Qaramanlı eli
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qaramanlı eli — Azərbaycanda yaşayan türklərin tarixində iştirak etmiş Qızılbaş ellərindən biri. Müasir Türkiyə ərazisindən ticari mənfəətlər və Azərbaycan ərazisində yeni türk imperiyası qurmaq məqsədi ilə köç etmiş nəsil. Mənşə olaraq Anadolu türkmanlarıdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]XII əsrdə Anadoludan Qafqaza gələn Qarabəyli ailəsinin üzvləri Azərbaycanın bir sıra bölgələrində qərar tutduqdan sonra tabe edilmiş camaatları Qaramanlı eli altında birləşdirdilər. Bəzi alimlər Qaramanlı soyunun Osmanlıdakı Qaraman bəyliyindən gəldiyini güman edirlər. Qan bağları mövcuddur, amma hər ikisi ayrı müstəqil xanədanlar olmuşlar. XIV yüzilliyin sonlarında Bərdə, Gəncə və şimal bölgələrini idarə edən ağalardan birinin adı Qaraman bəy idi. Qaraman bəy Qara Yusif bəy Baranlı-Qaraqoyunluya sadiq biri olmuşdur. Vəfat edəndən sonra vilayəti oğulları idarə etməyə başladılar. Elə bu dönəmdə Əmir Teymur Barlasın yürüşləri başlandı. Qaraman bəyin oğulları Əhməd bəy və Həmzə bəy Əmir Teymura qarşı çıxdılar. Lakin yenildilər. Əmir Teymur Qarabağı özünün xas qışlağına çevirdi. Qaraman bəyin oğulları Qarabağda Əmir Teymurun vəfatından sonra göründülər. Əhməd bəy Teymurlulara beyət eləsə də Həmzə bəy Qaraman düşmənçilikdən əl çəkmədi.
Ölkənin ayrı-ayrı vilayətlərində teymurlulara qarşı başlanan mübarizədən istifadə edən Şirvanşah I İbrahim 1406-cı ildə Kür çayını keçərək Gəncəni və Qarabağın böyük bir hissəsini nəzarət altına aldı. Qaynaqların qeyd etdiyinə görə, bu dövrdə Qarabağın hakimi Qaramanlı ailəsindən olan Həmzə bəy olmuşdu.
Bu zaman Gəncə və Qarabağ hakimi Həmzə Qaraman, Şirvanşah I İbrahim, Ərdəbil hakimi Bəstam Cagir, Şəki hakimi Seydi Əhməd Teymurlu Ömər Mirzəyə qarşı mübarizədə öz qüvvələrini birləşdirdilər. Ömər mirzə birləşmiş qüvvələrlə döyüşə girməkdən çəkinərək geri döndüyü üçün Azərbaycanın şimal torpaqları Teymurlulardan tamamilə azad edildi. 1406-cı ilin mayında Şirvanşah I İbrahimTəbrizi ələ keçirsə də, Cəlairi Sultan Əhmədin Bağdaddan yürüş xəbərini eşidərək geri dönmək məcburiyyətində qaldı. Şirvanşah I İbrahimin Azərbaycan torpaqlarını birləşdirmək təşəbbüsü bir nəticə vermədi. Qaramanlılar Qaraqoyunlu tayfa ittifaqına daxil olaraq bu dövlətin siyasi tarixində əhəmiyyətli rol oynadılar. 1412-ci ilin dekabrında Qara Yusifin Şirvanşah I İbrahim, Şəki hakimi Seydi Əhməd və gürcü çarı Konstantinin birləşmiş qüvvələrinə qarşı döyüşdə Həmzənin rəhbərliyi altında "Qaraman əsgərləri" yaxından iştirak etmişdi. Kür çayının sahilində baş verən bu döyüşdə Qara Yusif Qarabağ dəstələrinin yardımı ilə qələbə qazandı.[1][2][3]
1420-ci ildə Qara Yusifin ölümü Teymuri Sultan Şahruxun Azərbaycanı işğal etməsinə şərait yaratdı. Aran Qarabağında qışlayan Sultan Şahruxun hüzuruna gəlmiş qonşu hakimlər arasında Qarabağ hakimi Həmzə Qaramanla yanaşı qardaşı Əhməd də olmuşdu[4]. 1421-ci ilin aprelində Sultan Şahruxun Qarabağı tərk etməsi ilə teymurilərə qarşı Gəncə və Bərdədə Həmzə Qaramanlının üsyanı başladı. Teymuri tarixçisi Fəsih Xəvafi yazır ki, bu zaman Qara köpəkdə (hazırda Füzuli şəhərinin şimal-şərqində-T. N.) olan Sultan Şahrux oğlu Baysunqur Bahaduru Həmzəyə qarşı göndərdi. Əmir Həmzə dönmədən mübarizəsini davam etdirdi. Elə bu səyi ilə də sonralar Qaraqoyunlu dövlətində əmirəlüməra kimi yüksək vəzifə tutdu.
