Dövlətşah Xatun
Dövlətşah Xatun | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1365 |
Doğum yeri | Kütahya, Gərmiyanoğulları bəyliyi |
Vəfat tarixi | 1414 |
Vəfat yeri | |
Dəfn yeri | Yaşıl türbə, Bursa |
Fəaliyyəti | əsilzadə |
Atası | Gərmiyanoğlu Süleyman bəy |
Anası | Mutahhara Xatun (Sultan Vələdin qızı) |
Həyat yoldaşı | İldırım Bəyazid |
Uşaqları |
İsa Çələbi Böyük Musa Çələbi, Kiçik Musa Çələbi |
Dini | islam |
Dövlətşah Xatun və ya Sultan Xatun (1365, Kütahya – 1414, Bursa) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Gərmiyanoğlu Süleyman bəyin qızı.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]1365-ci ildə Kütahyada dünyaya gəldiyi ehtimal olunur. Atası Gərmiyanoğlu Süleyman bəy, anası isə Mövlana Cəlaləddin Ruminin oğlu Sultan Vələdin qızı Mutahhara Xatundur. Osmanlı mənbələrində zadəgan əsilli olan sultan xanımlarının adları hörmət əlaməti olaraq Dövlət Xatun, Dövlətşah Xatun və ya Sultan Xatun olaraq qeyd olunmuş, bu səbəblə bir çoxunun əsl adı bilinməmişdir. Bunlardan biri olan Dövlətşah Xatunun da əsl adının nə olduğu bilinmir.
1378-ci ildə baş tutan mərasimlə Osmanlı sultanı Murad Hüdavəndigarın oğlu Şahzadə Bəyazidlə evləndirildi. Eyni mərasimlə sultanın qızlarından Nəfisə Xatun da Qaramanoğlu Əli bəylə nigahlanmışdır. Digər Anadolu bəylərinin də dəvət olunduğu bu toy mərasimində Osmanlı dövlətiylə bir çox sülh bağlandı. Gərmiyanoğlu Süleyman bəy qızının cehizi olaraq Kütahya, Tavşanlı, Əyrigöz və Simav qalalarını Osmanlılara verdi.
Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi: İsa Çələbi və Böyük Musa Çələbi. Fetrət dönəmində taxt mübarizəsinə girişən Kiçik Musa Çələbi isə onun oğlu deyil. Bəzi mənbələrdə Çələbi Mehmedin də anasının Dövlətşah Xatun olduğu qeyd edilsə də, bu məlumat yanlışdır. Belə ki, Çələbi Mehmed İldırım Bəyazidin sonradan müsəlman olan Dövlət Xatun adlı kənizindən dünyaya gəlmişdir. Ankara döyüşündən (1402) sonra İldırım Bəyazidin məğlub olaraq əsir düşməsinin ardından Dövlətşah Xatun da sultanın digər xanımları kimi Bursaya göndərildi. Burada oğlu İsa Çələbinin qısa səltənətində yaşadı və onun taxt mübarizəsində məğlub olaraq edam olunmasından sonra qalan ömrünü Bursada keçirdi. 1414-cü ildə Bursada vəfat etdi və cənazəsi Yaşıl türbə ətrafına dəfn olundu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Sakaoğlu, Necdet, Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler, Oğlak Yayıncılık. (2008) ISBN 978-9-753-29623-6
- Bahadıroğlu, Yavuz, Resimli Osmanlı Tarihi, Nesil Yayınları, 15. Baskı, 2009, ISBN 978-975-269-299-2
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Peirce, Leslie P., The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire, Oxford University Press, 1993, ISBN 0-19-508677-5