Valentina Monetta

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Valentina Monetta
it. Valentina Monetta
Ümumi məlumatlar
Doğum tarixi 1 mart 1975(1975-03-01)[1] (49 yaş)
Doğum yeri
Vətəndaşlığı  San-Marino
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2002–h.h.
Janr
Musiqi aləti Piano
Səs tembri soprano
Albom şirkəti Jupiter Records
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Valentina Monetta (1 mart 1975[1], San-Marino) — San-Marino müğənnisi. O, San-Marinonu 2012, 2013, 20142017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsinə görə tanınır. Müğənni dörd Avroviziya iştirakından yalnız birində müsabiqənin finalına yüksələ bilmişdir.

Valentina Monetta 1 mart 1975-ci ildə Avropanın "cırtdan" ölkələrindən olan San-Marinonun paytaxtı San-Marino şəhərində anadan olmuşdur. Valentinanın anası san-marinolu, atası isə italyandır. İtaliyanın Rimini şəhərində yerləşən Giovanni da Rimini məktəbində təhsilini başa vuran Valentina erkən yaşlarından musiqiyə həvəsli olmuş və pianoda ifa etməyi öyrənmişdir. Onun musiqi karyerası 1995-ci ildə Tiberio qrupunun üzvü olaraq başlamışdır. Müğənni həmin illərdə daha bir neçə qrupda vokalist olaraq fəaliyyət göstərmişdir. O 2001-ci ildə İtaliyanın Popstars musiqi yarışmasında iştirak etmişdir.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

2008 Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]

2008-ci ildə Valentina Monetta San-Marinonun SMRTV telekanalının Avroviziya üçün təşkil etdiyi milli seçim turunda "Se Non Ci Sei Tu" mahnısı ilə qatılmışdır. Nəticə olaraq ifaçı həmin il seçim turunda məğlub olaraq, Avroviziyada San-Marinonu təmsil edə bilməmişdir.

2012 Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]

2012-ci ilin mart ayında San-Marinonun SMRTV telekanalı Valentina Monettanın "Facebook Uh, Oh, Oh" mahnısı ilə ölkəni Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini açlqlamışdır.[2] Lakin mahnının təqdimatından bir neçə gün sonra Avropa Yayım İttifaqı San-Marinonun mahnısında Facebook sosial şəbəkəsini reklam edən ismarış olduğunu iddia etmişdir. Avroviziya qaydalarına görə reklam xarakteri daşıyan mahnıların müsabiqədə iştirakına icazə yoxdur və bu səbəbdən AYİ mahnının sözlərinin qısa zamanda dəyişdirilməyəcəyi halda ölkənin müsabiqədə iştirakının baş tutmayacağı açıqlanmışdır. Nəticədə SMRTV telekanalı mahnının sözlərində dəyişiklik edərək, 22 mart tarixində mahnının "The Social Network Song (oh oh–uh-oh oh)" adlı yeni versiyasını təqdim etmişdir. Valentina müsabiqənin 1-ci yarımfinal mərhələsində səhnə almış və nəticə olaraq 14-cü yerdə qərarlaşaraq, finala vəsiqə qazana bilməmişdir.

2013 Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]

30 yanvar 2013-cü ildə San-Marinonun SMRTV telekanalı Valentina Monettanın "Crisalide (Vola)" mahnısı ilə 2013 Avroviziya Mahnı Müsabiqəsində San-Marinonu yenidən təmsil edəcəyini elan etmişdir. İkinci cəhdində Valentina yenidən San-Marinonu finala keçirə bilməsə də, yarımfinal mərhələsində 11-ci yeri tutaraq o, bu "cırtdan" ölkəyə iştirak etdiyi 4 il ərzindəki ən yaxşı nəticəsini qazandırmışdır. Müsabiqədən sonra Valentina La storia di Valentina Monetta adlı yeni albomunu pərəstişkarlarına təqdim etmişdir.