Faruk Sümer yazır ki, Həmzə Qaramanlı Gəncə-Qarabağ ətrafında Cağatay ulusundan vergi toplayan təhsildarlara hücum edərək mallarına əl qoymuşdur. Buna görə də, Şahrux Baysunquru Həmzə bəyin üzərinə göndərdi. O, Gəncəni tərk edərək Gürcüstan torpağındakı Esfərzən qalasına sığınsa da, aman verilərək Şahruxun hüzuruna gətirildi və əfv olundu . Fəsix Xəvafi yazır ki, Sultan Şahrux Qaraqoyunlu İsgəndərlə Aləşgərd döyüşündə vuruşan zaman Həmzə Qaramanlı Bərdə qalasından gətirilərək edam olundu. Qarabəyli ailəsi sonradan şəcərə isimlərini Qaramanlı olaraq əvəz etdi. Qara Iskəndər bəy Baranlı-Qaraqoyunlunun böyük əmirlərindən biri də Piri bəy Qaramanlı idi. Piri bəy bir çox döyüşlərdə şücaətlə vuruşub ad-san qazanmışdı. Sonralar Qara Iskəndərdən üz döndərib Cahanşah bəyə qoşuldu. Qara Iskəndər bu dönüklüyü ömrünün dönərgəsi ilə bağlamışdı. Piri bəy Cahanşah bəyin ölümündən sonra ara savaşlarına qatılmadı. Bərdəyə çəkilib sakit gün-güzəran keçirməyə başladı. Ölkəsini oğulları idarə edirdilər. Həsənəli bəy savaşda yenilib Piri bəyin oğullarına pənahlananda onlar da nə edəcəklərini bir sürə tərəddüd etmişdilər. Bu barədə tarixçi Əbubəkr Tehrani yazır: "O, düşərgədən Bərdəyə qaçdı. Cahanşahın ölümündən sonra həmin viləyətin hakimi olmuş Piri Qaramaninin övladları (əvvəlcə) onu tutub Sahibqranın hüzuruna göndərmək istədilər, lakin sonra bu fikirdən daşınıb ona imkan verdilər ki, Ərdəbilə getsin və böyük şeyxlərin hüzuruna pənah aparsın.[5] Qaramanlılar Ağqoyunlu dövlətinin süqutundan sonra Qızılbaşlara qoşuldular. Daha doğrusu Qızılbaşlar tayfa birliyinin ilk yaradıcıları arasında Qaramanlılar da vardı. I Şah Ismayıl Səfəvinin çevrəsində Qaramanlı əmirlərindən Məhəmməd bəy, qardaşı Rüstəm bəy, Qılıc bəy, Bəhram bəy, Əhməd ağa və digərləri yer tutmuşdular.
Bəylərbəylik dönəmində Qaramanlılar Azərbaycanın hər köşəsində qərar tutmuşdular. 1593-cü ilə bağlı Osmanlı "təhrir dəftəri"ndə yazılır: "Böyükçay və Cisri- Xocabazarı ilə Abi-Kür nəhri məzburunda xudai tut toxmaçarı olub, qədimdən Qaramanlı və Kəsəmənli camaatlarının və Kəlbəli bəyin mülkü imiş Yenə həmin dəftərlərdə qeyd edilir ki, Axstabad nahiyəsinin (Ağstafa bölgəsi) Yalnızağac kəndində Qaramanlı camaatı əkinçiliklə məşğul olur. Həmin nahiyənin Xanlıq kəndində Qaramanlı tayfasının Rüstəmoğlu camaatı əkinçiliklə güzəran keçirirmişlər. Axstabad nahiyəsinin digər yerlərində də Qaramanlı elinin camaatı yaşayırmış. O camaata əmir Heydər ağa və Kəlbəli bəy başçılıq edirmiş. Bölgədə qərar tutan Xəlifəli oymağı da Qaramanlıların vassalı imiş. Deməli Qazax və Ağstafa bölgələrində digər ellərlə yanaşı Qaramanlılar da yaşayıblar. Qazaxlı şair Mustafa ağa Arif yazırdı:
Dad eylərəm, yetən yoxdu fəryada,
Dərdim olur günü gündən ziyada,
Ağlaram hər zaman düşəndə yada,
Bizim Qazax-Qaramanlar, ağlaram…
Qaramanlı eli öncə müstəqil olmuş, sonra Qaraqoyunlu tayfa ittifaqına qoşulmuş, Qaraqoyunluların süqutundan sonra Ağqoyunlu tayfa ittifaqına qatılmış, Ağqoyunluların tarix səhnəsindən getdiyindən sonra Qızılbaş tayfa ittifaqına birləşmişdi. Qaramanlı elinin izlərinə Azərbaycanın müxtəlif yerlərində rast gəlinir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu. Qaramanlı eli. "Soy" dərgisi, Bakı:
- Ənvər Çingizoğlu, Fazil Baxşəliyev. Qarabağın el və obaları. Bakı: Şuşa.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Petruşevskiy İ. P. Qosudarstva Azerbaydjana v XV v. Sb. Statey po istorii Azerbaydjana, Vip. 1, Baku, 1949, s. 160
- ↑ Nəcəfli T. H. Göstərilən əsəri, s. 58–59
- ↑ Efendiev O. A. Qarabax v sostave…, s. 62
- ↑ Xavafi Fasix. Mudjmali Fasixi. Perevod, predislovie i ukazateli D. Ö. Ösupovoy, Taşkent, 1980, s. 188
- ↑ Ə. Tehrani. Kitabi-Diyarbəkriyyə. Bakı. 1998. səh.250