41
  159. Yar. 46:6
  160. Yar. 47:11
  161. Çıx. 1:7-14
  162. Çıx. 3:1-4:17
  163. Çıx. 10:21-23
  164. Çıx. 7:17-21
  165. Çıx. 8:1-6
  166. Çıx. 8:20-24
  167. Çıx. 8:16-17
  168. Çıx. 9:22-25
  169. Çıx. 10:12-15
  170. Çıx. 12:29
  171. Çıx. 12:33-36
  172. Çıx. 13:21-22
  173. Çıx. 16:2-15
  174. Çıx. 17:1-7; Say. 20:2-13
  175. Yeşua 11:16-23
  176. 1Saln. 16:34; 2Saln. 5:13; 7:3; Ezr. 3:11; Zəb. 100:5; 107:1; 118:1; 136:1; Yer. 33:11
  177. Çıx. 14:10-12
  178. Çıx. 14:21-31
  179. Çıx. 15:1-21
  180. Çıx. 11:4-34
  181. Say. 16:1-35
  182. Çıx. 32:1-14
  183. Say. 14:1-35
  184. Lev. 26:33
  185. Say. 25:1-13
  186. Say. 20:2-13
  187. Hak. 2:1-3; 3:5-6
  188. 2Pad. 17:17
  189. Say. 35:33
  190. Hak. 2:14-18
  191. 1Saln. 16:35-36; Zəb. 41:13
  192. 1Saln. 16:34; 2Saln. 5:13; 7:3; Ezr. 3:11; Zəb. 100:5; 106:1; 118:1; 136:1; Yer. 33:11
  193. Əyy. 12:21,24
  194. Həv. 1:20
  195. Mat. 27:39; Mark 15:29
  196. Mat. 22:44; Mark 12:36; Luka 20:42-43; Həv. 2:34-35; 1Kor. 15:25; Ef. 1:18-22; Kol. 3:1; İbr. 1:13; 8:1-2; 10:12-13
  197. İbr. 5:6,9-10; 6:20; 7:17,21
  198. Əyy. 28:28; Sül. 1:7; 9:10
  199. 2Kor. 9:9
  200. 1Şam. 2:8
  201. Çıx. 12:51
  202. Çıx. 14:21
  203. Yeşua 3:16
  204. Çıx. 17:1-7; Say. 20:2-13
  205. Zəb. 135:15-17; Vəhy 9:20
  206. Vəhy 11:18; 19:5
  207. 2Kor. 4:13
  208. Rom. 15:10-11
  209. 1Saln. 16:34; 2Saln. 5:13; 7:3; Ezr. 3:11; Zəb. 100:5; 106:1; 107:1; 136:1; Yer. 33:11
  210. İbr. 13:6
  211. Çıx. 15:2; Yeş. 12:2
  212. Luka 20:17; Həv. 4:11; 1Pet. 2:7-8
  213. Mat. 21:42; Mark 12:10-11
  214. Mat. 21:9; Mark 11:9; Yəh. 12:13
  215. Mat. 21:9; 23:39; Mark 11:9; Luka 13:35; 19:38; Yəh. 12:13
  216. Məzmur 119-da hər səkkiz ayə ibrani əlifba sırası ilə başlayır.
  217. Mat. 1:21; Titə 2:14
  218. 2Saln. 6:41-42
  219. 2Şam. 7:12-13; 1Saln. 17:11-12; Zəb. 89:3-4; Həv. 2:30
  220. 1Pad. 11:36; 15:4,47; 2Pad. 8:19, 2Saln. 21:7
  221. Yer. 10:13; 51:16
  222. Zəb. 115:4-7; Vəhy 9:20
  223. 1Saln. 16:34; 2Saln. 5:13; 7:3; Ezr. 3:11; Zəb. 100:5; 106:1; 107:1; 118:1; Yer. 33:11
  224. Yar. 1:1
  225. Yar. 1:2
  226. Yar. 1:16
  227. Çıx. 12:29
  228. Çıx. 12:51
  229. Çıx. 14:21-29
  230. Say. 21:21-30
  231. Say. 21:31-35
  232. Vəhy 18:6
  233. Rom. 3:13
  234. Vəhy 5:8
  235. 1Şam. 22:1; 24:3
  236. Rom. 3:20; Qal. 2:16
  237. Əyy. 7:17-18; Zəb. 8:4
  238. Çıx. 34:6; Say. 14:18; Neh. 9:17; Zəb. 86:15; 103:8; Yoel 2:13; Yun. 4:2
  239. Yeş. 40:26
  240. Rəbbə həmd edin – ibrani dilində Halleluya.

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy