Kavalalı İsmayıl Paşa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kavalalı İsmayıl Paşa
ərəb. إسماعيل باشا
Misir xədivi (1866-cı ildən etibarən)
Misir və Sudan hakimi
18 yanvar 1863 – 26 iyun 1879
ƏvvəlkiKavalalı Səid Paşa
SonrakıKavalalı Tofiq Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 31 dekabr 1831(1831-12-31)[1]
Doğum yeri
Vəfat tarixi 2 mart 1895(1895-03-02)[1][2][…] (63 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, dövlət xadimi
Atası Kavalalı İbrahim Paşa[2]
Anası Xoşyar Qadınəfəndi
Həyat yoldaşları
Uşaqları
Ailəsi Kavalalı ailəsi
Dini sünni islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kavalalı İsmayıl Paşa (31 dekabr 1831[1], Qahirə[3][4]2 mart 1895[1][2][…], İstanbul, Osmanlı imperiyası[3][4]) — Osmanlıların MisirSudan hakimi, ilk Misir xədivi.

31 dekabr 1831-ci ildə Qahirədə dünyaya gəldi. Atası Kavalalı İbrahim Paşa, anası onun xanımlarından Hoşyar xanımdır. İlk təhsilini Misirdə tamamladıqdan sonra 1846-cı ildə Parisə göndərildi. 2 illik müasir elmlər və mühəndislik üzrə təhsilin ardından Misirə geri döndü. Bir neçə dəfə Avropadakı paytaxt şəhərlərinə və eləcə də, İstanbula işgüzar səfərlər etdi. İlk hərbi xidməti isə əmisi Səid Paşa tərəfindən verilən 14 minlik Misir ordusuna sərdar təyin edilərək Sudandakı üsyanın yatırılması vəzifəsi oldu (1861).

Misir hakimliyi

[redaktə | mənbəni redaktə et]

Əmisi Səid Paşanın ölümünün ardından 18 yanvar 1863-cü ildə Misir hakimi oldu. Babası Mehmed Əli Paşa kimi Misir üçün böyük xəyalları olan İsmayıl Paşa, hər şeydən öncə Misiri Bab-ı Əlinin idarəçiliyindən xilas etmək və ya ən azından daha geniş muxtariyyət hüquqları əldə etmək istəyirdi. Ancaq bunu babası və atası kimi üsyanla əldə edə bilməyəcəyini yaxşı bilən İsmayıl Paşa ikili siyasət yürütməyə başladı: bir tərəfdən Osmanlı dövlət adamlarına mənfəət təmin edərək imtiyaz fərmanının təsir dairəsini genişləndirməyə çalışır, digər tərəfdən isə Avropa dövlətləriylə yaxın münasibət quraraq onların dəstəyini qazanırdı.

Xədivliyin yaradılması

[redaktə | mənbəni redaktə et]

İsmayıl Paşa Misir hakimiyyətini ələ aldıqdan dərhal sonra ənənəyə sadiq qalaraq, bağlılığını bildirmək məqsədilə İstanbula yola düşdü (fevral 1863). Burada xalası Validə Pərtəvniyal Sultanın tərtibiylə Sultan Əbdüləzizin qəbulunda oldu və buxarla çalışan şəxsi gəmisini ona hədiyyə edərək sultanı Misirə dəvət etdi. Əslində Osmanlı sultanı ilə aralarındakı münasibət daha yaxın idi. Belə ki, dönəmin validə sultanı olan Pərtəvniyal Sultan İsmayıl Paşanın doğma xalası idi. İstanbulda olarkən dövlət adamlarına dəyərli hədiyyələr təqdim edərək gözə girən İsmayıl Paşa çox keçmədən Misirə döndü. Sultan Əbdüləzizin 1863-cü ildə Misiri ziyarəti əsnasında möhtəşəm qarşılama mərasimi, əyləncə və ziyafətlər təşkil edərək qonağını xoş tutmağa çalışdı. Padşahdan aldığı xüsusi imtiyazla Misirdəki vərasət hüququnu öz oğullarının lehinə dəyişdirdi. Belə ki, 28 may 1866-cı il tarixli fərmanla təsdiqlənə bu imtiyaza əsasən, Misir üzərindəki hakimiyyət artıq ailənin ən böyük kişi üzvünə deyil, İsmayıl Paşadan etibarən atadan oğula ötürüləcəkdi. Sudan vilayəti bilavasitə, Masavva və Sevakin qəzaları isə açıq şəkildə Misir hakimiyyətinə verildi. Beləliklə, topraqları genişləyən Misir vilayətinin hər il ödəyəcəyi vergi 80 mindən 150 min kisəyə, Misir ordusunun əsgər sayı isə 30 minə çıxarıldı. İsmayıl Paşa vərasət qərarından 5 gün sonra 2 iyun 1866-cı il tarixli fərmanla "xədiv" ünvanı aldı.

