Kərim Kərimov

Vikipediya, azad ensiklopediya
(Kərim Kərimov (general) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Kərim Kərimov
Kərim Abbasəli oğlu Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 14 noyabr 1917(1917-11-14)
Doğum yeri
Vəfat tarixi 29 mart 2003(2003-03-29) (85 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı[1]
Uşağı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Rütbəsi general-leytenant
Döyüşlər
Təltifləri Sosialist Əməyi Qəhrəmanı
4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni "Döyüş xidmətlərinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı "Əmək veteranı" medalı "SSRİ Silahlı Qüvvələri veteranı" medalı "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Şöhrət" ordeni
3-cü dərəcəli "Stalin" mükafatı "Lenin" mükafatı SSRİ Dövlət mükafatı
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kərim Abbasəli oğlu Kərimov (14 noyabr 1917, Bakı29 mart 2003, Moskva) — sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966–1991). Sovet kosmik proqramının banilərindən biri.[2]

Kərimov uzun illər sovet kosmonavtikasında əsas şəxslərdən biri olsa da, onun şəxsiyyəti karyerasının çox hissəsi boyunca ictimaiyyətdən gizli saxlanılırdı.[3] Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır.

Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda N. Aşurbəyli küşəsi ev 14 də babasının evində anadan olmuşdur. Ata və ana babası qədim Şamaxı şəhərindəndir. Anası Sürəyya Hacı Əsədulla qızı Kərimova (Əhmədova) Mesenat Z. Tağıyevin tikdirdiyi Bakı qızlar məktəbinin ilk məzunlarından olmuşdur. Atası Abbasəli Sankt-Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Balaca Kərim 5 yaşımdan Təzə Pir məscidi yanında babasının himayədarlığı ilə açılan molla məktəbində quranı-kərimi öyrənirmiş. Babası görkəmli ictimai-siyasi xadim Hacı Əsədulla Hacı Əhməd oğlu Əhmədov (1867, Şamaxı – 1941, Bakı) Məclisi-Məbusanının təsisi haqqında qanununa (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinə seçilmişdir. Bundan əvvəl Bakı şəhər dumasının üzvü olmuşdur.[4]

Kərim Kərimovun kiçik qardaşı Mustafa Kərimov tanınmış Sovet türkoloqlarından biri idi. Moskva şəhərində yaşayırdı. Türkologiya üzrə bir sıra elmi məqalələrin müəllifi idi. Mustafa Kərimov eyni zamanda zəngin Türk ədəbiyyatını rus dilinə tərcümə edərdi. Yaşar Kamalın "İncə Məmməd" əsərini məhz Mustafa Kərimov tərcümə edib, rus oxucularına təqdim etmişdi. Türkoloqların Vyanadakı Konfransından Moskvaya dönərkən Mustafanın olduğu təyyarə qəzaya uğrayıb. Kərim Kərimovun ortancıl qardaşı Süleyman Kərimov hərbi məktəb bitirmişdi. Müharibənin ilk dövründə Ukrayna cəbhəsində Lvov şəhərinin ətrafında qəhrəmancasına həlak olub.

Generalın həyat yoldaşı Zərifə xanım Məhəmməd-Hənifə qızı bütün ömrünü ona həsr etmiş, Kərim Kərimovun problemləri ilə yaşamış, uğurlarına sevinmişdir. Bir neçə il bundan əvvəl dünyadan köçən qızı Sürəyya da elm sahəsində böyük uğurlar əldə etmişdi. O, texnika elmləri doktoru idi.

Hələ orta məktəbdə oxuyarkən K. Kərimov radio texnikasına maraq göstərməyə başlamışdır. Radio XIX əsrin sonlarında icad edilsə də, onun Azərbaycanda yayılması işi ləngiyirdi. Azərbaycan Cümhuriyyəti dövründə Fransa ilə bağlanmış müqaviləyə əsasən Gəncədə radioqüllə inşa edilmiş və orada quraşdırılmış qəbuledici Avropada yayılan radio verilişlərini dinləməyə imkan yaratmışdır. Təbii ki, radio qovşaqlarının olmaması üzündən radiodan yalnız dövlət əhəmiyyətli işlər üçün istifadə edilirdi. Azərbaycanda radio ilə səslənən ilk nitq Azərbaycanın Parisdəki nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Avropa ölkələri ilə danışıqlarının gedişi barədə hesabatı olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulanda radioya təbliğat vasitəsi kimi yanaşıldığından o sürətlə inkişaf etdirildi. 1926-cı ildə Bakıda ilk radioötürücü və respublikanın müxtəlif məntəqələrində radioqəbuledicilər işə başladı. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olan Kərim Kərimov özü bir neçə radioqəbuledici düzəltmiş, bu istiqamətdə olan yeniliklərlə dərindən maraqlanmışdır. İstedadlı tələbə Azərbaycan radiosuna işə qəbul edilmiş, bir müddət işlədikdən sonra isə Mərdəkan radio qovşağının müdiri təyin olunmuşdur.

Kərim Kərimova həsr olunmuş marka

1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərim Kərimov elektromexanika üzrə mühəndis diplomu almışdır. Onun bəzi ideyaları hərbi mühəndisləri maraqlandırmışdır. Artıq bu dövrdə İkinci dünya müharibəsi gedirdi. Radiomühəndislərə cəbhələrdə böyük ehtiyac duyulsa da, gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat vermişlər. Maraqlıdır ki, bilikləri yoxlanıldıqdan sonra Kərim Kərimov birbaşa akademiyanın V kursuna daxil olmuşdur. Beləliklə o, 1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa çatdırmışdır. O, "Katyuşa" adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanmışdır. Qvardiya minaatan hissələrinin tərkibində olan bu qurğular Sovet İttifaqının ən güclü silahı kimi məxfilikdə saxlanılırdı. Gənc mütəxəssis Qvardiya minaatan hissələri Baş İdarəsinin müvəkkili kimi BM-13 qurğusu üçün mərmilərin zavodlarda istehsalına nəzarət etmək tapşırığı almışdı. Öz işinə can yandıran Kərim Kərimov daim silahın təkmilləşdirilməsi barəsində düşünürdü və bu istiqamətdə bir neçə dəyərli təklif də irəli sürmüşdü. Məhz həmin vaxtdan Kərim Kərimov həyatını raket texnikası ilə bağlamışdır. Ömrünün sonunadək o, raket texnikasının yaradılması və inkişafı naminə var gücü ilə çalışmış, zehni və fiziki qüvvəsini əsirgəməmişdir. Zavodlarda işlədiyi dövrdə onun yüksək təşkilatçılıq qabiliyyəti də özünü büruzə vermişdir. 1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olmuşdur. 1946-cı ildən başlayaraq o, ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparmışdır. Onun araşdırmaları nəticəsində yaradılan raketlərin daxili parametrlərinə nəzarət edən "Don" radioölçmə sisteminin elmi-texniki göstəriciləri sonradan kosmik sənayedə tətbiq olunmağa başlanmışdır. Bu nailiyyətinə görə Kərim Kərimov 1950-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Baykonur kosmodromunun əsası qoyulan gündən o, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdir. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmamışdır. Nəticədə ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdur. 1945-ci ildə böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin ildə o, Ümumi Maşınqayırma Nazirliyinə ezam olunmuşdur.

"Apollo" (solda) və "Union" (sağda) gəmiləri. Rekonstruksiya. 1975-ci ildə uçuşun hazırlığı ilə əlaqədar iş Kərim Kərimovun məsuliyyətində idi.

Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirirdi, lakin K. Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S. P. Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdur. O, bu məsul vəzifədə 25 il çalışmışdır. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov idi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən üçüş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdır. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil "Soyuz" kosmik gəmiləri, "Salyut" orbital stansiyası, sonradan isə çoxmodullu "Mir" stansiyasının adlarını çəkmək olar. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdır. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sosialist Əməyi Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdır. O həmçinin Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.[5]

General-leytenant Kərim Kərimov 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.[6]

Xalq artisti Vasif Babayev general-leytenant Kərim Kərimova "Yüksəliş" adlı tammetrajlı sənədli film çəkmişdir. Moskvada sənədli filmin təqdimatı olmuşdur.[7] Nizami Kino Mərkəzində də tammetrajlı sənədli filminin təqdimatı olmuşdur.[8]

2017-ci ilin noyabrında AMEA-da Kərim Kərimovun 100 illik yubileyi qeyd olunmuşdur.[9]

Kərim Kərimova həsr olunmuş "Tamamilə məxfi general" kitabı işıq üzü görüb.[10]

  1. «Совершенно секретный генерал» Герои Отечества, 2005. Arxivləşdirilib 2021-09-26 at the Wayback Machine  (rus.) — səhifə 164.
  2. Владимир Николаев. Он давал «добро» на старт // Новые известия (ежедневная общероссийская газета). 12 aprel 2005.
  3. "Kerim Aliyevich Kerimov. Article from the Encyclopædia Britannica". 2012-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-24.
  4. "CÜMHURIYYƏT QURUCULARI KİTABI HAQQINDA". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-02.
  5. "Kərimov Kərim Əli oğlu (1917–2003)" (az.). science.gov.az. 2017. 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-20.
  6. "General Kərim Kərimov fenomeninin sirri". 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-25.
  7. Abdullayeva, S. Moskvada azərbaycanlı general haqqında sənədli filmin təqdimatı olub: [Xalq artisti Vasif Babayevin general-leytenant Kərim Kərimova həsr etdiyi "Yüksəliş" tammetrajlı sənədli filminin təqdimatı haqqında] //525-ci qəzet.- 2015.- 19 noyabr.- S.7; Mədəniyyət.- 2015.- 18 noyabr.- S.4.
  8. Azəri, L. Kosmonavtikanın azərbaycanlı əfsanəsi: Görkəmli alim-konstruktor, general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı: [Nizami Kino Mərkəzində Xalq artisti Vasif Babayevin "Yüksəliş" tammetrajlı sənədli filminin təqdimatı haqqında] //Mədəniyyət.- 2015.- 27 may.- S.2.
  9. AzərTAc. "Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi qeyd edilib" (az.). Youtube.com. 16.11.2017. 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
  10. "Məryəm Kərimova: "Kərim Kərimovun Rusiyada xatirəsi unudulub" - Rusiyadan MÜSAHİBƏ + FOTO". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]