2014 Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]
Valentina Monetta özünü təqdim edərkən

Bunun ardınca Valentinanın bir daha (2014-cü ildə) Avroviziya səhnəsində çıxış edəcəyi məlum olmuşdur.[3] Beləliklə, Valentina Monetta 3 il ard-arda Avroviziya Mahnı Müsabiqəsində iştirak edən dördüncü müğənni olmuşdur. Daha öncə Liz Assia İsveçrəni 1956, 1957, 1958-ci illərdə, Kori Brokken Niderlandı 1956, 1957, 1958-ci illərdə və Udo Yürqens Avstriyanı 1964, 1965, 1966-ci illərdə Avroviziyada təmsil etmişdir.

Valentina Monettanın üçüncü Avroviziya mahnısı "Maybe" 2014-cü ilin mart ayında təqdim edilmişdir. Mahnı eyni zamanda Valentinanın ikinci studiya albomuna daxil edilmişdir. İkinci albomun əsas mahnısı "L'amore verrà" isə 2013-cü ilin oktyabr ayında çıxarılmışdır.

Valentina üçüncü cəhdində yarımfinal mərhələsini uğurla adlayaraq, müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Bu müğənninin üç illik iştirakı boyunca müsabiqədəki ən uğurlu nəticəsi idi. Bu eyni zamanda Avroviziyada iştirak edən ən kiçik ölkə San-Marinonun müsabiqə tarixində ilk final həyəcanına səbəb olmuşdur. Finalda mahnısını bir daha ifa edən Valentina nəticədə 24-cü yerdə qərarlaşmışdır.

2017 Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]

12 mart 2017-ci ildə San-Marinonun SMRTV telekanalı Valentina Monettanın ölkəni dördüncü dəfə Avroviziyada təmsil edəcəyini açıqlamışdır. Beləliklə, Valentina Monettanın Amerikalı müğənni Cimmi Vilson ilə duet şəklində ifa etdiyi "Spirit of the Night" mahnısı San-Marinonu Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir[4]. Mübarizəyə 2-ci yarımfinal mərhələsindən qoşulan Valentina dördüncü cəhdində yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur. Bu San-Marino müsabiqə tarixindəki ən aşağı nəticəsi olmuşdur.

Valentina Avroviziyada

[redaktə | mənbəni redaktə et]
İl Ölkə Dil Müğənni(lər) Mahnı Final Xal Yarımfinal Xal
2012 San-Marino San-Marino İngiliscə Valentina Monetta "The Social Network Song"
Finala keçməyib
14 31
2013 İtalyanca "Crisalide (Vola)" 11 47
2014 İngiliscə "Maybe" 24 14 10 40
2017 İngiliscə Valentina Monetta və Cimmi Vilson "Spirit of the Night"
Finala keçməyib
18 1
İl Mahnının adı Albom
2002 "Sharp" Albomda olmayan sinqllar
2008 "Se Non Ci Sei Tu"
2011 "Una Giornata Bellissima" La storia di Valentina Monetta
2012 "I'll Follow the Sunshine"
"The Social Network Song (Oh Oh-Uh-Oh-Oh)"
2013 "Crisalide (Vola)"
"L'amore Verrà"
"A Kiss" Sensibilità (Sensibility)
2014 "Maybe (Forse)"
"Sensibilità (Sensibility) / Hotel"
2017 "Spirit of the Night"
(Cimmi Vilson ilə)
  1. 1 2 Valentina Monetta // Discogs (ing.). 2000.
  2. "Valentina Monetta rappresenterà San Marino a Baku 2012". SMRTV (İtalyanca). 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 mart 2012.
  3. "Valentina Monetta San-Marinonu Avroviziya 2014-də təmsil edəcək!". 2013-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2013.
  4. "San Marino: Valentina Monetta and Jimmie Wilson to Kyiv". esctoday.com. ESCToday. 12 mart 2017. 2017-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-14.
Əvvəlki:
Serhat
"I Didn't Know"
San-Marino Avroviziya Mahnı Müsabiqəsində

2017
Sonrakı:
-