8 iyun 1867-ci il tarixli fərmanla Misirin imtiyazları daha da genişləndirildi. İsmayıl Paşa Misirin daxili idarəsiylə yanaşı, əcnəbi dövlətlərlə gömrük və poçt işləriylə bağlı qeyri-rəsmi müqavilələrin bağlanması hüququnu da əldə etdi. Osmanlı dövlət xadimlərinə göndərdiyi pul və qiymətli hədiyyələr sayəsində əldə etdiyi bu imtiyazlarla yanaşı, o, öz müstəqilliyini də elan etmək niyyətində idi. 1869-cu ildə çıxdığı Avropa səyahətində eynən müstəqil bir monarx kimi hərəkət etməyə başlamışdı. Belə ki, Fransaİngiltərə, İsmayıl Paşanı müstəqil bir monarx kimi xüsusi dövlət mərasimiylə qarşıladılar. Milliyyətçi fikirləri ilə tanınan III Napaleon onu daha öncə Sultan Əbdüləzizi dəvət etdiyi sarayda qonaq etdi. İsmayıl Paşa isə qonaq olduğu paytaxt şəhərlərdəki monarxları Süveyş kanalının açılış mərasiminə dəvət edirdi.

İsmayıl Paşanın bu şəkildə Avropaya səyahət etməsi Bab-ı Əlidə böyük əks-sədaya səbəb oldu. Sədrəzəm Əli Paşa xədivə həddini bildirən bir xəbərdarlıq göndərdi. Avropa monarxlarını öz adından dəvət etməklə öz səlahiyyətlərini aşdığını, Misirin Osmanlı mülkü olduğunu, xədivin yalnız bir Osmanlı məmuru olduğu üçün digər dövlət rəsmiləriylə apardığı danışıqlarda türk elçilərinin də iştirak etməli olduğunu, Misirin yalnız daxili idarəsindən məsul olduğu halda, Nübar Paşanı xarici işlər naziri təyin edərək bəzi əcnəbi dövlətlərlə təmas saxlamasının verilən vərasət və imtiyaz fərmanına zidd olduğunu xatırlatdı.

Xədiv İsmayıl Paşanın qulaq ardı edərək məsələni ört-bas edən cavab məktubundan məmnun qalmayan sədrəzəm Əli Paşa ikinci bir xəbərdarlıq göndərdi və xədivə imtiyaz şərtlərinə riayət etmədiyi halda vəzifədən alınacağı bildirildi. Yeni bir Misir probleminin çıxmasını istəməyən İngiltərəFransa isə tərəfləri sakitləşdirməyə cəhd etdi. Sədrəzəm Əli Paşa 29 noyabr 1869-cu il tarixli fərmanla xədivin imtiyazlarını məhdudlaşdırdı. Bu fərmanla Misir büdcəsinin hər il İstanbula hesabat verəcəyi və xarici borclanma üçün Bab-ı Əlinin icazəsi alınacağı bildirildi. İsmayıl Paşa bir neçə gün gözlədikdən sonra fərmanın şərtlərinə tabe olacağını bildirdi.

Sədrəzəm qarşısında geri addım atmağa məcbur olan İsmayıl Paşa öz siyasətini yürütməyə davam etdi. Təmsilçisini İstanbula göndərərək müvafiq dövlət adamlarını ələ almağa çalışan İsmayıl Paşa, Əli Paşanın vəfatı (7 sentyabr 1871) ilə daha da sürətləndi. 1872-ci ildə İstanbula gələn İsmayıl Paşa payladığı hədiyyələrlə Bab-ı Əlidən 2 imtiyaz sənədi daha aldı. 28 sentyabr 1872-ci il tarixli fərmanla sabiq sədrəzəm tərəfindən gətirilən məhdudiyyətlər aradan qaldırıldı. Əlavə olaraq xədivə Avropa dövlətləriylə borc müqavilələri bağlama hüququ verildi. Sultan Əbdüləziz sədrəzəm Mithat Paşanın etirazına baxmayaraq fərmanı xədivin istədiyi formada qələmə aldı. 10 iyun 1873-cü il tarixli ikinci fərmanla isə 1841-ci ildən etibarən Misir üçün verilən bütün imtiyazlar təsdiq olundu.

Maliyyə böhranı və vəzifədən alınması

[redaktə | mənbəni redaktə et]

İsmayıl Paşa əldə etdiyi ikinci fərmanla Misiri, idarəçiliklə yanaşı hüquqi anlamda da müstəqilləşdirməyə nail oldu. Ancaq bu fərman üçün o, padşaha 1 milyon, sədrəzəmə isə 600 min lirə dəyərində hədiyyələr verməli oldu. Bütün bu məbləğləri ödəmək və Misirdə planlaşdırdığı işləri görmək üçün qəti maliyyə islahatları aparmağa başladı. 1873-cü ildə Misirin ümumi borcu 68 min 496 min 460 sterlinqə yüksəlmişdi. Bu səbəblə Misir əhalisi üzərinə ağır vergilər qoyan İsmayıl Paşa 1870–1871-ci illərdə baş tutan Fransa–Prussiya müharibəsi səbəbilə xarici borc ala bilmədi və verilən qərarla 5 illik vergisini nağd şəkildə ödəyən şəxslərin vergi yükünün yarısı ləğv edildi. Bu yolla yalnız 125 milyon frank əlavə gəlir əldə edən Misir iqtisadiyyatı daha da çıxılmaz hala düşdü. İsmayıl Paşa maliyyə vəziyyətini yaxşılaşdırma məqsədilə Süveyş kanalı şirkətindəki səhmlərini 4 milyon sterlinq qarşılığında İngiltərəyə satdı. İngiltərəFransa isə Misirin borclarının ödənilməsi üçün Qahirəyəİstanbula təzyiq göstərməyə başlamışdı. Xədiv adına Avropada açılan məhkəmə işinin nəticəsi olaraq Misir maliyyə sistemi borc verən dövlətlərin əlinə keçdi. Bu azmış kimi, İsmayıl Paşa məclis qarşısında məsul ola biləcək bir icra orqanı qurmağa cəhd etdi. Nübar Paşa tərəfindən qurulan bu hökumət kabinetində ingilis Çarlz River maliyyə, fransız Bliqners isə Nafia (memarlıq və tikinti işləri) naziri təyin edildi. Ancaq əcnəbilərin Misir hökumətində söz sahibi olamsı yerli əhalinin etirazlarına səbəb oldu. 1879-cu ilin fevralında böyük mitinqlər başladı. Əhalinin və ordunun etirazlarından sonra İsmayıl Paşa 2 əcnəbi naziri vəzifədən azad etdi. Şərif Paşa rəhbərliyində qurulan və Misirlilərən ibarət yeni hökumət kabineti isə Avropa dövlətlərinin etimadını sarsdı.

Fransaİngiltərə borclarının ödənilməməsi səbəbilə Bab-ı Əlidən İsmayıl Paşanın vəzifədən azad olunmasını tələb etdi. Sultan Əbdülhəmid Avropa dövlətlərinin təzyiqi və sədrəzəm Xeyrəddin Paşanın təkidiylə 26 iyun 1879-cu ildə İsmayıl Paşanı vəzifədən azad etdi. Dərhal Misirdən deport edilən İsmayıl Paşa öncə Neapola getdi, daha sonra İstanbula gələrək Əmirgandakı köşkünə çəkildi. 2 mart 1895-ci ildə vəfat etdi və cənazəsi Misirə aparıldı.

İsmayıl Paşa 16 ilə yaxın davam edən Misir səltənətində ordunu, donanmanı və dövlət strukturunu yenidən tənzimlədi. Orta və yüksək dərəcəli məktəblər açdı. Qəzet və mətbəələrə maddi dəstək təmin etdi. Milli kitabxana, muzey və coğrafiya cəmiyyəti qurdu. Abadlıq işlərini sürətləndirərək öz adına İsmailiyyə şəhərini saldı. Süveyş kanalı onun səltənətində fəaliyyət başladı. Opera və teatr binaları açıldı.

Oğul övladları

[redaktə | mənbəni redaktə et]

Qız övladları

[redaktə | mənbəni redaktə et]
  • BA, YEE, nr. 31/1769/97/80, 31/2456/97/80, 39/1209/131/116.
  • E. de Leon, Egypt under its Khedives, London 1882.
  • J. Mc. Coan, Egypt under Ismail, London 1889.
  • A. Colvin, The Making of Modern Egypt, London 1906.
  • İlyas el-Eyyûbî, Târîḫu Mıṣr fî ʿahdi’l-Ḫidîv İsmâʿîl Bâşâ, I–II, Kahire 1341.
  • M. Sabry, La genèse de l’esprit national egyptien (1863–1882), Paris 1924.
  • P. Crabites, Ismail, the Maligned Khedive, London 1933.
  • G. Douin, Histoire du règne du Khédive Ismail, I–III, Caire 1935–36.
  • Karal, Osmanlı Tarihi, VII, 39–53.
  • Abdurrahman er-Râfiî, ʿAṣru İsmâʿîl, I–II, Kahire 1948.
  • D. Landes, Bankers and Pashas: International Finance and Economic Imperialism in Egypt, London 1958.
  • Emine Foat Tugay, Three Centuries, Family Chronicles of Turkey and Egypt, London 1963, s. 128–145.
  • A. Abdel-Malek, Idéologie et renaissance nationale, l’Egypte moderne, Paris 1969.
  • P. J. Vatikiotis, The Modern History of Egypt, London 1969, s. 70–89.
  • a.mlf., "Ismāʿīl Pas̲h̲a", EI2 (Fr.), IV, 200–201.
  • Atillâ Çetin, Tunuslu Hayreddin Paşa, Ankara 1988, s. 205–208.
  • Juan R. I. Cole, Colonialism and Revolution in the Middle East: Social and Cultural Origins of Egypt’s ‘Urabi Movement, Princeton 1993, s. 28–31, 86–89, 103–107, 217–218, 226–227.
  • R. L. Tignor, "New Directions in Egyption Modernisation: Ismail, Khedive of Egypt, 1863–1879", Tarikh, II/3, Nigeria 1968, s. 64–71.
  • Ömer Rıza Doğrul, "İsmail Paşa, Hidiv", AA, II, 461–462.
  • Yılmaz Öztuna, "İsmail Paşa", TA, XX, 309–310.
  1. 1 2 3 4 Isma'il Pasha // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 Dictionary of African Biography (ing.). / E. K. Akyeampong, Henry Louis Gates, Jr. NYC: OUP, 2012.
  3. 1 2 3 4 Исмаил-паша // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.